
STƏKANDA… "NÜVƏ" FIRTINASI?
Tehran nüvə dövlətinə çevrildiyini bəyan etdi. Qərb isə buna inanmır
Müəllif: Ramin ABDULLAYEV Bakı
İranda İslam İnqilabının 31-ci ildönümü Tehranın nüvə proqramı ətrafındakı böhranın dərinləşməsi baxımından yeni mərhələnin başlanğıcı sayıla bilər. Prezident Mahmud Əhmədinejat Tehranda 10 minlərlə tərəfdarı qarşısında etdiyi çıxışda İranın 20%-dək zənginləşdirilmiş uranın ilk partiyasını əldə etdiyini və nüvə dövlətinə çevrildiyini bəyan edib. "İndi İran nüvə fövqəldövlətidir. Mən ucadan bəyan edirəm ki, 20%-lik yanacağın ilk partiyası əldə edilib və alimlərə verilib. İran uranı 80%-dək də zənginləşdirə bilər. Amma bunu etməyəcək. Çünki bu bizə lazım deyil".
Hadisələrin bu istiqamətə yönəlməsinə səbəb İranın uranı zən-ginləşdirmək üçün üçüncü ölkəyə göndərilməsi istiqamətində aparılan danışıqların iflasa uğramasıdır. Xatırladaq ki, MAQATE İranın ehtiyatındakı uranın böyük hissəsinin zənginləşdirilməsi üçün 1 il müd-dətinə xaricə göndərməsini təklif edirdi. Bu halda Tehran atom bombası istehsal etmək imkanından, hətta nəzəri baxımdan da məhrum olacaqdı. Tehran isə İran ərazisində uranın hazır yanacaq içliyinə dəyişdirilməsinə təkid edirdi.
Qərb dövlətlərinin fikrincə, İran nüvə enerjisinin inkişafı adı altında nüvə silahı istehsal edə bilər. Beynəlxalq mütəxəssislər əmindirlər ki, bunun üçün uranın 90%-dək zənginləşdirilməsi lazımdır.
Bu narahatlıq daha çox İsraildə hiss edilir. Yəhudi dövləti hesab edir ki, İranın bu əməlləri İsrailin mövcudluğuna təhlükə yaradır. Tehran isə iddia edir ki, ölkənin nüvə obyektlərinin hamısı dinc xarakterlidir. O, hücuma məruz qalacağı təqdirdə cavab verməyə hazır olduğunu da bildirir. Bununla əlaqədar olaraq, İsrailin 1980-ci ildə İranın nüvə mərkəzinə hücumu, həmçinin, bu günlərdə İsrail Hərbi Hava Qüvvələrinin uzaqməsafəli reydlərin həyata keçirilməsinə dair təşkil etdiyi genişmiqyaslı təlimlər tez-tez xatırladılır.
İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər İran probleminə qlobal yanaşmanın vacibliyini bir daha göstərib. Liberman bildirib ki, "İran artıq regional problem deyil və indi onun regional miqyasda həlli mümkün olma-yacaq".
Əhmədinejat isə Təl-Əvivi İranın nüvə obyektlərinə hücumdan çəkinməyə çağırır. O, bu halda yəhudi dövlətinin məhv ediləcəyini bildirib: "Sionist rejimi səhvini təkrarlayaraq hərbi əməliyyatlara başlayarsa, ona ciddi müqavimət göstərilməli və bu rejim birdəfəlik məhv edilməlidir".
"Biz hesab edirik ki, nüvə silahı qeyri-insanpərvər silahdır. Bundan başqa, biz inanırıq ki, ümumiyyətlə, artıq nüvə silahından istifadə dövrü geridə qalıb. Müasir dövrdə belə silahdan kim istifadə edə bilər? Amerikalılar? Bu onlara İraqda və Əfqanıstanda kömək edibmi? Yox. Artıq nüvə silahı öz bacarığını itirib", - bu fikirləri də Əhmədinejat Rusiyanın NTV telekanalına açıqlamasında bildirib.
Bunun fonunda ABŞ və digər Qərb fövqəldövlətləri BMT-də Tehrana qarşı yeni sərt sanksiyaların qəbuluna çalışır. İnamsızlığın olduğu ortadadır. Rusiya ilə Çin hələ bu addıma qarşı çıxır və İranla dialoqun davam etdirilməsini vacib sayır.
Qərb müşahidəçiləri hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan Moskva ilə Pekinin mövqeyi İranı "sarsıdıcı" beynəlxalq sanksiyalardan qoruyur. Bununla yanaşı, son aylarda Rusiya rəsmiləri Moskvanın da səbrinin tükənə biləcəyini bəyan edirlər.
Bu arada MAQATE-nin yeni məruzəsinin mətni məlum olub. Orada yer almış fikirlərə inansaq, Əhmədinejatın nüvə dövlətinə çevrilmələri haqda bəyanatı, sadəcə, blefdir. Məruzəyə görə, İran uranı 20%-dək zənginləşdirməyə qadir olan 146 sentrifuqadan ibarət cəmi 1 enerji mənbəyinə malikdir. Sənəddə bildirilir ki, Natanzdakı zavoda sentrifuqaların kaskadına cəmi 10 kiloqram 3,5%-lik uran yüklənib.
Vaşinqton da İranın uranı 20%-dək zənginləşdirmək bacarığına şübhə ilə yanaşır. ABŞ İran prezidentinin son bəyanatını daha çox qeyri-elmi, siyasi bəyanat sayır. "İran fizikaya yox, siyasətə əsaslanan bir sıra bəyanatlar səsləndirib/. Biz Tehranın uranı bu dərəcəyədək zənginləşdirmək iqtidarında olduğuna inanmırıq", - deyə Ağ ev rəsmisi Robert Gibbs bildirib.
