14 Mart 2025

Cümə, 15:39

QƏRBİN QƏRİB “NABUCCO”SU

İri qaz kəməri layihəsinin gerçəkləşəcəyinə şübhə edənlərin sırası getdikcə artır

Müəllif:

01.02.2010

Geniş reklam edilən və Qərb tərəfindən gur dəstəklənən "Nabucco" layihəsi, belə görünür ki, ömrünü bağışlamaq - daha bir energetika köpüyü partlamaq ərəfəsindədir. Layihəni gerçəkləşdirənlərin ABŞ-ın tutarlı dəstəyini almaq üçün fədakar səylərinə baxmayaraq, lazım olan sərmayələri yığmaq, ən başlıcası, qaz kəmərinin doldurulması üçün lazımi xammal həcmlərini tapmaq istəyi  alınmır. 

Ümumiyyətlə, Azərbaycanda bu layihəyə həmişə müəyyən qədər skeptikcəsinə  yanaşıblar, amma buna baxmayaraq, rəsmi şəxslər onda iştirakdan qəti imtinanın mümkünlüyü barədə bir dəfə də olsun fikir səsləndirməyiblər. Amma görünür, "böyük layihə" oyunu konkretlik olmadığından artıq hamını, o cümlədən bizi də bezdirib. İstənilən halda, prezident İlham Əliyevin son bəyanatlarında məsələ ilə bağlı daha dəqiq ifadələr yer alıb. 

 

İtkimiz çoxmu böyükdür?

Əgər "Nabucco" ləngiyərsə, Azərbaycan Rusiyaya və başqa qonşu ölkələrə qaz nəqlini artıracaq. Bu barədə ölkə prezidenti İlham Əliyev də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Britaniyanın "The Wall Street Journal" qəzetinə verdiyi müsahibəsində bildirib. "Bəllidir ki, əgər "Nabucco"nun tikintisi gecikərsə, biz "Qazprom"a daha çox qaz satacağıq", - deyə Azərbaycan lideri vurğulayıb. 

O xatırladıb ki, "Qazprom" Azərbaycanın satmaq istədiyi qədər qaz almağa hazır olduğunu nümayiş etdirib. Bir həftə qabaq isə bu barədə Rusiyanın qaz inhisarçısı olan şirkətin başçısı Aleksey Miller bildirmişdi. "Azərbaycanla bağlanmış sazişin özəlliyi ondadır ki, bizdə qazın alınması üzrə yuxarı hədd yoxdur. Bu, "Qazprom"un belə şərtlər yazılmış yeganə sazişidir. Biz azərbaycanlı dostlarımızın təklif edəcəyi qədər qaz almağa qadirik", - deyə o vurğulayıb. 

Azərbaycan prezidenti vurğulayıb ki, "Nabucco"nun gerçəkləşməsi ilə bağlı "çox suallar qalmaqdadır və uzun müddətdir, onlara cavab yoxdur". "İndiyə kimi biz bilmirik ki, bu prosesi irəli aparacaq lider kimdir? Kim qaz təchizatçıları  və tranzitçilərlə danışıqlar aparacaq? Bu qazın marketinqi ilə kim məşğul olacaq? Qiymətlər necə olacaq?" - deyə İlham Əliyev "Bloomberg" agentliyinə bildirib. Onun sözlərinə görə, Avropa Birliyi tərəfindən dəstəklənən və Xəzər qazının nəqli üçün nəzərdə tutulan, həm də Rusiya qazı ilə yanaşı diversifikasiya edilmiş qaz  ötürülməsini planlaşdıran "Nabucco" layihəsi "həddindən siyasiləşib". 

 Eyni zamanda, Azərbaycan lideri bildirdiyi kimi, bir sıra ölkələr onun potensial rəqibi - Rusiyanın "cənub axını" layihəsinə qoşulmaqla "qeyri-müəyyənlik" yaradırlar. "Azərbaycan bilməlidir ki, "Nabucco" ilə bağlı bu, nə dərəcədə ciddidir. "Nabucco"nun doldurulmasına yardım etmək üçün iri "Şahdəniz" qaz yatağının genişləndirilməsinə $20 mlrd.-a yaxın sərmayə gərəkdir", - deyə İlham Əliyev vurğulayıb. 

Bundan başqa, Azərbaycan qazının Avropaya ixracı Türkiyə ilə tranzit məsələlərinin həll edilməməsi üzündən gecikir. "Türkiyə tərəfindən bizim qaza təklif edilən qiymət qaneedici deyil, buna görə də belə vəziyyətdə biz irəli getmək imkanında deyilik", - deyə dövlət başçısı bildirib. 

Azərbaycan prezidentinin açıqlamasının bu cür kəskin olması yetərincə əsaslıdır - o, əvvəl də bildirmişdi ki, Azərbaycan qazının ixrac yolları üzrə problemin həll edilməməsi bizim ölkəyə zərər vurur. Bu həm "Şahdəniz" layihəsi üzrə tərəfdaş şirkətlərin narazılığına və yataq üzrə "Mərhələ 2" fazasının ləngiməsinə, uyğun olaraq respublikaya iri sərmayə yatırımlarının gecikdirilməsinə səbəb olur. 

Ən nəhayət, səbir kasası dolur və Azərbaycanın həm Türkiyə tərəfindən, həm də "Nabucco" tərəfdaşlarından işə ciddi yanaşmağı tələb etməyə haqqı var. Əks halda, rəsmi Bakının öz qazını əlverişli şərtlərlə real müştərilərə satmaq hüququ var. O cümlədən, İ.Əliyev də bildirdiyi kimi, qazın indi ixrac edildiyi bütün istiqamətlərə, yəni Rusiyaya, Gürcüstana, Türkiyəyə və İrana ötürülən həcmləri artırıla bilər. 

Bununla belə, bir sıra analitiklərin fikrincə, Türkiyə "Nabucco"nun inkişafına imkan verməmək üçün Azərbaycanla tarif məsələlərinin həllini bilərəkdən gecikdirir. Buna səbəb layihəyə münasibətin dəyişməsi - "Nabucco"nun qatı düşməni olan Rusiyanın cəlbedici təklifləridir. Yada salaq ki, bu ilin yanvar ayında bu ölkənin Baş naziri Rəcəp Tayyip Ərdoğan Moskva səfərinin gedişində Rusiya rəhbərliyini əmin etdi ki, Ankara Türkiyə ərazisindən keçən "Cənub axını" qaz kəməri layihəsinin tikintisinə mane olmayacaq.  

Rusiya isə öz növbəsində Türkiyə üçün çox önəmli olan bir layihənin - "Samsun-Ceyhan" neft kəmərinin tikintisi layihəsinin gerçəkləşdirilməsinə, yəni xammalla təchizat məsələsinin həllinə yardım edəcək. Planlaşdırılır ki, kəmər Qara dəniz sahilindəki Samsundan başlayaraq, Aralıq dənizindəki Ceyhan limanına qədər uzanmaqla Türkiyə ərazisi ilə keçəcək. Layihənin məqsədi Rusiya və Qazaxıstandan xam neft daşınmasını Bosfor və Dardanel boğazlarından yan keçməklə təmin etməkdir. 

 

Pul yoxdur, qaz da yoxdur

Ümumiyyətlə, hadisələrin bu cür inkişafı ilə Rusiyadan yan keçən layihələri hər cür dəstəkləyən ABŞ razılaşacaqmı? Çətin ki/. Bildirmək gərəkdir ki, ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nüma-yəndəsi Riçard Morninqstar artıq Azərbaycanla Türkiyə arasında "Şahdəniz" yatağından qazın nəql edilməsi ilə bağlı razılığın olmamasını məyusedici adlandırıb. 

"Hər iki dövlət ABŞ-ın dos-tudur və bu danışıqlarda biz onların heç biri tərəfindən çıxış etmirik. Amma sonrakı ciddi gecikmələr "Cənub dəhlizi" üçün imkanlar pəncərəsinin bağlanmasına səbəb ola bilər", - deyə o bildirib. Morninqstarın sözlərinə görə, ABŞ Xəzər regionundan qazın Avropaya daşınması üçün yeni dəhlizin tikintisi ideyasını dəstəkləyir. 

""Cənub enerji dəhlizi" Türkiyə, İtaliya və Yunanıstan arasındakı qaz kəməri ilə "Nabucco" layihəsini birləşdirə bilər. Bu istiqamətlərin hər biri strateji baxımdan qaz resurslarının diversifikasiyası və Avropaya yeni enerji yollarının açılması üçün vacibdir.  "Cənub enerji dəhlizi"  Qafqaz və Mərkəzi Asiya  ölkələrinə ticari gəlir gətirəcək, həmçinin Avropa ilə qarşılıqlı marağa əsaslanan uzunmüddətli tərəfdaşlığın əsasını qoyacaq", - deyə o vurğulayıb. 

Onun sözlərinə görə, Vaşinqtonun diqqəti iki istiqamətə cəmlənib: "Şahdəniz" yatağı üzrə Azərbaycanla Türkiyə arasında sazişə və layihənin Mərkəzi Asiya və Yaxın Şərq qazı ilə təmin edilməsinə. "Əgər "Cənub dəhlizi" layihəsinin gerçəkləşdirilməsindən əsas üstünlük qazanacaq ölkələr qazın nəqli üzrə ticari baxımdan məqsədəuyğun və tərəflərin hamısı üçün faydalı şərtlər barədə anlaşma əldə edə bilməyəcəklərsə, onda bu layihənin konsepsiyası çox duruş gətirməyəcək", - deyə Riçard Morninqstar bildirib.

Bununla yanaşı, layihənin realizatorları da onun gerçəkləşdirilməsi imkanları ilə bağlı həddindən bədbin əhval-ruhiyyədədirlər. "Nabusso" layihəsinin operatoru olan "OMV" neft-qaz konserninin qaz bölməsinin rəhbəri Verner Auli bu günlərdə bildirib ki, 2010-cu ilin yayında "Nabucco" ilə qazın nəqli üzrə kontraktlar satışa çıxarılacaq, sifarişlər iyuldan oktyabra qədər götürüləcək. 

OMV gözləyir ki, planlaşdırılan qaz kəmərinin gücünə  tələbat yaxşı olacaq. V.Auli bildirib ki, 2008-ci ildə potensial müştərilər arasında aparılmış sorğu göstərib ki, tələbat qaz kəmərinin ildə 31 mlrd kubmetrdən çox olan layihə gücünü 2-3 dəfə ötə bilər. Amma! "Biz görsək ki, qaza yetərincə tələbat yoxdur, onda layihə sual altında qalacaq. Biz ticari təşkilatıq, dövlət qurumu deyilik. Əgər tələbat olmayacaqsa, biz qaz kəmərini tikməyəcəyik", - deyə V.Auli vurğulayıb. 

Bununla belə, layihəyə sərmayə qoyuluşunun təmin edilib-edilməyəcəyi hələ də dəqiq bəlli deyil. "Nabucco Gas Pipeline GmbH" şirkətinin icraçı direktoru Reynhard Miçek bu yaxınlarda bildirib ki, bu yeni Avropa qaz kəmərinin layihəsi ciddi maliyyə problemləri və kreditalma çətinlikləri ilə üz-üzədir. "Uzunluğu 3 min kilometrdən çox olan trassın tikintisi üçün lazım olan ümumi məbləğ 11,8 milyard  dollar səviyyəsində qiymətləndirilir. Konsorsium ən yaxın zamanda kredit üçün beynəlxalq maliyyə qurumlarına və agentliklərinə müraciət etməyi planlaşdırır", - deyə Miçek vurğulayıb. 

Xatırladaq ki, ötən ilin mart ayında "Nabucco" Avropa Birliyinin prioritet layihələri sırasından çıxarılıb. Bundan başqa, o, "Cənub qaz dəhlizi" kateqoriyasına yerləşdirilib ki, orada da Cənubi Avropa üçün bir neçə energetika layihəsi nəzərdə tutulur. 

Başqa sözlə, böyük qaz kəməri ideyasının maddi səviyyədə gerçəkləşdirilməsinə şans, demək olar ki, yoxdur. Amma bazarda oyun hələ bitməyib, deməli, bəribaşdan kimin uduzacağını, kiminsə qalibiyyət tacına yiyələnəcəyini demək qeyri-mümkündür. 


MƏSLƏHƏT GÖR:

485