14 Mart 2025

Cümə, 10:40

"NARINCI İNQİLAB"dan BEŞ İL SONRA

Qalibdən əsas tələb - ölkədə, ən azı, sabitliyin təmin olunması…

Müəllif:

15.01.2010

Ukraynada prezident seçkisi ərəfəsində namizədlər arasında onsuz da yaxşı olmayan münasibətlər daha da gərginləşib. "Qara piar" tam gücü ilə işə düşüb: ölkənin ən tanınmış siyasətçiləri bir-birlərini qorxaqlıqda, oğurluqda, saxtakarlığa hazırlaşmaqda, seçiciləri ələ almaqda, hətta vətənə xəyanətdə ittiham edirlər.

"Narıncı inqilab"la yadda qalmış son prezident seçkisindən ötən 5 ildən bir qədər artıq müddət Ukrayna üçün asan keçməyib. 2004-2005-ci illərdə hər şey, ən azı, daha sadə və daha anlaşılan idi.

İndi isə hətta ən təcrübəli və məharətli siyasətçilər belə birmənalı proqnozlar verməyə ehtiyat edirlər. Özü də burada söhbət heç də ali kürsü uğrunda mübarizə aparan namizədlərin sayından (onlar 18 nəfərdir) getmir. Bütün sosioloji sorğular göstərir ki, onların arasında qələbəyə real şansı olanlar yalnız hazırkı baş nazir Yuliya Timoşenko və Regionlar Partiyasının lideri Viktor Yanukoviçdir. Söhbət ölkə daxilindəki vəziyyətin olduqca mürəkkəb və qarışıq olmasından gedir. Məhz bu durum üzündən ukraynalı seçicilər qələbə qazanacaq şəxsdən ölkədə sabitliyin təmin edilməsini gözləyirlər.

Aydındır ki, zaman keçdikcə "meydandakı ab-hava" da dəyişib və ukraynalı seçicilər artıq bitib-tükənmək bilməyən siyasi zir-zibil və intriqalardan, işsizlik və korrupsiyadan, nəhayət, zəhlətökən seçki təbliğatından beziblər. Ukraynanın bəzi sakinlərini isə heç bir günahı olmayan pələng qıcıqlandırır. Söhbət Yuliya Timoşenkoya hədiyyə edilmiş və şəkilləri bütün ölkəni bəzəyən "Tiqryulya" ləqəbli heyvandan gedir.

Görünür, qeydiyyat zamanı namizədlərdən birinin öz soyadını qurban verməsi boşuna deyilmiş. Söhbət öz soyadı əvəzinə, Protıvsixi götürmüş (bu söz Ukrayna dilindən "hamının əleyhinə" kimi tərcümə edilir) İvano-Frankovsk Ticarət Palatasının rəhbərindən gedir. 

Həqiqətən də, yanvarın 17-də əksər seçicilərin bütün namizədlərin əleyhinə səs verəcəkləri istisna deyil.

Beynəlxalq Seçki Sistemləri Fondunun ötən il noyabrın 21-30-da Ukraynanın müxtəlif regionlarında keçirdiyi sorğu göstərir ki, seçicilərin 69%-i prezident seçkisinin onlara gələcəkdə ölkənin idarəolunmasında iştirak etmək imkanı verəcəyinə inanmır. 74% isə ümumiyyətlə, Ukraynanın sabit və çiçəklənən gələcəyinə ümid etmir. Respondentlərin əksəriyyəti prezidentlik yarışına qoşulmuş bütün namizədlərin əleyhinə olduqlarını bildiriblər.

Bununla yanaşı, ukraynalıların bir hissəsi yenə də Qərb, digər hissəsi isə Rusiya ilə yaxınlığa can atır. Və onların maraqlarına etinasız yanaşmaq mümkün deyil. 

Bütün bunların fonunda bəzi politoloqlar tam ciddi olaraq, ölkənin ən azı, Şərqi və Qərbi Ukraynaya bölünə biləcəyini düşünür. İnanmaq istərdik ki, ukraynalı seçicilər bu qorxunc ssenarinin həyata keçməsinə imkan verməyəcəklər.

Lakin ukraynalı seçicilər, yuxarıda da qeyd olunduğu kimi, güman ki, məhz Timoşenko ilə Yanukoviç arasında seçim etməli olacaqlar. Ukraynanın hazırkı prezidenti Viktor Yuşşenkonu isə əksər analitiklər çoxdan "hesabdan siliblər". 

O, rəqibləri ilə daim davam edən döyüşlərdən qalib çıxa bilməyib.

"Narıncı inqilab"ın lideri, hərəkat zamanı reytinqi son dərəcə yüksək olan Yuşşenko növbəti prezident seçkisinə çox aşağı reytinqlə qatılıb. Sorğulara əsasən, hazırda Yuşşenkonu dəstəkləyən seçicilər heç 5 % təşkil etmir.

