24 Noyabr 2024

Bazar, 19:51

HƏR ŞEY ƏLA OLACAQ!

Astroloqların proqnozu belədir: Yeni-2010-cu Pələng Ili bütün münasibətlərdə sevincli, maraqlı və uğurlu olacaq

Müəllif:

01.01.2010

Bir az bayağı səslənsə də, Yeni il ən işıqlı və xoş bayramdır. Məsələ təkcə bəzədilmiş ətrafın göz oxşamasında, əhval-ruhiyyənin yüksək olması, hədiyyələrin verilməsində və şampan köpüklərində deyil. Sadəcə, Yeni il bütün dünyanın bayramıdır. Saat əqrəbi ötən ilin son saniyələrini ölçəndə, anlamağa başlayırsan ki, əhvalının ən yaxşı çağıdır və sən tək deyilsən, Yer üzünün, demək olar ki, bütün sakinləri səninlə həmrəydir. Bu həm də həyatında hansısa nəticələrə gəlmək, yeni mərhələlərə başlamaq baxımından qərar vermək üçün də ən yaxşı vaxtdır. Qısası, hamı üçün hər şeyi təmiz vərəqdən başlamaq şansı yaranır. 

Ancaq əgər buna ehtiyac yoxdursa, onda hər şeyi olduğu kimi saxlamaq da olar. İstənilən halda, hər bir ötən ili biz özümüz üçün çəkilmiş sınaq, imtahan kimi qəbul edirik - kimsə özünə beş qiyməti verir, kimsə də dörd. Amma istənilən halda yeni imtahana başlamaq üçün heç vaxt gec deyil. 

Bu cür ötəri düşüncələr  başımızda, adətən, illər bir-birini qovanda yaranır, buna görə də ad günü kimi yaşımızın bir-birini əvəzlədiyi günlərdə biz öz uğur və nəticələrimizi müqayisə etməkdən uzaq oluruq, çünki bütün həyatımızın irəlidə olduğunu düşünürük. Yetərincə maraqlıdır ki, Yeni ilin bayram əhval-ruhiyyəsi, sadəcə olaraq, bizi xoş  çılğınlıq göstərməyə, uzun müddət "sandıqda" gizli saxladığımız niyyətlərlə bağlı qərarlar verməyə, xeyirxah olmağa və barışmağa meyilləndirir, heç nəyə inanmayan skeptiklər belə astroloqların proqnozlarını dinləməkdən boyun qaçırmırlar. 

Amma bununla yanaşı astroloqlar iddia edirlər ki, Yeni 2010-cu Pələng ili bütün mənalarda maraqlı olmağı vəd edir. Çox işlərdə ciddi dəyişikliklər gözlənilir: hakimiyyətə yeni, istədiyi şeyi əldə etməyi bacaran insanlar gələcək. Biz bir-birimizin gözlərinə baxıb  ötən il baş vermiş işıqlı və maraqlı yeniliklərin davamını istəyəcəyik?! Gözəl gələcəkdir, eləmi? 

 

Sevgi! 

Yeni ildə bu, ən önəmli məsələdir. Sevgi hər yerdə olacaq, biz onu tam varlığımızla hiss edəcək, uşaq kimi sevinəcək və həyatdan ləzzət alacağıq! Bunun izahı çox sadədir: Çin (Şərq) təqviminə görə yeni il fevralın 14-dən başlayır, bu da bütün sevgililərin günüdür! Ətrafa baxın və yaxındakıları sevin - astroloqlar düşünür ki, məhz bu, yeni 2010-cu ilin əsas leytmotivi olacaq. Şərqşünaslar bildirirlər ki, yeni 2010-cu il "metal pələng" ilidir və bu heyvana ən xoş gələn metal gümüşdür. Buna görə də bir-birinizə gümüş əşyalar bağışlayın, onlar Yeni ilə uğur gətirirlər. 

 

Yaxşılığa dönüş 

Əgər siz Keçi, At (xüsusilə də "Odlu At "), İt, Pələng, Buğa və Əjdaha illərində doğulmusunuzsa, onda bu il sizin üçün də uğurlu olacaq. Məqamdan yararlanın! Yeni işlərə başlayın və onu uğurla gerçəkləşdirin. Pişik, Xoruz və Meymun illərində doğulanlar üçünsə çətin olacaq. Bu il onlar qarşılarına qoyduqları məqsədlərə çatmaq və əldə etdikləri nemətləri itirməmək üçün çalışmalıdırlar. "Şərq təqviminin qalan heyvanları" üçün 2010-cu Pələng ili neytral olmağı vəd edir. 

Yeni ildən maraqlı daha nə gözləmək olar? Tanınmış astroloqlar vəd edirlər ki, bu il sadəcə ədalətin təntənəsi olacaq, kim qanunsuz yolla başqasının əmlakını əldə edibsə, bu il asanlıqla ondan məhrum ola bilər. Böyük ehtimalla böhran gələn il də bizi öz ağuşundan buraxmayacaq. Ancaq ilin sonu nəzərəparpacaq yüngülləşmə gətirəcək, dostlar, ona görə də işlərin daha yaxşı olacağına ümidinizi itirməyin! Ailə məsələlərində bizi ən xoş anlar gözləyir. Çünki pələng ailəcanlı heyvandır, ata pələng anaya bala pələnglərə qayğı göstərməkdə yardım edir, onlar üçün qida haqda düşünür. Məhz buna görə, Yeni ildə ailənizdə hər şeyin ən yaxşı şəkildə olacağına ümid edin. Əgər ailə qurmağı arzulayırsınızsa, il,  bu cür başlanğıclar üçün çox yaxşı vaxtdır! 

Elmin və ictimai dünyagörüşün bir çox sahələrində də ciddi dəyişikliklər gözləyin. Bütün dəyişikliklər bizlər üçün ən müsbət və xoş olacaq. 2010-cu Pələng ilinin ulduz falı zodiakın bütün bürcləri üçün yetərincə uğurlu olacaq və həm də bir az sakit keçməyəcək. Əgər müəyyən anlarda pul məsələsində çətinliklər gözlənilirsə, mənəvi baxımdan o qədər müsbət və maraqlı keçəcək ki, çətinliklər xırda məsələ təsiri bağışlayacaq. Bu il böyük və ciddi işlər görməyə ümidlənin! Qoy Pələng ili heç də pələng kimi sərt olmasın, amma onun kimi gözəl və cürətliliyi ilə yadda qalsın. Qoy hamının ən yaxşı arzuları çin çıxsın!

 

Pələng haqqında 

Pələng qorxmazlığın və igidliyin rəmzidir. Pələng həyat enerjisi ilə doludur, o hər şeyi bacarır. Həddindən cəlddir və bəzən ifrata varır. Etdiyinin nəticələri və motivlərini düşünmədən yetərincə sürətlə və həssaslıqla hərəkət edir. Elə görünər ki, o, məqsədinə doğru inadla irəliləyəndir, amma bu belə deyil. Pələng çılğındır və onun hərəkətləri çox vaxt qarışıq və təzadlıdır. O, bütün sahələrdə uğur qazanmaq, hər şeydən yararlanmaq istəyir, amma bu istək heç də hər zaman uğur gətirmir. 

Pələnglərin əsas çatışmazlığı onların vaxtında dayana və istirahət edə bilməməsi, öz güclərini düzgün hesablamamalarıdır. Bu, əlbəttə ki, onların sağlamlığına, həm də psixikasına təsir göstərir. Axı onlar daimi gərginlik altındadırlar. Pələnglərin şəksiz üstünlüklərindən biri kimi onların kübarlılığını göstərmək olar. Buna görə də onlar çox cazibədar insanlardır, istər-istəməz diqqət mərkəzində olurlar. Bu səbəbdəndir ki, kimsə Pələngin xoşuna gələrsə, o, valeh olduğu həmin obyekti fəth etməkdə heç bir çətinlik çəkmir. Ancaq Pələnglər öz populyarlıqlarından yorula da bilərlər. Xüsusilə də ətrafdakılar ondan istifadə etməyə cəhd edəndə bu hiss güclənir. 

 

Gülün və düşünün 

Nə etmək olar ki, gələn il Pələng dişləməsin? Bəlli olub ki, hələ qədim Çin mərasimlərindən qalma ənənələri indi də tətbiq etmək mümkündür.

Birincisi, pələnglə tanış olmaq lazımdır.  Yəni Yeni ildən sonra tezliklə Asiyanın pələnglər yaşayan yerlərindən birinə getmək olar. Heç olmasa, zooparka baş çəkin. Əgər yaxınlıqda pələng yoxdursa, şir, pantera, leopard da, yəni pişiyəbənzər yırtıcılardan istəniləni işə yaraya bilər. Fikrinizdə ilin sahibi ilə görüşün və arzularınızı ona bildirin. Görüşünüzdən xatirə kimi pələngin fonunda şəkil də  çəkdirin. 

İkincisi, ilin baş heyvanının qohumlarına qayğı göstərin. İlk növbədə, əlbəttə ki, miyoldayan qardaşlarını unutmayın. Gələn il evdə pişiyin olmaması heç yaxşı düşməzdi, ona görə də iki və üç pişik saxlamaq tövsiyə edilir. Ən yaxşısı böyük qardaşlarını xatırladan zolaqlı pişiklərdir. Ya da gələn ilin rəngi olan ağdərililərə üstünlük verin, ağ rəng hələ qədimlərdən əlverşsiz sayılsa belə. Yəni tez-tez yumalısınız. Pişikləri həmişə sığallamalı, hər cür dadlı yeməklərlə doydurmalısınız. 

Yeni il gecəsi, hətta evinizdə pişik olmasa belə, bir küncə süd kasası və ya başqa pişik qidaları qoyun. Yəni ağ Pələngə hörmətinizi göstərin. 

Ağ Pələngin sizi öz adamı sayması üçün ona oxşamağa çalışın - oğrun gedin, öz nitqinizdə fısıltılı səslərdən tez-tez yararlanın, sizi incidənlərə sərt hücumlar edin. Dırnaqlarınızı və mümkündürsə, bığlarınızı uzadın. Əmin olun ki, qarderobunuzda zolaqlı əşyalar çoxdur... 

Özünüzə oyuncaq pələng alın, qoyun qoşa yastığınızda yatsın. Unutmayın ki, Pələng ili  fəal və inadkarlar üçün uğur gətirəcək, çünki uğur özbaşına gəlmir, onu quyruğundan dartıb gətirmək lazımdır! Yumşaq və zolaqlı quyruğundan/...


MƏSLƏHƏT GÖR:

547