5 Dekabr 2025

Cümə, 22:24

ÇÖRƏYƏ "ÇOXDUR" DEMƏZLƏR

Dünyada buğda istehsalının azalması Azərbaycanın ərzaq təhlükəsizliyinə təsir göstərməyəcək

Müəllif:

15.01.2010

Dünyanın aparıcı ölkələrinin hökumətlərinin dünya ərzaq təhlükəsizliyini təmin etmək üçün səyləri birləşdirmək üzrə cəhdləri fonunda beynəlxalq analitiklər yenidən ən önəmli qida məhsulu olan çörəyin bahalaşacağını proqnozlaşdırırlar. Daha doğrusu, bu il buğda istehsalının yetərincə azalması üzündən bu əsas kənd təsərrüfatı məhsulunun bazar qiymətinin artmasından söhbət gedir. Bundan başqa, hazırda əsas buğda ixracatçısı olan ölkələr taxıl qalığının saxlanması ilə bağlı ciddi problemlər yaşayırlar, çünki indiki qiymətlərlə taxılın satılması onlar üçün əlverişli deyil. 

Yeri gəlmişkən, Azərbaycan da 2010-cu ildə buğda istehsalını məhdudlaşdıracaq - payızlıq əkinlərin nəzərəçarpacaq dərəcədə azalması bunun sübutudur. 

 

Dünyada müşahidə olunan meyillər  

Mütəxəssislər hesab edirlər ki, son zamanlarda taxılın və buğdanın qiymətinin düşməsi heç də qlobal ərzaq böhranının həll edilməsi demək deyil. Taxılın ucuz olması ötərgi haldır və birincisi, məhsuldarlığın gözləniləndən yaxşı olması, ikincisi, əmtəə bazarına kütləvi investisiya axını, üçüncüsü, dünya maliyyə böhranının istehlak tələbatını azaldacağından ehtiyatlanmalar, dördüncüsü isə dünya bazarında karbohidrogen yanacağının qiymətinin ucuzlaşması ilə bağlıdır. 

Analitiklərin qiymətləndirməsinə görə, bu il bütün dünyada buğda əkinləri bir faiz azalacaq. Azalmanın əsas səbəbkarı buğdanın bazar qiymətinin aşağı olması və onun istehsalının maya dəyərinin yüksəkliyidir. Beynəlxalq Taxıl Şurasının (International Grains Council) ekspertlərinin yeniləşmiş proqnozlarına görə, 2010-cu ildə dünya üzrə buğda əkini sahələri 222 mln ha olacaq ki, bu da qabaqkı mövsümün göstəricilərindən  1,5 mln ha azdır, ancaq son 5 il üzrə orta göstəricidən 2% çoxdur. O cümlədən Avropa Birliyi (AB) ölkələrində buğda sahələrinin ölçüsü keçənilki səviyyədə qalacaq, amma ABŞ-da qabaqkı ilə baxanda 2,5% azalma proqnozlaşdırılır. Belə meylin inkişafında əsas rol bu biznes növünün gəlirliliyinin aşağı olması ilə bağlıdır, həmçinin ABŞ-da əkinin gecikməsi ilə bağlı olaraq yumşaq qırmızı payızlıq buğdanın əkinləri azalıb. 

Taxıl istehsalında Qazaxıstanın təbii rəqibləri olan Rusiya və Ukraynada gözlənilən yüksək məhsul Qazaxıstan buğdasının ixracını çətinləşdirəcək, qonşularına nisbətdən Qazaxıstan buğdasının daha keyfiyyətli olmasına baxmayaraq, onun Baltik və Qara dənizdəki Rusiya və Ukrayna limanlarındakı taxıl terminallarına girişini çətinləşdirəcək.  Qazaxıstanın daxili ərzaq bazarı yetərincə məhduddur və yaxın zamanlarda xarici bazarlara heç cür alternativ rolunu oynaya bilməz. 

İlkin proqnozlara görə, Qazaxıstan 2009/2010-cu illər mövsümündə 7 mln tona yaxın buğda ixrac edəcək. Əsas istehlakçılar ənənəvi satış bölgələri  - Orta Asiya, İran, Rusiya olacaq. 

Bildirmək gərəkdir ki, analitiklərin proqnozlarına görə, yaxın 10 ildə un da daxil olmaqla, buğda ticarətinin həcmi 22 mln ton (18%) artaraq, 141,6 mln tona çatacaq. Bu məhsulun 5 ənənəvi ixracat ölkəsi (ABŞ, Avstraliya, AB, Argentina və Kanada) dünya buğda ixracı bazarının 70%-ni tutacaq ki, bu da 10 il qabaqkı göstəricidən aşağıdır, 1997/1998-ci illər mövsümündə bu ölkələrin payı 89%-ə çatmışdı. Ekspertlərin bildirdiyinə görə, azalma başlıca olaraq Qara dəniz hövzəsi ölkələri tərəfindən təkliflərin artması hesabına baş verib. 

Bununla yanaşı, Ukrayna, Rusiya və Qazaxıstan istehsal dəyərinin aşağı olması, aqrar bölməyə yeni sərmayələr və bütövlükdə hava şəraitinin yaxşı olması hesabına qabaqcıl aqrar məhsul ixracatları sırasında öz mövqelərini möhkəmləndirirlər. Son üç il ərzində bu üç ölkənin dünya bazarında payı 20%-ə qədər yüksəlib. 

Bütövlükdə uzunmüddətli perspektivdə, yəni 2018-ci ilə qədər taxılın qiyməti keçən illərin göstəricisindən yuxarı olacaq. 

 

Rekorddan az

Qlobal meyillər Azərbaycandan da yan keçməyib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, taxıl əkinləri 150 min hektar azalıb. Bu isə taxıl istehsalının 2009-cu il səviyyəsindən xeyli aşağı olması deməkdir. 

Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə, əkin kampaniyası dövründə kənd regionlarının əkinçiləri 980,7 min hektar sahəyə taxıl səpiblər ki, bu da 2007-ci illə müqayisədə 147,5  min ha azdır.  Bunun 659,3 min hektarı buğda sahələri, 249,1 min hektarı isə arpa sahələridir. Yada salaq ki, 2009-cu ildə Azərbaycan taxılçıları 1 mln hektardan çox sahədən 3 mln tona yaxın taxıl yığıblar ki, bunun 2 mln 140 min tonu buğda olub. Bunlar rekord göstəricilər idi. 

Bu il əkin kampaniyası uzanıb və demək olar ki, dekabrın axırında başa çatıb. İlkin məlumatlara görə,  özəl və dövlət toxumçuluq təsərrüfatları 177 min ton yüksək reproduksiyalı buğda əldə ediblər. Bu, səpin kampaniyasını sürətli və uğurla gerçəkləşdirməyə imkan verir. Ancaq əkin materialının olması heç də səpinin keçənilki miqyasda və müddətdə başa çatması demək deyil. 

2009-cu ilin əkin qrafikini qabaqkı illə müqayisə etdikdə geriliyin on minlərlə hektar təşkil etdiyini görmək olar. Əkin kampaniyasının templərini analiz edərək, bu nəticəyə gəlmək olur ki, bəzi fermerlərin taxıl bitkiləri istehsalına marağı artıq əvvəlki səviyyədə deyil.  Bunun əsas səbəbi topdan alış qiymətlərinin çox aşağı (10-13 qəpik) olması, həmçinin taxıl anbarlarının yoxluğu ilə bağlıdır, kəndlilər saxlamağa yeri olmayan bol məhsulun göz önündə zay olmasından çox narahat idilər. Elə təsərrüfatlar da var ki, bundanqabaqkı mövsümdə də zərər çəkmişdilər. Təbii ki, dövlət yardımlarının davam etdirilməsinə baxmayaraq, fermerlər əkin strategiyasını dəyişərək, kənd təsərrüfatının daha gəlirli sahələrinə üstünlük verirlər. 

Respublika KTN-in iqtisadiyyat şöbəsinn müdiri İslam İbrahimovun sözlərinə görə, fermerlərə subsidiyalar verilməsi 58 rayonu əhatə edir və kəndlilər 60 mln manata yaxın alacaqlar. Bir hektar əkin sahəsi üçün 80 manat verilir, bunun yarısı yanacaq və sürtkü yağları üçün nəzərdə tutulub. Ancaq bəzi yerlərdə subsidiyalar vaxtında verilmədi və bu da əkin kampaniyasının gecikməsi ilə nəticələndi. O cümlədən, kənd təsərrüfatı naziri İsmət Abbasov da bildirib ki, bəzi ənənəvi taxılçılıq rayonlarında əsassız olaraq yoxlamalar aparılıb və bu da bir neçə ay çəkib, "son nəticədə bu da belə nəticələrə gətirib". Onun fikrincə, bu məqamlar əkin sahələrinin azalmasında müəyyən rol oynadı. 

Ancaq əkin sahələrinin azalması narahatlıq üçün əsas vermir. Birincisi, bizdə Taxıl Fondu fəaliyyət göstərir və dövlət taxıl ehtiyatlarının formalaşması, lazım gələndə yerli bazarda qiymətin həddindən çox artırılmasının qarşısının alınması məqsədləri ilə Nazirlər Kabineti Dövlət Taxıl Fondunda saxlanmaq üçün idxal edilən taxılın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi barədə qərar qəbul edib. İkincisi, idxalçılar taxıl gətirməyə davam edirlər ki, bu da yerli bazarı sığortalayır. 

İstənilən halda, bu il Azərbaycanda buğda istehsalında rekord gözlənilmir, bu hal ölkənin ərzaq təhlükəsizliyi baxımından qorxulu olmasa da, müvafiq qurumların diqqətini tələb edir. 


MƏSLƏHƏT GÖR:

616