Lakin Ukrayna ictimaiyyətinin antirusiya əhvallı təbəqəsi hələ də onu dəstəkləyir. Bu səbəbdən  prezident təslim olmur və ukraynalı seçiciləri ölkənin demokratik inkişafının yalnız onun əlində olduğuna inandırmağa çalışır. Yuşşenko əmindir ki, onun hakimiyyətdə olduğu 5 il "müstəqil Ukraynanın 18 illik tarixi"ndə ən xoşbəxt dövrdür.

Amma ukraynalı seçicilərin əksəriyyəti nədənsə Yuşşenkoya inanmır və prezident son günləri əməlli-başlı çaşqınlıq içərisində keçirir. KİV-də Yuşşenkonun seçkidəki bəzi rəqibləri ilə birləşməyə cəhd göstərməsi haqda yer alan daimi məlumatlar da bunun göstəricisidir. Yeni ilin ilk günlərində belə məlumat yayıldı ki, guya prezident milli-demokratik qüvvələrin seçkiyə vahid namizədlə qatılması istiqamətində danışıqlar aparır. Bəlkə də bu danışıqlar həqiqətən aparılıb və nəticə yalnız ona görə əldə edilməyib ki, Yuşşenko həmin "vahid namizəd" kimi özündən başqa heç kəsi görmür. Prezidentin mümkün müttəfiqləri kimi sabiq müdafiə naziri Yuri Kostenko, "Dəyişikliklər cəbhəsi"nin lideri, Ali Radanın sabiq spikeri Arseni Yasenyuk və "Azadlıq" milli birliyinin lideri Oleq Tyaqnibokun adları çəkilirdi.

Lakin yanvarın 4-də Qritsenko bütün "məsləkdaş"ları adından Yuşşenko ilə seçkiqabağı alyansın yaradılmasına dair danışıqlar aparmaları haqda məlumatları təkzib edib. Ukrayna Xalq Partiyasının lideri Yuri Kostenko isə bir qədər sonra bildirib ki, o, seçkiyə vahid namizədlə qatılmanı yalnız Yuliya Timoşenkonun da onlara qoşulmayacağı təqdirdə məqbul hesab edir.

Bundan əvvəl Yuşşenkonun Yanukoviçlə əməkdaşlıq haqda razılığa gələ biləcəyi də bildirilirdi. Ukrayna prezidenti katibliyinin sabiq rəhbəri Yaroslav Kozaçok iddia edirdi ki, prezidentlə Yanukoviç artıq razılığa gəliblər və seçkinin ikinci turunda Yuşşenko Regionlar Partiyasının liderini dəstəkləyəcək. Əvəzində isə baş nazir postu hazırkı dövlət başçısına həvalə olunacaq.

Regionlar Partiyasının nümayəndələri bu məlumatları dərhal "yalan və təxribat" adlandırıblar. Yuşşenko isə dəfələrlə bəyan edib ki, o, ikinci tura keçərsə, Yanukoviç heç zaman prezident olmayacaq.

Bütün bunlarla yanaşı, məhz Yanukoviçin prezidentlik iddiaları daha real görünür. O, əvvəlkitək Şərqi Ukraynanın rusdilli əhalisinin dəstəyinə malikdir. Üstəlik, Yanukoviç Ukraynanın çoxsaylı yanlışlıqlara yol vermiş hazırkı "narıncı" hakimiyyətinə qarşı olmaqla da əlavə dividendlər qazanmaqdadır.

Hamıya yaxşı tanış olan Yuliya Timoşenko isə özünü yeni simada təqdim etməyə çalışır. O, "inqilabçı" keçmişindən imtina etməsə də, var gücü ilə göstərməyə çalışır ki, indi onunla keçmiş müttəfiqləri arasında böyük fərq var. Amma əlbəttə ki, hökumətin yanlışlıqları və korrupsiya ilə bağlı ittihamlar baş nazirin imicinə ciddi zərbə vurur. Müxtəlif sorğulara əsasən, Yanukoviç Timoşenkonu 10-17% üstələyir. Amma bu, Regionlar Partiyasının liderinin ilk turda qələbə qazanması üçün kifayət etmir: bunun üçün ilk turda 50%-dən artıq səs qazanmaq gərəkdir. Kiyevin Beynəlxalq Sosiologiya İnstitutunun açıqlaması göstərir ki, Yanukoviçin maksimal reytinqi 40% civarındadır.

Beləliklə, Ukraynada prezident seçkisinin ikinci turu qaçılmazdır. Əksər ekspertlər hesab edir ki, fevralın 7-də keçirilməli olan ikinci turda hər şeyi seçicilərin Timoşenko və ya Yanukoviçə simpatiyası yox, onlardan hansınınsa əleyhinə səs vermək istəyi həll edə bilər. Ukraynada keçiriləcək prezident seçkisinin fərqliliyi də məhz bundadır.

Sosioloqlar yekunda Yanukoviçin mübarizədən qalib ayrılacağını düşünürlər. Kiyevin Beynəlxalq Sosiologiya İnstitutunun araşdırması göstərir ki, ikinci turda "regionçular"ın lideri 57,3, Timoşenko isə 39,8% səs qazanacaq.

Seçkidən sonra hadisələrin necə inkişaf edəcəyinə gəlincə, bu haqda müxtəlif fikirlər var. Əsas sual isə ondadır ki, Yanukoviç və ya Timoşenko qələbədən sonra hakimiyyəti qoruyub-saxlaya biləcək, ya yox...

Belə hesab olunur ki, bu məsələdə baş nazirin işi daha asandır. Hər halda, onun tabeliyində olan hökumət var və üstəlik, Timoşenko parlamentdə çoxluğa malikdir. Yəni ümumilikdə vəziyyət belədir ki, Timoşenkonun pauza götürmək, vəziyyəti izləmək, yeni rola uyğunlaşma və bundan sonra ciddi və işgüzar komanda formalaşdırmaq üçün kifayət qədər vaxtı olacaq.

Yanukoviçə gəlincə, prezident kürsüsündə o, güman ki, parlamenti buraxmalı olacaq. Bu, Yanukoviçə parlamentdə partiyasının daha çox yer qazanması və hakim koalisiyanı formalaşdırması üçün lazımdır. Bundan əvvəl isə Yanukoviç, yəqin ki, yeni koalisiyanın yaradılmasınadək hökumətə başçılıq edəcək Timoşenkonun müqaviməti ilə qarşılaşmalı olacaq. Yeri gəlmişkən, qeyd edək ki, Yanukoviç Ukraynada növbədənkənar parlament seçkisinin mümkün olduğunu artıq bəyan elib. O, bu haqda "Komsomolskaya pravda v Ukraine" nəşrinə müsahibəsində bildirib.

Əlbəttə, həm Timoşenko, həm də Yanukoviç, yəqin ki, qanunvericiliklə prezidentə daha çox səlahiyyətin verilməsinə, Ukraynada maksimum prezident idarəçiliyinin yaradılmasına çalışacaqlar. Amma əvvəlcə həmin səlahiyyətlərə, həmçinin hökumət başçısının səlahiyyətlərinə nəyin daxil olduğunu müəyyənləşdirmək pis olmazdı. Ölkə konstitusiyasında dəyişiklik edilməsə, prezident və baş nazir postunu kimin tutmasından asılı olmayaraq, onlar arasında "döyüş" davam edəcək. Bunun ölkəyə təsirinin necə olacağını isə hər kəs yaxşı bilir...

Bundan başqa, hazırda müxalifət partiyası adlandırılan Regionlar Partiyasının lideri müəyyən dərəcədə "qərbləşməli" də olacaq. Bu, ölkənin xarici siyasətində sabitliyin saxlanılması üçün vacibdir. Son illərin təcrübəsi göstərir ki, xarici siyasət Ukraynanın daxili durumuna ciddi təsir göstərir. Düşünmək olar ki, Moskva Yanukoviçin Qərbə tərəf "gözucu baxmasını" ona bağışlayar. Axı "regionçular"ın lideri həddini aşacağı təqdirdə, Rusiya hər an əlindəki təzyiq rçaqlarını işə sala biləcək.

Yuliya Timoşenko isə "ruslaşmalı" olacaq. Özü də qeyd etmək lazımdır ki, bu onda heç də pis alınmır. Kreml Yuşşenkonu hesabdan silsə də, Timoşenkoya münasibət fərqlidir. Rusiyanın baş naziri Vladimir Putin və onun ukraynalı həmkarı Yeni il və Milad bayramlarında bir-birlərinə xoş sözlər söyləməklə yadda qalıblar. Putin ümid edir ki, 2010-cu ildə iki ölkə hökuməti "Rusiya və Ukrayna xalqlarının maraqları çərçivəsində nəhəng birgə layihələrin reallaşdırılması üzərində işi davam etdirəcək"//...

Bu arada Avropa İttifaqının üç ən nüfuzlu üzvü - Almaniya, Fransa və Böyük Britaniya Ukraynada keçirilən prezident seçkisində namizədlərdən heç birini dəstəkləmədiklərini bəyan ediblər. Bununla yanaşı, Berlin, Paris və London Ukraynanı "iqtisadi cəhətdən güclü və demokratik dövlət kimi görməyi arzuladıqlarını" da bildirib.

Avropa dövlətləri Moskvanın Kiyevlə "mehriban münasibət"inin olmasını da arzulayırlar.  Nəzərə alsaq ki, Rusiya ilə Ukrayna arasında yaşanan "qaz qalmaqalı" Avropa İttifaqı üçün hansı nəticələri verir, avropalıların motivini başa düşmək olar.

Əksər siyasətçi və politoloqlar isə Ukrayna üçün seçkisonrakı durumun heç də xoş olmayacağını düşünür. Məsələn, kommunistlərin lideri, solçu və sol mərkəzçi qüvvələr blokundan prezidentliyə namizəd Pyotr Simonenko ölkədə sosial partlayışın olacağını proqnozlaşdırır. Onun fikrincə, bir sıra ictimai problemlərin hələ də həllini tapmaması məhz belə sonluq vəd edir. Simonenko həmçinin əmindir ki, Ukrayna hazırda, faktik olaraq, defolt ərəfəsindədir.



MƏSLƏHƏT GÖR:

516