Müəllif: NURANİ Bakı
Yeni minilliyin başlanması ərəfəsində, hətta, ən ciddi KİV-də belə, "dünyanın axırı" haqda proqnozlara rast gəlinirdi. Amma alimlər bu proqnozları rişxənd və təbəssümlə qarşılayırdılar: axı, millenium dünyada mövcud olan çoxsaylı təqvimlərdən yalnız birinə əsasən yenilənir. Digər təqvimlərdə isə əsrin yenilənməsinə hələ çox var. Üstəlik, bəşəriyyət artıq bir minilliyi geridə qoya bilib.
Amma yeni əsrin və minilliyin başlanğıcı çoxsaylı təbii fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sözün birbaşa və dolayı mənasında Cənubi Asiya fəlakətlərin mərkəzinə çevrildi: Andamans adalarında zəlzələ və ardından 250 min insanın həyatına son qoyan sunami/. Qeyd edək ki, həmin fəlakət zamanı Milad bayramı tətilini Tailand çimərliklərində keçirən, ən azı, 5 min avropalı da həlak oldu.
İndi isə yeni fəlakət diqqət mərkəzindədir. Söhbət Haiti adasında baş vermiş zəlzələdən gedir.
Haitinin informasiya naziri fəlakət nəticəsində həlak olanların sayı haqda yeni rəqəmlər açıqlayıb. Onun sözlərinə görə, yalnız Porto-o-Prensdə 150 min insan dünyasını dəyişib. Onlar qardaşlıq məzarlığında dəfn ediliblər. Qeyd edək ki, digər şəhərlərdə həlak olanlar və qohumları tərəfindən ayrıca dəfn olunanlar bu saya daxil deyil. "Dağıntılar altında nə qədər cəsədin qaldığını heç kim bilmir - 200 min, yoxsa 300 minə Ölənlərin ümumi sayını kim bilir ki?" - deyə nazir bildirib.
Adada aparılan xilasetmə işləri nəticəsində 130-dan artıq insan dağıntılar altından sağ çıxarılıb. Zəlzələdən 9, hətta, 14 gün sonra dağıntılar altından sağ insan tapan xilasedicilərin sevincinin həddi-hüdudu yoxdur.
Haitidə yaşanan faciəyə biganə qalan, demək olar ki, tapılmadı. İndi bu yoxsul ölkəyə Azərbaycan da daxil olmaqla, hamı köməklik edir. Hadisə ilə əlaqədar Kanadanın Monreal şəhərində xarici işlər nazirləri səviyyəsində "Haitinin dostları qrupu" beynəlxalq konfrans keçirilib. Hələ tədbir başlanmamışdan, mətbuatda konfransa Kanadanın xarici işlər naziri Lourens Kennonun sədrlik edəcəyi haqda məlumat yayılmışdı. Tədbirdə Kanada, Argentina, ABŞ, Uruqvay, Fransa, Yaponiya və bir sıra digər ölkələrin xarici işlər nazirləri və nümayəndə heyətləri, BMT, Avropa İttifaqı, Amerika Dövlətləri Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s. beynəlxalq maliyyə institutlarının, həmçinin, qeyri-hökumət təşkilatları nümayəndələri də iştirak edirdi. Haitinin Baş naziri Jan-Maks Belleriv də tədbirdə iştirak etmək üçün Kanadaya gəlmişdi.
Haitiyə göstərilmiş yardımlara gəlincə, Avropa İttifaqı bu ölkəyə 420 milyon avro ayırıb. ABŞ prezidenti Barak Obama isə şəxsi vəsaitindən Haitiyə 15 min dollar verib. Böyük Britaniya hökuməti və kraliça II Yelizaveta da adaya böyük həcmdə yardım ayıranlar sırasındadır. Kanada yardım məqsədilə 100 milyon Kanada dolları toplayıb. Onlardan 67 milyonunu kanadalılar yığıb, 50 milyonunu isə federal hökumət ayırıb. Baş nazir Stefan Xarperin sözlərinə görə, hökumət vətəndaşların topladığı vəsaiti təkrarlamaq üçün daha 17 milyon dollar ayırmaq fikrindədir.
Yaponiyanın cəmi 5 milyon dollar yardım ayırması isə sərt tənqidə tuş gəlib. Nəticədə, Tokio Haitiyə dağılmış sosial infrastrukturun bərpasına dəstək məqsədilə 200-dək hərbçi göndərəcəyini bəyan edib.
Hollivud ulduzları da baş verənlərə biganə qalmayıblar. Xeyriyyə telemarafonları təşkil edən kino ulduzları təbii fəlakətdən əziyyət çəkənlərə böyük məbləğdə yardımlar göndərirlər.
Bir sözlə, Haiti faciəsini unudulmuş hadisə saymaq olmaz. Lakin məhz bu faciə üçüncü minillikdə dünya ictimaiyyətinin nəhəng miqyaslı humanitar fəlakətlərə hazır olub-olmaması haqda düşünməyə ciddi əsas verir. Görəsən, belə situasiyaların yaşanmasında təbii səbəblərin payı nə qədərdir, sosial-siyasi amillərin payı nə qədər?..
Mütəxəssislər təəssüflə bildirirlər ki, Haitidə həlak olanların sayı "Milad sunamisi" qurbanlarının sayı ilə müqayisə olunacaq qədərdir. Faciənin "təbii" miqyası isə təəssüf ki, Haiti fəlakətinin daha çox təbii yox, sosial köklərlə bağlı olduğunu düşünməyə əsas verir. Seysmoloqların sözlərinə görə, bütün norma və hesablamalar göstərir ki, Haitidə baş vermiş zəlzələ belə fəlakətə səbəb olmamalı idi. Yəni, aydın olur ki, yeraltı təkanları varlı və yoxsul ölkələr fərqli "qarşılayır".
Haitidən qayıtmış rusiyalı xilasedicilərin jurnalistlərə danışdıqları göstərir ki, orada baş verənlər "təbii fəlakət"dən çox uzaqdır. "Biz sementi əlimizə götürən zaman o, qum kimi əriyib tökülürdü. Maraqlıdır, görəsən, seysmoloji baxımdan aktiv olan adada evlər hansı materiallardan inşa olunub?" - deyə "Sentrospas" xilasedici dəstəsinin rəisi Kiril Borodin "Moskovski komsomolets" qəzetinə açıqlamasında bildirib. - "Dağıntıları yığışdıran zaman bizim ağır texnikadan istifadə etməyimizə ehtiyac qalmırdı. Kuvalt və linglərlə işləyirdik. Divarda insan boyu ölçüsündə yeri biz adi çəkiclə cəmi 5-7 dəqiqəyə açırdıq".
Qeyd edək ki, ekspertlər bu amili lap öncədən qabardırdılar: Haitidə tikint işləri aparılarkən heç bir qayda və normalara riayət olunmayıb. Üstəlik, bütün mərhələlər böyük həcmdə oğurluq halları ilə müşahidə olunub. Port-o-Prensdəki əksər binalar elə zəlzələsiz də təhlükə mənbəyi idi. 7 ballıq təkan isə yoxsul məhəllələrlə yanaşı, Prezident sarayı və BMT-nin ofisini də dağıdıb.
Lakin bu, faciənin yalnız bir hissəsidir. Haitidə son dərəcə böyük miqyasda soyğunçuluq yaşanır. Rusiyanın "Vesti" verilişi xəbər verir ki, zəlzələdən dağılmış şəhər "hissə-hissə daşınır". Port-o-Prensin ticarət küçələrində hər gün yerli əhali arasında döyüş baş verir - hamı-hamıya qarşı. Bu adada insan həyatı heç zaman xüsusi dəyərə malik olmayıb. İndi isə soyğunçular bir-birlərini, hətta, bir kisə un və ya bir şüşə arağa görə öldürməyə hazırdırlar.
Polis isə vəziyyətə nəzarət etmək iqtidarında deyil.
Yalnız ABŞ dəniz piyadalarının nəzarət etdiyi Port-o-Prens aeroportunda sabitlik qorunub-saxlanılır. Çünki həqiqətən də hazırda bu ölkədə yeganə işlək qüvvə "yaşıl biretlilər"dir.
Ən biabırçısı isə ölkədə, sözün əsl mənasında, insan cəsədlərindən barrikadaların qurulduğu bir vaxtda, illərdir normal hakimiyyəti olmayan Haiti ətrafında axmaq siyasi kampaniyanın aparılmasıdır. Məsələn, Kuba inqilabının lideri Fidel Kastro BMT və ABŞ-dan Haitidə Amerika hərbçilərinin sayının artması ilə bağlı izahat tələb edib. "Haitidə humanitar fəlakət yaşandığı bir vaxtda, ABŞ-ın dəniz piyadaları, 82-ci hava-desant diviziyası və digər hərbi qüvvələr bu ölkəni işğal edib", - deyə Kastro bildirib. - "Nə BMT, nə də ABŞ hökuməti Karib respublikasına əlavə hərbi dəstələrin gətirilməsinin səbəblərini açıqlamır".
Kastro və onunla həmrəy olan digər şəxslər hesab edirlər ki, Haitidə yaşanan soyğunçuluq hələ ölkəyə müdaxilə üçün əsas deyil.
Venesuela və Boliviya prezidentləri Uqo Çaveslə Evo Morales də ABŞ-ı Haitini işğal etməkdə günahlandırıblar.
Bunun fonunda Birləşmiş Ştatlar Venesueladan Haitiyə humanitar yardım gətirən Rusiya təyyarəsinin, həqiqətən də "humanitar yardım" daşıdığına şübhə ilə yanaşıb. Yəqin ki, ABŞ 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ zamanı yaşananları yaxşı xatırlayır. O zaman ölkəyə humanitar yardım gətirməli olan təyyarələrin içərisində, əslində, hansı yüklərin olduğunu heç kim araşdırmamışdı. Nəticədə, erməni terror təşkilatları ilə sıx əlaqədə olan "federasiya" və "assambleya"lar Ermənistana son dərəcə böyük sayda silah-sursat daşıya bilmişdilər. Bu silah-sursatın bir hissəsi sonradan Qarabağın işğalında istifadə edildi, digər hissəsi isə gizli silah bazarına çıxarıldı.
Və etiraf etmək lazımdır ki, ABŞ-ın şübhələnməsinə əsas da var: yoxsul, kriminal dəstələr arasında "parçalanmış" Haiti çox vacib strateji mövqeyə malikdir. Və təbii ki, dünyada onu özü üçün meydana çevirmək istəyən qüvvələr də kifayət qədərdir.
"Haitidə işləyən xilasedicilərin fəaliyyətini heç kim tənzimləmir. Bu səbəbdən də fəlakətdən zərər çəkmiş insanlara göndərilmiş yardımların rasional paylanması mümkün olmur. Prosesdə mötəbər qurumlar iştirak etsə də, hələ çox iş görülməlidir. Situasiya isə acınacaqlı olaraq qalır. Hər şeyi daha yaxşı təşkil etmək olardı", - deyə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Quido Bertolazo bildirib. O, hesab edir ki, hadisə yerinə gələn insanlar oraya çatan kimi, ilk növbədə, təşkilatlarının adını əks etdirən plakatlar qurmağa başlayırlar: "Onlar ehtiyacı olanlara yardım etməkdən çox, tələm-tələsik telekameralar qarşısında yaxşı görünmək haqda düşünürlər".
Mütəxəssisləri isə daha bir sual maraqlandırır: humanitar fəlakət eyni vaxtda iki yerdə baş versə, o zaman necə olacaq? Dünyada bu cür situasiyaya reaksiya üçün işlənmiş prosedur, dəqiq fəaliyyət sxemi varmı və qarşılıqlı əlaqə proseduru mövcuddurmu? Oxşar situasiyalarda reaksiya verəcək və dərhal işə başlayacaq beynəlxalq xidmət varmı? Yoxsa bütün ümidlər söhbətin beynəlxalq qurumlardan və ya xeyriyyə təşkilatlarından getməsindən asılı olmayaraq, "yaxşı insanların köməyinə"dir?
Ən başlıcası isə, Haitidə yaşanan faciə, dünyanın o qədər də önəm vermədiyi bir problemi tam çılpaqlığı ilə qabartdı. Məsələ bundadır ki, dünya ölkələrini bir sıra göstəricilərə görə bölmək olar: monarxiya və respublikaya, müsəlman, xristian və buddistlərə, demokratlar və diktatorlara. Lakin ən dəqiq bölgü varlı və yoxsullar bölgüsüdür. Göründüyü kimi, hər şeyi, o cümlədən, təbii fəlakətlərdən sağ çıxmaq şanslarını da məhz bu bölgü müəyyən edir. Çünki fəlakətin ilk saatlarında, həlledici anlarda insan yerli hökumət və onun yeritdiyi siyasətin - mülki müdafiə xidmətindən tutmuş, elementar tikinti standartlarına riayətə qədər - nəticələri ilə üz-üzə qalır.
Unutmayaq ki, Hind okeanının sahillərində sunami təhlükəsi haqda xəbərdar edəcək xidmət yerli-dibli olmayıb, Haitidə isə binaları, sözün əsl mənasında, sement əvəzinə qumla tikiblərmiş...
MƏSLƏHƏT GÖR: