24 Noyabr 2024

Bazar, 19:52

KƏBİNİ AVTOMOBİLƏ KƏSİLMİŞLƏR

Diler avtoservislərində maşınlara texniki xidmət sahəsində nələr baş verir?

Müəllif:

15.01.2010

Bəri başdan deyək ki, bu materialın heç bir antireklam məqsədi yoxdur, çünki söhbət ümumi avtomobil dilerlərinin avtoservislərindən gedəcək. Biz ad çəkməyəcəyik, yalnız onu deyəcəyik ki, xarici avtomobil istehsalçılarının Azərbaycandakı nümayəndəlikləri tərəfindən satılan avtomobillərə servis xidməti sahəsindəki vəziyyət istehlakçının xeyrinə deyil. Məqsədimiz durumu nə cürsə dəyişmək, avtodilerləri işlərindəki çoxsaylı  neqativ əməllər barədə düşünməyə və onları düzəltməyə yönəltməkdir. Avtomobil sahiblərinin diler avtoservislərindən çəkdiyi məşəqqətlərə və öz haqları üçün apardıqları mübarizələrə dəfələrlə şahid olduqdan sonra bu materialı yazmaq qərarına gəldik. Qeyd edək ki, bu həngamənin nəticəsidir ki, sürücülərimiz öz yeni avtomobillərində "arabaçının arabanı deyil, arabanın arabaçını mindiyi" vəziyyətə düşüblər. 

 

Təzə və xamdır 

Əvvəlcə gəlin araşdırmağa çalışaq ki, niyə avtomobil əldə etmək istəyən, hər şeyi götür-qoy edən sadə Azərbaycan vətəndaşı işlənmiş deyil, təzə xarici maşın almaq qərarına gəlir? Yaxın vaxtlara qədər Azərbaycanda ən populyar maşınlar Almaniya istehsalı, elə də baha olmayan işlənmiş avtomobillər idi. Doğrudanmı, yerli sürürcülər sarsılmaz alman keyfiyyətinə şübhə ilə yanaşmağa başlayıblar? Təbii ki, yox! Amma son üç ildə yeni avtomobillərin alınmasına üstünlük verilməsi bir neçə səbəblə bağlılır: birincisi, ölkədə avtomobil kreditləşdirilməsi üçün ən liberal olmasa da, əlverişli şərait yaranıb və bunun nəticəsində orta sinif də təzə maşının dadına baxa bilir.

İkincisi, bir çox potensial alıcılar 10-15 illik, işləmiş köhnə avtomobillərin satıcılarına inamı itiriblər. Çünki aldanılmış vəziyyətə düşmək istəmirlər. Əgər müəyyən şəkildə alqı-satqı baş tutarsa belə, bir müddət sonra bəlli olur ki, maşın vurulmuş imiş, yəni yol-nəqliyyat hadisəsi yaşayıb və onun hərəkət hissələrinin çoxu sıradan çıxıb. Halbuki satıcı and-aman edirdi ki, hər şey qaydasındadır. Alıcı bundan sonra nə etsin? Satsınmı? Deməli, satanda aldığı qiymətdən xeyli aşağı təklif etməlidir. Satmasın, nə etsin? Onda da təmir ustalarının və avtomobil emalatxanalarının daimi müştərisinə çevrilib, ehtiyat hissələri üçün qalaq-qalaq pul xərcləməlidir. Aydındır ki, bu dilemmada yeni avtomobil udur - vurulmayıb, rənglənməyib, sahibi üçün elə  də  böyük əziyyət və xərc yaratmadan üç və ondan da çox il işləyə bilər. Baxır, kiminki necə gətirir. 

Üçüncü məsələ servislə bağlıdır. Yerli avtomobil həvəskarlarının ərköyün görkəmi ilə çirkli emalatxanalar, ustaların yağlı geyimləri, dirsəyə qədər sürtkü materiallarına bulaşmış əlləri heç uyğun gəlmir və avtomobil dilerlərinin avtoservislərin parıltılı salonları, işçilərinin səliqiəli uniformaları müştərini təbii ki, özünə cəlb edir. Burada hələ ki maşın yağının plan üzrə dəyişdirilməsi (5 min və ya 7 min gedişdən sonra - müəllif) və ya başqa zəmanət işləri gerçəkləşdirilir. Sürücü avtoservisə daxil olan zaman onu gülərüz qız qarşılayır, bir-iki fincan qəhvə və ya çay təklif edir və heç pul da istəmir. Özəl emalatxanalardakı avtomobil çilingərlərinin adi davranış qaydalarından belə xəbərsiz olduğunu görmüş istənilən adam bu cür nəzakətli xidmətə üstünlük vermiş olar. Özəl avtomobil çilingərləri, hətta öz işlərinin ustası olsalar belə, təmir zamanı çox şeylərə fikir vermirlər, öz çirkli paltarları ilə hara gəldi soxulurlar. Bundan sonra avtomobil mütləq tam yuyulmalı, onun salonunun məxmər üzlüyü mütləq kimyəvi təmizlənməyə verilməlidir. Burası da var ki, indi yaxşı usta tapmaq çox çətindir, beləsini tapmaq üçün hərdən evindən və işindən çox aralanmalısan. 

 

Sahib dilerdir

Beləliklə, qarajda və ya dayanacaqda duran yeni avtomobil göz oxşayır, amma bununla yanaşı, alıcı bankın işlədiyi və şərtləri heç də əlverişli olmayan məcburi sığorta ilə razılaşmalı olur (əgər maşın kreditə alınırsa, müştəri sığorta şirkətini seçmək hüququnu itirir - müəllif). Müştəri həmçinin zəmanət müddətində diler servisinin xidmətinə də bağlanır (zəmanət mühərrikə, elektron idarəetmə blokuna, ötürmə qutusuna şamil edilir - müəllif). İlk vaxtlar sürücü düşünür: "Nə olsun ki, bu şərtlər mənim əl-qolumu bağlayıb. Maşın ki təzədir və belə tezliklə heç nə xarab olub başımı ağrıtmayacaq". Amma sən saydığın say. Artıq istehsalçıların avtomobilləri illər boyunca fasiləsiz işləməsi üçün düzəltdiyi çağlar keçib. Dünya maliyyə böhranı öz prioritetlərini diqtə edir - mexanizmlər iqtisadiyyatda yer tutmaq üçün düşünülür. Nəticədə, onların keyfiyyəti aşağı düşür və sürətlə xarab olurlar. Bunun nəticəsində avtomobil ehtiyat hissələrinin dəyişməsi vacib olur və onlara tələbat artır. Bəllidir ki, kimlərsə bundan pul qazanır. 

Təbii ki, avtomobil həvəskarlarının çoxunun tam inandığı bu fikirlər barədə mübahisə aparmaq olar. Amma bunu təkzib edə bilməzsən ki, artıq pisləşən ekoloji durum öz qaydalarını diqtə edir. Avtomobilləri elə layihələşdirirlər ki, onlar uzağı 10 ildən sonra sıradan çıxsınlar. Belə olanda Qərbdə, Avropada və Yaponiyada nə edirlər? Heç nə. Avtomobilləri sadəcə atırlar və ya üçüncü dünya ölkələrinə satırlar. Təbii ki, Azərbaycanda belə tezliklə yaşı 10-a çatan avtomobilləri zibilliyə atmayacaqlar. Buna görə də bizim avtomobil həvəskarları üçün vacibdir ki, istər özəl, istərsə də dilerə məxsus olsun, avtomobil emalatxanalarında xidmət yüksək səviyyədə aparılsın. Bu da ki nadir hallarda baş verir və heç də həmişə dəqiq olmur. 

Təzə avtomobildə, məsələn, 30 min gedişdən sonra səs-küy yaransa və ya bəlli olsa ki, hansısa mexanizm qırılıb, sahibi nə etməlidir? Təbii ki, yaxşı hal deyil, amma nə etmək olar? Avtomobil sahibləri diler avtosalonlarına müraciət etməyin mümkünlüyü ilə özlərinə təskinlik verirlər, axı bu salonların satış agentlərindən tutmuş çilingərlərinə kimi hər kəs satdıqları maşınlar barədə hər bir məlumata malik olmalıdırlar. Amma maşın sahibi diler avtomobil emalatxanalarının işi ilə nə qədər yaxından tanış olursa, bir o qədər də fikirləri alt-üst edilir. Əsəbiləşir və bu qərara gəlir ki, özəl emalatxanalarla işləmək daha sadə və ucuzdur, səmərəlidir və evə yaxındır. Bəlli olur ki, diler avtosalonlarında sürücü, hətta ən sadə suallarına cavab ala bilmir. Çünki ixtisaslı kadrlar yoxdur. 

Əgər rəsmi dilerlərdə yağın dəyişdirilməsinin orta qiyməti "qeyri-rəsmilərlə" eynidirsə, başqa məsələlərdə, hətta avtomobilə müdaxilə cüzi olsa və adətən, heç bir nəticə  verməsə belə, dilerlər, sadəcə, pul qırırlar. Həm də çoxlarını özündən çıxaran məsələ diler avtosalonlarının anbarlarında avtomobil hissələrinin olmamasıdır, olan da işlənmiş detallardır (çox vaxt onlar da işlədilib yarasız hala salınmış olurlar - müəllif).     

Onları sifariş edib gözləmək lazımdır. Özünüz təsəvvür edin, sifariş etdiyi ehtiyat hissələrini gözləmək üzündən avtomobilini sürə bilməyən sürücü hansı hissləri keçirir. Əgər onun işi maşınla bağlı olsa, necə etsin? Bu hələ ən qorxulusu deyil. İş belə olanda avtomobil yiyəsi tez-tez özünə sual verir: "Niyə mən bu ehtiyat hissələrinə bir ətək pul verib gözləməliyəm? Axı eyni şeyi adi mağazada da sifariş verə bilərəm və qiymət də dilerinkindən aşağı olar". 

Belə olan halda isə, avtosalonların zəmanət xidmətinin ləğv ediləcəyi barədə şərti yada düşür. Şərtə görə, əgər hər hansı bir detalın  və ya yağın dəyişdirilməsi özəl emalatxanada gerçəkləşdirilərsə, avtomobil zəmanət xidməti hüququnu itirir. Hər necədirsə, heç kim zəmanət xidmətindən məhrum olmaq istəmir. Nəticədə, avtomobil həvəskarı diler avtoservislərinin ləng və bahalı xidməti ilə razılaşmalı olurlar. Nə deyirlərsə-deyilsin, avtoservislər bir növ öz şərtlərini diqtə edən inhisarçıya çevrilirlər. İnsanın yalnız bəxti gətirəndə burada vaxtından əvvəl sıradan çıxmış detalı dəyişərlər və ya avtomobildəki xarablığın səbəbini söyləyərlər. 

Bunun üçün avtomobil sahibi ya çox inadkar və sırtıq olmaldır, ya da bəxti həddindən artıq gətirməlidir ki, avtomobilin zavod defekti ilə gəldiyini sübut etməyə heç bir ehtiyac qalmasın. Başqa cür mümkün də deyil. Dolayı yollar da var, onda avtomobilin sürücüsü diler avtosalonunun təmsilçisi ilə qeyri-rəsmi razılaşır və o, ehtiyat hissəni mağazadan alır, amma onun dəyişdirilməsi "rəsmilər"in yanında baş verir. Əlbəttə ki, bunun üçün nümayəndənin əllərini "qızdırmaq" lazımdır, amma istənilən halda bu, detalı sifariş etməkdən daha əlverişlidir, çünki sifarişlərə dilerlər əsassız yüksək qiymət təyin edirlər. 

 

Xüsusi mərasim...

Nə isə... Avtomobil yiyələri "rəsmilər"in təmir işləri zamanı onları avtomobilə yaxın buraxmamalarını heç xoşlamırlar. Onlar maşın təmir olunan zaman gözləmə otağında oturmalı olurlar. Beləliklə, işin gedişində sürücü onu maraqlandıran sualları ustaya vermək imkanından məhrum edilir. Dilerlər bunun təhlükəsizliklə bağlı olduğunu iddia edirlər. Ancaq vəziyyətdən daha əlverişli çıxış yolu tapmaq olmazmı? 

Avtomobil həvəskarlarından biri Azərbaycanın populyar İnternet saytlarından birinin avtomobil forumunda bildirir: "Texniki baxış və ya təmir zamanı yiyəsini avtomobilin yanına qoymayan servislər xoşuma gəlmir. Bəlkə də bunda bir məna var, amma həssas avtomobilçi ürəyi tamamilə bunun əleyhinədir. Məhz elə buna görə avtomobilimin zəmanət müddəti bitəndə sevindim. İndi supermütəxəssis və "qeyri-rəsmi" ustam  Elxan öz boksunda məni çaya qonaq edir, çuxurda işləyə-işləyə mənə avtomobilin vəziyyəti barədə danışır, hətta çuxura çağırır ki, avtomobilin qabaq tərəfinə aşağıdan baxım. 

P.S. Məndən ötrü avtomobilin təmiri və texniki xidmət xüsusi mərasimdir və bu mərasimdə mütləq özüm iştirak etməliyəm, hər şeyi də öz gözümlə görməliyəm! Başqa variantı mən qəbul etmirəm!" - deyə forum üzvü yazır. Belə avtomobil həvəskarları yetərincədir.

Göründüyü kimi, bugünkü vəziyyət belədir. Nisbətən yaxın zamanlarda alınmış avtomobillərin yiyələri ixtisaslı kadrların, servis güclərinin olmaması və işə məsuliyyətsiz yanaşılması üzündən diler avtoservislərindəki texniki xidmətin səviyyəsindən narazıdırlar. 

Yaxşı usta özəl servisdə ayda qazandığı 1500 manatı qoyub dilerdə 500 manat maaşa işləməyə getməz.  Bəllidir ki, yaxşı ustanın qiyməti də yaxşıdır, amma avtoservislərdə yaxşı pul vermirlər. İndi belə alınır ki, dilerlərdə təcrübəsiz işçilər çalışır və onların avtomobil istehsal edən ölkələrə ezamiyyətə getməsi vacibdir. Avtomobil dilerlərinin çoxunun bununla bağlı özlərinə əziyyət verməyəcəklərindən danışmağa heç dəyməz də. 

Avtomobil sahibi ilə laqeyd diler arasında tipik dialoq bakılı avtomobil həvəskarı tərəfindən həmin internet-foruma yerləşdirilib: 

 

Sürücü: - Maşın çəkmir...

Usta: - Benzini dəyiş...

S.: - Sükan sağa çəkir...

U.: -  Nə edə bilərsən ki? Yollar pisdir...

S.: - Rəng həmişə tökülür...

U.: - Qaraj al və maşını orada saxla...

S.: - Mühərrik səs edir...

U.: - Sən hələ belə sür, 40 min km getsin, baxarıq...

S.: - Sükanı axıra kimi buranda ilişir və qəribə səslər çıxarır///...  

U.: - Sən axıra kimi burma və səsə də fikir vermə, bu, avtomobillərin bütün modelləri üçün adi problemdir...

"Bu avtomobillərin bütün modelləri üçün adi problemdir" - Diler emalatxanalarında maşın sahiblərinin eşidə biləcəyi ən geniş yayılmış cavab budur. Zənnimizcə, dilerlərin satılmış avtomobillərə texniki xidmət və işə yanaşma konsepsiyasını dəyişməyin vaxtı çoxdan çatıb. Avtodiler hər şeydən əvvəl öz müştərisi qarşısında məsulyyət hiss etməlidir ki, müştəri özünü kölə saymasın. "Biz öyrətdiyimiz insanlara görə məsuliyyət daşıyırıq" cümləsi kimi ifadə edilsə, avtodiler avtomobil satdığı adamların qarşısında məsuliyyət daşıyar. 

Əldə marketinq araşdırmaları və statistik göstəricilər olmadan da ehtimal etmək mümkündür ki, gələcəkdə Azərbaycanda yeni avtomobillərə  tələbatın artması realdır. Çünki avtomobil bölməsi ilə bağlı yeni qərarlar qəbul edilə və nəzəri olaraq qanunvericilik müstəvisində parlament ekoloji təhlükəsizliyi əsas götürərək, 2000-ci və ya 2005-ci ilə kimi istehsal olunmuş avtomobillərin idxalını yasaqlayan qanun tətbiq oluna bilər. Belə çıxır ki, bu qanun avtodilerlərin özlərini daha rahat və cəzasız inhisarçı kimi hiss etməsinə şərait yaradacaq. Bu, işə kökdən yanlış yanaşmadır  və ən başlıcası, alıcıya hörmətsizlikdir. Avtomobil sahiblərinin çoxunun düşdüyü vəziyyət əri tərəfindən hüquq və səsdən məhrum edilmiş müdafiəsiz arvadın durumuna  bənzəyir. Belə məqamda "İndi mən öz avtomobilimə kəbinliyəm" deməkdən və sadəcə əlləri yelləməkdən başqa iş qalmır. 


MƏSLƏHƏT GÖR:

520