
UKRAYNANI DƏYİŞMİŞ 3,48 FAİZ
Hakimiyyətdə "narıncı"ları "göylər"in əvəz etməsinin ardınca, Kiyevin siyasi orientasiyası da dəyişəcəkmi?
Müəllif: Eldar PAŞAYEV Bakı
"Bu seçkidə biz ölkənin birliyinə doğru ilk addım atdıq və bu olduqca lazımlı, vacib addım idi".
Bu sözlər Regionlar Partiyasının lideri Viktor Yanukoviçə məxsusdur. Özü də o, bu bəyanatı rus dilində səsləndirib. Əlbəttə ki, bu fakt prezidentliyə digər namizəd Yuliya Timoşenkonun seçki qərar-gahının nəzərindən qaçmayıb.
İstənilən halda, Ukrayna əvvəlkitək iki düşərgəyə bölünmüş haldadır. Prezident seçkilərinin ikinci turunun nəticəsi də bu acınacaqlı durumun əyani göstəricisidir. Xatırladaq ki, seçkidə Yanukoviç 48,95%, Timoşenko isə 45,47% səs qazanıb. Onlar arasında fərq o qədər cüzidir ki, sanki Yanukoviçin qələbəsi, Timoşenkonun isə məğlubiyyəti yarımçıqdır/.
Əlbəttə ki, müasir tarixdə ali kürsü uğrunda mübarizə aparan namizədlərin finiş xəttinə daha cüzi fərqlə çatmasına dair çoxlu sayda faktlar tapmaq mümkündür. Lakin son illər müxtəlif qarşıdurmaların yaşandığı Ukraynada, Viktor Yanukoviç üçün, Dmitri Medvedevin diplomatikcəsinə "uğur" adlandırdığı bu 3,48%-lik fərq, çox şeydən xəbər verir.
Ukraynada prezident seçkisinin ikinci turu gərginlik baxımından bütün gözləntiləri üstələdi. Ən maraqlı hadisələrin isə səsvermə günündən sonra yaşanacağı əvvəlcədən məlum idi. Səslərin hesablanmasına başlanılan andan sonra isə hər iki tərəf Mərkəzi Seçki Komissiyasından (MSK) gələcək məlumatları, sanki cəbhə xəttindən gələn xəbərlər kimi gözləyirdi. Axı ikinci turda qələbə qazanmaq üçün namizədlərdən birinin adi səs çoxluğunu qazanması da kifayətdir...
Səsvermənin keçirildiyi gün tam sakit və ciddi insidentsiz ötüşdü. Prosesin gedişində, əlbəttə ki, xırda pozuntular qeydə alındı. Lakin onlar səsvermənin nəticəsinə heç bir təsir göstərmədi, olsa-olsa, seçicilərin və müşahidəçilərin əhval-ruhyyəsini dəyişdi ...
Məsələn, Yanukoviçin səs verdiyi məntəqəyə toplaşmış kişi jurnalistlərin hamısı FEMEN qadın hərəkatı fəallarının "etiraz aksiyası"nı, yəqin ki, ləzzətlə izlədi: qurşaqdanyuxarı soyunmuş xanımlar "Bu gün müharibə başlayır", "Ölkəni zorlamağa son qoyun" kimi şüarlar səsləndirdilər. Amma Yanukoviçin "bəxti gətirməyib" - milis "vətənpərvər qızlar"ı saxlayıb bölməyə apardığından, prezidentliyə namizəd bu mənzərəni seyr edə bilmədi.
Ancaq seçkilərin özü Regionlar Partiyasını narazı salmamalıdır. Hər halda, bütün beynəlxalq müşahidəçilər seçkinin ikinci turunun beynəlxalq standartlara uyğun keçirildiyini bəyan ediblər. Bəziləri isə hətta prosesi "valehedici" adlandırıblar. Onların fikrincə, Ukraynada seçkinin azad və şəffaf keçməsi "narıncı inqilabın faydasız olmadığını", ölkədə "güclü demokratik özülün yarandığını" sübut edir.
Məsələn, ATƏT Parlament Assambleyasının prezidenti Joao Soareş Ukraynada keçirilən prezident seçkisini "demokratik seçkinin əla nümunəsi" adlandırıb. MDB Parlamentlərarası Assambleyası, Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti, NATO Parlament Assambleyasından olan müşahidəçilər də oxşar qiymət veriblər. Hətta Ukraynanın hazırkı prezidenti, Kiyevin Şevçenko rayonundan səs vermiş Viktor Yuşşenko da dilxor halda da olsa deyib: "Düşünürəm ki, ukraynalılar seçimlərinə görə utanacaqlar. Amma bu demokratiyadır"/.
