TEHRANDA SAKİTLİK POZULUB…
Daxilində olduğu kimi, ətrafında da durumun mürəkkəbləşməsinə baxmayaraq, region dövlətləri Iranın problemlərini sülh yolu ilə çözmək niyyətindədirlər
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
2009-cu ilin dekabrı və 2010-cu ilin ilk ongünlüyü İranın Tehran, Təbriz, İsfahan və digər şəhərlərində hökumət əleyhinə kütləvi etiraz aksiyaları ilə yadda qaldı. Əslində, İslam Respublikasında bu cür aksiyalar ötən il keçirilmiş prezident seçkisindən sonra mütəmadi olaraq baş verirdi. Lakin son aksiya miqyası ilə özündən əvvəlkilərdən xeyli fərqləndi. Bu da yəqin ki, onun tanınmış dini lider ayətulla Müntəzirinin dəfn mərasimi və şiələr üçün matəm sayılan Aşura ilə üst-üstə düşməsi ilə əlaqədardır.
Qeyd edək ki, Müntəziri hazırkı İran hakimiyyətini sərt tənqid etməyi ilə tanınırdı.
Bu gün küçələrə çıxan yüz minlərlə nümayişçi yalnız ötən il keçirilmiş prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz etmir, həm də İranın hazırkı hökumətini sərt tənqid edir, ölkədə siyasi və sosial islahatların keçirilməsi tələbini irəli sürür. Müxalifətə, son prezident seçkisində Mahmud Əhmədinejatın əsas rəqibi olmuş sabiq baş nazir Mirhüseyn Musəvi, həmçinin İran parlamentinin eks-spikeri Mehdi Kərrubi kimi böyük siyasi fiqurlar rəhbərlik edir. İslam Respublikasının sabiq prezidenti Rəfsəncani və Hatəmi də onlara fəal dəstək verir.
Müxalifət iddia edir ki, Tehranda keçirilən mitinqi dağıtmaq üçün dekabrın 26-da hökumət ağır hərbi texnikadan istifadə edib və nəticədə Qərb KİV-nin məlumatına görə 15-30 arasında nümayişçi həlak olub. Müxalifətin hesablamalarına görə, ötən ilin yayından keçən dövr ərzində öldürülən müxalifət fəallarının sayı 200-ə çatıb. Yaralananlar və həbs edilənlərin sayı isə minlərlədir. Bununla yanaşı rəsmi mənbələr isə 26 dekabrdakı qarışıqlıqda 4 nəfərin həlak olduğunu, 300 adamın isə saxlanıldığını iddia edir. Analitiklərin fikrinə görə hökumət sərt addımları ilə ölkədə situasiyaya nəzarəti əldə saxlamaq üçün hər şeyə gedəcəyini nümayiş etdirmək fikrindədir. Bu günlərdə, hətta Musəvi ilə Kərrubinin fiziki mənada aradan götürülməsinə çağırışlar da edilir. Amma belə çağırışların tamamilə əks-effekt verməsi və xalqda narazılığı daha da artırması istisna deyil. Müxalifət liderlərinin iddiasına görə, rejim etirazları istənilən vasitə ilə yatırmaq üçün repressiyaları gücləndirir. Daxili işlər naziri Mustafa Məhəmməd Həcər bəyan edib ki, Aşuradan sonra mitinqlərdə iştirak edəcək hər kəs Allaha qarşı mübarizə aparmış şəxs və milli təhlükəsizliyin düşməni sayılacaq. Bu isə həmin şəxslərə qarşı edam hökmünün çıxarılacağı anlamına gətirir.
İran hökuməti "Amerikanın səsi", BBS kimi İnternet saytlarının, "Zamane" və "Fərda" radiolarının, həmçinin İsrail radiosunun, "Ranqaranq" peyk telekanalının və digər KİV-in ölkədə təxribata yol verdiyini də açıqlayıb. Ümumilikdə, Tehran Qərb təşkilatlarından 60-nın ölkədə fəaliyyətini qanunsuz elan edib. Onların arasında ABŞ, İsrail, Böyük Britaniya və Almaniyaya məxsus müxtəlif mərkəzlər, Soros, Karneqi, "Yeni Amerika" və "İranda demokratiya" fondları da var.
"İTAR-TASS" Tehrandakı məlumatlı mənbələrə istinadən xəbər verir ki, iranlı fiziki və hüquqi şəxslərin adıçəkilən qurumlarla istənilən əlaqəsi, həmçinin onlardan həm nağd, həm də istənilən digər yolla maliyyə vəsaitinin alınması qeyri-qanuni əməl sayılacaq.
Lakin bütün bunlar da bir nəticə vermir. Daha yaxşı təşkil olunmuş formada fəaliyyət göstərən "yaşıl" müxalifət hərəkatının lideri Mirhüseyn Musəvi rejimlə sonadək mübarizə aparmağa hazır olduğunu, ədalətə nail olmaq üçün həyatını qurban verməkdən belə çəkinməyəcəyini bəyan edib. O, hakimiyyəti İran küçələrində yaşanan qanlı vakxanaliyaya görə məsuliyyəti üzərinə götürməyə çağırıb. Musəvi və tərəfdarları maksimum demokratik və şəffaf təkrar prezident seçkisinin keçirilməsini tələb edir. Müxalifət liderləri hakimiyyətdən siyasi məhbusların azad olunmasını, xalqa azad mətbuat zəmanəti verilməsini, mitinq və nümayişlərə şərait yaradılmasını, digər zəruri hüquqların bərpasını tələb edib.
Digər müxalifət lideri Kərrubi də oxşar tələblər səsləndirib. İran siyasi meydanının ağırçəkili nümayəndələrindən olan eks-prezident Rəfsəncani də həmkarları ilə həmrəy olduğunu bildirib. Qeyd edək ki, hazırda Rəfsəncani iki vacib islam strukturuna rəhbərlik edir - Ekspertlər Şurası və çıxarılan qərarların məqsədəuyğunluğunu müəyyənləşdirən Assambleya.
İslam Respublikasının rəhbərliyi üçün baş verənlərə haqq qazandırmaqdan ötrü hazırda yürütdüyü siyasətə dini don geyindirmək də getdikcə daha da çətinləşir. Hakimiyyəti tənqid edənlər arasında əvvəllər də çoxlu sayda nüfuzlu ruhanilər olub. İndi isə onların sayı daha çoxdur. Bu heç də təəccüblü deyil. Digər dini cərəyanlar kimi, şiəlik də xalqın idarəedilməsi və manipulyasiyalar üçün yox, zalım hakimiyyətlə mübarizəyə daha yaxşı yarayır. Məhz bu səbəbdən İran hakimiyyəti fəal şəkildə antiamerika və antiisrail kartları ilə oynamaqdadır. Rəsmi dairələr daxili təlatümlərin Qərbin işi olduğunu, müxalifətin Qərbin casusu kimi fəaliyyət göstərdiyini iddia edir. Qarşı tərəf isə bu ittihamları absurd adlandırır. Çünki hazırda hakimiyyətə qarşı mübarizə aparan şəxslərin (Musəvi, Rəfsəncani, Müntəziri, Hatəmi, Kərrubi və sairlərin) İslam inqilabı və İslam Respublikasının qurulmasında xidmətləri prezident Əhmədinejat və onun silahdaşları ilə müqayisədə xeyli çoxdur.
Əksər müşahidəçilər və analitiklərin fikrincə, İranda baş verənlər getdikcə daha çox 1979-cu ildə şah rejiminin devrilməsi ilə nəticələnmiş hadisələri xatırladır. Hazırda yalnız İranın hakim elitası yox, bütünlükdə cəmiyyətdə ciddi parçalanma hökm sürür. Artıq yuxarıda qeyd etdiyimiz kimi, tələbə kütlələri, ziyalılar, orta təbəqədən olan şəhər əhalisi, sahibkarlar Əhmədinejatın daxili və xarici siyasətinin "dalana dirəndiyini" düşünürlər. Hakimiyyəti isə hakim elitanın mühafizəkar əhval-ruhiyyəli hissəsi, güc strukturları, uzaq əyalətlərin geridə qalmış və yoxsul əhalisi dəstəkləyir. Hakimiyyətin pul yardımı, subsidiyalı ərzaq və yanacağa öyrəncəli olan bu təbəqəsi, indən sonra da iqtidarı dəstəkləməyə hazırdır.
Amma unutmaq olmaz ki, şah rejiminin devrilməsində Əhmədinejatın özü də iştirakçılardan biri olub və deməli 1979-cu ildə baş verənlərin bir də təkrarlanmasına yol verməmək üçün yetərli təcrübəyə malikdir.
Amma bürokratik maneələr, həddindən artıq sosial öhdəliklər, hərbi və xarici siyasi ambisiyalarla yüklənən İran iqtisadiyyatı ciddi çətinliklərlə üzləşib. Bunun fonunda nüvə proqramını məhdudlaşdırmağa razı olmayan Tehranı beynəlxalq ictimaiyyət tərəfindən əlavə iqtisadi sanksiyalar da gözləyir.
Xatırladaq ki, 2009-cu ilin oktyabrında MAQATE Tehranın nüvə proqramının həllinə nail olmaq üçün təkliflə çıxış edib. Qurum İrana 2009-cu ilin sonunadək, təxminən, 1,1 min kiloqram zəif zənginləşdirilmiş uranı Rusiyaya göndərməsini təklif etmişdi. Rusiyada uran lazımi dərəcəyədək zənginləşdirilərək Fransaya göndərilməli, burada da yanacağın özəyi hazırlanmalı idi. Bundan sonra həmin uranın təhqiqat reaktorunda istifadə edilməsi üçün İrana qaytarılması təklif olunurdu. Lakin İran sonda bu təklifləri rədd edərək, yanacaq özəyini yalnız öz ərazisində dəyişməyə razılıq verdi. Beləliklə, İranın nüvə problemi ilə məşğul olan vasitəçi "altılıq" (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) seçim qarşısında qalıb: ya yeni sanksiyalar haqda çətin qərarların qəbulu, ya da İran probleminin həllində gücsüz olduqlarının etirafı.
ABŞ Konqresinin Nümayəndələr Palatası isə artıq prezident Barak Obamanın təklif etdiyi yeni qanun layihəsini dəstəkləyib. Sənəd İrana neft məhsulları ixrac edən bütün xarici şirkətlərin ABŞ-da biznes qurmasına qadağanı nəzərdə tutur. Ekspertlər hesab edir ki, bundan sonra İran banklarının dünyanın maliyyə bazarlarındakı əməliyyatlarına da sanksiyalar tətbiq ediləcək. İranın dəniz daşımalarının sığortalanmasına məhdudiyyətlərin qoyulması da mümkündür.
Bütün bunlar isə əlbəttə ki, İranda həyat səviyyəsinə ciddi şəkildə öz təsirini göstərəcək.
Amma yeni sanksiyaların Rusiya, Çin və Hindistan tərəfindən dəstəklənəcəyinə hələ ki, əminlik yoxdur. Amerikanın özü də danışıqlar üçün yer saxlamağa çalışır. Bunu bir müddət əvvəl Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton da açıq şəkildə bildirib.
Hər halda, Ağ evin indiki administrasiyası fəaliyyətə başlayan zaman Corc Buş hakimiyyətini Tehranla razılığa gələ bilməməkdə günahlandırırdı. Dövlət başçısı səlahiyyətlərinin icrasına başladıqdan az sonra, Obama İranın dini lideri ayətulla Əli Xameneiyə bir sıra mesajlar göndərib, onu dialoqa çağırıb, hətta müsəlmanların Yeni ili münasibətilə iranlıları təbrik də edib. Lakin Amerika lideri bu addımlarına müsbət cavabı hələ də ala bilməyib.
Qərblə İranın onsuz da yaxşı olmayan münasibətləri Ərəbistan yarımadasının cənubundakı situasiya ilə daha da gərginləşib. Söhbət uzun müddətdir Tehranın dəstəklədiyi qiyamçı zeyditlərlə (Yəmən şiələri) mərkəzi hakimiyyət arasında silahlı mübarizənin davam etdiyi Yəməndən gedir. Bir müddət əvvəl, məlum olub ki, bu ölkənin ərazisində "Əl-Qaidə" beynəlxalq terror şəbəkəsinin düşərgəsi də var imiş. Amerikaya məxsus təyyarəni partlatmağa cəhd etmiş nigeriyalının da məhz Yəməndə təlim keçdiyi üzə çıxıb.
Bu hadisələrin fonunda Vaşinqton nəinki ABŞ kəşfiyyatının zəifliyini açıq şəkildə etiraf edib, Yəmən hökumətinə Tehran tərəfindən dəstəklənən qiyamçılarla mübarizə üçün hərbi yardımı iki dəfə artırdığını da açıqlayıb.
İran prezidenti isə hamıya nümayiş etdirmək istəyir ki, nə daxili, nə də xarici təzyiqlər qarşısında geri çəkilmək fikrindədir. İslam respublikasının hökuməti Livan, İraq və Yəməndə mübarizə meydanını genişləndirir. Tehranın qarşıdurmanı davam etdirmək niyyətini prezident Əhmədinejatın bu günlərdə verdiyi sürrealist əmr də nümayiş etdirir. O, İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı və Britaniya qoşunlarının İrana girməsi nəticəsində ölkəyə dəymiş zərərin hesablanması üçün xüsusi qrupun yaradılmasına qərar verib. Prezidentin sözlərinə görə, həmin müharibə nəticəsində İran Böyük Britaniya və SSRİ-dən daha çox ziyan çəkib.
İranın daxili və xarici mübarizəsinin nə ilə başa çatacağını söyləmək çətindir. Bir şey məlumdur ki, yeni başlamış 2010-cu il bu ölkə üçün ciddi sınaqlar vəd edir. İrana qonşu olan dövlətlərin situasiyanı narahatlıqla izlədikləri və özləri üçün risqi minimuma endirməyə çalışdıqları məlumdur. Artıq qüvvədə olan və planlaşdırılan sanksiyalara baxmayaraq, region dövlətləri Tehranla rəsmi münasibətləri davam etdirir, enerji sahəsində onunla əməkdaşlığı genişləndirir. Ötən ilin sonunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edərək orada bir sıra razılaşmalara imza atıb. Onların arasında Türkiyə şirkətlərinin nəhəng "Cənub Pars" qaz yatağının işlənməsində iştirakını nəzərdə tutan sənəd də var. Razılaşma layihəyə hər il 1 milyard dollar investisiya qoyulmasını özündə əks etdirir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2009-cu ilin sonunda Tehrana etdiyi səfər də uğurlu olub. İran bu ölkəyə 15 günədək baş çəkməyə yollanan azərbaycanlılar üçün viza rejiminin birtərəfli qaydada ləğv olunduğunu açıqlayıb. Tehran adekvat addımın Bakı tərəfindən də atılacağına ümid edir.
Bundan başqa, İranın şimal rayonlarının qazla təchizatı üçün bu ölkəyə Azərbaycan qazının nəqlinə hazırlıq gedir. Sovet İttifaqı dövründən tərəflər arasında mövcud olan boru xətlərinin işlənmədiyi nəzərə alınaraq, ilkin mərhələdə İrana sutkada 1,5-2 milyon kubmetr "mavi yanacaq"ın nəqli nəzərdə tutulub. Müvafiq təmir işlərinin reallaşdırılmasından sonra isə bu rəqəmin ildə 5 milyardadək artırılması planlaşdırılır.
İran prezidenti M.Əhmədinejat öz növbəsində bir müddət əvvəl Tacikistan və Türkmənistana səfərlər edib. Səfər çərçivəsində Dövlətabad-Seraxs-Xageran qaz xəttinin açılış mərasimində iştirak edib. Həmin boru xətti vasitəsilə İran Türkmənistandan ildə 8-20 milyon kubmetr qaz alacaq. İki ölkə, həmçinin Qazaxıstan Mərkəzi Asiya ilə Fars körfəzini birləşdirəcək dəmir yolunun tikintisinə başlamağı da nəzərdə tutub.
Bütün bunlar açıq şəkildə göstərir ki, İranın həm daxilində, həm də xaricində situasiyanın son dərəcə gərgin olmasına baxmayaraq, region dövlətləri qarşılıqlı maraqları nəzərə alaraq, bu ölkə ətrafındakı düyünləri dialoq vasitəsilə və dinc yolla çözməkdə maraqlıdırlar.
MƏSLƏHƏT GÖR:



636