O, növbəti dəfə bəyan edib ki, İranın nüvə proqramını dayandırmaqdan imtinası beynəlxalq ictimaiyyəti bu ölkənin siyasətinə qarşı birləşməyə vadar edir.
Almaniyanın xarici işlər qaziri Qido Vestervelle də baş verənlərə münasibət bildirib. Onun fikrincə, Tehran uranın zənginləşdirilməsindən imtina etməsə, dünya ictimaiyyəti İrana qarşı yeni sanksiyaların qəbuluna dair müzakirələrə başlamalıdır.
Böyük Britaniyanın xarici siyasət idarəsi də İran rəhbərliyinin son bəyanatlarından narahatdır. London hesab edir ki, MAQATE və "altılıq"ın baş verənlərə reaksiyasını nəzərə almaq lazımdır.
Pekin isə səbirlilik nümayiş etdirir. "Çinin mövqeyi dəyişməz və şəffafdır: biz tərəfləri İran probleminin danışıqlar yolu ilə həllinə səbəb olacaq addımlar atmağa çağırırıq", - deyə Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Ma Çjasyuy bildirib. Onun sözlərinə görə, diplomatik addımların atılması regionda uzunmüddətli sabitliyə səbəb olacaq: "Çin İran probleminin həllində konstruktiv rolunu davam etdirəcək".
ABŞ isə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (KKİİ) əlavə birtərəfli sanksiyaların qəbulu haqda qərar çıxarıb. Qeyd edək ki, İranın nüvə və raket proqramının reallaşdırılmasına məhz bu qurumun nəzarət etdiyi bildirilir. Əksər ekspertlər isə yeni sanksiyaların nəticə verəcəyinə şübhə ilə yanaşır. Onların fikrincə, sanksiyalar daha çox siyasi tədbirdir - o, ABŞ Konqresi və İsrailə Barak Obamanın bu məsələdə sərt mövqe tutduğunu göstərməyə xidmət edir.
Yeni sanksiyaların tətbiqi İrana hərbi zərbələrin endirilməsi imkanını da aradan qaldırır. Əksər ekspertlərin fikrincə, strateji məqsədə - İranın nüvə proqramının dayandırılmasına sanksiyalarla nail olmaq mümkün deyil. Buna misal kimi, ABŞ-ın son 7-8 ildə bir çox ölkələrə qarşı sanksiyalar tətbiq etdiyi, lakin bunun heç bir halda uğur gətirmədiyi göstərilir. Əksər hallarda sanksiyalara məruz qalan ölkələr başqa ölkələrdən dəstək alır və nəticədə bu, ABŞ-ın regiona təsir imkanlarını itirməsinə səbəb olur.
Hazırkı mərhələdə Rusiya İrana təzyiqlərin artırılması məsələsində Avropa ölkələri və ABŞ-la razılığa gəldiyi halda, Çin əks istiqamətdə fəaliyyətini davam etdirir. Pekin açıq şəkildə göstərir ki, o, Tehrana qarşı sanksiyalara dəstək vermək fikrində deyil. Nəzərə alsaq ki, Pekin İranın ticarət tərəfdaşı kimi Avropa İttifaqını geridə qoyub, onun bu mövqeyi tam başadüşüləndir. Üstəlik, İran neftinin əhəmiyyətli hissəsi məhz Çinə ixrac olunur. Bu gün Çinin enerji ehti-yaclarının, təxminən, 11%-i İran hesabına ödənilir. İki ölkə arasında ticarətin ümumi həcmi isə ötən il 36,5 milyard dolları ötüb. Nəticədə, iqtisadiyyatı sürətlə inkişaf etməkdə olan Pekin neftin qiymətinin artmasında maraqlı deyil. Bu səbəbdən də o, BMT TŞ-nin İranla bağlı istənilən qərarına veto qoya bilər.
Nəhayət, bu məsələdə Türkiyənin də mövqeyi az əhəmiyyət daşımır. Ankara isə lap əvvəldən problemin güc yolu ilə həllinə dəstək verməyəcəyini nümayiş etdirib. Odur ki, hadisələrin bu cür inkişafı halında ABŞ NATO-nun Adana şəhəri yaxınlığındakı İncirlik hərbi bazasından istifadə edə bilməyəcək.
Qeyd edək ki, İran hökumətinin özündə də nüvə proqramının məqsədəuyğunluğuna dair fikir ayrılığı mövcuddur. Amma ölkəyə qarşı yeni sanksiyaların tətbiqi müxtəlif fikirdə olan qüvvələrin vahid mövqedə birləşməsinə aparıb çıxara bilər.
Hər halda, əksər ekspert və siyasətçilər Qərbin İrana siyasi və diplomatik təzyiq göstərməli olduğunu düşünür. Və əgər iqtisadi sanksiyaların effekt verəcəyinə inam yoxdursa, onda müxalifətə dəstək taktikasından yararlanmaq da olar.
Senatorlar Con Makkeynlə Co Liberman da məhz bu ssenarini təklif edirlər. Onların hazırladıqları qanun layihəsi İranda insan haqlarının pozulması hallarına yol verən siyasətçilərin siyahısının hazırlanmasını nəzərdə tutur. Həmin şəxs-lərə ABŞ-a gəlmək qadağan olunmalı, ABŞ ərazisindəki istənilən hesab və mülklərinə həbs qoyulmalıdır.
Siyasi təzyiq yollarına gəlincə, İranda yaxın perspektivdə müxalif əhvalın artacağı istisna olunmur. Bunda isə Qərbin rolu heç də az deyil.
MƏSLƏHƏT GÖR: