Müəllif: Zərifə BABAYEVA Bakı
Azərbaycanın Səhiyyə Nazirliyi insanları A, B, C, D və E hepatitləri virusuna yoluxmalardan qorunmağa çağıran bilbord sosial reklamların yayımına başlayıb. Və hazırda bu, tamamilə özünü doğruldur, çünki son zamanlar Azərbaycanda bu sahədə əlverişsiz durum müşahidə edilir. O cümlədən Azərbaycan mütəxəssisləri göstərirlər ki, əvvəllər, əsasən, 50 yaşdan yuxarı insanların xəstəliyi olan hepatit C, indi yetərincə "cavanlaşıb". Hətta Azərbaycanı hepatit virusunun yayılması ciddi problem olan ölkələr siyahısına heç cür aid etmək mümkün olmasa da, artıq hepatit C-yə yoluxmuş pasientlər arasında 18 yaşlı insanlara da rast gəlinir ki, bu da təhlükəli meylin yaranmasından xəbər verir. Buna görə də Səhiyyə Nazirliyində hesab edirlər ki, ölkə vətəndaşları hepatit virusları ilə yoluxma yolları barədə geniş məlumata malik olmalıdırlar və bütün ehtiyat tədbirlərinə riayət etməlidirlər.
Vaxtında aşkarlanmalıdır
Hepatit üzrə mütəxəssis, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin başçısı Anar Qədirli "Region plus"la söhbətində bildirib ki, şərti hepatit B və C viruslarından heç kim özünü sığortalamayıb. Özü də xəstəliyin təhlükəsi ondan ibarətdir ki, daha çox latent, simptomsuz inkişaf edir, çox illər ərzində xroniki formaya keçir. Təsadüfi deyil ki, həkimlər bu xəstəliyi "mehriban qatil" adlandırırlar, yəni virus illərlə özünü büruzə vermir və pasient yardım üçün müraciət edəndə həddindən gec olur. Adətən, virusdaşıyıcı ilə əlaqədən 9-21 həftə keçəndən sonra özünü göstərir. Onun ən çox rast gəlinən simptomları sırasında həddindən yorğunluq, iştahın itirilməsi, ürək bulanması, qarının yuxarı hissəsində ağrılar, çəkinin itirilməsi, dərinin və göz ağlarının saralması, sidiyin tündləşməsi, sümüklərdə ağrılar və nəcisin rəngsizləşməsidir. Amma bunlar heç də həmişə baş vermir. Hepatit C serrozun və qara ciyər xərçənginin əsas səbəbi də ola bilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bizim planetin hər 33 sakinindən biri bir gün öyrənə bilər ki, hepatit C-yə yoluxub. Bəllidir ki, bu gün Yer kürəsinin, demək olar ki, 800 milyon sakini hepatitin daha təhlükəli iki növünün - hepatit B və C viruslarının daşıyıcılarıdır. 2 milyarddan çox insan isə bu və digər şəkildə kəskin hepatit keçirib. Azərbaycanda virusun aşkarlanması üçün immunoferment üsulundan istifadə edilir - o çağdaş üsuldur, amma ən həssası deyil. "Bu üsuldan istifadə yoluxmuş qan nümunələrinin 95%-nin zaya çıxarılmasını nəzərdə tutur, 5% risk isə qalır. Amma bu göstərici yalnız Azərbaycana deyil, bütün dünyaya aiddir", - deyə Qədirli vurğulayır.
İlkin mərhələlərdə xəstəliyin inkişafının qarşısını almaq üçün mütəxəssislər hər kəsə, o cümlədən öz sağlamlıqlarının qeydinə qalmağa alışmamış insanlara da məsləhət görürlər ki, hər yarım ildə bir dəfədən gec olmayaraq qan analizi verməklə tibbi müayinədən keçsinlər. Xüsusilə də bunu hepatit C-yə yoluxma risqi altında olan insanların - narkotik iynələrdən istifadə edən, bir neçə tərəfdaşla və ya yoluxmuş insanla cinsi münasibətdə olanların etməsi vacibdir. Bununla yanaşı, tibbi müayinədən gözəllik və pirsinq salonlarının, bərbərxanaların xidmətlərindən istifadə edən, bədəninə döymə vurduran insanların keçməsi də önəmlidir. Qan köçürülmüş və ya onun komponentləri vurulmuş insanların da tibbi müayinədən keçmələri gərəkdir.
Müxtəlif gözəllik salonlarına və başqa xidmət yerlərinə gəldikdə isə onlar müəyyən hepatit növlərinin yayılma nöqtələridir, çünki manikür və pedikür, pirsinq alətlərinin elementar sanitar profilaktika qaydalarına əməl edilmir. Anar Qədirli bildirir ki, onun pasientlərinin 95%-dən çoxu hepatit C-yə stomatoloqun yanında yoluxub.
Gözəllik qurbanına çevrilməməli
"Azərbaycanın tibb müəssisələrində sanitariya - epidemiologiya normalarının pozulması nəticəsində insanın hepatit virusuna yoluxması ehtimalı da yüksəkdir. Məhz buna görə, bütün sözügedən obyektlərdə mütəmadi olaraq tibbi heyət tərəfindən lazımi normalara riayət edilməsinin monitorinqi aparılır. Bunda əsas məqsəd tibbi alətlərin, iynələrin lazımi sterilizəsinə nəzarət etməkdir", - deyə A.Qədirli vurğulayır. Ancaq hepatitə yoluxma mənbəyini müəyyən etmək, demək olar ki, qeyri-mümkündür. Yuxarıda deyildiyi kimi, hepatit C yetərincə uzun zamandan sonra özünü göstərir - həmin müddət ərzində yoluxmuş insan həm stomatoloji kabinetə, həm də gözəllik salonuna baş çəkə bilər. Buna görə də pasientin hepatit virusunu harada tutmasını müəyyən etmək çox çətindir.
"Özəl tibb müəssisələrində, gözəllik, pirsinq və tatuaj döymə salonlarında sanitariya qaydalarından imtina edilməsi və ya əməl olunmaması onların fəaliyyət lisenziyalarından məhrum edilməsinə və ya fəaliyyətlərinin dondurulmasına gətirə bilər; dövlət müəssisələrinin rəhbərlərinin isə sanitariya normalarına səhlənkar münasibətə görə işdən çıxarılmaları da mümkündür. Cinayət məsuliyyətinə cəlbetmə yalnız insanın yoluxmasının tibbi heyətin səhlənkarlığının nəticəsində baş verməsi sübut edildikdən sonra baş verə bilər", - deyə müsahibimiz bildirir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, yalnız 2008-ci ildə müxtəlif istiqamətli gözəllik salonlarında sanitariya-gigiyena normalarına riayət edilməməsi səbəbindən 1176 müəssisənin rəhbəri məsuliyyətə cəlb edilib. Müxtəlif cür infeksiyaların, o cümlədən, insanın immun çatışmazlığı virusunun (İİV) yayılma risqinin artması üzündən GEM-in müvafiq xidmətləri tərəfindən, demək olar ki, ölkənin bütün gözəllik salonları yoxlanılır.
"Bu cür müəssisələrdə alətlərin sterilizəsi üçün hər bir avadanlıq olmalıdır. Əgər belə avadanlıq yoxdursa, deməli, onlar fəaliyyət göstərə bilməzlər. Əlbəttə ki, gözəllik qurban tələb edir. Ancaq bu fəaliyyət sahəsində xidmət göstərən insanlar öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar, anlamalıdırlar ki, qadınlar və kişilər, sözün hərfi mənasında, gözəl görünmək istəklərinin qurbanlarına çevrilməməlidirlər", - deyə Kazımov vurğulayıb.
Bu müəssisələrin müştəriləri gözəlləşməklə yanaşı, sağlam qalmalıdırlar, buna görə də alətlərin xüsusi sterilazatorda dezinfeksiyası və sterilizəsi üzərində nəzarəti gücləndirmək gərəkdir. "İlk başda, sanitariya-gigiyena normalarına əməl etməyən müəssisələrə sərt xəbərdarlıq edilir, sonra əgər bunun təsiri olmursa, 100 və ya 200 manat pul cəriməsi kəsilir. Əgər bu da sanitariya normalarına əməl edilməsinə təsir etmirsə, onda günahkarlar həbsə düşə bilərlər".
Əgər yoluxma baş veribsə
Əgər hepatitə yoluxma baş veribsə və diaqnoz artıq qoyulubsa, onda nə etməli? A. Qədirlinin sözlərinə görə, anlamaq lazımdır ki, bu, ölüm hökmü deyil, əgər ildə iki dəfə savadlı müalicə aparılarsa, spirtli içkilərdən tam imtina edilərsə və dieta saxlanarsa, hepatit virusu ilə 100 il də yaşamaq olar. "Ona hazır olmaq lazımdır, çünki xəstəlik insanın ətraf mühitdən təcrid olunmasına səbəb ola bilər, buna görə də doğma və yaxınların dəstəyi çox önəmlidir. Qeyd etmək istəyirəm ki, bu virusun daşıyıcıları ailə üzvlərindən təcrid edilməli deyil. Təhsildə, işdə və məişətdə onlar üçün xüsusi şərait düzəltməyə ehtiyac yoxdur. Xəstə insan ona sevinc gətirən vərdişlərindən imtina etməli deyil". Ancaq mütəxəssis məsləhət görür ki, yoluxmuş adamın mütəmadi müayinəsini aparacaq və müalicə edəcək yaxşı həkim tapmaq lazımdır.
Pasient isə mütləq onun bütün məsləhətlərinə əməl etməlidir, çünki hər ikisinin məqsədi xəstəliyə qalib gəlməkdir. Bununla yanaşı, mütəxəssis əmindir ki, hər bir xəstə müalicə zamanı fərdi yanaşma tələb edir. Çünki xəstəliyin yüngül formaları, məsələn, interferon kimi güclü dərmanların tətbiqini vacib etmir.
Hepatit C-nin müalicəsində mürəkkəb müalicə üsulundan istifadə edilir, bu zaman virusun genotipi, qara ciyərin vəziyyəti nəzərə alınır. Bununla da müalicə sxemi, onun effektivliyi və təhlükəsizliyi müəyyən edilir. Heç cür özünü müdafiə ilə məşğul olmaq, infeksiyanın təhlükəli inkişafına seyrçi qalmaq olmaz.
Müəyyən hallarda insan özünü hepatitə yoluxma risqindən uzaqlaşdıra bilər; məsələn, gözəllik salonuna öz alətləri ilə gedə bilər. Əgər tibb müəssisələrində qan köçürülürsə, analiz verilirsə və ya peyvəndləşmə aparılırsa, onda alətlərin sterilizə üsullarını, ümumiyyətlə, bu prosedurun keçirilib-keçirilmədiyini aydınlaşdırmaq mütləq lazımdır, stomatoloqlardan isə alətlərin yaxşı sterilizə edilməsi tələb edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik şpris qabından pasientin yanında çıxarılmalıdır.
Viruslu hepatitin ən effektiv profilaktiki tədbiri peyvənd edilməsidir, ancaq hazırda peyvənd profilaktikası yalnız hepatit B-nin qarşısını almağa qadirdir. Təəssüf ki, hepatit C-yə qarşı zərdab yoxdur. Bu hələ yaradılmayıb və Qədirlinin dediyinə görə, bu gün dünya səhiyyə elminin ən önəmli istiqamətlərindən biri bu zərdabın yaradılması ilə bağlıdır.
MƏSLƏHƏT GÖR: