MODEL HƏYƏCANI
Dünya hələ də böhrandan sonra qlobal iqtisadiyyatın necə olacağı barədə ümumi fikrə gələ bilmir
Müəllif: Nurlanə QULİYEVA Bakı
Praktik olaraq, dünyanın bütün ölkələrini bürümüş iqtisadi böhran dalğası bir sıra qlobal problemləri də üzə çıxarıb və hazırda dünyanın bütün güclü insanları, ailmləri, analitikləri və ekspertləri bunun üstündə baş sındırır. Misal üçün, indiyə kimi az-çox tanınmış elə bir iqtisadçı qalmayıb ki, dünyanın mövcud iqtisadi modelini tənqid etməsin və onun yeniləşdirilməsini istəməsin. İş o yerə çatıb ki, artıq bütün iqtisadi bəlalarda kapitalizmin təməlləri və iqtisadiyyatın idarəedilməsinin bazar prinsipləri tənqid edilməyə başlanıldı, özü də bu, Avropanın "irəli getmiş" dövlətlərindən birinin başçısının dilindən səsləndi. Amma iş bundadır ki, hazırda dünyada gözəl başa düşürlər ki, "köhnə dünya"nın bünövrəsinə qədər dağıdılması və yenisinin qurulması təcrübəsi artıq tam iflasa uğrayıb. Kapitalizm istər "xoşa gəlsin", istər gəlməsin, yüz il bundan qabaq yaradılmış bu sistemə bir şey etmək artıq mümkün deyil. Deməli, iqtisadiyyatın idarəedilməsi ilə bağlı daha əlverişli model düşünmək və yavaş-yavaş ona keçmək, ən pis halda isə mövcud rejimi yaxşılaşdırmaq lazımdır.
"Mərkəz"in sonu
Bununla yanaşı, söhbətlərə və günahlandırmalara baxmayaraq, hazırda dünya iqtisadiyyatının böhrandan sonra bütövlükdə necə olması barədə dəqiq təsəvvürlər yoxdur və heç kim heç bir fikir irəli sürməyib. Tanınmış ekspert və analitiklər tərəfindən irəli atılmış ayrıca təkliflər və proqram çıxışlar mövcuddur, amma bu barədə müzakirələr hələ ki KİV-in və ayrı-ayrı forumların çərçivəsindən kənara çıxmır. Bu yaxınlarda Davosda keçirilmiş iqtisadi forumda müəyyən nəticələr çıxarmağa cəhdlər oldu, amma onlar, sadəcə, bankirlərlə hakimiyyət sahibləri arasında qarşılıqlı ittihamlar və narazılıqlar şəklində başa çatdı. ABŞ prezidenti Barak Obamanın kredit nəhənglərinin spekulyativ fəaliyyətinin məhdudlaşdırılması üzrə təklifini və həmçinin, onun bank tranzaksiyalarına vergi tətbiq edilməsi ideyasını, eləcə də bankların xec fondlara və birbaşa sərmayə fondlarına sahib olmasına qadağa qoyulmasını tənqid edən bankirlər nəticədə, maliyyə-bank sistemində islahatlar aparılmasının vacibliyi fikri ilə razılaşdılar. Amma kəskin olaraq bildirdilər ki, bank sisteminə qarşı məhdudlaşdırıcı tədbirlər sərt olmamalıdır. Deməli, bu sektorda yaxın illərdə real "yenidənqurma" fəaliyyəti gözləməyə dəyməz.
Bununla yanaşı, hazırda müstəqil ekspertlər qeyd edirlər ki, istənilən halda nə "Obama planı", nə də hansısa bir lokal islahatlar sistemi indiki modelin fundamental problemlərini həll etmir. Və bunun yeganə alternativi kapitalist sisteminin real "yenidən qiymətləndirilməsi", yenidənqurulması və təzədən strukturlaşdırılması ola bilər. "Aydındır ki, kapitalizm fərdi təşəbbüsün inkişaf etdiyi, insanların özünü yaxşı göstərməyə şans qazandığı bir sistem idi. Amma bunların cəmində bu model cəmiyyətə həll edilmiş şəkildə lazım olanları verə bilmədi. Buna görə də biz sistem barədə yenidən düşünməliyik. İndiki böhranda söhbət bizim nizam-intizamı necə bərpa edəcəyimizdən getmir, bir gerçəklikdən başqa gerçəkliyə keçməkdən bəhs edilir. Bizim başqa dəyərlərimiz, başqa uğur meyarlarımız və başqa problemlərimiz olacaq. Bunun üçünsə bizə yeni liderlik tələb olunur", - deyə Davosda "Alcatel Lucent" korporasiyasının başçısı Ben Vervaaen bildirib. Buna istinad edən analitiklər böhrandan sonra dünyanın rastlaşacağı iki qlobal dəyişiklikdən danışırlar. Birincisi, bütövlükdə iqtisadi üstünlüyün Qərbdən və Avropadan Asiyaya keçməsidir. İkincisi isə ticarət əməliyyatlarının valyuta səbətində müəyyən dəyişikliklərin olmasının, dollar və avronun aparıcı rollarının itirilməsinin mümkünlüyü ilə bağlıdır.
Birinci ilə əlaqədar Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib ki, artıq "modelin böhranı" başlayıb: ABŞ, Böyük Britaniya və başqa inkişaf etmiş dövlətlər əvvəllər istehlak etdilər, amma qorumadılar, Asiya əksinə qorudu və ehtiyatda saxladı. "Qlobal disbalans bununla bağlıdır. Model dəyişərsə, ABŞ-ın iqtisadiyyatda aparıcı oyunçu və valyuta emitenti kimi rolu dəyişər", - deyə o vurğulayır.
Buna görə də bir sıra analitiklərin fikrincə, hazırda dünya iqtisadi artımının əsas mənbələri Çin və Hindistandır, onlar ümumi tənəzzül fonunda 8%-lik artım nümayiş etdirirlər. Sinqapur analitiki, Sinqapur Milli Universitetinin Li Kvan Yu adına dövlət siyasəti məktəbinin dekanı Kişora Mabubaninin sözlərinə görə, inkişaf etmiş ölkələr, ilk növbədə, ABŞ və AB azad iqtisadiyyata etibarı itirirlər. Asiya "əjdahaları" isə əksinə, azad ticarət prinsiplərinə inamı möhkəmləndirirlər.
Hazırda K.Mabubaninin sözlərinə görə, Asiya liderləri aktual çağırışlara necə reaksiya verməyi, hətta daha yaxşı bilirlər. ABŞ-ın rolunun zəifləməsi ilə Nyu-York universitetinin iqtisadiyyat professoru Nuriel Rubin də razılaşır, o hesab edir ki, yaxın gələcəkdə Amerikanı "zəif və solğun artım" gözləyir. Bununla belə o, dünya iqtisadi artımının gələcək liderlərinin (başda Çin olmaqla Asiya regionu ölkələrinin) ABŞ-dan kənarda bu gün olduğu kimi gözəçarpacaq artım templəri göstərəcəyinə şübhə edir.
Başqa sözlə, Çinin bazar motivlərini planla platforma elementləri ilə çuğlaşdıran iqtisadi modelin uğuru onu təqlid nümunəsinə çevirə bilərdi. Özü də postsovet məkanında mütəmadi olaraq iqtisadiyyatın idarəedilməsində keçmiş təcrübəyə qayıdılması barədə çağırışlar eşidilir. Amma bununla bağlı Ukraynanın keçmiş maliyyə naziri Viktor Pinzenik bildirib ki, "dövlətin planlı inkişaf ssenarisinin bütün müsbət tərəflərini onun yaratdığı qıtlıqla bir görmüşük". "Stern School of Business"in professoru Nurielə Rubininin fikrincə, bu rakursda həm də unutmaq olmaz ki, sabit artıma baxmayaraq, Asiya öz üzərinə beynəlxalq artımın lokomotivi rolunu götürə bilməz.
Çin iqtisadiyyatının həcmi hələ ki Qərb iqtisadiyyatı ilə müqayisəyə gəlməz; bu ölkənin, hətta fenomenal artım templəri Avropa və Amerika pessimizminə dəstək ola bilməz. Pekinin edə biləcəyi ən böyük iş baza məhsullarının ixracatçılarına yardım etmək ola bilər. Kapitalizm və cəmiyyətin öyrənilməsi üzrə mərkəzin direktoru, 2006-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış Edmund Felpsin fikrincə, Çinin artımı istisna olaraq təqibedici xarakterlidir. Ümumiyyətlə, Çin özü də gözəl anlayır ki, xarici aləmdə artıq ona əvvəlki kimi sərbəstlik verməyəcəklər və ona görə də açıq şəkildə bu faktı etiraf edir ki, ölkə artıq iqtisadiyyatını daxili tələbata yönəldir. Onda "model"lərin mübarizəsinin nə ilə qurtaracağını indidən ehtimal etmək çətindir.
Valyutanın sonu
Başqa tərəfdən isə, artıq qeyd edildiyi kimi, bir çox ekspertlər hesab edirlər ki, indiki böhranın əsas səbəbləri ABŞ dollarının dünya rezerv valyutası kimi istifadə edilməsinə əsaslanan indiki dünya valyuta-maliyyə sisteminin qeyri-effektivliyi ilə bağlıdır. Buna görə də onların bir qismi artıq indiki böhran vəziyyətindən başlıca çıxış yolu kimi köhnə sistemdən imtina və yeni maliyyə-valyuta sisteminin yaradılması məsələsində konkret qərarlar qəbul edilməsini və addımlar atılmasını görürlər.
Bu zaman yeni maliyyə sisteminin yaradılması emissiyaları nəzarətdə saxlamağı bacaran və təmin edən beynəlmiləl maliyyə institutlarının olması, bir neçə regional emissiya və valyuta mərkəzləriinn yaradılması, həmçinin, yeni dünya rezerv valyutasının müəyyən edilməsi ilə bağlayırlar. Bu da bəllidir ki, ASEAN üzvü olan ölkələr, Latın və Şimali Amerika, Afrika, Yaxın Şərq və Avrasiya İqtisadi Əməkdaşlığı ölkələri regional valyutalar tətbiq etmək istəklərini bildiriblər. Rusiya isə öz valyutasını, yəni rublu regional rezerv valyutaya çevirmək niyyətindədir. Həmçinin, 16 oktyabr 2009-cu il tarixində dünya KİV-də yayılmış xəbərə görə, Bolivar alyansı təşkilatına daxil olan ölkələrin regional pul vahidi "sukre" 2010-cu ildən dövriyyəyə buraxılacaq.
Yeni dünya rezerv valyutası ideyasına gəldikdə isə, onun gerçəkləşdirilməsi istiqamətində hələ ki heç bir konkret təşəbbüslər və real addımlar atılmır, məsələ müzakirə mərhələsindədir.
Bununla yanaşı, tanınmış iqtisadçı, akademik Rustamjon Abdullayevin sözlərinə görə, regional rezerv valyutalarının tətbiq edilməsi müvafiq regiona daxil olan ölkələr üçün hansısa qısamüddətli müsbət effektlər verə bilər, amma dünya iqtisadiyyatını nə indiki, nə də gələcək maliyyə böhranlarından xilas etmək iqtidarındadır; əvvəlcədən onların qarşısının alınmasından isə heç danışmağa dəyməz. O hesab edir ki, "indiki maliyyə böhranı ilə bağlı problemləri regionlar üzrə məhdudlaşdıran bu cür yanlış yanaşma dünyada onsuz da mürəkkəb olan iqtisadi vəziyyətlə yanaşı, si-yasi vəziyyəti də çətinləşdirə bilər. Həm də ki bu regional valyutaların qlobal səviyyədə dolğun fəaliyyəti üçün yenə də hansısa başqa, amma hamı üçün ümumi olan yeni dünya rezerv valyutası tələb olunur".
"Neokon" ekspert məsləhəti şirkətinin prezidenti Mixail Xazinin fikrincə, vahid qiymət ölçüsü kimi dollar üzərində qurulmuş, uyğun olaraq əsas rezerv və ticarət valyutasının mənbəyi dolların emissiyası olan iqtisadi model, ümumiyyətlə, öz mövcudluğunu sona çatdırıb. "Böhran bu sistemin böhranıdır. Bu hələ çox davam edəcək. Və artıq dünya əhalisi üçün az və ya çox şəkildə yüksək həyat səviyyəsi təmin edən mexanizm və inkişaf mənbəyi olmayacaq. Bu prosesin uzunsürən olması da bir ayrı məsələdir, yəni bu gün-sabah baş tutan iş deyil, amma istənilən halda baş verəcək", - deyə ekspert vurğulayıb.
Beləliklə, dünya iqtisadiyyatında əvvəlki kimi əyinti və problemlər çoxdur və son ilyarımda olduğu kimi qalıb; onları necə həll etməyin yolları da aydın deyil. Dünya "Bazar həmişə doğrudur, bütün disbalansları o özü aradan qaldıracaq" tezisinə əsaslanan Amerika iqtisadi inkişaf modelindən ümidini üzüb, amma yeni effektiv alternativini də hələ işləyib ortaya çıxarmayıb. Baxmayaraq ki Avropa Birliyinin (AB) liderləri tərəfindən 2020-ci ilə kimi Avropada dayanıqlı inkişaf və məşğulluğun təmin edilməsi üzrə Ümumavropa iqtisadi strategiyasının konturlarının qəbul edilməsi barədə məlumat ümid doğurur.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirib ki, Avropa Komissiyası martın 3-ə AB-nin yaz sammitində baxılmaq üçün AB-nin yeni iqtisadi strategiyası barədə konkret təkliflər hazırlayacaq. AB icra hakimiyyətinin başçısı strategiya haqqında öz baxışlarını açıqlayarkən bildirib ki, Avropanın böhrandan çıxmasının əsas yolu yeni iqtisadi modelin qurulmasındadır - bu, "dayanıqlı, inklyuziv (hamının iştirakı üçün geniş imkanları olan), rəqabətqabiliyyətli, sosial yönümlü bazar iqtisadiyyatı" olacaq.
Yalnız ümid etməyə dəyər ki, bu dəfə masaya daha konkret sənəd qoyulacaq...
MƏSLƏHƏT GÖR:

642

