
KƏSİŞMƏ NÖQTƏSİ
Avropanın yeni təhlükəsizlik sisteminin qurulmasında azərbaycanın rolu böyük aktuallıq qazanmaqdadır
Müəllif: Azər XUDİYEV, politoloq BAKI
2009-cu ilin sonlarında Avropada yeni təhlükəsizlik sisteminin yaradılması məsələsi yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. Yeni müzakirələrin başlanmasına Rusiya prezidenti Dmitri Medvedevin təqdim etdiyi "Avropada təhlükəsizlik müqaviləsi" rəvac verib.
Yeni arxitektura haqda yeni ideya
Bu ideya Moskva tərəfindən hələ 2008-ci ilin iyununda, Rusiya - Gürcüstan müharibəsindən əvvəl səsləndirilmişdi. Bundan, təxminən, ilyarım sonra ortaya qoyulmuş konkret sənəddə isə Rusiyanın yeni təhlükəsizlik arxitekturasını necə gördüyü öz əksini tapmışdı.
Moskva hesab edir ki, Avropada təhlükəsizlik müqaviləsini imzalayacaq hər bir dövlət, bir ölkənin digərinə silahlı təcavüzünə özünə edilmiş təcavüz kimi baxmalı, bir-birlərinə hərbi yardım göstərməlidir. Kremlin mövqeyinə görə, dövlətlər imzalanacaq müqavilə ilə bir araya sığmayan beynəlxalq öhdəliklərdən də imtina etməlidirlər. D.Medvedevin təklif etdiyi sənəd avratlantik və Avrasiya məkanının bütün dövlətləri, həmçinin böyük beynəlxalq qurumların üzvlərinin imzalaması üçün açıqdır. Söhbət BMT, Avropa İttifaqı, NATO və KTMT üzvlərindən gedir. Müqavilənin şüarı da buradan götürülüb - "Vankuverdən Vladivostokadək".
Qərb Medvedevin bu təklifini birmənalı qarşılamayıb. Aİ-nin bir sıra sanballı üzvləri, o cümlədən Almaniya, İtaliya və Fransa Moskvanın təklifini müzakirə etməyə hazır olduqlarını bildirdiyi halda, qurumun gənc təmsilçiləri - Baltikyanı dövlətlər və Polşa Rusiyanın təşəbbüsündə öz müstəqilliklərinə təhlükə hiss ediblər. Medvedevin təklifi NATO tərəfindən də ehtiyatla qarşılanıb. Qurumun baş katibi Anders Foq Rasmussen Moskvaya ikigünlük səfərindən sonra açıq şəkildə bildirib ki, o, sözügedən sənədə ehtiyac görmür.
Beləliklə, Rusiyanın irəli sürdüyü müqavilənin həyata vəsiqə alıb-almayacağı məsələsi açıq qalır. Bircə o aydındır ki, Avropanın təhlükəsizlik sistemində islahatların aparılması istənilən halda qaçılmazdır.
Azərbaycan və Avropanın təhlükəsizliyi
Bu konteksdə Avropanın yeni təhlükəsizlik arxitekturasının yaradılmasında Azərbaycanın rolunu da nəzərdən keçirmək yerinə düşərdi. Azərbaycanın bu prosesdə iştirakı bir sıra prinsipial geosiyasi, geoiqtisadi, geomədəni, geoekoloji və hərbi faktorlarla əlaqədardır. Məsələyə iki müxtəlif aspektdən yanaşmaq olar.
Birincisi, Azərbaycanın rolu və Avropanın təhlükəsizlik arxitekturasının qurulmasında onun müstəqil, öz tələbatlarını təmin etməyi bacaran dövlət kimi töhfəsi.
İkincisi, Azərbaycanın regional geosiyasi, geoiqtisadi, geomədəni, hərbi-siyasi və digər strukturlara üzvlüyü.
Hazırkı dövrdə tam müstəqil dövlətlərin olduğunu birmənalı şəkildə söyləmək mümkün deyil. Onların hamısı bir-birləri ilə o qədər əlaqəlidir ki, bəşəriyyət mürəkkəb tərkibli, açıq bir sistem kimi qəbul olunur. Belə sistemlərin tərkibi bir-biri ilə çox bağlıdır - birinin mövcudluğu digərinin mövcudluğundan asılıdır. Bu "digərləri" isə coğrafi baxımdan həm qonşuluqda, həm də on minlərlə kilometr aralıda yerləşə bilər.