Bu mərhələdə demokratiyadan xeyir görməyən bir kimsə varsa, o da Yuliya Timoşenkodur. Səsvermənin bitməsindən bir qədər sonra o, məğlubiyyəti etiraf etmədiyini deyib və seçicilərini "hər bir protokol uğrunda mübarizə aparmağa" çağırıb. Seçkidən bir gün sonra isə Timoşenko seçkinin nəticələrindən məhkəməyə şikayət etməyə hazır olduğunu da bəyan edib. Daha bir sutka sonra onun televiziya ilə Ukrayna xalqına müraciət etməyə hazırlaşdığını bildirsə də, nədənsə, müraciət deyilən vaxtda baş tutmayıb. Hamıya aydındır ki, xanım Yuliya bundan sonrakı mərhələdə necə hərəkət etməsi ətrafında götür-qoy edir: beynəlxalq müşahidəçilərin tanıdığı seçkinin nəticələrini rədd etmək, Yanukoviçin komandası ilə alverə getməyə çalışmaq, yoxsa məğrurcasına müxalifətə keçmək?
Yanukoviç Timoşenkonu açıq şəkildə istefaya çağırsa da, bəziləri hesab edir ki, Yuliya Timoşenko Bloku (YTB) seçkinin nəticələrini tanıyacağı təqdirdə, onunla "regionçular"ın Ali Radada koalisiya yaratması mümkündür. Söhbət Timoşenkoya baş nazir postunu qorumağa imkan verəcək koalisiyadan gedir.
Amma digər tərəfdən, YTB daxilində parçalanma yarandığı haqda məlumatlar dolaşmaqdadır. Parlamentin vitse-spikeri Nikolay Tomenko da başda olmaqla, bir qrup YTB-çi Yanukoviçin qələbəsinin tanınmasını və müxalifətə keçilməsini, digər tərəf isə müqavimətin davam etdirilməsini istəyir.
Timoşenko ilə Yanukoviçin razılığa gəlmə ehtimalı çox azdır. Regionlar Partiyasının nümayəndələri, çətin ki, çoxdan gözlədikləri qələbəni bölüşmək istəsinlər. Üstəlik, onların YTB liderinə inamları da yoxdur. Güman ki, gələcək prezident, deputat kürsülərini itirmək istəməyən digər siyasi qüvvələri "yoxlayaraq", baş nazirin daha effektiv şəkildə zərərsizləşdirilməsinin yollarını axtaracaq. Məsələn, Regionlar Partiyası fraksiyasının sabiq üzvü, deputat Taras Çornovil düşünür ki, "Bizim Ukrayna" parlamentdəki yeni koalisiyaya daxil olarsa, yeni baş nazir prezident katibliyi rəhbərinin birinci müavini Yuri Yexanurov ola bilər.
Xatırladaq ki, Yexanurov vaxtilə hökumətə rəhbərlik edib.
"Ukrainskaya pravda" isə yazır ki, "Bizim Ukrayna-Xalq Özünümüdafiə" (BUXÖ) fraksiyası baş nazir postuna öz namizədlərini müəyyənləşdirib. Bu, prezidentliyə sabiq namizəd, "Dəyişikliklər cəbhəsi" partiyasının lideri Arseni Yasenyukdur.
Beləliklə, müşahidəçilərin əksəriyyəti belə düşünür ki, Yanukoviç istənilən halda növbədənkənar parlament seçkisinə getməli olacaq. Amma onun nəticəsi Regionlar Partiyasının liderinə də hər hansı konkret zəmanəti vermir. Ali Radanın buraxılması üçün səbəbə gəlincə, bunun üçün Regionlar Partiyasından olan 150 deputatın mandatlarından imtina etməsi kifayətdir.
Amma istənilən halda, Timoşenkonun Yanukoviçə "başağrısı" olacağına heç kəs şübhə etmir. Birincisi, baş nazir, ən pis halda belə, hələ bir müddət fəaliyyətini davam etdirə bilər. Digər tərəfdən, gözlənilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə də YTB-nin tərəfdarları özlərini yaxşı tərəfdən göstərə bilərlər.
Bunun fonunda Yanukoviç öz gücünə əminlik nümayiş etdirməyə çalışır. O, hələ bülletenlərin hesablanması başa çatmamış xalqı öz qələbəsi münasibətilə təbrik edib. Regionlar Partiyası liderinin sözlərinə görə, onun prezidentliyi dönəmində ölkəni dəyişikliklər gözləyir. Maraqlıdır ki, Yanukoviç Timoşenkonu dəstəkləyən şəxslərin də inamını qazanmağa söz verir.
Lakin Yanukoviçin qələbəni bayram etməyə vaxtı yoxdur. "Düşünürəm, Ukraynanın istənilən prezidenti üçün başlıca məqsəd ölkəni birləşdirməkdir - Şərq və Qərbi, Şimal və Cənubu. Bizim vətəndaşlarımız bir xalq olaraq birləşməlidir. Bu məqsədə nail olmaq mənim üçün başlıca vəzifədir", - deyə Yanukoviç qeyd edib.
