14 Mart 2025

Cümə, 15:39

YARIMÇIQ QALMIŞ NƏĞMƏ

Azərbaycanın qeyri-adi müğənnisi və böyük vətənpərvəri Rəşid Behbudovun ölümündən 20 il keçir

Müəllif:

01.02.2010

İnsan həyatı əbədiyyətlə müqayisədə bir andır. Kimlərsə onu sakit və ciddi yaşayır, kimlərinsə bəxtinə həmişə göz önündə olmaq yazılır. Çünki onlar yuxarıdan seçilənlərdir və önə çəkilirlər. Onların taleyinə xüsusi missiya və izlər ilə gedənlərin yolunu işıqlandırmaq yazılıb. Belələri azdırlar, amma onlar bu həyata gəlməklə onu işıqlandırırlar, sonra dünyadan gedərək, başqa  planetlərdə öz yollarını davam etdirirlər. Bizəsə nə qədər ki yaşayırıq, onları sevmək və dərk etmək qalır. Və hərdən başımızı qaldıraraq gecə səmasına baxırıq, ulduz kəhkəşanları arasında bizimlə bağlı olan və xatirəmizi isidən tənha ulduzu axtarırıq. O ulduzu ki həmişə xatırlayırıq, itkisinə yanırıq və sevməkdə davam edirik.  

Rəşid  Behbudov Sosialist Əməyi Qəhrəmanı idi, SSRİ-nin çoxsaylı dövlət mükafatlarına layiq görülmüşdü. Azərbaycanın  da Dövlət Mükafatı laureatı olan sənətkar, təbii ki,  söhbətimizin əvvəlində bəhs etdiyimiz ulduzlardan biri idi. Parlaq və qeyri-adi Şöhrəti ilə ölkəsindən çox-çox kənarlara çıxan bir insan, vətənini dəfələrlə vəsf edən və onu dağ zirvələrinə qaldıran, Azərbaycan üzərində şaqraq səsini və sevgisini əbədi qoyub gedən əsil vətənpərvər!  Uyğun olaraq, o, sevgi müğənnisi idi, Tanrıdan gələn və ən duyğulu hisslərin daşıyıcısı idi. Rus şairi Nikolay Dorizonun "Kim bəxş etdisə, varlandı, kim gizlətdisə itirdi" sözlərinə Tofiq Quliyevin bəstələdiyi "Dostluq mahnısı"nda azərbaycanlı sovet müğənnisi, böyük ustad və SSRİ xalq artisti, 25 il SSRİ Ali Sovetinin deputatı, xalqın sevimlisi və XX yüzilliyin kumiri Rəşid Məcid oğlu Behbudov öz dövrünün əxlaqi dəyərlərini vəsf edirdi. 

Əslində, bütün bunlar onun idealları idi. O bununla yaşayır, nəfəs alırdı. Yaşadığı kimi də tam qəlbi ilə və ürəkdən oxuyurdu. 

İndi isə qollarını geniş açaraq, sanki bütün dünyanı və insanlığı birdən qucaqlamaq istərkən  daşlarda donub, kiçik dostu Müslüm Maqomayev və  XX yüzilliyin dahi siyasətçisi Heydər Əliyevlə birgə Fəxri Xiyabanın sakitliyini bölüşüb.  Onların Yer üzündəki yolları  uğurlu və şöhrətli olub. Düşünürəm, göylərdəki yolları da eyni olacaq. Onlar dövrün rəmzinə və millətin sərvətinə  çevrildilər. Buna görə də indi istər qış, istər yay, istər yaz, istərsə də payız olsun, bakılılar onların ziyarətinə çiçəklərlə gəlirlər. Deyirlər,  Rəşid Məcid oğlu çiçəkləri çox sevirmiş. Hamısını. Onlara canlı və anlaqlı varlıqlar kimi baxırmış. Ona görə də çiçəklərlə özünəməxsus şəkildə davranırmış. Onlarla danışaraq səsi ilə, barmaqlarının zərif toxunuşu ilə sağaldırmış və möcüzə baş verirmiş! Çiçəklər canlanırmış! Onları təbiətin heyrətamiz və mükəmməl yaradıcılığı adlandırırmış, onları yalnız qadın mükəmməlliyi ilə müqayisə edirmiş. Bu onun mahnılarının ayrıca mövzusudur. Həm də ki ruhunun məqamı... Titrək və həssasdırlar. Ana, sevgili, qız və Vətən kimi

 

İlk mahnı. Firuzə Vəkilova

Ruhun aristokratlığı, qeyri-adi nəzakət, ürəyiyumşaqlıq və ətrafdakı qeyri-kamilliyə böyük bir dözüm ona anası Firuzədən sanki  bir irs kimi qalmışdı. Daha bir irs isə müdriklik idi. Ana öyrədirdi ki, yalnız öz kamilliyinlə dünyanı yaxşılaşdıra bilrəsən, bunun üçün sevgi və ürəkaçıqlığı ilə yaxşılıqları artırmaq lazımdır. Rəşid uşaqlıqdan anasına bağlı idi. Aydın məsələdir - körpə idi! 17 yaşında onu itirməsinə bütün həyatıboyu barışa bilmirdi. Anası bu dünyanı  və üç uşağını - Ənvəri, Nəcibəni və Rəşidi qoyub-gedəndə cəmi 42 yaşı var idi. 

İllər keçdi və dünyada şöhrət qazanmış Rəşid Behbudov öz mahnı repertuarına ana haqqında mahnılar da daxil etdi, həm rusca, həm azərbaycanca, həm də ukraynca  "Mama", "Ana", "Ruşnık" mahnılarını oxudu. Dünyanın istənilən ölkəsində - Hindistanda, İranda, Çilidə, Peruda, Çində, Argentinada, İngiltərədə, Belçikada, İsveçrədə konsert verdiyi başqa ölkə və qitələrdə "Ana"  mahnısını oxuyarkən sözlərə o qədər ağrı və kədər hopdururdu ki, tamaşaçılar sanki doğma dillərində nəğmə eşidirmiş kimi onu başa düşüb, qəminə şərik olurmuşlar. Hər belə ifa anasına layiqli övlad sevgisi və qayğısı göstərməyə macal tapmamış oğul qəlbinin etirafı idi, çünki Şərqdə bir qayda olaraq övladlar valideynlərə bəxş etdikləri  həyatın əvəzinə hörmət və təşəkkür bildirirlər. 

Çar ordusunun Dağıstan polkunun komandirinin qızı olan Firuzə xanım gözəl təhsil və tərbiyə almışdı. Zadəgan nəsli olan Vəkilovlardan idi və iki bacısı, üç qardaşı vardı. Atası Abbasqulu bəy kimi qardaşları da özlərini hərb sənətinə həsr etmişdilər. Üç uşaq tərbiyə edən Firuzə xanım həm də etiket qaydalarının, rus, fransız dillərinin öyrənilməsi üzrə müsəlman qadın cəmiyyəti təşkil etməyə də macal tapmışdı. Qızların həm qadın, həm kişi rolları ifa etdiyi dramaturgiya dərnəyi də yaradılmışdı. Bütün bunlar gənc əri Məcid Behbudovun onu Şuşadan qaçırdaraq gətirdiyi Tiflis şəhərində baş vermişdi.    

Firuzəgilin ailəsi oraya Qazaxdan kiminsə toyuna gəlibmiş. Məcid də onu orada görmüşdü. Əlqərəz! Qızın gənc şuşalıya zillənmiş gözləri də çox şeylər deyirdi. Qız oğlanın qəlbinə hakim kəsilmişdi və oğlan elə vəziyyətə düşmüşdü ki, Firuzəsiz sonrakı həyatını təsəvvür belə etmirdi. Zadəgan yox, tacir ailəsindən olduğundan, rəsmi elçiliyə risk etməmişdi. Amma qızla görüşmək və öz gözəl səsi ilə onu valeh etməyə macal tapmışdı. Bunu etmək elə də çətin deyildi, çünki parça götürüb onu həyətlərdə satmaq qəbul edilən iş idi. 

Məcid özünü "arşınmalçı", yəni parça satan rolunda çox inamlı hiss edirdi, çünki o elə yaraşıqlı və gözəl imiş ki, hətta təkcə subay qızlar deyil, evli qadınlar da gözünü ondan çəkə bilmirmiş. Onların ailəsinin Şuşada yetərincə məşhur və varlı olmasına, böyük torpaq sahələrinin, parça dükanlarının, Ağstafada at ilxılarının olmasına baxmayaraq, çətin ki, Abbasqulu bəy öz qızını arşınmalçıya verərdi. Buna görə də Məcid uzun fikirləşmədən sonra, bəyin ailəsi Şuşada qonaq olan müddətdə qızı tələsik Tiflisə qaçırmışdı. Məcidin orada ipək kəlağayı emalatxanası və layiqli evi varmış. 

