14 Mart 2025

Cümə, 15:37

"İKİ PİSDƏN…"?

Ukraynalılar çətin seçim qarşısındadırlar

Müəllif:

01.02.2010

Hər şey analitiklərin proqnozlaşdırdıqları kimi oldu - Ukraynada prezident seçkisinin ilk turunda qalib müəyyənləşmədi. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, əvvəlcədən seçkinin favoritləri sayılan Regionlar Partiyasının sədri Viktor Yanukoviç 35,32%, Baş nazir Yuliya Timoşenko 25,05% səs qazandı.

Üçüncü yeri isə Milli Bankın sabiq rəhbəri Sergey Tigipko tutdu: ona seçicilərin 13,05%-i səs verib. 

Sonrakı yerlər belə bölünür: Ali Radanın eks-spikeri Arseni Yasenyuk (6,96%), hazırkı prezident Viktor Yuşşenko (5,45%), Ukrayna kommunistlərinin lideri Pyotr Simonenko (3,54%), parlamentin sədri Vladimir Litvin (2,35%), "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok (1,43%) və deputat Anatoli Qritsenko (1,2%).

Digər namizədlərin topladığı səslər isə 1%-dən də azdır. "Bütün namizədlərin əleyhinə" səs verənlər də o qədər çox olmayıb. Soyadını dəyişərək "hamının əleyhinə" qoymuş Vasili Protıvsixə 0,16% seçicinin səs verdiyini də nəzərə alsaq,  2,2% ukraynalı bütün namizədlərə qarşı çıxıb. 

Seçici fəallığı isə 66,76% təşkil edib.

Beləliklə, indi Ukrayna ən maraqlı mərhələyə hazırlaşır. Həlledici döyüşdə Yanukoviçlə Timoşenko münasibətləri aydınlaşdıracaqlar. Prezident seçkisinin ikinci turu fevralın 7-nə təyin edilib. Həmin günədək vaxt əldə etmiş Yanukoviçlə Timoşenko hazırda digər namizədləri dəstəkləyən və ya hələ də son qərarını verməmiş seçiciləri öz tərəflərinə çəkməklə məşğuldurlar.

Namizədlər arasında fərqin o qədər də böyük olmaması Timoşenkonun ikinci turda qələbə qazanmaq şanslarının olduğunu göstərir. Üstəlik, bir çox siyasətçilər bu fikirdədirlər ki, artıq Yanukoviçin bütün seçki resursları tükənib. Bundan başqa, onun bir sıra "nöqsan"ları da var. İmicmeykerlər son dövrlərdə Yanukoviçin üzərində xeyli iş aparsalar da, əksər ekspertlər Regionlar Partiyası liderində xarizmanın olmadığına əmindirlər. Onda gözəl danışıq bacarığı da çatışmır. Məhz bu xüsusiyyətlər Timoşenkoda əksinə, özünü çox qabarıq göstərir. Bütün açıq söz savaşlarında Yanukoviç baş nazirə açıq-aydın uduzar. Məhz buna görədir ki, Regionlar Partiyası seçkiqabağı bütün teledebatlardan imtina edib.

Məsələn, "qadının yeri mətbəxdir" fikri məhz Viktor Yanukoviçə məxsusdur. "Financial Times" qəzeti hesab edir ki, siyasətçinin bu "kobud səhvi" onu qadınların dəstəyindən məhrum edə bilər. Amma deyəsən, Qərb jurnalistləri məsələni bir qədər şişirdir. Məsələ ondadır ki, Ukraynada qadınlar ABŞ və ya Böyük Britaniyada olduğu qədər azad deyillər. Onların əksəriyyəti ailələrində sabit maddi durumunun olduğu təqdirdə, mətbəxdə əyləşməyin əleyhinə deyillər. 

Odur ki, burada vəziyyət bir qədər fərqlidir.

Qərb KİV yazır ki, Ukraynanın seçkidən əvvəl Kurşaveldə toplantı keçirmiş ən zəngin sahibkarlarının Yanukoviçi dəstəkləməsi onun qələbə şanslarını artırır. Söhbət, ilk növbədə, ölkənin nəhəng və nüfuzlu oliqarxı Rinat Axmetovdan gedir. Qeyd edək ki, "Forbes" jurnalının hesablamalarına görə, onun varidatı 2 milyard dollardır. Sadə və Rusiyaya meyilli olan Yanukoviçin Ukrayna biznesmenlərinin dəstəyini qazanmasının əsas səbəbi, güman ki, onun iddialı Timoşenko ilə müqayisədə daha üzüyola olmasıdır. Bundan başqa, baş nazir, deyəsən, artıq hakimiyyətdə olduğu dövrdə bəzilərinə pislik etməyə də macal tapıb.

Yanukoviç var qüvvəsi ilə seçicilərə işgüzar şəxs kimi görünməyə çalışır. Amma əslində o nəyə qadirdir? Hələ ki bu sualın cavabı yoxdur. Regionlar Partiyasının, əsasən, Şərqi Ukraynanın rusdilli əhalisi tərəfindən dəstəklənən lideri Moskva ilə münasibətləri yaxşılaşdıracağını vəd etməklə yanaşı, Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən imtina etməyəcəyini də bildirir. Yanukoviçin arxasında dayanmış biznes elitası da ona Qərblə əlaqələri kəsməyə imkan verməyəcək. Çünki onlar Rusiyanı əsas rəqib sayırlar.

Amma vəd vermək və ona əməl etmək -  ayrı-ayrı məsələlərdir. Şərqi və Qərbi Ukrayna əhalisini ayıran çatı aradan qaldırmaq Yanukoviç üçün çətin olmayacaq ki? Onun sosial və ictimai sahələrdə vədlərini reallaşdırması üçün həqiqətən də adekvat planı varmı? Rusiya "qaz güzəştləri" müqabilində, məsələn, Abxaziya və Güney Osetiyanın tanınmasını tələb edərsə, Yanukoviç hansı addımı atacaq? O, elə edə biləcəkmi ki, "nə şiş yansın, nə kabab?".

Üstəlik, seçkinin qalibinin kimliyindən asılı olmayaraq, həmin şəxs Ukraynada ciddi siyasi islahatlar aparmaq məcburiyyətindədir. İlk növbədə bu, icraedici və qanunverici hakimiyyətlər arasında səlahiyyət bölgüsünə aiddir. Görünən odur ki, Yanukoviçin qələbə qazanacağı təqdirdə, onunla baş nazir Timoşenko arasında qarşıdurma yaşanacaq. Bu isə yəqin ki, yeni kompromat savaşı və növbədənkənar parlament seçkisinə aparıb çıxaracaq.

Beləliklə, fevralın 7-də Yanukoviç ötən prezident seçkisindəki məğlubiyyətinin əvəzini çıxa bilər. Lakin problem ondadır ki, bu revanşın konkret fəaliyyətlə möhkəmləndirilməsi vacibdir. Hər halda, siyasi zəfərin qısa vaxt ərzində məğlubiyyətə çevrilə biləcəyini hazırkı prezident Viktor Yuşşenkonun nümunəsində asanlıqla görmək olar.

Öz növbəsində, Timoşenko da təslim olmaq fikrində deyil. Xanım "Yu"nun gözəl sözlərinin arxasında real əməlin dayanmaması haqda ittihamlar onun imicinə mənfi təsir göstərir. Timoşenkonun nüfuzuna daha ciddi zərbə isə onun adının korrupsiyada hallandırılmasıdır. Bundan başqa, Ukrayna iqtisadiyyatının hazırkı durumuna görə əsas məsuliyyət də məhz Timoşenko və onun komandasının üzərindədir. "Qaz şahzadəsi" ilə müqayisədə, bu məsələdə Yanukoviç vicdanı qarşısında xeyli təmiz təsir bağışlayır.

Yuliya Timoşenko, şübhəsiz ki, ikinci turda Qərbə meyilli seçicilərin dəstəyinə bel bağlayır. Onların heç zaman Yanukoviçə səs verməyəcəkləri aydındır. Yəni, baş nazirin bütün ümidləri digər qüvvələrlə koalisiyayadır. Bu ittifaq isə daha çox Timoşenkoya yox, Regionlar Partiyasının liderinə olan inamdan formalaşa bilər. Məşhur qaydaya görə, "iki pis"dən daha zəifi seçilir.

Bu çəkişmədə Sergey Tigipkonun mövqeyi xüsusi maraq doğurur. Bəzi KİV-in məlumatına görə, Timoşenko dəstək müqabilində Tigipkoya baş nazir, onun komandasının üzvlərinə isə hökumətdəki yerlərin yarısını vəd edib. Odur ki, Ukraynada keçirilmiş prezident seçkisinin ilk turunun əsas sürprizi (bəzilərinin fikrincə isə "gizli qalibi") olmuş Tigipko qərar verməzdən əvvəl yaxşıca düşünməlidir. Xatırladaq ki, ilk turun nəticələrinin açıqlanmasından dərhal sonra o, nə Yanukoviçi, nə də Timoşenkonu dəstəkləyəcəyini bildirmişdi. Bununla yanaşı, Tigipko ikinci turda qələbə qazanacaq şəxslə əməkdaşlığa hazır olduğunu da söyləyib. Seçicilərinin ağlına şübhə etməyən Tigipko bildirib ki, onlar kimə səs verəcəklərini özləri müəyyənləşdirəcəklər.

Aydındır ki, Tigipkonun Yanukoviç və ya Timoşenkoya dəstək verməsi, ona siyasi meydanı itirməsi bahasına başa gələ bilər. Çünki o, səsini əldə etdiyi ukraynalıların dəstəyini məhz baş nazir və Regionlar Partiyası liderinin komandalarına qarşı çıxmaqla qazanıb. Bəzi müşahidəçilər artıq onun simasında Ukrayna siyasətçilərinin işlərini isterikasız, bu və ya digər tərəfə kəskin sıçramalar etmədən həyata keçirəcək "yeni nəsli"ni görür. Sosioloqlar hesab edirlər ki, Tigipkonun elektoratı, əsasən, ölkədə orta sinif kimi təsdiqlənmək istəyən şəxslərdir. Onların çoxu şəhərdə yaşa-yan ali təhsillilərdir. Bu elektorat Kiyevin üzləşdiyi daxili siyasi duruma və ümumilikdə, geosiyasi vəziyyətə primitiv "Qərb", "Şərq" və ya "rusdilli", "Ukrayna dilində danışanlar" bölgüsü ilə yox, daha geniş miqyasda yanaşırlar. Tigipkonun təcrübəli si-yasətçi olması da onun xeyrinə işləyən amildir. O, seçkiqabağı kampaniyada iştirak edib, baş nazirin müavini, iqtisadiyyat naziri və Milli Bankın rəhbəri postlarını tutub.

Artıq o da məlumdur ki, "Güclü Ukrayna"nın lideri mümkün növbədənkənar parlament seçkisində iştirak etmək üçün seçki bloku yaratmağı düşünür. Tigipko Ali Radaya seçkidə 17% səs toplayacağına ümidlidir.

Bununla yanaşı, o, VVS-yə müsahibəsində yeni prezidentin fəaliyyətə başlamasından sonra Ukraynanın baş naziri təyin olunacağını istisna etməyib. Bu halda Tigipko ölkənin modernləşdirilməsinə nail olmaq üçün əhali tərəfindən dəstəklənməyən, amma məcburi olan addımlar atmağa hazır olduğunu vurğulayıb.

Bəzi KİV-də isə fərqli və maraqlı fikrə rast gəlinir. Onların iddialarına görə, Tigipkonun prezidentlik uğrunda mübarizəsi, sadəcə, Timoşenkonun hiyləgər siyasətidir - o, Yanukoviçə qalib gəlməyin məhz bu yolla mümkün olduğunu əvvəlcədən hesablayıb.

Daha bir maraqlı məqam ikinci turun yaxınlaşması ilə Yanukoviçlə Timoşenko arasında fərqin azalması haqda məlumatların artmasıdır. Seçkidə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Viktor Yuşşenko da bu fikirdədir. 

Yeri gəlmişkən, prezident böyük siyasətdən getmək fikrində olmadığını bəyan edib. Yuşşenko hesab edir ki, "Milli və dövlətçilik öhdəlikləri üzündən onun Ukraynanın siyasi meydanını tərk etməyə mənəvi haqqı çatmır". 

Prezidentin seçki qərargahı isə Yuşşenkonun ölkəyə daha 5 il rəhbərlik etməsi ilə nəticələnəcək ssenarinin işə düşməsini mümkün sayır. Qərargah rəhbərinin müavini Roman Bessmertnı bildirir ki, prezident seçkisinin ikinci turundan sonra "məhkəmə qarşıdurması" başlayarsa, məhz bu ssenari işə düşə bilər.

Daha bir vacib məqam ikinci turun istənilən nəticəsinin ölkədə ictimai narazılıq yaradıb-yaratmayacağıdır. "Ukrainskaya pravda"nın yazdığına görə, Regionlar Partiyası Kiyevin mərkəzində yanvarın 17-dən fevralın 20-dək mitinqlər keçirmək üçün artıq aidiyyəti qurumlara müraciət edib. Partiya bildirir ki, aksiyalar "insanların konstitusion hüquqları, azadlıq və öhdəliklərinin təmininə yönələcək".

Əksər müşahidəçilərin fikrincə, mümkün təlatümlərin ilk işartısı artıq yanvarın 25-də özünü göstərib. Söhbət seçki bülletenlərinin çap olunduğu poliqrafiya kombinatında baş vermiş insidentdən gedir. Xatırladaq ki, Yanukoviçin "düşərgəsi" baş verənləri Nazirlər Kabinetinin rəhbərliyi ilə baş verən "reyder özbaşınalığı" kimi qiymətləndirib. Onlar hesab edir ki, məqsəd "prezident seçkisinin nəticələrini saxtalaşdırmaqdır".

Timoşenko və silahdaşları isə baş verənlərə aidiyyətlərinin olmadığını bildirir.

Rusiyanın Ukraynada keçirilən prezident seçkisinə təsirinə qayıdaraq qeyd edək ki, artıq yanvarın 25-də, nəhayət, Rusiya səfiri Mixail Zurabov Kiyevə gəlib. Xatırladaq ki, onun Ukraynaya gəlişi yarım il idi ki, Kremlin Yuşşenko ilə rəsmi əlaqə yaratmaq istəməməsi üzündən ləngidilirdi. Yuşşenkonun ölkəyə rəhbərliyinin son aylarında Moskva, faktik olaraq, Timoşenko ilə dialoq aparmaqla, dövlət başçısına etinasızlıq göstərirdi.

Bunun fonunda rusiyalı oliqarx Boris Berezovskinin açıqlaması da kifayət qədər maraqlı təsir bağışlayır. O, hesab edir ki, Rusiyanın Baş naziri Vladimir Putin hadisələri səs-küysüz həll etməyə çalışıb: o, Timoşenkonu aldadaraq onu sakitləşdirsə də, əslində, əvvəldən-axıradək Yanukoviçə gizli dəstək verib.

"Newsweek" nəşri isə Avropa İttifaqını tənqid hədəfinə çevirib. O, Brüsseli şansı əldən qaçırmaqda günahlandırır: "Aİ rəhbərliyinin başı yeni konstitusiya ilə bağlı daxili mübahisələrə, Şərqdən gələcək əmək miqrantlarının Qərbi dolduracağı ilə bağlı narahatlığa qarışıb. Nəticədə, onlar Ukraynanı "Avropa dövləti" adlandırmaq və Kiyevin Avropa İttifaqına üzvlüyü prosesinə start verməklə bağlı razılığa gələ bilməyiblər. İndi iqtisadi tənəzzülün kandarında dayanmış Ukrayna, güman ki, yardım üçün Moskvaya üz tutacaq. Bu isə onun müstəqilliyini böyük ölçüdə əlindən alacaq və hər an partlaya biləcək regionda vəziyyəti daha da kəskinləşdirəcək".



MƏSLƏHƏT GÖR:

466