24 Noyabr 2024

Bazar, 17:51

İSTİDİR?..

Təhlükəli qaz cihazlarının istifadəsinə isitmə sisteminin bərpası və çağdaş iqtisadi yanaşma ilə son qoyula bilər

Müəllif:

15.02.2010

Bakının Nizami rayonunun ərazisində 2008-ci ilin may ayında doqquzmərtəbəli binada partlayış baş verən zaman bəlli oldu ki, bir adam həlak olub. Ölümlə nəticələnsə də çoxları rahat nəfəs aldılar, çünki daha ağır nəticələr ola bilərdi. Axı qaz sızmasından yaşayış binalarında  insan ölümü ilə nəticələnən qəzalar Bakıda birinci dəfə deyildi ki, baş verirdi. Amma bir neçə ay sonra - avqustda sızan qaz Nizami rayonu ərazisində beşmərtəbəli binanın partlamasına səbəb oldu. Xoşbəxtlikdən, insan ölümü qeydə alınmadı, amma binanın birinci və ikinci mərtəbələrindəki mənzillərə ciddi ziyan dəydi. 13 dekabr 2008-ci ildə Nizami rayonundakı faciəvi hadisə nəticəsində Naxçıvanski küçəsindəki beşmərtəbəli yaşayış binasındakı güclü partlayış da bu siyahıya əlavə olundu. Nəticədə, 2 blokun üçüncü, dördüncü və beşinci mərtəbələri tamam dağıldı. Üç nəfər öldü və binanın beş sakini müxtəlif dərəcəli yaralar aldı, binada yaşayan digər vətəndaşların əksəriyyəti isə köçürülməli oldu. Səbəb yenə də qazla ehtiyatsız davranış idi. 

Daha sonra - 8 yanvar 2009-cu il tarixdə Nəsimi rayonu ərazisində yataqxanada və Binəqədi rayonu ərazisində fərdi evdə baş vermiş partlayışlar gəlir. Beş adam zərər çəkdi. Qəzaya mənzillərin birində qaz sızmasının  səbəb olmasına dair irəli sürülən ilkin versiya öz təsdiqini tapdı. İstintaq nəticəsində aydın oldu ki, mənzildə layihədə nəzərdə tutulmayan rezin qaz borusu  sobaya  birləşdirilibmiş. Partlayış zamanı qaz kranı açıq olub.  Beləliklə, daha üç adam həlak oldu, doqquz nəfərsə zərər çəkdi. 19 və 29 yanvar 2010-cu il tarixlərdə də qaz sızması nəticəsində Səbail və Nəsimi rayonlarında yerləşən yaşayış binalarında partlayış səsləri eşidildi. Əlavə edək ki, bu cür insidentlər fərdi evlərdə də müşahidə edilib. Təsadüfi deyil ki, partlayışlar vətəndaşların qeyri-standart qaz sobalarından istifadə etdikləri qış mövsümündə  qeydə alınır. 

 

Nə etməli? 

"Nə etməli?" və "Kimdir günahkar?" kimi suallar verməyə dəyməz. Hamıya bəllidir ki, əgər yayda qaz sızması baş verirsə, bu, daha çox ehtiyatsızlıqdır, qışda baş verərsə, bu artıq qanunauyğunluqdur. Soyuqdur. Şəhər binalarının çoxu artıq 8-9 ildir ki, magistral və binadaxili kommunikasiyaların yararsızlığı və istilik şəbəkələrinin köhnəlməsi üzündən qışda qızdırılmır və bu infrastruktur  Sovet İttifaqının çökməsindən sonra təmir edilmir. Həm də ki sakinlərin çoxu gərəksiz bildikləri üçün  öz mənzillərindəki istilik xətlərini artıq kəsiblər; yeni tikilən yüksək binaların çoxunda isə bu xətlər, ümumiyyətlə, nəzərdə tutulmayıb, çünki hazırda "Kombi" tipli qaz qızdırıcılarından istifadə edilir. Ən pis vəziyyətə isə panel evlərin sakinləri düşüb. Dəmir-beton konstruksiyalar xarici nəmi və soyuğu uğurla içəri buraxır. Nəticədə, mənzillərdə daim qaz sobaları, qeyri-standart qaz qızdırıcıları yanır və onlar da  zəhərlənmə və qaz sızmaları, bunun nəticəsində isə partlayış  təhlükəsi yaradırlar. Bəziləri isə isitmə üçün elektrik qızdırıcılarından - reflektorlardan, tenlərdən istifadə edirlər. Amma çoxları üçün elektrikin qiyməti yetərincə yüksəkdir və əhalinin böyük hissəsinin qazancı buna imkan vermir. İnsanlar etiraf edirlər ki, evlərini elektriklə qızdırmaq və eyni zamanda, müflis olmamaq xatirinə sayğaclara "əməl" etməli olurlar. Amma çoxları bunu edə bilmir. Çünki artıq binaların çoxunda da elektrik enerjisi oğurluğunun qarşısını almaq üçün mexaniki sayğaclar elektron sayğaclarla əvəzlənib. Yəni o sayğaclara "əməl" etmək qeyri-mümkündür. Bunun nəticəsində qaz qızdırıcılarından istfiadə etməli olurlar. Təhlükəli olsa da, xeyli ucuzdur. 

Partlayışlar və insanların ölümü 2009-cu ildə "Azəriqaz" QSC-ni aparılmış araşdırmalar nəticəsində rəsmi bəyanat verməyə məcbur etdi - yaşayış binalarındakı partlayışların əsas səbəbi istehlakçılar tərəfindən qeyri-standart cihazların istifadəsi və qazla ehtiyatsız davranışdır. Bununla bağlı olaraq, Azərbaycanın mərkəzi istixana sisteminin bərpasını sürətləndirmək qərara alındı. Onda "Azəriqaz" QSC  Nazirlər Kabinetinə yaşayış binalarında mərkəzi istilik sisteminin bərpası ilə bağlı müraciət göndərmişdi. 

Bəyanatda həmçinin bildirilmişdi ki, qaz qızdırıcılarının çoxmərtəbəli binalarda istifadə edilməsinə qadağa qoyulub və bununla bağlı əhaliyə tövsiyə edilib ki, mənzillərin qızdırılması üçün elektrik qızdırıcılarından istifadə etsinlər (bunu yenə də hər adam özünə rəva görə bilmir  - müəllif). Yaşayış binalarının qazla təchizatında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə QSC-də təsdiq edilmiş qaz layihəsinə malik olmayan binalara qaz verilməməsi qərara alındı. Nazirlər Kabinetinə təkliflər zərfi çərçivəsində  "Azəriqaz" QSC həmçinin göstərib ki,  qanunvericilikdə olan boşluqların aradan qaldırıması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, normalara uyğun olmayan qaz avadanlığının ölkəyə gətirilməsinə qadağa qoyulması, qaz xətlərinin və qurğularının istismar normalarını pozan vətəndaşlara qarşı sanksiyalar tətbiq edilməsi və s. vacibdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2009-cu ildə apardığı monitorinq nəticəsində yerli bazarda 29 ticarət obyektində 57 adda qeyri-standart qaz sayğaclarının satışı faktı aşkar edilib. 

 

Mobil yanaşma                 

Yalnız evlərin deyil, həmçinin, sosial obyektlərin - uşaq bağçalarının, məktəblərin, xəstəxanaların istiliklə təchizatından danışan zaman qeyd etmək lazımdır ki, hələ 2004/2005-ci qış-payız mövsümü ərəfəsində məmurlar ölkənin isitmə sisteminin  köklü yenidənqurulmasına başladılar. Azərbaycan hökuməti 2004-cü ildə ölkənin istilik energetika kompleksinin (İEK) yenidənqurulması məsələsinə başlayıb və texniki yardım üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) müraciət edib. O da öz növbəsində tender keçirib və tenderi "PA Consulting Group" udub. Şirkətin mütəxəssisləri səmərəli təkliflərin hazırlanması üzərində işləyərkən bu nəticəyə gəliblər: İEK-in bərpa edilməsindən öncə, bütövlükdə mənzil-kommunal təsərrüfatını (MKT) və xüsusilə də istilik təchizatı sahəsini qaydaya salmaq vacibdir. Belə ki, məhz "PA Consulting"in ekspertləri Azərbaycanın isitmə sisteminin yenidən qurulmasına keyfiyyətcə yeni yanaşmada fəal iştirak ediblər. 

Hökumət strukturlarında və hökumətin özündə həm yerli, həm də xarici ekspertlərin çoxsaylı layihələri diqqətlə öyrənilib. 2005-ci ilin yayında Nazirlər Kabineti ölkənin istilik təchizatı sektorunun islahatı ilə ciddi məşğul olmağa başlayıb. Məhz onda 2005/-2006-cı illərin isitmə mövsümünə xeyli qalmış Azərbaycan  prezidenti İlham Əliyev tərəfindən "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam verilib və bu çərçivədə "Azəristiliktəchizat" SC yaradılıb. 2006-cı ilin qışı ərəfəsində ölkədə qızdırıcı qurğuların durumu öyrənilib və onların çoxu təmir edilib. Son 15 ildə ilk dəfə olaraq ölkədə qış-payız mövsümünə hazırlıq üzrə tədbirlər görülüb. 

Bununla bağlı olaraq, 2005-ci ilin oktyabr ayında təkcə bakılıların deyil, Azərbaycanın bütün əhalisinin "qış həyatı"nı yaxşılaşdırmağı nəzərdə tutan daha bir önəmli sənəd işıq üzü görüb - bu, 2006-2015-ci illəri əhatə edən "İstilik təchizatı strategiyası"dır. Qeyd etmək lazımdır ki, Dövlət Proqramına hazırlıq üzrə işlər çərçivəsində dünyanın 30 ölkəsinin istilik təchizatı sektorunun inkişaf strategiyası və təcrübəsi əsas götürülüb. Axı heç kimdən gizli deyil ki, hazırda Azərbaycanın istilik təchizatı sistemi tam mərkəzləşdirilib, bundan başqa, bizdə hələ keçən yüzilliyin 1960-cı illərində tikilmiş obyektlər - qazanxanalar, magistral istilik şəbəkələri və s. fəaliyyət göstərir. Beləliklə, Dövlət Proqramının əsas məqsədi istilik təchizatı sisteminin mərkəzləşdirilməsinə tam son qoymaq  və çağdaş avadanlıqdan istifadə etməklə onun yenidən qurulması idi. Faktik olaraq, istilik təchizatı sistemi tam yeniləşdiriləcək və əhalinin evləri 2-4 yaşayış binası üçün nəzərdə tutulmuş kiçik qazanxanalar vasitəsilə qızdırılacaq. 

"Azəristiliktəchizat" ASC-nin abunəçilərlə və müştərilərlə iş üzrə xidmətinin rəisi Rafiq Abdullayevin sözlərinə görə, hazırda Bakının yaşayış binalarında, sosial və ictimai  obyektlərində istilik sisteminin bərpası işləri  görülür. "İşlərin xeyli hissəsi - istilik mənbələrinin bərpası, qazanxanaların çağdaşlaşdırılması, fasiləsiz və etibarlı istilik mənbələrinin və yeni qaz xətlərinin çəkilməsi, yeni istixanaların tikilməsi bu ilə nəzərdə tutulub", - deyə mütəxəssis vurğulayıb. Onun sözlərinə görə, əgər keçən il 2050 yaşayıb binası istiliklə təchiz edilirdisə, bu il 32 binada aşağı paylayıcı tam bərpa edilib və 120 binada binadaxili problemlər həll edilib, 2300 yaşayış binasına istilik verilib. Müqayisə üçün bildirmək gərəkdir ki, qurum yaradıldığı anda Bakıda yalnız 988 yaşayış binası qızdırılırdı. Hazırda Bakının on bir rayonundan ən çox qızdırılan Xətai rayonu sayılır. Amma Əzizbəyov rayonunda, demək olar ki, mərkəzləşmiş istilik sistemi yoxdur. 

2008-ci ildə, məsələn, şəhər ətrafında modul tipli 46 qazanxana tikilib. Onları italyan, alman və türk materiallarından ASC-nin zavodlarından biri yığıb. Bu çox əlverişli sistemdir və daimi işçi heyətinin olmasına ehtiyac yoxdur. Hər şey avtomatlaşdırılıb. Qəza hallarında belə avadanlığın bütün mexanizmləri işi dayandırır. Qazanxana sisteminin gücü binanın tikintisindən asılıdır.  Bu il ölkə üzrə modul tipli 337 qazanxana işləyir. 2008-ci ildə məktəb və sosial obyektlərdə 100 modul tipli qurğu quraşdırılıb. Təəssüf ki, yaşayış məhəllələrində onları quraşdırmaq mümkün deyil, çünki bu bölmə qazanxananın gücü və ölçülərinin böyük olmasını tələb edir. "Azəristiliktəchizat" ASC tərəfindən artıq ölkənin bütün qazanxanalarında inventarizə aparılıb. Aydın olub ki, onların çoxu mənəvi cəhətdən köhnəliblər və çağdaş tələblərə, o cümlədən ekoloji tələblərə də uyğun deyillər. Bununla yanaşı, onların hamısı prosesin cüzi pozulması zamanı çətinliklə bərpa olunan magistral xətlərlə birləşdirilib. "Azəristiliktəchizat" bu cür mərkəzləşdirilmiş sistemlərdən imtina etməyə, onların balansında olan istilik məntəqələrini isə çağdaşlaşdırmağa çalışır. Bu, istilik itkilərini minimallaşdırmağa imkan verir və əgər su itkisi baş verirsə, problem asanlıqla aradan qaldırılır. Başqa sözlə, ASC mərhələli şəkildə məhəllə qazanxanaları sisteminə keçir və onlar çağdaş aqreqatlarla təchiz ediləcəklər. Bu qazanxanalar 10-15 binaya xidmət göstərəcək.

 

Mövsümdən-mövsümə 

Sakinlərin mənzillərdə istilik borularını kəsməsi barədə isə mütəxəssis bildirib ki, bu prosesə özbaşına müdaxilə mümkün deyil. Bütün evlərdə isitmə sxemi elədir ki, əgər kimsə girişdə "istilik borusu"nu kəsirsə, avtomatik olaraq,  qalan mənzillərin də isinməsini iflic  halına salır. Bu mühəndis-kommunikasiya qurğusu  bütün binanı istiliklə təmin edir və heç kimin özbaşına onu kəsməyə icazəsi yoxdur. Bunun mexanizmi aşağıdakı kimidir: evin zirzəmisində olan aşağı paylayıcıdan isti su yuxarı qalxır və oradan aşağı enərək hər bir mənzilə verilir. Əgər sakinlərdən hansısa batareyaların borusunu kəsirsə, onda sirkulyasiya pozulur. Axı su xətlərlə tərsinə qazanxanaya daxil olmalıdır və orada yenidən qızaraq binaya qayıtmalıdır. Əgər bu məqam nəzərə alınmadan mənzilə istilik verilərsə, sadəcə, sakinlərin hamısını su altında qoymaq olar. 

Buna görə də bütün xətləri qaydaya salmadan ASC-nin istilik verməyə icazəsi yoxdur. Bir şey də maraqlıdır ki, iqtisadi cəhətdən sərfəli olması sakinlərin çoxunun binalarda dağıdılmış isitmə sistemlərini bərpa etməyə məcbur edib.  Mənzilləri elektrik cihazlarındansa, qazanxanaların yardımı ilə qızdırmaq daha sərfəlidir. "Azəristiliktəchizat"ın tarifləri yetərincə aşağıdır - 1 kv.m yaşayış sahəsinə 5 qəpikdir, yəni sahəsi 30 kv.m olan ikiotaqlı mənzilin sahibi ayda 1,5 manat ödəyir. Mənzili elektrikin hesabına qızdırmaq isə bir neçə dəfə baha başa gəlir. 

İstiliyin mənzillərə verilməsinə isə mənzil-istismar sahələrinin (MİS) işçiləri cavabdehdirlər. Onlar binadaxili xətlərin sazlığına nəzarət etməlidirlər. MİS-lər bu və ya başqa rayonda olan problemlər barədə  ASC-yə  vaxtında xəbər verməlidirlər.  "Azəristiliktəchizat" yalnız qazanxanaları çağdaşlaşdırır, MİS-lər isə onları istismar edirlər. Sözügedən qurumlara müraciət edən insanlar çox vaxt onun işindən razı qalmırlar. MİS əməkdaşları isə öz növbəsində onlara yetərincə vəsait verilməməsindən və buna görə də problemlərin həllində sakinlərə vaxtında kömək edə bilməmələrindən şikayət edirlər. Amma etiraf etmək lazımdır ki, Bakıdakı evlərin çoxu hələ Sovet illərində tikilib. 

Hazırda onların kommunikasiyaları əsaslı təmir tələb edir. Bütün bunlar üçünsə vəsait,  MİS-lər üçünsə xüsusi proqram işləmək gərəkdir. Mütəxəssisin fikrincə, ola bilər ki, bu, vəziyyətdən çıxmağa imkan verər. Maraqlıdır ki, yeni tikilən binalar mərkəzləşdirilmiş qaydada isidilən binalar sırasına daxil deyil. Yaşayış binalarının tikintisi zamanı ASC bina yiyələrinə məlumat verir ki, onların binalarının yaxınlığında, məsələn, modul tipli qazanxana yerləşir  və onun xidmətindən yararlana bilərlər. Bundan istifadə edib-etməmək isə onların öz işidir. 

Məktəblərə və başqa sosial tipli obyektlərə istilik verilməsinə gəldikdə isə "Azəristiliktəchizat" ASC yaradıldıqdan sonra hökumət ona bu cür obyektlərin  istilik şəbəkəsinin təkmilləşdirilməsi üzrə yeni proqram hazırlamağı tapşırıb. ASC-yə bu işdə Heydər Əliyev Fondu, təhsil və səhiyyə nazirlikləri yardım edir. Bu qurumlarla 2008-ci ilin əvvəlindən əməkdaşlıq barədə saziş bağlanılıb. Sənədə uyğun olaraq, 2008///////////////////////////////////////////-2009-cu isitmə ilində Bakının bütün məktəbləri mərkəzləşdirilmiş qaydada isidilir; bu məsələdə yalnız balansında istilik mənbələri olanlar istisnadır. Bu mövsümdə ASC-nin gücü ilə 190 paytaxt məktəbi, 148 uşaq bağçası, 75 səhiyyə obyekti və 156 sosial təyinatlı obyekt isidilir. Həmçinin, Respublika Psixiatriya Xəstəxanasının 26 korpusu da  qızdırılır. Məktəbəqədər qurumlara gəldikdə isə 44 uşaq bağçasında daxili isitmə sistemləri bərpa edilib. 2008-ci ildə analoji işlər 60 uşaq bağçasında aparılıb.  ASC-yə qoşulmuş bütün məktəbəqədər müəssisələr istiliyi mərkəzləşdirilmiş qaydada alırlar. Ümumiyyətlə, isitmə sistemi nəzərdə tutulmamış məktəbəqədər müəssisələr üçünsə ASC tərəfindən xüsusi proqram hazırlanır və proqrama görə, onların özündə istilik mənbələri yaradılması nəzərdə tutulur. 

Doğrudur, regionlarda istiliklə təchizat məsələsi daha kəskin dayanır. 2008-ci ildə Sumqayıtda qazanxana tikilib. Bundan başqa, şəhərin icra hakimiyyəti sakinlərə mənzildaxili xətlərin bərpasında yardım edib və bunun hesabına 2008-/2009-cu illər üzrə  isitmə mövsümündə şəhərin yaşayış binalarına istilik verilməyə başlanılıb. Sumqayıt məktəblərinə gəldikdə isə, burada yeni tipli 5 qazanxana quraşdırılıb, daha 127-nin isə istifadəyə verilməsi planlaşdırılır. Bütövlükdə, şəhərin 250 obyekti isti ilə təmin ediləcək. Ölkənin başqa regionlarındakı vəziyyət isə ASC tərəfindən nəzarətdə saxlanılmır, amma onlar üzrə də proqram işlənilir. 

"Azəristiliktəchizat" istiliklə təminat sahəsində hələ çox problemləri həll etməlidir və bunun üçün çox illər lazım gələcək. Axı istilik təchizatı strategiyasında açıq bildirilir: əgər ölkə bu sahənin effektiv islahatına nail olmaq istəyirsə, mütəmadi olaraq dünyanın bir çox ölkələrində sınaqdan uğurla çıxmış müstəqil qazanxanaları istismara daxil etməlidir. Artıq nəhəng istixanaların dövrü bitib və onların yerini tezliklə paytaxtda və regionlarda üç binadan 15 binaya qədər xidmət göstərməyi bacaran, işi müəyyən miqdarda elektrik enerjisi və qazla dəstəklənən əlahiddə qazanxanalar tutacaq. Buna görə də istiliyin ötürülməsində fasilələrə yol verilməməlidir, amma təəssüf ki, regionlarda bu, tez-tez baş verir. 

 

Miniisitmə sistemləri 

Hazırda müvafiq strukturlar tərəfindən yaşayış evlərində quraşdırılmış  qaz cihazlarının normalara uyğun olub-olmaması yoxlanılır. Mərkəzləşdirilmiş istixanalar bu məsələdə vəziyyətdən ən yaxşı çıxış yoludur. Amma bu da aydındır ki, yaxın zamanlarda heç də binaların hamısı "dövlət istiliyi" ilə təmin edilməyəcək. "Azəristiliktəchizat"ın strategiyası isə əlahiddə isitmə sistemləri üçün şərait yaratmaqdır. Belə effektiv, əlverişli və təhlükəsiz sistemlərdən biri "Kombi" tipli miniistilik sistemləridir. Az-çox imkanı olan insanlar hazırda bu sistemə üstünlük verirlər.

Qeyd edək ki, bu cür qurğuların quraşdırılması iki-üç azmənzilli bina, eləcə də ayrıca götürülmüş mənzillər  üçün də mümkündür. Almaniyanın  isitmə texnikası istehsal edən  WOLF şirkətinin rəsmi dileri olan AVM şirkətinin direktoru Vüqar Sultanovun sözlərinə görə, "Kombi" tipli isitmə sistemlərinin üstünlüyü onun kiçikölçülü mənzillərdə istifadə edilməsindədir.  Mənzillərdə 20, 24 və ya 28 kvt gücə malik divar qazanxanalarından istifadə edirlər. Birincisi, kiçik qazanxanalar ucuzdur. İkincisi, divar qazanxanaları hermetikdir və insanın məişət qazı ilə əlaqəsini istisna edir. Üçüncüsü, kondision texnikasında qaz tullantıları minimaldır. "Düşünün, qazın aşağı səviyyədə yandırılması zamanı "Kombi" tipli qazanxanalarda maksimum faydalı iş əmsalı 104-108%-dir. Amma "Kombi"lərin əsas üstünlüyü  təhlükəsizlikdir. Sistem o qədər avtomatlaşdırılıb ki, qaz və su sızması mümkün deyil", - deyə  Sultanov vurğulayır.  

Eyni zamanda, AVM şirkətinin direktoru qeyd edib ki, ortagəlirli insanlar "Kombi" sistemini quraşdırmağa gücləri çatmaması barədə fikirləri başlarından çıxarsınlar. "Hər bir istehlakçının öz bazar seqmenti var və bunun əsasında da təkliflər götür-qoy edilir. Həm bahalı, həm də ucuz qazanxanalar var, amma ucuz heç də keyfiyyətsiz demək deyil. İstənilən halda şirkət öz markasının adını qorumağa çalışacaq. Buna görə də qiymət formalaşması məsələsində yaxşı istehsalçıya keyfiyyəti qorumaq lazımdır. "Kombi" isitmə sistemlərinin əsas funksiyası bununla bağlıdır. Yəni istilik verməklə. Və ekonom-klass qurğular bu funksiyanın öhdəsindən uğurla gəlir. Amma bununla yanaşı, bizdə satışda bahalı intellektual texnika da var, onların bir sıra imkanları da mövcuddur. Məsələn, bu qurğular mənzil sahibi evdə olmadıqda belə müəyyən edilmiş vaxtda və müəyyən edilmiş temperaturda işə düşməyi bacarır. Və ya daha mürəkkəb işləri görə bilir. İstehsalçıdan asılı olaraq əlavə intellektual sistemlər də var. Bu, eyni markadan olan avtomobillərin alınması kimidir, onların da qiyməti təchizat səviyyəsindən, məsələn, bacasının, iqlim nəzarətinin olub-olmamasından asılı surətdə dəyişir. Bu heç də o demək deyil ki, ucuz avtomobil əsas funksiyası olan hərəkət etməyi yerinə yetirməyəcək. Ekonom variantlı "Kombi"lərin qiyməti 650 manatdan 1000 manata kimi dəyişir. Bunu həm də kreditlə almaq mümkündür", - deyə müsahibimiz bildirir. 

Ancaq unutmaq olmaz ki, insan həyatı və təhlükəsizliyi konvertə olunmur və valyuta ilə ölçülmür. Həm də ki, eyni məhsulun bazarda sertifikatı olanla belə müqayisədə rəsmi dilerlə iş görmək çox önəmlidir. "Diler müştərini servislə və istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış texnika ilə təmin edir, qazanxananı da mütəxəssis quraşdırır. Hər bir satılan sistemə görə biz məsuliyyət daşıyırıq. Buna görə də bizim şirkətin əsas strategiyası təkmilləşməkdir. Bunun təmin edilməsi üçün firma öz mütəxəssislərinin İtaliyada, Almaniyada və Hollandiyada oxumasını təmin edir. Biz yerimizdə saymırıq", - deyə Sultanov vurğulayır.                                   

Bütövlükdə, AVM şirkətinin  başçısı hesab edir ki, fərdi sistemi mərkəzləşdirilmişlə müqayisə etmək mümkün deyil. Mərkəzləşdirilmiş sistemin faydalı iş əmsalı və rahatlığı aşağı olduğundan, onlara tələbat aşağı düşüb. "Azəristiliktəchizat" da çoxdan bu qərara gəlib. "İki və ya dörd bina üçün nəzərdə tutulmuş istilik sistemləri quraşdırmaq mərkəzləşdirilmiş sistemin texnikasını modernləşdirməkdən daha əlverişlidir. Özü də ki Bakının yeni binalarında əlahiddə isitmə sistemləri artıq mövcuddur. Avropa ölkələri də çoxdan bu cür isitmə sistemlərinə keçiblər", - deyə o vurğulayır. 

Düzü, bunu da qeyd etmək lazımdır ki, istənilən halda mərkəzləşdirilmiş sistem insan üçün təhlükəsizdir, çünki insanların qazla əlaqəsi nə qədər çoxdursa, risk də bir o qədər böyükdür. "Əlverişsiz vəziyyət yaranan kimi mərkəzləşdirilmiş istilik sistemi çərçivəsində həmin dəqiqə klapan işə düşür. Sistemin özü də mütəxəssislərin daimi nəzarəti altındadır. Fərdi isitmə sistemi isə istehlakçı tərəfindən maksimum diqqətli davranış və yanaşma tələb edir ki, bu da hər zaman olmur. Siz, məsələn, diqqətli ola bilərsiniz, amma qonşular isə yox. Bunun nəticəsində çoxları əziyyət çəkəcək. Buna görə də "Kombi" isitmə sistemləri yalnız balkonlarda və başqa açıq məkanlarda quraşdırılır. Mərkəzləşdirilmiş isitmə sistemləri 25 -30 il işləyir, fərdi sistemlər isə 10 il. Amma istənilən halda "Kombi" sistemləri əlverişli, qənaətcil və səmərəlidir", - deyə müsahibimiz vurğulayır.    


MƏSLƏHƏT GÖR:

439