Gənclər orada yerləşiblər. Duyğuları qarşılıqlı olub və buna görə də onların nikahlarından  üç istedadlı və gözəl uşaq doğulub. Düşünürəm, həm də xoşbəxt olublar. Çünki ataları Məcid Behbudov həm də tanınmış xanəndə imiş, onu Riqaya, Varşavaya, İrana, Türki-yəyə, Gürcüstana konsertlərə dəvət edirmişlər; uşaqlara xalq mahnılarına sevgi və müğənni istedadı da ondan keçib. 1911-ci ildən 1919-cu ilə kimi onun mahnıları yazılmış 40 plastinka buraxılıb. İndiyə kimi Londonda Kral Kitabxanasında xanəndə Məcidin valehedici səsinin yazıldığı plastinkalar saxlanılır. 

Öz vaxtında elə tanınmış olub ki, şöhrəti həmişə özündən qabaq gedib və aristokratların evlərinin və konsert salonlarının qapısını açıb. Amma çağdaş dillə desək, əsas qazancı bundan olmayıb. Onun kiçik biznesi də varmış və bu, ailəyə qayğısız yaşamağa kömək edib. Onun üçün isə işgüzar və uyğun olaraq hörmətli insan ad-sanı qazanmağa yardım edib. Yəni Şərqin öz incəlikləri var. Burada gerçək kişi və insani keyfiyyətləri qiymətləndirməyi bacarırlar. Bir dəfə verilən qiymət dildən-dilə, nəsildən-nəslə ötürülür. 

Buna görə də valideynlərin toplumdakı ad-sanı uşaqlara irs qalanlar içində ən qiymətlisi idi. Yetərincə sonra, sovet illərində Məcidin oğlu Rəşid atasını bütün Cənubi Qafqazda nəinki tanınmış, hətta əfsanəvi xanəndəyə çevirmiş şöhrətinin qoruyucu gücünü öz üzərində də hiss edəcəkdi. Bu belə idi. O dövrlərdə çox gənc müğənni olan Rəşid artıq Tbilisi Opera Teatrında, Ermənistanın caz orkestrində işləməyi, hərbi hissələrdə və hospitallarda konsertlər verməyi bacarmışdı. Bakıdakı konsertlərin birində isə Rza Təhmasibin diqqətini çəkə bilmişdi. 1944-cü il idi. "Arşın mal alan" filminin rejissoru heç cür tacir Əsgər roluna aktyor tapa bilmirmiş. Konsertə də təsadüfən gəlibmiş və bu, hər ikisi üçün sanki bir tale işi olub, rejissor baş rol üçün ifaçı tapa bilib, müğənni isə birdəfəlik Bakıya köçüb. Məsələ həm də ona görə maraqlı idi ki, Üzeyir bəy Hacıbəyov öz operettasını yaradarkən süjet kimi Rəşidin valideynlərinin əhvalatını götürüb! Yəni Firuzə bəy qızı, Məcid isə yetim tacir oğlu olub. Beləliklə, Əsgər Məcid Behbudovun obrazı idi.     

Bir-birini sevən iki gəncin öz sevgiləri yolunda möcüzələrə qadir olmaları heç kimi laqeyd qalmağa qoymurdu. O cümlədən amerikalılar da ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı tərəfindən əbədiləşdirilmiş bu əhvalata film çəkməyə cəhd etmişdilər. Öz atasının rolunu oynamış Rəşid Azərbaycanda o qədər məşhurlaşıb ki, bir dəfə onu şəxsən Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov öz yanına çağırıb. Növbəti qastrol səfərindən yenicə qayıtmış və xalq arasında köhnə "İnturist" kimi tanınan mehmanxanaya yerləşmiş müğənni qəbula tamamilə orijinal geyimdə gəlib. 

Özünüz baxın: parlaq damaları olan iriçiyinli pencək, parıltılı saçlar, əlvan qalstuk və lak çəkmələr. Əsl stilyaqa idi! İndi isə  Bağırovu təsəvvür edin - stalinsayağı göy mundir geyinmiş, gözlüklərini Beriya kimi burnunun üstünə salmış bu insandan xoş bir şey gözləmək mümkün idimi? Bu bəstəboylu artist heç də birinci katibə çox xoş gəlmiş Əsgərə bənzəmirdi. Öz narazılığını gizlətmədən ondan soruşub ki, "Sən kimin oğlusan?". Eşidəndə ki, şuşalı Məcid Behbudovun oğludur, qayıdıb ki, "Xanəndə Məcidin?". Baxışları həlimləşib, artıq başqa tonla bildirib ki, belə müğənninin mehmanxanada yaşaması düzgün olmaz, öz evi olmalıdır və buna görə də hökumət onun üçün mənzil ayırır. Beləliklə, müğənni "Nijnaya-Bulvarnaya" (indiki Bakıxanov) və "Krasnoarmeyskaya" (indiki Səməd Vurğun) küçələrinin kəsişməsində ilk mənzilini alıb. Bakılılar bu binanı Artistlər Evi adlandırırlar. Çünki burada doğrudan da şəhərin mədəniyyət elitasının təmsilçiləri, Azərbaycana şöhrət gətirmiş tanınmış artistlər yaşayıblar. 

 

İkinci mahnı - “Ceyran”

Onun repertuarında gerçəkdən də belə mahnı olub. Xalq mahnısı idi. Amma adama elə gəlir ki, onu özü qoşub.  Bütün şüurlu həyatı boyunca gözlədiyi ilə qarşılaşandan sonra. Yəni qırx yaşına kimi gözləyənə qədər. Həddindən artıq vasvası və tələbkar olduğundan bu yaşa kimi gözləməyib. Xeyr, belə fikirlər ona görə səslənir ki, artistlərin həyatı kənardan romantika və əyləncələrlə dolu kimi görünür. Əslində isə bu, gündəlik əzmli zəhmət və daimi səfərlər deməkdir. Hər adam təkərlər üzərində keçən həyata dözə bilməz. Məişət rahatlığından məhrum olmaq insanların iradəsini - hisslərini və peşəkarlığını ciddi sınağa çəkir. 

Amma görünür, onun məhz bu dördbucaqlı şəklində tikilmiş və iki əks küçədən keçidə malik evdə məskunlaşması da göylərdə müəyyən edilibmiş. Məhz bu memarlıq özəlliyi hesabına Tibb İnstitutunun tələbələri bu həyətdən keçib-gedirmişlər; bir binadan o birisinə məruzə dinləmək üçün yollanırmışlar. Binalar şəhərin müxtəlif yerlərində yerləşdiyindən, məruzəyə gecikməmək üçün trolleybus dayanacağına qədər yolu kəsə getməyə məcbur olurdular. 

İndi 50-ci illərin ortalarına xas beynəlmiləlçi atmosferi, mənəvi dəyərləri, həmçinin, həmin illərin geyim dəbini özünüz təssəvür edin. Bildirmək gərəkdir ki, Bakı həmişə modada, musiqidə, ədəbiyyatda, sonra isə kinoda baş verənlərə avanqard yanaşması ilə seçilib. Buna görə də, hətta, ortagəlirli insanlar belə buna uyğunlaşmağa çalışırdılar. 

Amma gəlin həyətə qayıdaq. Birinci, onu deyək ki, Bakı küçələri heç vaxt boş qalmayıb. Burada bir qayda olaraq bir yerdə çay içirlər, yeməklərin sirlərini bölüşürlər, bir-birlərinin evlərinə qonaq gedirlər. Burada insanların bir-birlərinə marağı heç zaman tükənmir. Kişilərin zərif cinsin təmsilçilərinə marağından danışmağa belə dəyməz! 

Buna görə də evdə olan gənc insanlar öz eyvanlarından küçədən keçən qızlara baxmaq fürsətini heç zaman əldən buraxmazdılar. Qızlar, əlbəttə ki, bunu bilirdilər, amma özlərini o yerə qoymazdılar. Bakı qızları həmişə ciddilikləri ilə seçiliblər. Amma gənclik, qayğısız xoş həyat öz sözünü deyirdi. Onlar bilirdilər ki, bu evdə tanınmış və subay müğənni Rəşid Behbudov yaşayır! Onu da bilirdilər ki, onu artıq bütün dünya tanıyır və hətta, şəxsən Rac Kapurun özü ilə də dostdur! Həm də onu da bilirdilər ki, bu iki böyük artist eyni gündə - dekabrın 14-də dünyaya gəliblər.  

Həm də, əziz oxucu, Sovet İttifaqında hind kinosunun məşhurluğunu xatırlasan, yerinə düşər. Yəni bu deyilənlərə hər hansı bir əlavəyə ehtiyac varmı? Həm də bu subayın özü çox qəşəng idi və  heyranedici şaqraq səsi vardı. Kişilik xarizması da onu ətrafdakılardan fərqləndirirdi və bu ortaboylu kişini önəmli və diqqətəlayiq insana çevirirdi. Buna görə də ərgən bakılı xanımlar gözəl bilirdilər ki, bu uca eyvandan Rəşid onlara baxır və hərdən binokldan da istifadə edir, çünki şüşələri günəş şəfəqləri altında parıldayırdı. Hər biri ürəyində gizlicə düşünürdü ki, seçim onun xeyrinə ediləcək...

(Ardı gələn sayımızda)



MƏSLƏHƏT GÖR:

602