QLOBAL TƏHLÜKƏSİZLİK TƏHLÜKƏDƏDİR
İlham Əliyevin Münhen forumundakı çıxışı beynəlxalq aləmin güney Qafqazdakı problemlərə diqqətini artırıb
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Fevralın əvvəlində Münhendə təhlükəsizlik üzrə 46-cı beynəlxalq konfrans keçrilib. Son onillikdə bu forum sözügedən problemlər sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən birinə çevrilib. O, hətta qeyri-formal olaraq, "Təhlükəsizlik Davosu" adını da alıb. Hər il dünyanın müxtəlif yerlərindən aparıcı siyasi xadimlər və ekspertlərin toplandığı konfransda müasir dövrün və gələcəyin təhlükəsizliklə bağlı aktual problemləri müzakirə olunur. Bu dəfə təşkilatçılar dünyanın 40-dan artıq ölkəsindən tədbirə qatılmış, təxminən 300 yüksək rütbəli nümayəndənin diqqətini bu problemlərə yönəltməyə qərar veriblər: "Enerji təhlükəsizliyi və qlobal qüvvələr nisbətinin yerbəyer edilməsi", "Avropanın və qlobal təhlükəsizliyin gələcəyi", həmçinin "Silahlanmaya nəzarətin və nüvə silahının yayılmamasına dair Müqavilənin gələcəyi. "Qlobal sıfır" variantı mümkündürmü?"
Qeyd edək ki, hər il Münhendə təhlükəsizlik siyasəti üzrə konfransın keçirilməsi ənənəsi 1962-ci ildə böyük alman naşiri və ictimai xadimi Evald fon Klyayst tərəfindən qoyulub. Əvvəlcə toplantılar NATO-ya üzv ölkələrin müdafiə nazirləri səviyyəsində keçirilirdi - onlar Transatlantik tərəfdaşlıq problemlərinə dair müzakirələr aparırdılar. Bavariya Sosial-Xristian İttifaqının himayəsi altında və maliyyəsi ilə təşkil olunan tədbir 1993-cü ilədək hərbi məsələlər üzrə konfrans adlanırdı. 1998-ci ildən isə tədbir AFR tərəfindən - Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşdirilməyə başlandı.
Beləliklə, 30 ildən artıq müddətdə Münhendə keçirilən təhlükəsizlik forumu NATO-nun qapalı tədbiri olub. Zaman keçdikcə, o, əhatəsini Rusiyanın (1995-ci ildən), həmçinin, MDB, Baltikyanı ölkələr, Mərkəzi və Şərqi Avropa, Sakit okean regionu, Cənubi Asiya və Yaxın Şərq hesabına xeyli böyüdüb. Bununla konfransın gündəliyinə daxil olan məsələlər də kifayət qədər çoxalıb. Hazırda orada dünya siyasətinin beynəlxalq terrorla mübarizə, BMT, ATƏT və NATO-da islahatlar, "qaynar nöqtələr"də situasiyanın tənzimlənməsi, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi kimi aktual məqamlar əksini tapır.
1998-ci ildə Evald fon Klyayst konfransa son dəfə sədrlik edib. 1999-2008-ci ildərdə bu rolu Almaniyanın sabiq kansleri Helmut Kolun xarici və müdafiə məsələləri üzrə məsləhətçisi olmuş Horst Telçik icra edib. 2009-cu ildən isə konfransa almaniyalı hüquqşünas Volfqanq İşinqer rəhbərlik edir. Hüquq müdafiəçisi olan İşinger vaxtı ilə Almaniyanın ABŞ-da və Böyük Britaniyadakı səfirliklərinə rəhbərlik edib.
Münhen forumunun ənənələrinə qeyri-formal dialoqlar, iştirakçılar arasında görüşlər, təhlükəsizlik si-yasəti sahəsində ideyaların perspektivlərinin müzakirəsi kimi məsələlər daxildir. Bu müzakirələr sonradan müxtəlif çoxtərəfli formatlar çərçivəsində inkişaf etdirilir. Konfrans iştirakçılarının konkret qətnamə qəbul etməmələrinə, tədbirin sonunda isə hətta birgə kommünikenin belə qəbul edilməməsinə baxmayaraq, Münhen konfransı mövcud olduğu illər ərzində aktual siyasi, iqtisadi-siyasi məsələlərin həllində vacib beynəlxalq foruma çevrilib.
Bu il Münhen konfransının iştirakçları arasında (onlar əsasən, müdafiə nazirləri, aparıcı dövlətlərin xarici işlər nazirəri, parlamentarilər, tanınmış hərbi ekspertlər olur) Əfqanıstan prezidenti Həmid Kərzai, BMT-nin Baş katibi Pan Gi Mun, NATO-nun Baş katibi Anders foq Rasmussenlə yanaşı, Azərbaycanın dövlət başçısı İlham Əliyev də olub. İ.Əliyevin bu nüfuzlu tədbirə dəvət alması ölkəmizin hazırkı beynəlxalq təhlükəsizlikdəki rolunun göstəricisidir. O, bu rolu nəhəng neft və qaz ixracatçısı olması ilə yanaşı, həm də Şimal-Cənub və Şərq-Qərb geosiyasi kəsişməsində tutduğu strateji mövqeyi ilə qazanıb.
Erməni lobbiçilərinin gücü və diasporunun səylərinə baxmayaraq, Ermənistan prezidenti Serj Sarqsyan tədbirə dəvət olunmayıb və orada çıxış imkanı qazana bilməyib. Nəticədə, Sarqsyan miqyasına görə, Münhen konfransı ilə müqayisə olunmayacaq dərəcədə kiçik seminara qatılmaqla kifayətlənib. Söhbət Münhen konfransı ilə eyni vaxtda Londonda təşkil edilmiş Böyük Britaniya Beynəlxalq Münasibətlər İnstitutundakı "Cənubi Qafqazda dəyərlər və təhlükəsizlik" seminarından gedir.
İlham Əliyevə gəlincə, o, Münhen konfransında "Təbii resursların təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrə qatılıb. Müasir dünya üçün enerji təhlükəsizliyinin əhəmiyyətindən danışan prezident Azərbaycanın bu istiqamətdəki siyasəti və uğurlarından söz açıb. O, dünyanın aparıcı enerji şirkətləri ilə birlikdə neft və qaz hasilatı sahəsində reallaşdırılan nəhəng layihələrdən danışıb, məhz onların sayəsində Azərbaycanın bu bazarın aparıcı üzvünə çevrildiyini söyləyib. İ.Əliyev bildirib ki, Azərbaycanda hasil olunan neft və qazın nəqlindəki sabitlik, etibarlılıq müxtəlif istiqamətlərdə boru xətlərinin diversifikasiyası ilə təmin olunur.
Dağlıq Qarabağ münaqişəsi haqda da danışan prezident bunun regionda əməkdaşlığın inkişafına, sülh və sabitliyə ciddi maneə yaratdığını qeyd edib. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin işğal olunduğunu, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb. "Münaqişə yalnız Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilə bilər", - deyə İlham Əliyev bildirib.
Bunun ardınca aparılan müzakirələrdə Almaniyanın nəhəng enerji şirkəti olan RWE-nin icraçı direktoru Yurgen Qrossman, Fransanın AREVA şirkətinin baş icraçı direktoru Ann Laverjon, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq, Rusiya Dövlət Duması sədrinin müavini Valeri Yazev də qatılıblar. Yekunda Azərbaycan prezidenti tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, İ.Əliyev konfransdakı çıxışından əvvəl Almaniyaya rəsmi səfəri çərçivəsində kansler Angela Merkellə görüşüb. Münhendə prezident Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqlə də bir araya gəlib. Hər iki görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət, ikitərəfli münasibətlər və vacib regional məsələlər müzakirə edilib. Bundan başqa, Azərbaycan prezidenti İranın xarici işlər naziri Mənüçöhr Mottəki və digər şəxs-lərlə də görüşlər keçirib.
Qeyd etmək lazımdır ki, budəfəki Münhen konfransında iki il əvvəl Vladimir Putinin və ya ötən il ABŞ-ın vitse-prezidenti Cozef Baydenin çıxışlarına bənzər sensasion çıxışlara rast gəlinməyib. Xatırladaq ki, Putinin 2 il əvvəlki çıxışı, az qala, "soyuq müharibə"nin elan edilməsi kimi qiymətləndirilmişdisə, Bayden çıxışında Amerika-Rusiya münasibətlərinin "yeniləşdiyini" bəyan etmişdi.
Münhen konfransı iştirakçılarının və dünya KİV-in diqqətini Rusiyanın xarici işlər naziri Sergey Larvovun çıxışı cəlb edib. O, Moskvanın qitənin təhlükəsizlik arxitekturasını yeniləməklə bağlı təklifini yeni reallıqlarla əsaslandırıb: "Son 20 ildə Avropanın təhlükəsizliyi bütün parametlər üzrə ciddi şəkildə laxlayıb. Avratlantik məkanda qarşıdurmalı yanaşmalara tələbat azalıb". Nazir çətinləşən situasiyanı "ATƏT-in həyat qabiliyyətini itirməsi" ilə əsaslandırıb. Lavrovun fikrincə, bu təşkilat avratlantik məkanda təhlükəsizliyin bütövlüyünü təmin etməyə qadir deyil. Söhbət ATƏT üzvlərindən birinin təhlükəsizliyinin, təşkilatın digər üzvünün təhlükəsizliyinin pozulması hesabına təmin olunmasının qeyri-mümkünlüyü prinsipindən gedir.
Buna cavab olaraq, amerikalılar dövlət katibinin müavinləri Filipp Qordon və Ceyms Steynberqin simasında hazırkı mərhələdəki problemlərin mövcud institutlar əsasında həllinin daha məqsədəuyğun olduğunu bildiriblər. Bununla yanaşı, onlar Rusiyanın narahatlığının əsaslı olduğunu da etiraf ediblər. Həmçinin Amerika tərəfi hesab edir ki, indiki mərhələdə problemlərin ATƏT və ya Rusiya-NATO Şurası çərçivəsində həllini daha məntiqi hesab edir. ABŞ Rusiya tərəfindən təklif olunan müqavilənin situasiyanı düzəltmək üçün effektiv üsul olacağına əmin deyil. ABŞ tərəfi sual edir: uzun müzakirələrdən son-ra sənədin imzalanması, daha sonra isə 55 ölkə tərəfindən ratifikasiya olunması halında belə, onun icrasına kim nəzarət edəcək? Amma Vaşinqton Rusiyanın təkliflərinin müzakirəsinin də əleyhinə deyil.
Münhen konfransını işıqlandıran dünya KİV yazır ki, Rusiya ABŞ-ın Rumıniyada Hava Hücumundan Müdafiə (HHM) Sistemi yerləşdirmək planından narahatlığını ifadə edibsə, NATO-nun Baş katibi Rasmussen, öz növbəsində, Rusiyanın yeni hərbi doktrinasının özündə reallığı əks etdirmədiyini bildirib. O, doktrinada NATO-nun Şərqə doğru genişlənməsinin Moskvaya təhlükə olması haqda yer almış fikirlərlə razılaşmadığını söyləyib. "NATO Rusiyanın düşməni deyil", - deyə Rasmussen qeyd edib.
Konfransda əvvəllər də olduğu kimi, hər hansı yekun sənədin qəbulu nəzərdə tutulmamışdı. Sadəcə, aktual problemlərlə bağlı bilavasitə dialoqun aparılması vacib idi. Çünki heç şübhəsiz, təhlükəsizlik, xarici siyasət və hərbi strategiyanın qurulması zamanı Münhendəki əhval-ruhiyyə, dövlətlərin bu və ya digər məsələlərə yanaşmada ortaya qoyduqları əsaslar və arqumentlər mütləq nəzərə alınacaq.
Odur ki, İlham Əliyevin 46-cı Münhen Konfransında iştirakı yalnız bilavasitə Güney Qafqaz üçün təhlükə yaradan problemlərə diqqət çəkməyib. İndi alınmış məlumatlar və təəssüratlar əsasında Bakı bu sahədə siyasətini daha dəqiq qura biləcək.
MƏSLƏHƏT GÖR:




608

