5 Dekabr 2025

Cümə, 22:24

NAĞDI QOYUB, NİSYƏNİ AXTARMAZLAR…

Azərbaycan öz qazını real alıcılara satmağı qərara alıb

Müəllif:

15.01.2010

2010 - cu ilin başlanması ilə Avropanın enerji təhlükəsizliyi, qaynaqların və Xəzər regionundan qazın nəqli yollarının diversifikasiyası ətrafında qalmaqal yenidən vüsət almağa başaldı. Artıq bu qalmaqalın iştirakçısı olan ölkələrin təmsilçilərinin qeyri-adi çıxışları və qərarları ekspert və analitikləri təəccübləndirmir. Çünki zaman həm alıcılar, həm də satıcılar üçün gərgin keçir. Problemin hələ də həll edilmədiyi bu durum, heç kim üçün əlverişli deyil, amma bununla yanaşı, konkret sənədlərdə əksini tapmış qərarların əldə edilməsinə də heç kim nail olmur. 

Ədalət naminə demək lazımdır ki, Azərbaycan tərəfi uzun müddət "Nabucco" probleminin həllini, Türkiyə ilə qiymət məsələsinin nizamlanmasını və qazın Avropaya daşınması üzrə ümid verən boru kəməri layihələrini çox gözlədi. Ancaq bu sonsuz danışıqların hər günü "Şahdəniz"dən qazın çıxarılmasının ikinci mərhələsinin başlanmasını uzaqlaşdırırdı, bu isə layihə səhmdarlarının narazılığı deməkdir ki, indiyə kimi Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərində belə vəziyyətə nadir hallarda rast gəlinib. Ona görə də iqtisadi cəhətdən əlverişli və artıq danışıqlar başağrısı tələb etməyən  təkliflərlə razılaşmaqdan başqa yol qalmır. 

 

 

Real alıcılar 

1 yanvar 2010-cu il tarixdən Azərbaycan Rusiyaya qaz satışına başlayıb. KİV-in verdiyi məlumata görə, ilkin mərhələdə sutkada 1,5 mln kub.m qaz ötürüləcək və bu, Rusiyanın cənub rayonlarının təchizatı üçün nəzərdə tutulub. Yada salaq ki, Azərbaycan qazının alqı-satqısı üzrə uzadılması mümkün olan ortamüddətli saziş SOCAR (ARDNŞ) və "Qazprom"  arasında Bakıda 14 oktyabr 2009-cu il tarixdə bağlanılıb və 2010-2014-cü illəri əhatə edir. Sazişə görə, Azərbaycan tərəfi hər il Rusiyaya ən azı 500 mln kub.m qaz yollayacaq. Əsas məsələ də budur, sazişdə qazın yuxarı həddi göstərilməyib, yəni  SOCAR göndərə biləcəyi qazın həcmi barədə yarım il qabaq xəbərdarlıq etməlidir. Və Azərbaycan tərəfi bu imkandan sürətlə yararlandı. Artıq 2009-cu ilin sonlarında ARDNŞ prezidenti  Rövnəq Abdullayev bildirmişdi ki, Azərbaycanın ötürüləcək qazın həcmlərini artırmağa imkanı var: "2010-cu ildə biz Rusiyaya bir milyard kubmetrdən artıq qaz göndərəcəyik".

Ola bilər ki, bu, sadəcə üst-üstə düşmədir, amma sözügedən bəyanat məhz Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyədə  olduğu günlərdə səslənib. Bəllidir ki, qonşu ölkənin gələcəkdə bizdən almaq istədiyi qazın qiyməti bu gün müxtəlif səviyyələrdə müzakirə edilən önəmli məsələlərdəndir. Artıq danışıqların 10-dan artıq mərhələsinin arxada qalmasına baxmayaraq, onlar bu günə kimi heç bir nəticə verməyib. Bu barədə heç bir rəsmi açıqlama verilməsə də, qiymət məsələsinə Azərbaycan xarici işlər nazirinin səfərində də baxılması mümkündür, olubsa, deməli, bu danışıq da nəticəsiz qalıb. Sonradan Türkiyə KİV, fevralda Azərbaycan və Türkiyə arasında qazın yekun qiyməti barədə razılaşma əldə ediləcəyi və qiymətin min kubmetrə görə indiki $120-dan $399-a qədər artacağı barədə məlumat yaysalar da, Türkiyənin Energetika və Təbii Qaynaqlar Nazirliyinin təmsilçisi bu məlumatları təkzib etdi  və bəyanat verdi ki, tərəflər hələ ki, məsələnin müzakirəsini davam etdirirlər. Bununla yanaşı, o, gələn ay məsələdə konsensus əldə edilə biləcəyini istisna etməyib və bildirib ki, bu, danışıqların gedişindən asılı olacaq. 

Bununla yanaşı, "ehtimal" heç də gerçəklik demək deyil, reallıq isə, yuxarıda deyildiyi kimi, Azərbaycanı çox sürətlə öz qazı üçün alıcı tapmağa məcbur edir. Yalnız 2010-cu ildə Azərbaycanda 28 mlrd kub. m-dən çox qaz çıxarılacaq və bu, "Şahdəniz"in ikinci mərhələsi olmadan gerçəkləşəcək. Yəni artıq indi ölkənin satılmalı sərbəst qaz həcmləri var. Və artıq bu gün Rusiya ilə yanaşı Azərbaycanın daha bir real alıcısı - İran da mövcuddur, uzadılması mümkün olan uzunmüddətli beşillik saziş bu ölkəyə ildə 5 mlrd kubmetrə qədər qaz satışını nəzərdə tutur. Qeyd edək ki, bp-nin məlumatına görə, 2008-ci ildə İranda qaz hasilatı 116,3 mlrd kub.m olduğu halda, istehlak 117 mlrd kubmetr təşkil edib. Azərbaycan qazı bu ölkənin qaz yataqlarından uzaq olan şimal regionlarına ötürüləcək. 

 

 

Türkmən  yolayırıcı 

Beləliklə, Azərbaycan artıq öz qaz alıcılarını müəyyən edir. Gələcək üçün ixrac prioriteti olaraq Avropa qalmaqdadır, amma hələ ki bu gün Köhnə Dünya üçün yanacaq daşınması marşrutu ritorik məsələdir. Avropalıların özləri tərəfindən əsas sayılan və lobbiləşdirilən "Nabucco" layihəsi hələ ki "bankrot"  elan edilməyib, amma rəsmi şəxslərin açıqlamalarında müəyyən pessimizm çalarları görünür və artıq bir çox KİV-lər və ekspertlər onun iflasını proqnozlaşdırırlar. Və məsələ burada təkcə Azərbaycanla bağlı deyil. "Nabucco"nun tabutuna iri mismarlardan birini qaz kəmərinin layihələşdirilməsi zamanı istinad edilən əsas ölkələrdən biri olmuş Türkmənistan vura bilər. 

6 yanvar 2010-cu il tarixdə Türkmənistan-İran qaz kəmərinin ikinci qolu istismara verildi və bu, İrana təbii qaz ixracını ildə 20 mlrd kubmetrə qədər artırmağa imkan yaradır. Bir az öncə - 2010-cu ilin dekabrında isə Türkmənistanda bu ölkənin rəhbərləri ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Çin rəhbərlərinin iştirakı ilə Türkmənistan-Çin qaz kəmərinin təntənəli açılışı da keçirilmişdi. Uzunluğu 7 min kilometr olan "Əsrin qaz kəməri" ildə Çinə 40 mlrd kub.m qaz ötürməyə imkan verir. Bundan başqa, 2010-cu ilin yanvar ayında türkmən qazının Rusiyaya ildə 30 mlrd kubmetr olması nəzərdə tutulan ixracı başlayıb. 

Beləliklə, Türkmənistanın bir neçə yeni istiqamətə öz qazını satması, həmçinin Rusiya ilə qaz münasibətlərini bərpa etməsi, istənilən halda, "Nabucco"ya münasibətini soyuda bilər. Bu heç də layihə üçün qaz çatmamsı demək deyil, ölkənin ehtiyatları çox böyükdür. BP-nin məlumatına görə, Türkmənistanın sübut edilmiş ehtiyatları 2009-cu ilin əvvəllərinə 7,94 trln kub.m təşkil edib.  

Bununla yanaşı, dekabrın sonlarında Türkmənistan bir sıra xarici şirkətlərlə dünyanın beş ən iri yatağından biri olan "Cənubi Yolotan" yatağının mənimsənilməsi üçün sazişlər bağlayıb. Bütün layihələrin gerçəkləşdirilməsindən sonra yataqdan ildə 30 mlrd kub.m qaz çıxarılması nəzərdə tutulur. İlkin qiymətləndirmələrə görə, onun ehtiyatları 14 trln kubmetrə qədərdir. Öz qazına tələbin böyük olmasını nəzərə alan ölkə, onun üçün daha yüksək qiymət tələb edə bilər və Rusiya ilə münasibətdə bu edilib də. Bu baxımdan Avropa da istisna deyil. 

Bununla yanaşı, Türkmənistanın rəsmi şəxsləri hələ ki ölkədən enerji ixracı yollarının diversifikasiyası baxımından "Nabucco"da maraqlı olduqlarını bildirirlər. Amma burada da Azərbaycanla olana oxşar mənzərə yaranır, bu layihənin konkret marşrutlarına qoşulmalar barədə sazişlərin bağlanması gündəlikdə durmur. 

Bəllidir ki, "Nabucco"nun əsas qovşaq ölkələrindən biri kimi Türkiyə çıxış edir ki, onun da Türkmənistanla ümumi sərhədləri yoxdur. Ankara və Aşqabat türkmən qazının Türkiyəyə ixracı yollarını hələ 1990-ci illərin ortalarında araşdırıblar və bu məqsədlə texniki iqtisadi əsaslandırma (TİƏ) "Shell" şirkəti tərəfindən aparılıb. Xəzərin dibi ilə qazı Azərbaycana qədər nəql edəcək və buradan da Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyənin Ərzurum şəhərinə qədər ötürülməsinə imkan yaradacaq Transxəzər qaz kəmərinin tikintisi planı da var idi və bu planı heç kim ləğv etməyib.  Layihə çox bahalıdır və ekoloqların müəyyən narazılığına səbəb olur. 

 İkinici variant da var və artıq mövcud marşrutla  İrandan keçir. Bu yaxınlarda Türkiyənin energetika naziri Taner Yıldız Türkmənistan qazının ixracı üçün daha bir marşut variantı da təklif edib ki, bu həm İran,  həm də Azərbaycanı əhatə edir. Daha doğrusu, Türkiyə nazirinin sözlərinə görə, təklif Yıldızın Türkmənistan - İran qaz kəmərinin açılışına qatılmaq üçün Aşqabata səfəri çərçivəsində edilib. Bu variant türkmən qazının İran və Azərbaycandan keçməklə Türkiyəyə svop ötürülməsini nəzərdə tutur. 

Yada salaq ki, İran və Azərbaycanı uzunluğu 1474,5 km  olan Qazıməmməd-Astara-Bind-Biand boru kəməri birləşdirir və bunun  296,5 km-i Azərbaycan ərazisinə düşür. Bu, 1971-ci ildə istismara verilmiş Qazax-Astara-İran boru kəmərinin bir hissəsidir. Onun yolunun üzərində üç kompressor stansiyası - Qazıməmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. 

Boru kəmərinin diametri 1200 mm-dir. İnfrastrukturun çağdaşlaşdırılması İrana sutkada beş milyon kubmetrə qədər qaz ötürməyə imkan verir ki, bu da ildə 1,8 mlrd kubmetr deməkdir. Hazırda infrastruktur ildə 500 mln kubmetrə qədər ötürməyə imkan yaradır. Bu dəfə Türkiyə daha qərarlı görünür və rəsmi Ankara təmsilçilərinin sözlərinə görə, "Türkmənistanla Xəzərdən və ya İrandan keçməklə qaz alınacağı gün uzaqda deyil". 

Deyilənləri yekunlaşdıraraq sadəcə bildirmək olar ki, zaman keçdikcə, "mavi yanacaq" ətrafında çox maraqlı və siyasi motivlərlə qarışdırılmış  oyunun necə bitəcəyini proqnozlaşdırmaq getdikcə daha da çətinləşir. Bayağı səslənsə də, bu məsələnin  necə olacağını da zaman özü göstərəcək...


MƏSLƏHƏT GÖR:

573