24 Noyabr 2024

Bazar, 18:46

AİLƏ HÜQUQU

Azərbaycanda BMT-nin uşaq hüquqları üzrə konvensiyasının bəndlərinin yerinə yetirilməsi ilə bağlı qanunvericilik siyasəti gücləndirilir

Müəllif:

01.01.2010

Hazırda Azərbaycanda 7 min uşaq öz bioloji ailəsinə qayıdıb. Bu, 2006-cı ildə prezident İlham Əliyev tərəfindən imzalanmış "Deinstitusional və alternativ himayə" dövlət proqramı nəticəsində baş tutub. Yada salaq ki, bu proqram valideyn himayəsindən məhrum və dövlət müəssisələrində yaşayan uşaqların öz bioloji ailələrinə və ya himayəçi ailələrə qovuşdurulmasına yönəlib. Ancaq onun gerçəkləşdirilməsi uşaq evində və ya internatda tərbiyə alan uşağı övladlığa götürmək istəyən ailələrin çoxunun lazımi vəsaitlərə malik olmaması üzündən çətinləşir. Bununla belə, müəyyən maneələrə baxmayaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  uyğun nazirlik və idarələrin təmsilçilərindən təşkil olunmuş xüsusi şura proqramın gerçəkləşdirilməsi istiqamətində addımlarını  fəallaşdırmaq və hələ də dövlət müəssisələrində qalan 15 min uşağın ailələrə yerləşdirilməsinə yardım etmək niyyətindədir. 

 

Vəsaitləri artırmaq, uşaq evlərini isə azaltmaq 

Deinstitusional və alternativ himayə proqramının çoxdan gerçəkləşdirildiyi Avropa ölkələrində bu proses tamamilə gözlənilən sonuclar verir. Bu ölkələrədə ilk öncə körpəni öz bioloji ailəsinə qaytarmağa çalışırlar. Əgər bioloji valideynlər yoxdursa və ya valideynlik hüququndan məhrum ediliblərsə, onda uşağı çox ciddi qaydada seçilən alternativ ailəyə verirlər. Onlarla xüsusi iş həyata keçirilir. Həmçinin xüsusi patronaj xidmətlər bu proqramın necə gerçəkləşdirilməsinə nəzarət edirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Məmmədova "Region plus"a bildirib ki, Azərbaycanda da eyni üsuldan istifadə olunur. 

Çox vaxt bu ciddi yoxlamalar potensial valideynləri qorxudur. Bu sahədə aparılan araşdırmalar göstərir ki, son zamanlarda Azərbaycanda uşaqları bioloji valideynlərinə qaytarmaq mümkün olmadığna görə onlar üçün himayəçi ailələr seçməyə ehtiyac yaranıb. Çox vaxt müəyyən  maddi çətinliklər yaşayan valideynlər istəyirlər ki, onların uşaqları dövlət hesabına olan uşaq evlərində 16 və ya 18 yaşına kimi qalsınlar, sonra onları ata evinə götürsünlər. Ancaq bu zaman valideynləri uşağın psixoloji durumu az maraqlandırır. Bununla yanaşı, alimlər tərəfindən sübut edilib ki, heç bir, hətta ən nümunəvi uşaq müəssisəsi belə, hətta ən problemli ailəni də əvəz edə bilməz. Yetim uşaqlar isə öz ailələrinə qayıtmaq imkanından məhrumdurlar. "Düşünürəm ki, uşaq evi və internat şəbəkələrini genişləndirməkdənsə, ailə ilə işləmək, ona maddi və psixoloji cəhətdən yardım etmək daha əlverişlidir", - deyə S.Qəhrəmanova vurğulayır. 

Amma istənilən halda deinstitusionallaşdırma üzrə dövlət proqramının gerçəkləşdirilməsinin hər hansı daha önəmli nəticələri barədə artıq 2010-cu ilin ortalarından danışmaq olar. Sonrakı illərdə əhalinin bu proqramla tanış olması və ən aktual uşaq problemlərinin həlli üçün dövlət komitəsi tərəfindən müxtəlif maarifçilik işləri görüləcək. Artıq evlərə yerləşdirilmiş uşaqlara gəldikdə isə hazırda onların ailələrdə hüquqlarının pozulması ilə bağlı problemlər qalmaqdadır. Bu cür problemlərin həlli üçün qanunvericilik bazasının yaradılması məqsədilə dövlət komitəsi tərəfindən  "Məişət zorakılığı haqqında" qanun layihəsi hazırlanıb və hazırda o, ölkə parlamentində müzakirə edilir.

Öz növbəsində  UNICEF-in Bakı ofisində hesab edirlər ki, uşaqların ailələrə verilməsində əsas problem dövlət tərəfindən uşağın saxlanılması üçün ayrılan vəsaitin məbləğinin kiçik olması ilə bağlıdır. "Gəlir aşağıdır. Azərbaycan ailələrinin himayəyə uşaq götürmək istəməməsinin əsas səbəbi də budur", - deyə UNICEF təmsilçisi Rəşid Mustafa bildirir. UNICEF-in Azərbaycanın 300 vətəndaşı arasında apardığı sorğuya görə, rəyi soruşulanların  64%-i uşaq evindən götürülmüş uşağa himayədarlıq etməkdən imtina edib, 6% nə deyəcəyini bilməyib, yalnız 30% razılıq bildirib. Bununla yanaşı, mütəxəssislərin çoxu qeyd edir ki, Azərbaycanı da yetim uşaqların tamamilə könülsüz övladlığa götürüldüyü ölkələr sırasına daxil etmək olar. 

1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva qeyd edir ki, bunun səbəbləri var. "Böyük ehtimalla hər şey mentalitetdən asılıdır. Çoxları uşağı övladlığa götürməzdən əvvəl onun irsiyyətinin "yaxşı"lığını və ya "pis"liyini araşdırır. Məsələn, anasının gəzəyən, atasının içki düşkünü və ya narkoman,  nəslində psixi və ya fiziki  fəsadlar olub-olmadığını soruşurlar. Sizcə, bu doğrudur? Mənim fikrimcə, yox, bu, belə məhrəm məsələyə doğru yanaşma deyil. Artıq müxtəlif psixoloji sınaqlarla təsdiq edilib ki, uşaq bioloji anasının yox, tərbiyə edən anasının dəyərlərinə üstünlük verir. Onun həyata baxışı tərbiyə edən valideynlərinin mühitinə uyğun gələcək", - deyə Əliyeva vurğulayır. Həm də bizdə körpəni övladlığa götürmək istəyənlər, adətən, bir neçə aylıq uşaqlara üstünlük verirlər - uşağın yaşı maksimum bir və ya iki ola bilər. Və bu çox kədərlidir. 

Körpələr evində uşaq maksimum üç yaşa qədər qala bilər. Yaşı dördə çatanda körpəni uşaq evinə göndərirlər. Bununla da onun öz bioloji ailəsinə qaytarılması və ya övladlığa verilməsi şansı azalır. Uşaq böyüdükcə, ailə tapmaq şansı da azalır. "Biz hər şeyi edirik ki, daha çox uşaq körpələr evini tərk edib ailəyə qovuşsun. Ancaq himayəyə götürməzdən əvvəl aydınlaşdırırıq ki, gələcək valideynlər sağlamdırmı, onların psixi durumu  yerindədirmi? Ailənin təminat səviyyəsi də önəmlidir. Qeyd edək ki, hazırda uşaqları daha çox ərsiz qadınlar övladlığa götürürlər. Bunlar tənha analar olduqlarına görə, sabit gəlirlərinin və mənzillərinin olub-olmaması araşdırılır. Bizim uşaq evində körpənin həyatının ilk illərində normal şəraitdə böyümələri üçün hər şeyin - geyim, yemək, peşəkar tibbi xidmətin olmasına baxmayaraq, heç nə ana sevgisini və ana əllərinin hərarətini əvəz edə bilməz", - deyə Əliyeva vurğulayır.

Azərbaycanın yetim uşaqlarını çox həvəslə xarici vətəndaşlar övladlığa götürürlər. 2005-ci ildə Azərbaycanda uşaqların Amerika vətəndaşlarının övladlığa götürməsi ilə bağlı qalmaqal olmasına baxmayaraq, hazırda yerli hakimiyyət bu məsələyə bir vaxtlar elədiyi kimi hər hansısa bir məhdudiyyət tətbiq etmir. Ancaq Sədaqət Qəhrəmanova bildirir ki, bu baxımdan nəzarət həmişə güclü olub. "Xaricilərin övladlığa götürməsinin bir xüsusiyyəti də onların təkcə sağlam uşaqları deyil, həm də fiziki və psixi qüsurları olan uşaqları övladlığa götürmələri ilə bağlıdır. Bu da öz növbəsində müəyyən xeyriyyə məsələsidir. Ən maraqlısı odur ki, bu cür uşaqlara belə ailələrdə çox mehriban yanaşırlar, onları sevirlər və müalicə etdirirlər. Düşünürəm, məhz buna görə bizdə xaricilərin uşaqları övladlığa götürmələri üçün şərait yaradılmalıdır, çünki Azərbaycanın özündə xəstə uşaqları övladlığa götürməyə maraq göstərmirlər. Bizim vəzifəmiz odur ki, onların gələcək taleyi ilə maraqlanaq və biz bunu ildə iki dəfə edirik. Həm də xaricilərin uşaq orqanlarını satmaq üçün övladlığa götürmələri barədə deyilən fikirlərin əleyhinə çıxıram. Bu belə deyil. Xaricilər tərəfindən övladlığa götürülmüş uşaqların vəziyyəti tam normaldır, çünki onların vəziyyəti Azərbaycan dövləti tərəfindən nəzarətdə saxlanılır", - deyə o vurğulayıb. 

S. Qəhrəmanovanın sözlərinə görə, xarici cütlüyə övladlığa götürmək hüququ ilk müraciətdən altı ay keçəndən sonra təqdim olunur. Bu müddətin başa çatmasından sonra, lazımi sənədlər əsasında onlara uşağı öz ailələrinə aparmaq icazəsi verilir. Ancaq mütəxəssisin dediyinə görə, əgər həmin altı ay ərzində uşağı hər hansı Azərbaycan vətəndaşı övladlığa götürmək istəyərsə, onda xaricilərin himayəsindən imtina edilir. Azərbaycan yetimlərinin övladlığa götürülməsi ilə bağlı ən çox müraciətlər Avropa ölkələrindən daxil olur. 

 

Hər bir uşağa diqqət 

"Uşaqların müdafiəsinin islahatı üzrə milli konfrans", "Azərbaycanda ailə himayəsi institutunun yaradılması", Milli Məclisin uşaq hüquqları ilə üzrə xüsusi iclası, "Uşaqlar üçün ədliyyə" mövzularında  beynəlxalq konfranslar. Bütün bu tədbirlər ilin son aylarında Bakıda keçirilib və BMT-nin uşaq hüquqları ilə bağlı konvensiyasının 20 illiyinə, Azərbaycanda Uşaq ilinə yekun vurulması ilə bağlı olub. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2009-cu il Uşaq İli elan edilib. 

Məqsəd Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi məsələləri üzrə qanunvericiliyin islahatına və "Deinstitusional və alternativ himayə" dövlət proqramının gerçəkləşdirilməsinə yüksək diqqət ayırmaqdır. Belə ki, milli konfransın yekunlarına görə, Bakı bəyannaməsi qəbul edilib və orada Azərbaycanda uşaq hüquqlarının gerçəkləşdirilməsi məsələsinin müzakirəsinin nəticələri yer alıb. Sözügedən tədbirlərdə xüsusi qeyd edilib ki, dövlət öz qarşısında məsələ qoyur ki, bütün uşaqlar normal mühitdə yaşamalı və təhsil  hüququnu gerçəkləşdirməlidirlər. 

Başqa sözlə, BMT-nin uşaqların sağlam və savadlı böyüməsi üzrə hüquqları barədə konvensiyasının şərtləri yerinə yetirilməlidir. Uşaqlarla bağlı daha humanist addımlar atılmalıdır; məsələn, əgər Azərbaycanda "Ədliyyənin yuvenal sistemi haqqında" qanun qəbul edilirsə, bu sənəd mütləq ədliyyə sistemində, o cümlədən uşaqlara humanist yanaşma baxımından ciddi islahatlara səbəb olmalıdır. "Milli Məclisdə hələ ki belə qanun işlənilməyib. Ancaq bu heç də ölkənin yuvenal ədliyyə  sahəsində heç bir addım atmadığı demək deyil. Bu məsələlər bizim qanunvericilikdə öz əksini tapıb. İndi söhbət bütün bu məsələlərin ayrıca qanun şəklində tərtib edilməsindədir. İndi qeyri-rəsmi şəkildə olsa da belə bir layihə işlənilib. Yəqin ki, aparılan müzakirələr parlamentdə bu cür qanunun qəbul edilməsi ilə başa çatacaq", -  tədbirdə çıxışı zamanı Azərbaycan parlamentinin sədr müavini Bahar Muradova bu fikirləri səsləndirdi. 

Ölkədə uşaqların hüquqları sahəsində çağdaş qanunvericilik formalaşıb. Bu baxımdan 10 qanun qəbul edilib. Bütövlükdə, Azərbaycanda uşaqların hüquqları barədə 70 qanunda, 10 məcəllədə söhbət açılır. Bundan başqa, bir neçə ildən sonra Azərbaycan ona nail ola bilər ki, ölkənin dövlət büdcəsində xüsusi uşaq büdcəsi də göstərilsin, çünki məktəb yaşına qədər uşaqların inkişafına yönəldilən sərmayələr başqa yaşda olan uşaqlar üçün qoyulan sərmayələrdən daha çox fayda gətirir. 2010-cu ilin büdcəsinə gəldikdə isə uşaq proqramlarının gerçəkləşdirilməsinə yetərincə vəsaitlərin ayrılması nəzərdə tutulub. Elm və təhsil üçün ayrılmış 1 mlrd 250 mln manatın 70%-dən çoxu məktəbə qədər, ilkin peşə və orta təhsil üçün nəzərdə tutulub. Hazırda dövlət tərəfindən 20-yə yaxın təhsil proqramı gerçəkləşdirilir ki, bunun çoxu da uşaqlarla bağlıdır. 

Uşaqlar bizim gələcəyimizdir. Böyüklərin onları necə tərbiyə etməsindən asılı olaraq, onlar da bizə eyni münasibət göstərəcəklər. Dövlətin sonrakı ümumi rifahı məhz bundan asılıdır. Uşaqlar bu dünyaya həssaslıqla  və çox diqqətli nəzərlərlə baxırlar və böyüklər uşağın kimliyini bir az anlamaq üçün hər şeyi etməlidirlər. Biz yalnız bu yolla onları dərk edə və hüquqlarını gerçəkləşdirə bilərik. Uşaqların həyatında isə ən başlıca məsələ ailə olmaqda qalır. 



MƏSLƏHƏT GÖR:

482