Obrazlı şəkildə ifadə etsək, yaşadığımız dünya ayrıca götürülmüş bir cəmiyyət kimi fərdi insan miqyasında da özünün bir çox tərəfləri ilə çox "həssas"dır. Odur ki, Azərbaycanın yeni Avropa təhlükəsizlik arxitekturasının yaradılmasındakı rolunu regional inteqrasiya kontekstində analiz etmək daha konstruktiv və praktik olardı. "Region" deyərkən isə Qara dəniz və Xəzər regionunu düşünmək lazımdır. Belə ki, həm Qərb, həm də Rusiyanın siyasətçiləri və analitikləri Qara dəniz və Xəzər regionlarına bir yanaşır, bütün təhlükəsizlik modellərində Qara dəniz - Xəzər hövzəsi vahid sistemi kimi nəzərdə tutulur. Belə yanaşma bir neçə, ilk növbədə isə enerji faktoru və qloballaşma prosesinin ümumi xarakteristikası ilə əlaqədardır.
Qara dəniz - Xəzər regionuna Rusiya ilə Qərb arasındakı bufer zona kimi yanaşan bəzi ekspertlərin düşüncəsinin əksinə olaraq, Azərbaycanda bu termin fərqli qəbul edilir: Azərbaycanda ona Şərqlə Qərbi birləşdirən region kimi yanaşırlar.
Bu baxımdan, ilk növbədə, Azərbaycanın Avropanın yeni təhlükəsizlik arxitekturasının qurulmasındakı roluna transmilli enerji layihələri prizmasından baxmaq daha düzgün olardı.
Demək olar ki, Rusiya və Qərbin, həmçinin NATO-nun bütün ekspertləri Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinə Qara dəniz - Xəzər hövzəsində yeni təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan yaradan faktor kimi baxırlar. Onlar bu bölgəni Şərqlə Qərbi birləşdirən region kimi qəbul edirlər. Bundan başqa, Qərbin, demək olar ki, bütün aparıcı siyasətçiləri və dövlət rəhbərləri Azərbaycanın "Nabucco" layihəsində məhz Avropanın enerji təhlükəsizliyinin təmini baxımından aparıcı rola malik olduğunu söyləyirlər. Buna da Qara dəniz - Xəzər hövzəsini əhatə etmiş regional əməkdaşlıq kontekstində yanaşılır.
Hələ 2008-ci il avqustun 7-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rumıniyanın dövlət başçısı Troyan Basesku ilə ikitərəfli görüşün sonunda səsləndirdikləri birgə bəyanatda deyib: "Bizim enerji siyasətimiz regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə yönəlib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində səylərini davam etdirəcək". İ.Əliyev Xəzər və Qara dəniz regionu dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə addımların atılmasının vacibliyini də vurğulayıb.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs isə 2008-ci il noyabrın 10-da (Bakı İqtisadi Forumu ərəfəsində) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşdə bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında "Azərbaycanın üzərinə vacib rol düşür". O zaman Piebalqs Ankara, Bakı və Aşqabada etdiyi səfərləri "Nabucco səyahəti" adlandırmışdı. Komissar birmənalı şəkildə bildirib ki, onun əsas məqsədi sözügedən ölkələrin ali rəhbərliyinə "Avropa İttifaqının Nabucco layihəsinə siyasi sadiqliyini çatdırmaqdır".
A. Piebalqs Aİ-nin "Enerji təchizatında həmrəylik və təhlükəsizlik" adlı yeni sənədindən də söz açıb. Bu, enerji faktorunun Avropanın təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynadığını bir daha göstərir. Azərbaycanın Avropanın yeni təhlükəsizlik arxitekturasının qurulmasında mərkəzi yeri də məhz bu məqam tutur.
Lakin ölkəmizin rolu heç də bununla məhdudlaşmır. Regionda situasiya çox qəlizdir və burada geosiyasi xarakterli bir sıra ziddiyyətlər mövcuddur. Bunu NATO ekspertləri də konkret şəkildə söyləyirlər. Onlar situasiyanı qiymətləndirən zaman belə qənaətə gəlirlər ki, bu gün Qara dəniz - Xəzər regionunda situasiyanın inkişaf istiqamətinin birmənalı şəkildə müəyyənləşdirilməsi mümkün deyil. Ekspertlərin fikrincə, burada region dövlətlərinin birləşməsinə yardım edən nəzərəçarpacaq inteqrasiya faktorlarının mövcudluğuna baxmayaraq, bölgənin unikal xarakterini də unutmaq olmaz. Vəziyyət elə gətirib ki, o, geosiyasi oyunda bir vasitə rolunu oynayır. Bu səbəbdən də o, problemlərinə konkret diqqət tələb edir. Başqa sözlə, Qara dəniz - Xəzər regionu müxtəlif təhlükəsizlik sistemlərinin maraqlarının toqquşduğu nöqtədir. Azərbaycan da özünün xarici siyasətində bu faktoru ciddi şəkildə nəzərə alır. Onun yeni təhlükəsizlik sisteminin yaradılmasında iştirak strategiyasına əsas geosiyasi qüvvələr arasında balans prinsipi də daxildir.
Bu gün Qara dəniz - Xəzər regionu ilə bağlı nə NATO, nə də Aİ-nin tam formalaşdırılmış strategiyası var. Bunu NATO ekspertləri də etiraf edirlər. Onlar Qara dənizə çıxışın Rusiyanın strateji prioriteti olduğunu xüsusi vurğulayırlar. Digər tərəfdən, Qərb də region dövlətləri ilə avratlantik strukturlar arasında əlaqələrin genişlənməsini perspektivli məsələ hesab edir.
Azərbaycan isə enerji resurslarının istehsalçısı, tranziti və istehlakını həyata keçirən dövlətlər arasında qarşılıqlı səmərəli əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi siyasəti yürüdür, regional layihələrin reallaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına çalışır. Bu məqsədlə Bakı Xəzər neftinin və qazının Avropa və dünya bazarlarına çıxışının Qara dəniz vasitəsilə diversifikasiyası siyasətini də yürüdür. Bu baxımdan, Azərbaycanın Avro-Asiya neft nəqli dəhlizi sistemi vasitəsilə Avropaya neft daşınmasını nəzərdə tutan Odessa - Brodı kəmərinin reallaşdırılması istiqamətindəki real addımlarını qeyd etmək olar. Azərbaycan paralel olaraq, Sülh Naminə Tərəfdaşlıq, Sabitlik Paktı və Qara dəniz Təşəbbüsü kimi proqramlarda da fəal iştirak edir. O, enerjidaşıyıcılarının etibarlı və təhlükəsiz nəqli məqsədi güdən Xəzər - Qara dəniz - Baltik dənizi enerji məkanının yaradılması təşəbbüsünü də dəstəkləyir. Etiraf etmək lazımdır ki, bütün bunlar Avropanın yeni təhlükəsizlik sisteminin yaradılmasına ciddi töhfələrdir.
Uzun illərdir Qara dəniz - Xəzər regionunda müxtəlif təhlükəsizlik sistemlərinin mübarizəsi fonunda Azərbaycanın bu siyasətə sadiqliyi daha aydın görünür. Məlumdur ki, Rumıniyanın təşəbbüsü ilə 2006-cı ilin yazında Qara dəniz hövzəsində təhlükəsizlik problemləri və əməkdaşlığa dair debatlar bərpa edilib. Bu məsələyə "Avropa qonşuluq siyasəti" proqramının reallaşdırılması kontekstində baxılır. Məhz bu yanaşma çərçivəsində 2006-cı il martın 30-da Rumıniyanın Konstansa şəhərində "Qara dəniz hövzəsində Beynəlxalq Əməkdaşlıq" adlı beynəlxalq konfrans da keçirilib. Həmin il iyunun 5-də isə Buxarestdə "Dialoq və əməkdaşlıq uğrunda Qara dəniz Forumu" təşkil edilib. Qara dəniz sahilində yerləşən dövlətlərin başçıları ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirləri, ABŞ nümayəndələri, İsraildən və bir sıra beynəlxalq qurumlardan olan şəxslər, regional təşkilat təmsilçiləri, işgüzar dairələrin nümayəndələri və ekspertlər də sammitdə iştirak ediblər. Tədbir təşkilatçıları Qara dəniz - Xəzər regionunun təhlükəsizliyi məsələsinə "avratlantik inteqrasiya prosesləri kontekstində" baxdıqlarını gizlətməyiblər. Lakin bu aksiyanın davamı gəlməyib. Başqa sözlə desək, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatından (QDİƏT) başqa, Qara dəniz hövzəsinin heç bir beynəlxalq təşkilatı səmərəli işləməyib. Yeri gəlmişkən, Azərbaycan Türkiyənin təşəbbüsü ilə yaradılmış bu təşkilatın işində də fəal iştirak edir. Burada Dunay Komissiyası ilə Beynəlxalq Qara dəniz Klubunun işini də qeyd etmək lazımdır. Amma onlar effektivlik baxımından, QDİƏT-dən geri qalır.
Qafqaz Avropanın bir hissəsi kimi
Regional təhlükəsizlik sisteminin yaradılması təşəbbüsləri daha çox Qafqazla bağlı irəli sürülüb. İndiyədək burada təhlükəsizlik sisteminin bir neçə variantının yaradılması təklifi səsləndirilib. 1996-cı ilin iyununda Rusiya "Böyük Qafqaz"ın yaradılması təşəbbüsünü irəli sürüb. Lakin həmin vaxt iş yalnız "Qafqazda millətlərarası razılaşma, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda" sənədinin qəbulu ilə məhdudlaşıb. Sonrakı proseslər başqa ssenari ilə inkişaf edib: "üçlük" (Gürcüstan, Ermənistan və Azərbaycan), "onluq" (Rusiya, 3 Cənubi Qafqaz ölkəsi, iki Xəzəryanı dövlət, İran, Türkiyə, Aİ və ABŞ), "Qafqaz əməkdaşlıq forumu" (ABŞ-ın layihəsi), ATƏT-in layihəsi (İstanbul, 1999-cu il), "Qafqazda sabitlik paktı" (Türkiyə, 2000-ci il). Xatırladaq ki, Ankara son layihəsini Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda yaşanmış münaqişədən sonra yenidən bərpa etdi.
Bütün qeyd olunan layihələrin müəllifləri Qafqazda təhlükəsizlik sisteminin yaradılmasında əsas rolu Azərbaycanın üzərinə qoyublar. Bakının özünə gəlincə, o, bu layihələrlə bağlı həmişə ölçülüb-biçilmiş mövqe nümayiş etdirməklə yanaşı, paralel şəkildə konkret regional inteqrasiya siyasəti də yürüdüb. Söhbət avratlantik məkana inteqrasiyadan gedir.
Nəhayət, İran da təhlükəsizlik sisteminin yaradılmasına dair iki təkliflə çıxış edib. Lakin onlardan heç biri uğur qazanmayıb. Rusiya ilə ABŞ-ın da cəhdləri olub və həmin təşəbbüslər bu gün də qüvvədə qalır. Lakin Azərbaycan bu təşəbbüslərə təmkinlə yanaşır.
Beləliklə, Azərbaycan Qara dəniz - Xəzər regionunda təhlükəsizlik sistemlərinin yaradılmasına dair müxtəlif rəqib təkliflərin mövcud olduğu şəraitdə Avropada yeni təhlükəsizlik sisteminin yaradılmasında iştirak siyasətini davam etdirir. Əlbəttə, Bakı yaxın qonşularının təkliflərini diqqətdən kənarda qoymur. Bu fikri Qərbin hələ ki ehtiyatla yanaşdığı Avropanın yeni təhlükəsizlik arxitekturası, həmçinin Türkiyənin "Qafqazda sabitlik paktı" təşəbbüslərinə də aid etmək olar. Bununla yanaşı, Bakı onlara Avropanın yeni təhlükəsizlik arxitekturasının yaradılmasında daha konstruktiv iştirak kontekstində baxır. Qərb isə özünün təhlükəsizliyi ilə bağlı yeni konsepsiyada çoxqütblü dünyanın yaradılması modelinə üstünlük verir. Bu isə planetin bütün aparıcı geosiyasi qüvvələrinin daha sıx əməkdaşlığını nəzərdə tutur. Söhbət, eyni zamanda, iki nəhəng hərbi blok - NATO ilə KTMT-nin birgə fəaliyyətindən də gedir.
Belə yanaşmada Qara dəniz - Xəzər hövzəsi regionuna Qərblə Şərqi birləşdirən geosiyasi məkan kimi baxılır. Bu istiqamətdə, yəqin ki, əsas problemlər həll edilməmiş münaqişələrdir. Bu problemdən əziyyət çəkən Azərbaycan isə onların mümkün qədər tez nizamlanmasında olduqca maraqlıdır. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmasından sonra Azərbaycanın daha əhəmiyyətli və məhsuldar rola malik olacağı şübhə doğurmur.
MƏSLƏHƏT GÖR: