14 Mart 2025

Cümə, 18:21

ATUR ÖVLADLARI

Azərbaycan xalqının yaranma tarixindən faktlar

Müəllif:

01.02.2010

Müəllif oxuculara hələ başa çatdırmadığı kitabından bir neçə fəsil təqdim edir. Kitab rəvayət, yəni tarixi publisistika janrında yazılır.  Mətn xüsusi olaraq "Region plus"un formatına uyğun şəkildə ixtisarla təqdim olunur 

 

Albanlar

Müxtəlif dilli ari tayfalarının (26 tayfanın) dəstələrini isə sonradan albanlar adlandıracaqlar. Onlar bu torpaqlara tunc dövründə gəlmişdilər. Qəflətən soyumuş və buzlarla örtülmüş şimal ölkəsindən qaçaraq, odlu torpaqlara sığınmışdılar.  Xəzər odlarının cazibəsinə gəlmişdilər//. Bəlkə də onları nəcib "alovlu" ata yurdunun qan yaddaşı buralara yönəltmişdi?..  Yafətin qədimlərdən Arran adlanan torpağına gəlmişdilər ki, adının mənası "nəciblər torpağı" deməkdir. 

Albaniya və albanlar haqqında xatırlatmalar çoxdur. Bu barədə Misirin Ölülər Kitabında da (bizim eradan əvvəl 2-3-cü minilliklər), Bibliyada da var. Bu barədə antik və orta yüzillik tarixçiləri də  - Aqafi, Feofan, Feofilakt, Simokatt, Balazuri, İbn Haukal, Zaxari Ritor, İbn əl-Fakih, İbn Rusta, İbn Məsudi, Muqəddəsi və başqaları da yazıblar. Antik tarxçi Strabon öz "Coğrafiya" əsərində       (11.4) yazır: "Albanlar daha çox heyvandarlıqla məşğul olurlar, amma onlar vəhşi və kobud deyillər. Orada insanların sifətinin və saçının, gözlərinin rəngi açıqdır (antropoloji araşdırmalara görə, qədim alban qəbirlərindəki kəllə sümüklərinin quruluşu naziksifət və uzunsovdur, Avropa irqinə məxsusdur - müəllifin qeydi). Gözəllikləri və uca boyları ilə seçilirlər. Sadədirlər və xırdaçı deyillər.  Albanlar qocaların hörmətini tuturlar, yalnız öz valideynlərinə deyil, başqa yaşlı insanlara da hörmət edirlər. Ölmüş insanlara qayğı göstərmək, hətta onları xatırlamaq belə bədbəxtlik sayılır. Onlarla birgə bütün əmlaklarını basdırırlar, buna  görə də insanlar çox vaxt valideyn sərvətindən məhrum edilmiş vəziyyətdə yoxsul yaşayırlar. Savaş və dövlət quruluşu məsələlərinə qayğısız yanaşırlar. Amma onlar həm piyada cərgələrində, həm tam və ağır silahlanmış şəkildə at üstündə, həm də arabalarla vuruşmağı bacarırlar. Onlar iberlərdən çox qoşun yığa və  60 min piyada və 22 min süvari silahlandıra bilirlər.  Çoxsaylı qoşunları ilə Pompeyə qarşı çıxmışdılar.  Mizraq və oxlarla silahlanırlar, zireh geyinirlər, böyük uzun qalxanları var, iberlər kimi heyvan dərisindən dəbilqələr taxırlar. Onların tayfalarının sayı qədər 26 dilləri var. Keşiş onlarda padşahdan sonra ən hörmətli adamdır, böyük bir vilayətin başçısıdır, məbədin qullarını idarə edir....". 

Başqa bir antik müəllif Arrian Makedoniyalı İsgəndərin hərbi səfərləri ilə bağlı hadisələri (bizim eradan əvvəl 331-ci il) işıqlandırarkən Qavqamel döyüşündə fars qoşunu tərəfindən II Daranın Midiya üzrə satrapı Atropatın qoşununda vuruşan albanlardan bəhs edir. Pompeyin hərbi səfərləri ilə bağlı da (bizim eradan əvvəl 66-cı il) albanlar barədə xatırlatmalar var. 

Bibliyada Albaniya və albanlar haqqında İsusun 12 həvarisindən biri müqəddəs Varfolomeyin adı ilə bağlı xatırladılır. O, bizim eranın I yüzilliyinin əvvəllərində Hindistana səfər edən zaman bu ölkəyə də baş çəkib. Zərdüşti Albaniyasına xristian təlimini gətirmiş Varfolomey burada öz ölümü ilə rastlaşıb. Bizim eranın 58-ci ilində, ehtimallara görə Bakıda, Ahura Mazda məbədinin (Qız qalası) pilləkənləri üzərində o, zərdüşti məbudan tərəfindən öldürülüb.  

 "Bütpərəst kahinlər  tanrılarının məhv olmasından, büdpərəstlik təliminin sona çatmasından kədərlənərək, müqəddəs həvariyə qəzəblənmişdilər." (müqəddəs Varfolomeyin hədisi). Müqəddəs Varfolomeyin qətl edildiyi yerdə, Qız qalasının yanında, zərdüşti məbədi Artanın bünövrəsi üzərində Albaniyanın bir hissəsinin xristianlığı qəbul etməsi ilə bağlı kiçik kilsə tikilmişdi və orada keçən yüzilliyin 30-cü illərinə kimi qalırdı. Din əleyhinə təbliğat çərçivəsində o da, başqa müsəlman və qeyri-müsəlman dini məbədlərlə birgə dağıdıldı. 

Ümumiyyətlə, bu hadisə Azərbaycanın xristian kilsəsi tərəfindən hər il qeyd edilir. Hər il müqəddəs Varfolomeyin qətl olunduğu yerə dindarlar tərəfindən çiçəklər qoyulur, ayinlər icra edilir. Bibliyada Albaniya haqqında başqa bir xatırlatma isə erməni çarı Sanaturk tərəfindən dara çəkilmiş Faddeyin şagirdi xristian müqəddəsi Yelisey barədədir. İsusun qardaşı Yakov tərəfindən missioner fəaliyyətinə dəstək verilmiş Yeliseyin sayəsində alban tayfalarının kiçik bir hissəsi xristianlığı qəbul etdi və daha sonra onların sayı artdı. Və "həvari" mənşəyinə malik alban kilsəsi Qafqazda xristian kilsəsi olmaqla yanaşı, dünyanın ilk xristian kilsələrindəndir. 

Xristian salnaməçi, "Çetix-Miney"in müəllifi Dmitri Rostovski öz əsərində Albaniyanın xristianlaşmasını müfəssəl izah edir və xristianlığı ilk qəbul edənlərin adlarını göstərir. Onlardan Polimi adlanan alban tayfalarından birinin başçısı olub; öz ailəsi və qulluqçuları ilə birgə xristianlığı qəbul edib. Poliminin adı müqəddəslər sırasına daxil edilib. Dmitrinin sözlərinə görə, "çardan nümunə götürən 10-dan çox şəhərin əhalisi müqəddəs xaçı qəbul edib". Dünyanın bütün kilsələrinin anası Azərbaycanın Şəki rayonunda yerləşən və o vaxt şəhər olmuş indiki Kiş kəndində bizim eranın  I yüzilliyində tikilmiş kilsə sayılır. Həvari Yelisey tərəfindən xeyir-dua verilən və ilk keşişi də Yelisey olan kilsə bu gün də durur. 

Yelisey tərəfindən Albaniyanın xirstianlığı qəbul etməsi alban kilsə tarixçiləri Mxitar Qoş və Kirakos Qandzaklı tərəfindən də təsvir edilib. Nestorian kilsələrin Suriya-fars reyestrlərinin qeydlərinə görə, ilk başdan ruhən Yerusəlim kiriarxal kilsəsi ilə bağlı olan Albaniya kilsəsi Albaniyaya gəlmiş Yerusəlim xristianlarının (nəzari yəhudilərinin) hesabına V-VII  yüzilliklərdə Şərqin Suriya-fars kilsəsinin təsiri altına düşür. Daha sonra bu təsir Bizans kilsəsinin təsiri ilə əvəzlənir. 

Bizim eranın II yüzilliyinin başlanğıcına alban arxiyepiskopu, "müqəddəs" Yeremi tərəfindən müqəddəs Bibliya mətnləri alban dilinə tərcümə edilib. V yüzillikdə alban kilsəsində yeparxiyaların sayı 12-yə çatır və alban kilsəsinin taxtı Albaniyanın yeni paytaxtı Partava (çağdaş Bərdə) köçürülür. Təxminən, həmin dövrdən başlayaraq, alban kilsəsi xristiandaxili monofizit cərəyanına qoşulur və müəyyən müddət sonra bu yanılmadan uzaqlaşır. 

Alban kilsəsinin ruhaniyyat sahəsinin görkəmli təmsilçilərindən biri müqəddəs Qreqori olub. Mənşəcə parfiyalı (yeddi tanınmış fars soyundan biri) "Suran-Pəhləv soyundan olan Annakın oğlu" Qreqori Qafqaz və Ön Asiya ərazilərində, o cümlədən Ermənistanda xristianlığın yayılması ilə bağlı böyük rol oynayıb. Albaniya kilsəsinin çiçəklənməsinə alban çarları Esvagen, II Vaçe və III Vaçe-qan - Mömin də çalışıb. VIII yüzillikdə Arran ərazisinin ərəb işğalçıları tərəfindən tutulması nəticəsində bu ərazilərdə yeni din - İslam yayılmağa başlayır. Ərəblərin göstərişi ilə Alban Həvari Kilsəsinin dini mərkəzi Bərdədən Ermənistan ərazisinə keçirilir. 

Fəxrlə özünü "həvari kilsəsi" adlandıran qədim xristian kilsəsi bu gün öz yaranma tarixini qayğı ilə qorumaqla ruhən Azərbaycan ərazisində fəaliyyət göstərir. Daha çox pravoslav kilsəsi şəklində. Katolik məbədləri də var, amma Azərbaycan ərazisində pravoslav təliminin tərəfdarları katoliklərə nisbətən daha çoxdur. 

Amma gəlin albanlara qayıdaq. Strabon tarixi özünə məxsus çılğınlıqla və təhriflərlə nəql eləməklə albanların primitivliyini və qayğısızlığını bir qədər şişirdir. Albanlar böyük döyüşçülər və yetərincə ilkin, güclü dövlətçiliyə malik idilər. Bir çox yunan-Roma tarixçilərinin məlumatlarına görə, bu dövlətçiliyin formalaşması bizim eradan əvvəl I yüzillikdə başa çatıb. Romalılar öz vaxtlarında burada artıq möhkəm oturuşmuş padşahlıq sülalə idarəetməsi aşkar etmişdilər.                                         

Şimalda Qafqaz Albaniyasının sərhədləri, Dağıstanın cənub rayonları da daxil olmaqla, Baş Qafqaz silsiləsinə, Şərqdə isə Xəzər dənizinə dirənirdi. Qərbdə İori çayı vadisinə qədər uzanırdı. Cənubda isə buraya Araz vadisi, Mil və  Muğan çölləri daxil idi. 

Bir çox tarixi qaynaqlarda alban çarlarının da adları qorunub və onların birincisinin adı Ariy olub. Ariyin şəkli alban sikkələrinə həkk edilib. Çar idarəetməsi ilə yanaşı, albanların idarəetmə sistemində alban aristokratiyasının təmsilçilərinin və hərbi əməliyyatlarda daha çox fərqlənmiş alban döyüşçülərinin yer aldığı tayfa başçıları şurası da olub. Çar qanunvericilik hakimiyyətinə başçılıq edib, həmçinin, dünyəvi və ruhani hakimiyyətlərin məşvərət orqanlarına, dövlətin bütün qoşunlarına başçılıq edib. 

Qədim Albaniyada əsasən təbəqələr arasında münasibətləri tənzimləyən qanunvericiliyə malik hüquq sistemi də olub. Güclü ordusu və müdrik xarici siyasəti hesabına Albaniya uzun müddət öz müstəqilliyini qoruya bilib. Hətta dəfələrlə Albaniyanın müstəqilliyinə müdaxilə etməyə çalışan Roma imperiyası son nəticədə onun gücü və qüvvəsi ilə hesablaşmağa məcbur olub. Bu, alban elçiləri ilə Roma imperatoru Oktavian Avqust arasında danışıqlar nəticəsində bağlanmış sənəddə də öz əksini tapıb. Albaniya işğalçılıq siyasəti yürütməyib. 

Görəsən, xristianlığın, sonra da İslamın qəbul edilməsinə qədər albanların inancı nə olub? İlk başdan qədim antropomorf dinlərə inanıblar və burada Od tanrısına inanc böyük rola malik olub. Strabonun sözlərinə görə, "Helios, Zevs, Selena tanrılarına inanırlar" (od və Günəş tanrısı Ot, ildırımsaçan Adad, Ay tanrısı Nanna qədim kaspi inanclarıdır   -  müəllifin qeydi).  Albanlar insanlıq tarixində ilk pramonoteist dinin - zərdüştiliyin daşıyıcılarına çevrilirlər. Bir sıra versiyalara görə, böyük dini islahatçı və peyğəmbər Zaratuştra və ya Arran-Azərbaycan ifadəsində Zərdüşt də alban mühitinin yetirməsidir. 

Düşünürəm, Avesta mətnlərinə görə, o, vergili kahinlərin - muğların ailəsində doğulub. Muğlar qədim kaspilər idilər. Həmin qaynağa görə, o, Cənubi Arran (Midiya-Atropatena) ərazisində, böyük ehtimalla Urmiya gölü ətrafında doğulub. Bir sıra arxeoloji tapıntılar bu xalqın mədəniyyətinin və incəsənətinin yüksək inkişafından xəbər verir. Albanların erkən yazısı da olub və onların əlifbası 52 hərfdən tərtib edilib. Albanların bəziləri bu günə kimi qorunan daş-memarlıq abidələri öz möhtəşəmliyi və əzəməti ilə heyran qoymaqla yanaşı, qədim albanlarda yüksək inkişaflı memarlıq və şəhərsalma mədəniyyətinin olmasının sübutudur. 

Qafqaz Albaniyasının paytaxtlarından biri əfsanəvi Qəbələ olub, o, Səfəvi ordusunun hücumu zamanı dağıdılıb. Bu yaxınlarda bərpa edilmiş adı kimi, Qəbələnin xarabalıqları Azərbaycanın Qəbələ rayonunda bu gün də qorunmaqdadır. İkinci paytaxt isə Partava (Bərdə) şəhəridir. Bir zamanlar isə paytaxt Qandzaka (indiki Gəncə) olub.

Tarix bizim üçün həm də Qafqaz Albaniyasının tayfa adlarını da qoruyub. Onların sayı 26 olub. Tayfa birləşməsinin başında alban tayfası durub. Sonra as, kasp, uti, gel, leq, silv, lupen, qarqar, yikiy, savdey, qardman, didur, soqd, tavaspar, xeçmatak, ijmax, qat, qluar, şiçb, balasiç, yeqersvan, sak tayfaları gəlib. Bir sıra tayfaların adı artıq unudulub. Alban tayfalarının sırasına bəzən Qardman (Girdiman) dağlarında yaşayan amazonları da əlavə edirlər, amma bu məlumat hələ dəqiq öyrənilməyib. 

Bizim eranın VII yüzilliyində Albaniya ərəblər tərəfindən başqa Arran dövləti  Mad-Aturpatkan (yunan ifadəsində Midiya-Atropatena) ilə ümumi Aturpatkan (Adorbadaqan) adı altında vahid dövlətdə birləşdirildi. Adorbadaqan ərəb xilafətinin vilayətlərindən birinə -  Arran vilayətinə çevrildi. Sonra isə ərəblər tərəfindən farsların protektoratı altına verildi. 

Ərəblər Albaniya torpaqlarına İslamı gətirdilər. Bildirmək gərəkdir ki, nə yəhudilər, nə də xristianlar çoxdinli Albaniyada ərəblər tərəfindən təqib olunmadılar. Yalnız zərdüştilik təqib olundu. Zərdüşti məbədləri, pirləri dağıdıldı, zərdüştilər zorla İslama gətirildi. Onda zərdüştilər üçün müqəddəs olan bəyan kitabı "Avesta"nın mətnləri də məhv edildi. 

Çoxları bu gün sual verir: nə oldu ki, bizlər - sarışınsaçlı və mavigözlü arilərin törəmələri "qaraldıq"? Məsələ bundadır ki, bu proses iki mərhələdə getdi. 

Birincisi, bizim ataların "ağbəniz"liyi Arran ərazisinə qədim Elam ərazisindən gəlmiş parslarla qarışanda bir qədər sarsıldı. Bibliya Əhdi-Ətiq mətnlərinə görə, Elam Nuhun ikinci oğlu Simin torpağı olub. Akademik elm Elam əhalisinin qaradərili dravidmənşəli olduğunu bildirir. Arran sərhədlərində məskunlaşmış köçəri fars tayfaları bir müddətdən sonra Cənubi Arran ərazilərində Fars çarlığını yaradacaqlar. 

Daha dəqiqi, Arran Midiyasının çarı Astiaqın nəvəsi, əfsanəvi II Kir fars tayfalarını birləşdirərək, onların dəstəyinə arxalanaraq, babası olan böyük hökmdarı yıxıb və onun taxtına oturub. Öz dövlətini ona birləşdirdiyi köçəri farsların yurdu olan sərhəd  Parsaqardla, sonra isə bütün Elam əraziləri ilə birlikdə siyasi məqsədlər güdərək, Parsiya adlandırdı. "Tanrı Yafəti yayacaq və o, Sim çadırlarına yerləşəcək" (Varlıq 9:27). Daha sonra o öz böyük Fars imperiyasını da bu cür adlandırıb. 

Mavigözlü arranlıların ikinci, daha kəskin qaraşınlaşması ilə Ərəb xilafəti hakimiyyəti illərində baş verib. Ərəblər işğal olunmuş ərazilərdə xilafətin mövqelərini gücləndirən siyasi tədbir kimi Arran ərazilərində öz kaloniyalarını yaradırdılar. Xilafət bu əraziləri ərəb əhali ilə məskunlaşdırırdı. Yerli Arran əhalisinin hüquqları tapdanaraq, ən yaxşı torpaqlar onlara verilirdi. 

Amma müstəmləkəçilər Ərəb xilafətinin dağılmasından sonra, Arran torpaqlarında qalıb, assimlyasiyaya uğradılar. Nəticədə, əcdadlarmız ilk öncə qarasaçlı farslarla, daha sonra ərəblərlə qarışaraq, sarışınlıqlarından məhrum oldular. Amma buna baxmayaraq, Azərbaycanın yüksək dağlıq rayonlarında nadir hallarda ari irqinin mavigözlü, ağbəniz və sarışınsaçlı nümunə təmsilçilərinə rast gəlinir. 

725-726-ci illərdə Arran ərazisində xəlifələr tərəfindən əhalinin və mal-qaranın ümumi siyahıyaalınması aparılıb. Və əhalini ağır ikiqat və üçqat vergi yükü altına salıblar, xilafətin bu cür vergi siyasəti Arran əhalisini kəskin yoxsulluq və ümidsizlik girdabına salıb. Başqa vergilər kimi dini inanc vergisi də təbiq edilib. Zərdüştilik tərəfdarları xirstian və yəhudilərdən daha çox vergi ödəyirdilər. Amma arranlılardan, hətta, islamı qəbul edənlərə belə ərəblər etibar etmirdilər. Elə onda indi qəribə sayılan ərəb deyimi - "Göygöz müsəlmandan qorx" ifadəsi yaranıb. 

İslamı yeni qəbul etmiş arranlıları ərəblər uzun müddət "qılınc müsəlmanı" adlandırıblar. Albanlar da uzun müddət bütün arranlılar kimi iyirmi il müddətində ərəblərə qarşı müqavimət göstəriblər. Ərəblərə iyirmi il açıq müqavimət göstərməklə yanaşı, yüz il pis gizlədilən itaətsizlik nümayiş edilib.  Həmin vaxtlardan öz torpağını ərəblərdən qoruyan qəhrəmanların adları da bu günlərə gəlib çıxıb. Çoxminlik ərəb qoşunlarına ilk müqavimət göstərənlərdən biri alban sərkərdəsi Cavanşir olub. 

Amma xəlifələrin dövlətini qorxu və narahatlıq içində saxlayan adlar içində ən parlağı xalq qəhrəmanı Həsən olub.  Zərdüşti kahinləri və onların ardınca bütün Arran əhalisi ona zərdüştilər üçün müqəddəs olan "Pa-pak" (çağdaş ifadədə Babək) adı veriblər. Gənc olan zamanlar Babək ərəb dinini qəbul edib. Böyüdükdən sonra ərəblərin Arran torpağındakı vəhşiliyini  və xalqın əzabını görərək, o, qəbul etdiyi dindən imtina edərək, zərdüştiliyə qayıdıb, zərdüştilərin "xürrə-mit" (odla nişanlanmışlar) hərəkatına başçılıq edib.  İyirmi il ərzində qırmızı ari bayraqları altına xalq dəstələrini yığıb. 

Versiyaların birinə görə, 837-ci ildə Babək fars feodalların satqınlığı nəticəsində ərəblər tərəfindən tutularaq edam edilib. Ərəb və erməni mənbələrində əks olunmuş başqa versiyaya görə, onu Farsistan ərazisində bir erməni taciri - Səhl ibn Sumbat əl-Armani satıb. Babəkin silahdaşı olan tacir ərəblərlə anlaşmaya gedib və Babəki satmağın əvəzinə min dirhəm pul, həmçinin, xəlifənin İveriya (Gürcüstan) üzrə canişini vəzifəsini istəyib. Nəticədə, Babək öz qardaşı ilə birgə tutulub və  şaqqalanıb. Xalq müqaviməti qanla boğulub. 

Məhz həmin vaxtdan bu yana azərbaycanlılar "Hansı millətdənsən?" sualına "Mən müsəlmanam" cavabını verir. Alban tayfalarının bir hissəsi dağlara qalxıb. Böyük hissəsi isə qalaraq İslamı  qəbul edib. İyirmiillik müharibədən sonra Arran xalqlarının ərəb ekspansiyasına yüzillik müqaviməti Ərəb xilafətini zəiflətdi. Nəticədə, IX yüzilliyin sonlarına, X yüzilliyin əvvəllərinə orta əsrlər Azərbaycanının torpaqları ərəb işğalçılarından azad olub. Qədim albanların törəmələri Şimali Arran ərazilərində, yəni çağdaş Azərbaycan ərazisində yaşayır və əhalinin əsas hissəsini təşkil edirlər. Zaman-zaman bir-birimizdən "Haralısan?" deyə soruşanda, başqa sözlə, "Sən hansı tayfadansan? Arisən, farssan, yoxsa ərəbsən?"  sözlərini deyirik. Sualın dərin tarixiliyindən doğan gerçək şüuraltı mənasını, demək olar ki, anlamırıq. 

Zərdüşti Albaniyasının dini mərkəzi  Baq-van - Baruka -  Badi Kubə, - Bakı olub.


MƏSLƏHƏT GÖR:

620