14 Mart 2025

Cümə, 21:39

STATİSTİKA ÖZ YERİNDƏ…

Dövlət gələn il də aqrar bölməni dəstəkləməkdə davam edəcək

Müəllif:

01.01.2010

Azərbaycanın aqrar bölməsinin uğurlu fəaliyyəti hazırda 26 əsas istehsal məhsulu üzrə istehsal həcmlərinin vəziyyətində özünü göstərir. Bu məhsullar sırasında buğdanı, unu, çörək və çörək məhsullarını, düyünü, makaron məhsullarını, kartofu, soğanı, meyvəni, ət və ət məhsullarını, süd və süd məhsullarını, pendiri, yumurtanı, balıq məhsullarını, kərə yağı və s. göstərmək olar. Məhz bu seqmentlər üzrə göstəricilər ölkənin ərzaq balansının əsasını təşkil edir, həmçinin respublikanın ərzaq təhlükəsizliyi baxımından özünü nə səviyyədə təmin edə bilməsini müəyyənləşdirir. 

Ekspertlərin böyük əksəriyyətinin fikrincə, bütövlükdə 2009-cu ildə ölkənin kənd təsərrüfatı tam gücü ilə işləyib, hətta qlobal iqtisadi böhran şəraitində Azərbaycan aqrarçıları istehsal edilən məhsulun həcmini 6 faiz və  daha çox artıra biliblər. İstehsal həcmi yalnız 10 ay ərzində qabaqkı ilin səviyyəsini 3,6% ötüb. 

 

Çörək ili 

Ərzaq təhlükəsizliyi məsələlərində ilk yeri, əlbəttə ki, taxıl istehsalı üzrə məmulatlar tutur və bu baxımdan 2009-cu ildə Azərbaycan fermerlərinin növbəti rekord əldə etməsi xüsusilə önəmlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə,  keçən il bir milyon hektardan çox sahədən taxılçılar 2,8 mln tondan artıq məhsul götürüblər. Ərzaq buğdası istehsalı yetərincə artıb və 2,1 mln tona çatıb. Bu, ölkənin bərk və yumşaq buğdaya olan tələbatından xeyli çoxdur. İl, gerçəkdən də, çörəkli oldu. Ölkə rəhbərliyinin kəndlilərə 80 mln manat məbləğində subsidiyalar ayırmasının və kənd təsərrüfatı məhsulları istehsalçılarını gübrə, toxum və damazlıq mal-qara ilə təmin etməsinin rolu az olmayıb. 

Ancaq bəlli oldu ki, taxılın çoxluğu heç də ərzaq təhlükəsizliyi məsələsinin tam həlli demək deyil. Aydın olub ki, bir sıra rayonlarda kəndlilər unüyütmə və çörəkbişirmə müəssisələrinin tələblərinə cavab verməyən taxıl məhsulları becəriblər. Dövlətdən daha çox subsidiya almaq xətrinə hektar sayını artırsalar da, taxılın keyfiyyət məsələsinə fikir verməyiblər. Zülallıq və özlük faizi aşağı olan buğda çörək bişirmək üçün yararlı deyil. 

Nəticədə, kəndli təsərrüfatlarında döyülmüş taxıl açıq hava altında təpələnərək, satılmamış qaldı. 2010-cu ildə bu problem, böyük ehtimalla, ölkənin müxtəlif iqtisadi rayonlarında taxıl anbarlarının və əlavə elevatorların tikilməsi hesabına həll ediləcək. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanındakı Sahibkarlığa Kömək üzrə Milli Fondunun (SKMF) məlumatına görə, artıq ölkənin altı iqtisadi regionunda taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün anbar komplekslərinin tikilməsi üzrə 20 layihənin maliyyələşdirilməsi bəyənilib. Bu cür anbar obyektlərin Dağlıq Şirvan, Yuxarı Qarabağ. Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran-Astara rayonlarında tikilməsi nəzərdə tutulur. Sözügedən layihələrin dəyəri 38,5 mln manat təşkil edir: fond tərəfindən 17,6 mln manat ayrılacaq, vəsaitin qalanı sahibkarların özü tərəfindən maliyyələşdiriləcək. 

Bununla yanaşı, hazır məhsulun satılması ilə bağlı problemlər bu il də öz mənfi rolunu oynamaqda davam edib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik və emal şöbəsinin rəisi Sabir Vəliyevin sözlərinə görə, ölkədə taxıl məhsullarının istehsalına maraq gözəçarpacaq dərəcədə azalıb. "2008-ci illə müqayisədə payızlıq arpa və buğda əkinləri bir xeyli gecikib və dekabrın ortalarına qədər çəkib. Payızlıq sahələrin əkinində, xüsusilə aşağı düzənliklərdə yerləşən təsərrüfatlar geri qalırlar. Ola bilər ki, 2010-cu ildə əkin üçün qabaqkı il səviyyəsində sahə ayrılmayacaq.  Səbəb bəllidir, əvvəlki qalıqların üzərinə 2009-cu ilin məhsulu də gəlib. O qədər taxılı nə edəcəklərini fermerlər özləri də bilmirlər. Çox təsərrüfatlar ziyana düşdülər", - deyə Sabir Vəliyev bildirib. Buna görə də gələn il taxıl zəmiləri daha zəif görünə bilər, amma çətin ki, bu, qıtlığa səbəb olsun. 

 

İlboyu tərəvəz 

Başqa sahələrlə müqayisədə Azərbaycanda tərəvəzçilik ilboyu fəaliyyətdədir. İlin istənilən mövsümündə ölkənin istehlak bazarında təzə pomidor, xiyar, soğan, göyərti almaq mümkündür. Rəsmi statistikaya görə, bu ilin 11 ayında 1,14 mln tondan çox tərəvəz yığılıb. Ağdaş, Xaçmaz, Lənkəran, Astara rayonlarında məhsul yığımı artıb. Qeyri-ənənəvi tərəvəzçilik rayonlarında məhsuldarlıq göstəriciləri xeyil aşağıdır. Bütövlükdə isə il boyunca becərilən tərəvəzlərin həcminin yetərincə artmasından danışmaq olar. 

Bunda müəyyən rolu, demək olar ki, ilin bütün fəsillərində tərəvəz becərilən altı minə yaxın istixana təsərrüfatlarının işinin rentabelli olması da oynayıb. Yalnız Abşeronda onların sayı 3600-dür, qalanı hissə Şəmkir, Lənkəran, Masallı, Salyan, Şirvan, Ucar, Xaçmaz və Gəncənin payına düşür. 

Tərəvəzlərin sənaye üsulu ilə emalı həcmləri də artıb. 2003-cü ildə işə salınmış iri konserv zavodlarından başqa indi bu işlə yerlərdə yaradılan kiçik müəssislər də məşğul olur. Onların məhsulları Bakının, Gəncənin, Sumqayıtın və ölkənin başqa sənaye mərkəzlərinin ticarət şəbəkəsinə yola salınır, həm də kənarlara göndərilir. Tovuz, Şəmkir, Cəlilabad, Bərdə, Gədəbəy rayonlarının fermerləri rekord həcmdə kartof məhsulu yığıblar və 893 min  tona yaxın məhsul tədarük ediblər. Hollandiya, Almaniya, Polşa və Litvadan gətirilmiş, hər hektardan 30-40 ton məhsul verən perspektivli kartof sortlarının yayılması hesabına bu məhsulun istehsalı 10 dəfəyə qədər artıb. 

Təsərrüfatların çoxunda onu intensiv texnologiyalar ilə becərirlər. Bir hektar bostanın orta məhsuldarlığı ötən ilə baxanda 10 bənd artaraq 200 sentnerə çatıb. Elə təsərrüfatlar var ki, göstəricisi bundan iki dəfə yüksəkdir. Qısa bir zamanda Azərbaycan kartof idxalçısından ixracatçısına çevrildi və Rusiya Federasiyasının, Qazaxıstanın sənaye regionlarına faraş kartof ixracı artdı. 

 

Bağlar və üzümlüklər 

Bölgələrdə üzüm plantasiyalarının dirçəliş prosesi gedir - 2009-cu ilin noyabr ayının sonuna  kimi 108,1 min tondan çox texniki və süfrə üzümü yığılıb. Regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq ənənəvi üzümçülük rayonlarında kənd sahibkarları bir neçə min hektar yeni plantasiyalar saldılar. Orada fransız, moldovan, italyan və gürcü şərablarının əldə edildiyi üzüm sortları becərilir. Saatlı rayonunda da ilk dəfə olaraq üzüm becərməyə başlayıblar. İlkin yığımlar göstərir ki, bayan-şirə fidanları ölkənin ənənəvi olaraq pambıq yetişdirilən bu cənub rayonuna uğurla yerləşdirilib. Abşeron torpaqlarında da yeni üzümlüklər salınıb.

İlin 11 ayı ərzində Azərbaycanda 409 min ton bostan məhsulu yetişdirilib və bazarlara çıxarılıb. Hər hektarın məhsuldarılığı 10 sentner artıb. Görülən müddətdə həmçinin 584,1 min ton meyvə və giləmeyvə yığılıb. Konserv sənayesi müəssisələrində geniş çeşiddə mürəbbələr, cemlər, təbii şirələr buraxılıb. 

 

Geri qalan sahələrin problemləri 

Kənd təsərrüfatının geri qalan sahələri əvvəlki kimi pambıqçılıq, çayçılıq, həmçinin tütünçülükdür. Pambıq sahələri xeyli azalıb. 2008-ci ildə ölkənin 48 min hektar sahəsindən 52,7 min ton pambıq yığılıb ki, bu, 2007-ci ilin göstəricisindən xeyli azdır. 2009-cu ilin göstəriciləri bundan da aşağı düşüb. İl ərzində pambıq əkinləri üçün ayrılmış sahələr 21,1 min hektar olub ki, bu da 2008-ci ilin sahələrindən iki dəfə azdır. Dövlət Statistika Komitəsinin 23 noyabr 2009-cu il tarixinə olan məlumatına görə, pambıq sahələrindən 26 min tona yaxın məhsul yığılıb ki, bu da ötən ilin həcmlərindən xeyli azdır. Pambıq yığımının gecikməsi hava şəraiti ilə bağlıdır. 

Bəllidir ki, payızda ölkədə leysan yağışları müşahidə edilirdi və bu, bitkiçilik sahəsində çalışan özəl təsərrüfatlara böyük zərər vurub. 

"Pambıq sahələrinin azalması obyektiv və subyektiv səbəblərlə bağlıdır", - deyə Kənd Təsərrüfatı Nazirliyinin baş sahə eksperti Rövşən Əliyev bildirir. İlk öncə bu, tədarük qiymətlərinin aşağı olması ilə bağlıdır ki, bu da özəl artellərin xərclərini ödəmir, yəni gəlir olmayan istehsal rentabelli deyil. Bunun nəticəsində özəl təsərrüfatlar istiqamətlərini dəyişib və artıq öz sahələrində daha gəlirli bitkilər əkirlər.  Daha bir səbəb isə fermerlərin öz gücləri hesabına becərilmiş məhsulları yığa bilməməsi ilə bağlıdır, məhsulun bir hissəsi sahələrdə qalır. Göründüyü kimi, şirkətlər yaxın gələcəkdə sahələri maşınla yığım nəzərə alınaraq səpəcəklər. Tarlaların genişlənməsi ilə sahə intensiv texnologiyalar üzərinə keçirilir və yığım texnikasının işlədilməsini tələb edir. Özü də ölkədə artıq toxuculuq müəssisələri fəaliyyətə başlayıb və onların xammala tələbatı gündən-günə artmağa başlayacaq. 

Tütünçülükdə və çayçılıqda cüzi artım olmasına baxmayaraq, bu sahələr böhranda qalmaqda davam edir.  2009-cu ilin noyabr ayına olan məlumata görə, ölkədə tütün yarpağı istehsalı 2,5 min ton təşkil edib. Halbuki 30 il qabaq, daha doğrusu, 1978-ci ildə Azərbaycanda 50 min ton tütün tədarük edilib, sahənin gəlirləri 122 milyon sovet rubluna çatmışdı. Yaşıl çay yarpaqları isə 372,7 ton tədarük edilib və bu da ötənilki səviyyədən 13 ton çoxdur. Mütəxəssislərin fikrincə, sahəni bu tənəzzül durumundan çıxarmaq üçün birbaşa dövlət dəstəyi lazımdır. 

 

Heyvandarlıqda artım 

Kənd təsərrüfatının bu sahəsi bütün il boyunca  durmadan işləyir. Azərbaycanın bütün 10 iqtisadi regionunda iri və xırdabuynuzlu mal-qaranın, ət, süd və yumurta artımı müşahidə edilib. KTN-dən bildiriblər ki, sözügedən dönəmdə kəndli həyətlərində 2,6 mln başa qədər iribuynuzlu mal-qara olub ki, bu da keçənilkindən xeyli çoxdur. Bu müddət ərzində xırdabuynuzlu mal-qaranın sayı artaraq, 8,4 mln təşkil edib. 

2009-cu ilin 10 ayı ərzində ət istehsalı diri çəkidə 0,6% artıb və 254,2 min tona çatıb. Süd məhsulu istehsalı 1,2 mln ton təşkil edib (2,6% artım olub). Quşçuluqda da müsbət göstəricilər əldə olunub - 991,8 mln ədəd yumurta, bu isə 10,2% artım deməkdir.  Yun qırxımı isə 4,9% artaraq 14,8 min ton təşkil edib.

KTN-in heyvandarlıq şöbəsinin baş məsləhətçisi Vaqif Ramazanovun sözlərinə görə, heyvandarlıq İmişli, Lerik, İsmayıllı, Goranboy, Zaqatala rayonlarının özəl təsərrüfatlarında yüksək templərlə inkişaf edir. 2009-cu ildə respublikaya, əsasən, Almaniya, Rusiya və Ukraynadan damazlıq heyvandarlıqla məşğul özəl təsərrüfatlara verilmək üçün 770 başa yaxın cins iribuynuzlu mal-qara gətirilib. Mal-qaranın yarısının dəyəri dövlət tərəfindən, qalan hissəsi isə yerli fermerlər tərəfindən ödəniləcək. 

 

Gələcəyin proqnozları

Yekun vuraraq qeyd edək ki, KTN mütəxəssislərinin fikrincə, 2009-cu il dövlət ərzaq proqramının bəndlərinin gerçəkləşdirilməsində istinad ilidir. Dünyanın iri dövlətlərini əhatə edən iqtisadi böhran şəraitində iqtisadiyyatın bu seqmentində layihələrin gerçəkləşdirilməsinə artıq dövlət büdcəsindən maliyyə ayrılıb. Prezidentin İcra Aparatının kənd təsərrüfatı şöbəsinin müdiri  Azər Əmiraslanov hesab edir ki, 2010-cu ildə sahənin ehtiyacları üçün 383 mln manat yönəldilməsi planlaşdırılır, amma aqrar bölmənin maliyyələşdirilməsinin ümumi həcmi 700 mln manat təşkil edəcək. 

Onun sözlərinə görə, 2010-cu ildə fermerlərə veriləcək subsidiyaların həcmi 115 mln manat, "Aqrolizinq" SC -nin xətti ilə maliyyələşməyə 35 mln manat, Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin xətti ilə 10 mln manat, SKMF-nin xətti ilə  44 mln manat olacaq. Bununla yanaşı, aqrar-sənaye kompleksinin inkişafı üçün meliorasiya və irriqasiya sahəsində infrastrukturun yaxşılaşdırılması üzrə tədbirlr gerçəkləşdiriləcək. Əgər əkinçilərə hər il təqdim edilən vergi güzəştləri nəzərə alınarsa, daha 149 mln manat alınır. Yəni dövlət bundan sonra da müxtəlif kanallarla aqrar bölməni dəstəkləməyə davam edəcək. Bu, 2010-cu ildə aqrar bölmənin fəaliyyət uğurunun ən başlıca və ən önəmli əsasıdır. 


MƏSLƏHƏT GÖR:

624