Amma cəmiyyətdəki parçalanmanın aradan qaldırılması prezident Yanukoviçin qarşısında duran ən çətin problem deyil. Çünki əvvəla, bu, bir ilin işi deyil. İkincisi isə düşünmək olar ki, ölkədə qismən də olsa, siyasi sabitliyin yaranacağı, iqtisadi vəziyyətin normallaşacağı təqdirdə bu problem tədricən həllini tapacaq.
Amma bu, baş verməsə, Yanukoviç Viktor Yuşşenkonun taleyini yaşaya bilər. Unutmayaq ki, prezident seçkisinin ikinci turunda səsini Regionlar Partiyasının liderinə verən ukraynalıların bir qisminin Yanukoviçdən heç də xoşu gəlmir. Sadəcə, onların Timoşenkoya nifrəti daha çoxdur. Bəzi ukraynalı politoloqlar doğru olaraq belə fikirdədirlər ki, əgər seçkiöncəsi Timoşenko ilə Yuşşenko ümumi dil tapsaydılar, Yanukoviçin taleyinin necə olacağı bilinməzdi. Amma bu artıq keçilmiş mərhələdir. İndi gələcək haqda düşünmək lazımdır. Və bu mərhələdə ukraynalı siyasətçilərin əksəriyyəti anlayır ki, istənilən halda kompromisə gedilməlidir. Əks təqdirdə, ölkədə siyasi və iqtisadi böhran daha da dərinləşəcək, bunun fəsadları isə daha ağır olacaq. Bu isə artıq "narıncı" yox, əsl inqilaba yol aça bilər.
Hazırda hakim olan düşüncələrdən biri də ondan ibarətdir ki, Yanukoviç Ukraynanı Avropa İttifaqına inteqrasiya yolundan döndərməyəcək. "The Washington Post" qəzeti yazır ki, Yanukoviç 2004-cü ildə yaşananlardan dərs çıxarıb və indi özünü, güman ki, Putinlə yox, Ukraynanın nəhəng sənayeçiləri ilə eyniləşdirir.
"The Guardian" və bir sıra digər Qərb KİVi isə bu fikirdədirlər ki, bu dəfə Rusiya seçki prosesinə müdaxilə etməyib.
Həqiqətən də, bu dəfə Kreml Kiyevdə baş verənlərdən nəzərəçarpacaq dərəcədə kənar dayandı. Amma bu, daha çox, əvvəlcədən yaxşıca düşünülmüş taktikaya bənzəyir.
Həqiqətən də Yanukoviç prezident kimi çətin ki Qərblə birbaşa qarşıdurmaya getsin. Çünki Rusiya bunun əleyhinədir: Moskva 2004-cü ilin "narıncı" inqilabına görə açıq revanş siyasətinin hansı fəsadlara səbəb ola biləcəyini yaxşı dərk edir. Ukraynanın gələcəyi yalnız xarici siyasətdə çoxistiqamətlilikdən asılıdır və bu həm öz istədiyinə nail olub (söhbət Rusiya enerjidaşıyıcılarının Qərbə nəqli, Ukraynada rus dilinin statusu və s.-dən gedir) "qaz yumruğu"nu gizlədəcək Rusiyanı, həm də son vaxtlar Ukraynada yaşanan problemləri müəyyən ehtiyatla izləyən Qərbi qane edərdi. "Mənim siyasətimdə əsas prinsip Ukraynanın milli maraqları olacaq. Mən Rusiya və Avropa ilə balanslaşdırılmış münasibət qurmağa çalışıram", - deyə Yanukoviç gələcək planları haqda CNN telekanalına müsahibəsində bildirib. Gələcək prezident Ukraynanın NATO ilə yaxınlaşmaq kursunu da davam etdirəcəyini söyləyib. Bununla yanaşı, o, alyansa üzvlük məsələsinin referendumla həll olunmasını vacib adlandırıb.
Amma əlbəttə ki, Moskvaya doğru nəzərəçarpacaq eyhamlarsız keçinmək mümkün olmayacaq. Məsələn, Yanukoviç artıq GUAM-ın fəaliyyətinin aktual olmadığını bəyan etməyə macal tapıb. Hər halda, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı özündə birləşdirən bu qurumun Rusiyaya qarşı yarandığı, onun postsovet məkanına təsir imkanlarını azaltmaq üçün nəzərdə tutulduğu fikrinə daim rast gəlinir.
Kiyev-Bakı əməkdaşlığına gəlincə, düşünmək olar ki, Ukraynada yeni prezidentin seçilməsi bu məsələyə heç bir təsir göstərməyəcək. İki ölkə arasında münasibətlər bundan sonra da eyni templə inkişaf edəcək. Üstəlik, Yanukoviçin özü də artıq Azərbaycanın ANS telekanalına müsahibəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
MƏSLƏHƏT GÖR: