
“BİGANƏLƏR DİVANƏLƏRƏ QALİB GƏLDİ”
Xalq artisti afaq bəşirqızı: "sənət bir axındır, burada batmamaq üçün üzməyi bacarmalısan"
Müəllif: Turan ŞAKİR Bakı
Afaq Bəşirqızı... Onun adı hər kəsdə müsbət hisslər oyadır, insanların çöhrəsinə təbəssüm gətirir. Bəs onun çəkildiyi “Bəxt üzüyü” filmini, görəsən, seyr etməyən varmı? A. Bəşirqızının oynadığı hər əsər tamaşaçı və aktyorlar üçün əsl bayrama çevrilir. Yaratdığı obrazlar komik olsa da, Afaq xanımın Tanrının bizə bəxş etdiyi real həyata dərin fəlsəfi baxışları, dramatizmdən heç də uzaq olmayan yanaşması var. Bu il xalq artisti və xalqın sevimlisi Afaq Bəşirqızının 55 yaşı və səhnə həyatının 37 ili tamam olur. Bu onun pərəstişkarları və elə bizim üçün də əlamətdar tarixdir. Odur ki, vaxt itirmədən bu gözəl insan və böyük istedad, enerji sahibi ilə söhbətləşmək qərarına gəldik.
- Əhval-ruhiyyəniz necədir?
- Normal. Ümumiyyətlə, baxır havaya, ətrafımızda baş verən hadisələrə. Amma ətraf üçün çox optimist olduğuma görə o cərəyanlar mənə elə də təsir etmir, daha dolğun desəm, təsirləri büruzə vermirəm. Bu ya mənim optimistliyimdən irəli gəlir, ya da ki hər şey vərdişdən asılıdır. İnsanın həyatında vərdişləri çox olanda, yəni həyatın bütün variantlarında, çalarlarında insan çox şeyə rast gələləndə onu rahat ötürür.
- Afaq xanım, teatrda vəziyyət necədir?
- Bütün teatrlardakı kimi...
- Bütün teatrlardakı vəziyyət sizi qane edir?
- Ümumiyyətlə, bu barədə fikrimi bildirmək istəmirəm, boş yerə davulu döyməyin nə mənası var. Onsuz da bir faydası olmayacaq, sadəcə, səsi adamı narahat edir. Çox təəssüflər olsun ki, bizim sahəmizdə müştəbehlik həddən ziyadə çoxdur. Ümumiyyətlə, ağac bar verəndə başını aşağı dikməlidir. Təəssüflər olsun, bizdə hələ şöhrətin əks-sədası gəlməmiş, o şöhrət həqiqi şöhrət olmamış artıq müştəbehlik, mənəm-mənəmlik baş qaldırır. Qarşılıqlı güzəştli addımlar, tərəf-müqabillərin bir-birlərinə hörməti, sənətkar kimi münasibəti, demək olar, artıq yox dərəcəsindədir. Heç kəs heç kəsi bəyənmir, qiymət vermir. Amma atalar deyib ki, qarşında əyləşəni özündən ağıllı bilmirsənsə, demək, sən özün axmaqsan. Bura sənətdir. Sənət isə meydandır, hər şey göz qabağındadır. Xalqın gözü tərəzidir. Amma bilirsinizmi, mən artıq xalqı şahid çəkməkdən utanıram. Xalqı o qədər yalandan, bayağı şəkildə, utanmaz-utanmaz şahid çəkənlər var, o qədər özünü xalqa sırıyanlar var ki... Ona görə də mən susuram, daha doğrusu, susmağı üstün bilirəm. Hər kəs öz üzərinə düşən məsuliyyəti zərrəsinə qədər dərk etsə, demək, onun insanlıqda payı var.
- Afaq xanım, indiki cavanlar sənətə gələndə istəyirlər ki, onların himayədarı olsun. Bəs siz kimə güvənirdiniz?
- Mən hamiliyi atamın çərçivəsində axtarırdım. Nə qədər olmasa də, mən Bəşirin qızıydım. Fikirləşirdim, İncəsənət Universitetini qurtaracağam, Musiqili Komediya Teatrında işləyəcəyəm. Lakin təəssüflər olsun, bu mənə heç bir şey vermədi. 18 il əyalət teatrlarında işlədim. Nəhayət, o vaxt mədəniyyət nazirimiz Polad Bülbüloğlunun dəvəti ilə Musiqili Komediya Teatrına gələndə artıq bina təmirdə idi. İndiki cavanlara gəldikdə isə bunu onların hamısına şamil etmək olmaz. Onların içərisində istedadlıları, sənəti sevənləri də var. Məsələn yaşından asılı olmayaraq, çox istedadlı, “Yuğ” teatrının aktyoru Məmmədsəfanı çox bəyənirəm. Hətta onun fanatıyam və onunla tərəf-müqabil olmaq istərdim desəm, yalan olmaz. Ancaq bir şeyi də deyim, bu sahədə çox peşəkar rejissorlar da var. Lakin onlar yaradıcı insanlara qarşı şəxsi ambisiyalardan çıxış etməməlidirlər. Ən azından onlar dərk etməlidirlər ki, bu onların özlərinin uğursuzluğuna gətirib çıxarır. Yəni mən hər hansısa bir aktyoru bəyənmirəm, ona rol vermirəm amma istedadına bələdəm, bu rolun öhdəsindən yaxşı gələcəyini bilirəm. Bu uğursuzluqdu və bunlar üst-üstə gəldikcə, sənətə çox böyük zərbədir. Bu sənət kollektiv sənətdir. Necə ki tək güllə bahar olmaz, eləcə də tək aktyorla teatr, tamaşa olmaz. Bütün bunlar kollektiv vəhdət təşkil etməlidir. Cəmiyyət xırdalanmağı sevmir. Bunu edənlər başa düşmürlər ki, bu, sənət deyil, aktyorluq deyil. Aktyorlar o aktyorlardır ki, vaxtilə onların tamaşalarına bilet tapılmırdı və onların üzünü belə görmək hamı üçün xoşbəxtlik idi. Ancaq bu gün onların tamaşalarına gələn yoxdur. Sənətkar sənətə gələndə yaşından asılı olmayaraq bütün bunları fikirləşməlidir.
- Afaq xanım, vaxtılə sizinlə bir səhnədə çıxış etmiş, bu gün isə həyatını dəyişmiş aktyorları, məsələn, Hacıbaba Bağırovu, necə xatırlayırsınız?
- Hacıbaba müəllimlə bizim çox qəribə ünsiyyətimiz var idi. Bir-birimizə qarşı çox həssas, diqqətcil idik. Aramızdakı yaş fərqi də çox böyük idi. O mənim atamla işləmişdi, indi isə mənimlə işləyirdi. Amma bütün bunlara baxmayaraq, onun özunəməxsus sənətkar qısqanclığı, sənətkar kaprizi var idi, eləcə də məndə bu kapriz var idi. Ancaq məndə bir xasiyyət də var ki, bəyənmədiyim bir insana heç vaxt arxadan zərbə vurmamışam. Elə o da belə bir adam idi. Bəzən elə olurdu ki, biz Hacıbaba müəllimlə 11 ay küsülü olurduq. Ancaq teatrın özündə də bilirdilər ki, bu küsülülük heç kimə ziyan verməyəcək və teatrdan bayıra çıxmayacaq. Nə də ki mətbuatda yer alacaq. Lakin teatrda atmosfer dəyişikliyini görən kimi biz barışırdıq. Amma bizim tərəf-müqabilliyimizə bu küsülülük çox az vaxtlarda təsir edirdi. Küsülü olmağımıza baxmayaraq, o məni ətrafdakılardan xəbər alırdı. O ki qaldı “Bankir adaxlı” tamaşasına, bu tamaşa Hacıbaba müəllimin ölümündən sonra oynanılmamışdı. Ancaq bu yaxınlarda məsələ qaldırıldı ki, tamaşa bəyənilən, sevilən tamaşa olmaqla yanaşı, həm də kassa tamaşasıdır. Və bu tamaşanı biz İlham Namiq Kamalla oynayası olduq. Mən burda onu demirəm ki, o, rolu pis oynadı. O, rolun öhdəsindən gəldi. Ancaq bir şeyi etiraf edim ki, səhnədə Hacıbaba iki dəfə mənim gözümə göründü. Və orada mənim gözümün dolması insani keyfiyyət baxımından Hacıbabanın adının və özünün olmaması ilə bağlı idi. Ancaq tamaşa müvəffəqiyyətlə keçdi.
- Afaq xanım, fəaliyyətə başladığınız 1973-cü ildən 2010-cu ilə kimi teatrlarda nə dəyişib?
- Mən əyalət teatrlarında işləyəndə tamaşaçı kasadlığı var idi. Yəni Lənkəran teatrı idi, camaat sovxozlarda işləyirdi, çətin şərait idi. Bəzən olurdu, alınmırdı, tamaşa təxirə salınırdı. Eləcə də Sumqayıtda fabriklər, zavodlar işləyirdi, oradan işçiləri gətirirdilər. Ancaq 36 illik səhnə həyatımda açıq kassa bir neçə dəfə olub. Mən bunu təkcə əyalət teatrlarına aid etmirəm. Bunların arasında Musiqili Komediya Teatrı, Moskvadakı Bəşir Teatrı, eləcə də Heydər Əliyev adına Respublika sarayı da var. Məsələn, Sumqayıt Dövlət Teatrında oynadığımız “Bəxt üzüyü” tamaşasına Tiflisdən, Marneulidən gələn tamaşaçılar da var idi. Orada bu tamaşa on dəfədən çox səhnələşdirildi, hər dəfə də anşlaqla başa çatdı. Bu günümüzdə də elə tamaşalar var. Ancaq bəzən görürsünüz ki, teatr uzun müddət təmirə bağlanır. Repertuar tamaşaçının yadından çıxır. Həm də bu gün tamaşaçının həyat qayğıları həddindən artıq çoxdur. Bəzən bu da tamaşaçı qıtlığına təsir göstərsə də, onlar sənətkarı unutmurlar. Bu günlərdə Gənc Tamaşaçılar Teatrına Nicat Kazımovun quruluşunda “Pəri-cadu” tamaşasına getmişdim, burada rejissor işi məni valeh etdi. Yəni deməyim odur ki, illər arasında fərq çox olsa da, bu gün də tamaşaçı yüksək keyfiyyətli işlərə maraq göstərir və bu tamaşalara baxmağa gəlir. Bu da ki bir sənətkar kimi məni sevindirir. Sevindirir ki, bütün teatrda belə müvəffəqiyyətli işlər olur.
- Afaq xanım, Bəşir Səfəroğlu teatrından bir balaca söhbət edin. Fəaliyyətində nə kimi yeniliklər var?
- Son olaraq teatr Vitebsk şəhərində qastrolda olub və bu səfərdən sonra mən teatrın fəaliyyətini dayandırmışam. Əvvəla, mən olmayanda o teatr fəaliyyət göstərmir. Mənim də burada respublika ərazisində müəyyən təxirəsalınmaz işlərim var. Bu teatrla bağlı müəyyən bir layihəm var. Bundan əlavə onu da qeyd edim ki, Rusiyanın İvanovo şəhərində teatrın filialı açılacaq. Teatr yaşayır, yaşayacaq da. Teatr Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərirdi. 2003-cü ildə onun fəaliyyətinə burada son qoyuldu və Rusiyada fəaliyyətə başladı. Mən “Qafqazlıların Moskva səfərləri” adlı tamaşanı azərbaycanlı aktyorlarla təşkil etdim. Ancaq müəyyən dərəcədə bu çox çətindir. Bilirsiniz, buradan 26 nəfər aktyoru təyyarə ilə ora aparmaq, sonra gətirmək bir az çətin olur. Hələlik oranın aktyorları ilə işləmək daha sərfəlidir.
- Afaq xanım, elə rol varmı ki, oynamamısınız, yaxud da oynamaq istəməmisiniz, amma bu gün məmnuniyyətlə oynardınız...
- Yox, elə tanış rol yoxdur. Amma o vaxtlar mən Sumqayıt Dövlət Teatrında işləyəndə rəhmətlik rejissor Tofiq Kazımov istəyirdi ki, Ostrovskinin “Tufan” pyesində Kabanixa rolunu oynayım. Rəhmətlik aktyorumuz Məlik Dadaşov məni gətirdi onun yanına, biz söhbət etdik. O bildirdi ki, mən çox istərdim, sən Kabanixanı oynayasan, amma sən bu rol üçün çox cavansan. Yəni o rolu oynamaq üçün indikindən də yaşlı olmalı idim. Bu söhbətlərdən sonra, çox təəssüf ki, Tofiq Kazımov avtomobil qəzasında həyatını dəyişdi və beləcə, bu arzu mənim ürəyimdə qapandı. Ancaq bir neçə il sonra Azərbaycan televiziyası mənim həyatım haqqında film çəkəndə mən o rolu monoloq şəklində ifa etdim. Bundan əlavə, mənim çox yaxın dostum, rəfiqəm Afaq Məsud mənim haqqımda maraqlı bir “Yol üstündə” adlı pyes yazıb. İndi mənim ən böyük arzum bu pyesi səhnələşdirib orada oynamaqdır. Ancaq bu tamaşa komediya olmadığına görə, musiqili komediyada oynamaq düzgün olmazdı. Akademik Milli Dram Teatrında isə oranın özünün aktyor, aktrisaları var. Ona görə də mən o tamaşanı Moskvadakı Bəşir teatrının balansında sərbəst tamaşa kimi hazırlayıram. Bundan əlavə, gürcü rejissoru Qoça Qabanadze teatrımızın direktoru Əliqismət Lalayevin dəvəti ilə Bakıya gəldi. Mənimlə tanış olandan sonra ona dəvətin məqsədi açıqlandı. O burada Saqanellinin “Xanıma” pyesini səhnələşdirməlidir. Rejissor bu təklifi çox məmnuniyyətlə qəbul etdi. Yanvarın 15-dən sonra bu tamaşanın məşqləri artıq başlanır. Əsl məramımız da odur ki, tamaşa iki dildə - rus və Azərbaycan dillərində oynanılsın.
- Afaq xanım, Söylü sizə məşhurluq gətirdi. Bəs Söylü özü Azərbaycan xanımına nə öyrətdi?
- Azərbaycan xanımı sözü Söylü xarakterinə bir az dəbdəbəli sözdür. Ancaq bir arzum olardı ki, xanımlarımız Söylü kimi təmiz, saf, ailəsinə, ərinə sadiq olsunlar. Ümumiyyətlə, Söylünün ən böyük xoşbəxtliyi ondadır ki, Moşu qafiyəni tapa bilmir. Xoşbəxtliyin əgər qafiyəsi tapılsaydı, Söylü onda ayılardı. Yaxşı ki, xoşbəxtliyin qafiyəsi tapılmır və Söylü özünü xoşbəxt hiss edir.
- Bəs bu gün? Bu gün xoşbəxtliyin qafiyəsi tapılıbmı?
- Çox qafiyələr tapıldı. Amma çox təəssüflər olsun ki, biganələr divanələrə qalib gəldi.
- Afaq xanım, bu yaxınlarda “Evləri köndələn yar” teletamaşasının davamı olan “Evləri göydələn yar” çəkildi, orada sizi görə bilmədik. Niyə?
- Təklif olundu. Mən istəmədim.
- Bu il 55 yaşınız olur. 37 illik həyat fəaliyyətinizdə özünüzdən razı qalmısınızmı?
- Mən özümdən razı deyiləm. Elə insanları da heç sevmirəm. Özümə qarşı ən böyük tənqidçi də elə mən özüməm. Həyatın bu keşməkeşində həmişə Allaha dua edirəm ki, mən sənətkar olmuşam. Hər dəfə həyatımı fəaliyyətimlə yanaşı vərəqləyəndə, yalnız bir ifadə ilə kifayətlənirəm: “İlahi, Sənə şükürlər olsun”. Mən sənət adamıyam, özümə sənətkar demirəm. Bunu, əgər belədirsə, gərək mənə desinlər. Ümumiyyətlə, sənət bir axındır, burada batmamaq üçün üzməyi bacarmalısan. Mən bütün sənət adamlarına, bu sənətə yeni gələnlərə və gələcəklərə burada batmamağı arzulayıram.
- Sonda arzunuz?
- Ən böyük arzum əmin-amanlıqdır. Bütün insanlara rahat gecələr, xoş günlər, xeyirli övladlar arzulayıram.
MƏSLƏHƏT GÖR: