14 Mart 2025

Cümə, 10:36

PUL, PUL GƏTİRƏR

Maliyyə rezervləri və çevik idarəetmə siyasəti Azərbaycanın bank bölməsinə problemlərdən qaçmağa imkan yaradır

Müəllif:

15.01.2010

Belə görünür ki, dünya hələ uzun müddət maliyyə sabitliyinin həsrətini çəkəcək - son iki ildə bu sahəyə olan etibar o qədər itib ki, sistemdə köklü dəyişikliklər etmədən imici bərpa eləmək, çətin ki, baş tutsun. Xüsusən də ona görə ki, hansısa şirkətlərin mütəmadi olaraq "iflas"ı  və bu proseslərə tanınmış bankların da cəlb olunması mövcud iqtisadi və maliyyə modellərinin dayanıqlılığı barədə ictimaiyyətdə mənfi əhval-ruhiyyəni daim artırır. 

Azərbaycan 2009-cu ili maliyyə bölməsində elə də güclü itkilər olmadan başa vurub, amma dünyadakı durumun yerli bazara təsirinin heç olmaması barədə danışmaq gerçək olmazdı. Əlbəttə, Mərkəzi Bank ( MB) çox işlər görüb və səy göstərib ki, vəziyyəti yol verilən normalar çərçivəsində saxlasın, amma etiraf etmək lazımdır ki, bu   elə də asan və ucuz başa gəlməyib.  Həm də MB əmin edir ki, bütün bunlara baxmayaraq, bu istiqamətdə  tədbirlər  indən sonra da davam edəcək. "2010-cu ildə MB-nin əsas məqsədi inflyasiyanı aşağı səviyyədə saxlamaq, manatın məzənnəsinin sabitliyini qorumaq, ölkənin maliyyə-bank bölməsinin dayanaqlılığını dərinləşdirmək, iqtisadiyyatın pul vəsaitlərinə tələbatının örtülməsidir",-  MB-nin 2010-cu ildə pul siyasətinin əsas istiqamətləri barədəki bəyanatında belə deyilir. 

 

Təşkilatçılıq  və  dayanıqlılıq 

Beləliklə, MB-nin səyləri boşa getməyib. Hazırda Azərbaycanın bank sahəsində vəziyyət elədir ki, nə iqtisadi artımın kəskin azalması, nə əmlakın qiymətinin kəskin düşməsi, nə də cari borc portfelinin tam ödənilməsi onun üçün problem yarada bilməz. Bütün bunlar bu cür sınaqlardan çıxmaq üçün yetərli həcmdə maliyyə ehtiyatlarının olması hesabına mümkündür. MB-nin baş direktoru Xaqani Abdullayevin dediyi kimi, MB-nin tədqiqat departamenti tərəfindən aparılmış stres-testlər bu iddialara şübhə etməməyə imkan verir.Skeptiklər düşünə bilər ki, əgər rezervlər qurtarsa, onda nə olacaq? Axı maliyyə durumunun sabitliyinin qorunması üçün iri vəsaitlərin yönəldilməsi MB-nin imkanlarını azaldır, bu da əgər dünya böhranı tam aradan qaldırılmayıbsa, gələcəkdə təhlükəli vəziyyət yarada bilər. Amma burada etiraz etmək də mümkündür: birincisi, yalnız bank bölməsinə maliyyə axınlarından söhbət getmir. Bu, sadəcə, tədbirlərdən biridir. Yada salaq ki, artıq böhranın əvvəlində Mərkəzi Bank vaxtında tərpənərək, bankların xarici borclanmalarını məhdudlaşdırdı və cəlb edilən borcların həcmlərinə müəyyən məcburi rezervləşdirmə normativləri tətbiq etməyə başladı. X. Abdullayevin sözlərinə görə, "Banklarla fəal dialoq maliyyə risklərini azaltmağa və bankların likvidliyini, mümkün risklərə dözümünü artırdı. MB kapitallaşmaya və kredit çantasının keyfiyyətinə tələbləri sərtləşdirdi. Bütün bu tədbirlər  dünya bazarlarındakı tənəzzül dövründə bank sektorunun dayanıqlılığını təmin etməyə imkan verdi".  

Onun fikrincə, əgər dünya maliyyə böhranının başlanğıcında Azərbaycan banklarının xarici borclanmaları onların ümumi öhdəliklərinin 20-22%-ni təşkil edirdisə, bir il ərzində onlar $900 mln.-luq,  iki il ərzində isə $2 mlrd.-lıq kredit ödədilər. MB 9 -10 aylıq müddət üçün xarici öhdəliklərin ödənilməsi və Azərbaycan bankları tərəfindən mümkün resurs cəlbi həcmləri üzrə qrafik hazırlayıb. "Bu, fərdi qaydada hər bir bankın likvid durumunu analiz etməyə imkan verir. Bunun hesabına son zamanlarda banklar yerli qaynaqlardan resurs cəlbini fəallaşdırıblar, onlar likvidlik çatışmazlığı ilə üzləşməyiblər", - deyə o bildirib. 

Beləliklə, hazırda ölkənin bank bölməsinin ani likvidliyi 80%,  vaxtı ötmüş kreditlər isə kredit portfelinin yalnız 4%-ni təşkil edir.  Azərbaycanın bank bölməsinin kapital adekvatlığı göstəricisi də yetərincə yüksək səviyydədir. MB-nin "Maliyyə sabitliyi üzrə" icmalına görə, ilin əvvəli ilə müqayisədə bankların məcmu kapitalı 14,7% və ya 219,4 mln manat artaraq, 1711,1 mln manat təşkil edib. Bankların məcmu kapitalının səviyyəsinin artımı birinci səviyyə kapitalın artımı hesabına baş verib; birinci səviyyə kapital isə 194,7 mln manat və ya 17,8% artaraq, 1286,5 mln manat təşkil edib. Birinci səviyyə kapitalın strukturunda bölünməz mənfəətin və rezerv kapitalın payı artıb. 

Bank bölməsinin kapital adekvatlığı 19,4% təşkil edib, 1 yanvar tarixinə isə 19,6% olub. İl ərzində kapital adekvatlığının yüksək səviyyədə saxlanılması onunla bağlıdır ki, kapital artımı templəri (ilin əvvəlindən 14,7%) riskli aktivlərin artım templərinə adekvat olub.  Bunun nəticəsidir ki, bölmədə kapital adekvatlığı göstəricisi MB-nin minimal normasını xeyli, yəni düz 12% üstələyib. Bu göstəricinin cari səviyyəsi banklara kapital rezervlərinin səviyyəsinin yetərincə olmasından xəbər verir. 

Başqa sözlə, MB-nin bank sistemində risklərin idarəedilməsi üzrə çevik siyasəti maliyyə sistemini uzunmüddətli əsasda yuxarı səviyyədə saxlamağa imkan verir. İstənilən halda, cari ildə bu sahədə narahatlıq yaranmamalıdır. Mərkəzi Bankın (MB) açıqlamasında bildirilir ki, qarşıya qoyulmuş bütün məqsədlərə çatmaq üçün bank nəzarəti alətləri təkmillləşdiriləcək, ilk növbədə, ilkin xəbərdarlıq sisteminin inteqrasiyası gerçəkləşdiriləcək və yeni prusendial hesabat sistemi tətbiq ediləcək. Eyni zamanda, MB konsolidasiya edilmiş bank nəzarəti metodologiyasını inkişaf etdirməyi, stress-testlərin standartlaşdırılmasını və onların vahid modelinin yaradılmasını nəzərdə tutur. 

 

Konsolidasiya və yenidən strukturlaşdırma 

Təbii ki, böhran və ya böhrandansonrakı dövr bankların bir sıra təşkilati məqamlarına, o cümlədən xırda bankların konsolidasiyası və sistem təşkil edən bankların yenidən strukturlaşdırılması prosesinin sürətlənməsinə daha diqqətlə yanaşmağı tələb edir. Yada salaq ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir və onların 23-də xarici kapital iştirak edir. 

Prinsipcə, bu istiqamətdə əvvəl görülmüş bütün tədbirlər seçilmiş yolun səmərəli olduğunu göstərir, amma proses hələ başa çatmayıb və bir sıra ekspertlər bu fikirdədirlər ki, Azərbaycanda bankların sayını xeyli azaltmaq mümkündür və bu yalnız  bütün sistemin işləklik səviyyəsinin artmasına səbəb olardı. Belə ki,  "Bank VTB" (Azərbaycan) ASC-nin prezidenti və idarə heyətinin sədri  Oleq Krasnojon hesab edir ki, qanunvericilik və bankların özü baxımından Azərbaycan bank sisteminin inkişaf səviyyəsi yetərincə yüksəkdir, ancaq onların sayı yerli iqtisadiyyata gərəklilik baxımından bir qədər çoxdur və zaman keçdikcə onların birləşərək böyüməsi vacibdir, "çünki biznesin inkişafı daha güclü maliyyə strukturlarının olmasını tələb edir". Onun fikrincə, hazırda Azərbaycanın 15-20 qabaqcıl bankı yetərincə yaxşı və effektiv işləyir. 

Bankların konsolidasiyasının vacibliyi bu yaxınlarda AMB İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev tərəfindən də bəyan edilib və Mərkəzi Bank 2010-cu ildə bununla bağlı işləri fəallaşdırmaq niyyətindədir. "Hazırda MB-nin kapitallaşma üzrə minimum tələblərinə cavab verməyən bankların bazardakı payı cüzi olsa da, 2010-cu ildə biz tələblərə cavab verməyən bankların qovuşması və ya sistemdən çıxarılması məsələsini gündəliyə gətirmək niyyətindəyik", - deyə Quliyev bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi ölkə parlamentində qəbul olunması gözlənilən "Bank olmayan kredit qurumları haqqında" qanunun qüvvəyə minməsindən sonra bu qəbildən olan banklara mülkiyyət formasını bank olmayan kredit qurumuna (BOKQ) çevirmək təklif ediləcək. "Gələn il kapitalın iriləşdirilməsi üçün birləşməyə getməyən banklara BOKQ-a çevrilmək təklif ediləcək", - deyə Quliyev vurğulayıb. 

Qeyd edək ki, hazırda dörd bank nizamnamə kapitalı üçün 10 mln manat səviyyəsində müəyyən edilmiş minimum normativ tələbi yerinə yetirmir. MB-nin statistik göstəricilərinə görə, 2009-cu il oktyabrın sonlarına 41 bankın kapitalı 10 mln manatı ötüb, halbuki belə bankların sayı ilin əvvəlində 43 olmuşdu. Bütün bankların məcmu kapitalında bu kateqoriyadan olan bankların payı uyğun olaraq 98,6%-dən 97,8%-ə düşüb. 

Bildirmək gərəkdir ki, məhz MB tərəfindən bank bazarındakı duruma gerçəkləşdirilən daimi və savadlı nəzarət xarici sərmayəçilərin Azərbaycanın bank bazarına daxil olmağa marağını qoruyub-saxlayıb ki, bu da böhran dönəmi üçün çox önəmlidir. 

 

İnflyasiya və rəqabət qabiliyyəti 

Bank bazarının tənzimlənməsi və ölkənin maliyyə sabitliyinin dəstəklənməsi bütövlükdə iqtisadiyyatın uzunmüddətli dayanıqlılığına ümid etməyə imkan verir; həmçinin MB inflyasiya kimi çox önəmli makroiqtisadi göstərici üçün də məsuliyyət daşıyır. 2010-cu ildə Mərkəzi Bank öz mandatından yararlanaraq, orta illik inflyasiyanın rəsmi proqnozunun 3% səviyyəsində qorunmasına çalışacaq, amma bu proqnoz qlobal iqtisadiyyatın yerli inflyasiyaya təsiri prosesindən asılı olaraq ilin gedişi boyunca dəqiqləşdirilə bilər. 

"2010-cu il üçün dövlət büdcəsinin layihəsi müzakirə edilərkən orta illik inflyasiya 3% səviyyəsində daxil edilib və Mərkəzi Bank bu inflyasiya səviyyəsinin dəstəklənməsinə istiqamət götürüb. Əlbəttə ki, əgər ölkədə iqtisadi artım gözləntiləri üstələyərsə, fərdi istehlakın, sərmayələrin və dövlət tələbatının artması hesabına məcmu tələbat kanalları genişlənərsə, bu proqnoz dəyişdirilə bilər. Bu cür iqtisadi fəallıq şərtlərində ölkənin inflyasiya proqnozuna yenidən baxıla bilər", - deyə X.Abdullayev bununla bağlı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank 2010-cu ildə, həmçinin, ölkədə rəqabət qabiliyyətinin təmin edilməsinə nəzarət edəcək. "Bir sıra iqtisadçılar cari ildə milli valyutanın devalvasiyasının tərəfdarı idilər və ehtimal edirdilər ki, bu, rəqabət qabiliyyətini gücləndirən amilə çevrilə bilər. Ancaq araşdırmalar göstərir ki, devalvasiyadan sonra yüksək inflyasiya müşahidə edilə bilər ki, bu da ölkədə rəqabət qabiliyyətinə nail olunmasını çətinləşdirər", - deyə o bildirib.

X. Abdullayevin sözlərinə görə, hazırda Azərbaycan üçün rəqabət qabiliyyətinin ən ümumiləşdirilmiş göstəricisi manatın ölkənin xarici ticarət tərəfdaşlarının valyutalarına nisbətdə real effektiv məzənnəsidir ki, bu da Azərbaycanın xeyrinə dəyişir. "Hazırda bu göstərici 2009-cu ilin əvvəlindən ölkənin bütün ticarət tərəfdaşlarının valyutalarına nisbətdə 6% ucuzlaşıb.  Biz 2010-cu ildə də bu prosesi ən azından neytral səviyyədə saxlamağa çalışacağıq", - deyə baş direktor vurğulayıb. 

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan manatının dollar qarşılığında məzənnəsi sabit saxlanılıb və üçüncü rübdə dollara nisbətən 0,05% və avroya nisbətən 4,8% ucuzlaşma qeydə alınıb. Mərkəzi Bankda hesab edirlər ki, manatın məzənnəsinin aşağı düşməsinin əsas səbəbi ilin əvvəlində (fevralda)  maliyyə böhranının təsiri altında dünyanın aparıcı valyutalarının dəyişməsi  və qonşu ölkələrdə müşahidə edilən devalvasiya proseslərinin psixoloji təsiri ilə bağlıdır. "Buna baxmayaraq, Mərkəzi Bank bazara müdaxilə edərək, manatın məzənnəsinin sabitliyini qoruya bildi. İlin əvvəlində məzənnə ilə bağlı qeyri-müəyyənlik üzündən fiziki və hüquqi şəxslər xarici valyuta almaqda maraqlı idilər, amma sonrakı iki rübdə manatın məzənnəsinin sabitləşməsi xarici valyutaya tələbatı azaltdı", - deyə bankın icmalında bildirilir.

X.Abdullayevin sözlərinə görə, 2010-cu ildə MB banklar tərəfindən faiz dərəcələrinin azalması və manatın sabitliyinin qorunması siyasəti yürüdəcək. Manatın sabit məzənnəsinin dəstəklənməsi üçün fundamental əsas, hətta neftin qiymətinin proqnozu üzrə mühafizəkar ssenari şəraitində belə ölkənin tədiyə balansının profisitinin proqnozlaşdırılmasıdır. Məzənnə siyasətinin aparılması zamanı ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qournması da nəzərə alınacaq. 

Başqa sözlərlə, MB-nin mövqeyinə görə 2010-cu ili də Azərbaycan iqtisadiyyatı, o cümlədən maliyyə bölməsi elə də xüsusi çalxalanmalar olmadan keçirəcək və əgər dünyada yaxşılaşmağa doğru hər hansı bir meyil müşahidə edilməyə başlanacaqsa, onda dayanıqlı inkişafın uzunmüddətli əsaslarından da danışmaq olacaq. 


MƏSLƏHƏT GÖR:

472