
EKSTREMİZMİ KÖKÜNDƏN KƏSMƏLİ
Rusiyada törədilən son terror aktları Şimali Qafqaz regionunun inkişafı strategiyası məsələsini yenidən gündəmə gətirdi
Müəllif: Natiq NAZİMOĞLU BAKI
Rusiyada törədilən terror aktları ölkəni yenidən qanlı aksiyalar dövrünə qaytarıb. 2009-cu ilin sonlarında baş verənlər terrorizm, üzərində artıq qələbə qazanılması ilə bağlı xülyaların üstündən də xətt çəkmiş oldu. Bundan başqa, yeni terror aktları bir daha göstərdi ki, terrorizmi yaradan səbəblər aradan qaldırılmamış, onun öhdəsindən gəlmək qeyri-mümkündür.
Ruslar üçün noyabrın 27-də Moskva - Peterburq marşrutu ilə hərəkət edən "Nevski ekspress" qatarının partladılması əsl şok oldu. Xatırladaq ki, əldəqayırma partlayıcı ilə törədilmiş həmin terror aktı nəticəsində qatarın 3 vaqonu relsdən çıxdı. Təxminən, 7 kiloqram trotil ekvivalentində baş vermiş partlayış 26 sərnişinin həyatına son qoydu, daha 130 nəfər isə yaralandı.
Bir gün sonra - təhqiqatçıların hadisə yerində işlədiyi vaxt daha bir partlayış da törədildi: bu dəfə partlayıcı mobil telefon vasitəsilə işə salındı.
Nəticədə, Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin beyinsilkələnməsi aldı.
"Terror dalğası" 3 gün sonra da davam etdi. Bu dəfə partlayıcı qurğu Dağıstanda, Tümen - Bakı qatarının hərəkət yolunda işə salındı. Qatar dağılmış yoldan keçsə də, xoşbəxtlikdən xəsarət alan olmadı.
Baş vermiş faciələrin günahkarlarının kimliyi haqda versiyaların sayı-hesabı yoxdur, çünki terror aktlarına görə məsuliyyəti üzərinə götürənlər kifayət qədər idi. Əvvəlcə baş verənlərə görə məsuliyyəti "Combat 18. İnqermanlandiya" qruplaşması üzərinə götürsə də, hüquq-mühafizə orqanları bu versiyanı inandırıcı saymamışdı. Onların fikrincə, bu qrup "Nevski ekspress"də baş vermiş terror aktını reallaşdırmaq iqtidarında deyildi. Xüsusilə, 2007-ci ildə onun lideri, Tesak ləqəbli Maksim Martsinkeviçin həbsindən sonra təşkilat mövcudluğuna demək olar ki, son qoymuşdu.
Amma "Rusiya terrorizmi" üçün ənənəvi "element"in üzə çıxmasını elə də çox gözləmək lazım gəlmədi. "Qafqaz mücahidləri komandanlığı" bəyan etdi ki, partlayış Çeçenistan kampaniyası dövründən yaxşı tanınan Doku Umarovun göstərişi ilə törədilib. Guya əməliyyat hələ 2009-cu ilin əvvəllərində Rusiyanın strateji əhəmiyyətli obyektlərində - elektrik, neft və qaz xətlərində törədilməsi planlaşdırılmış terror aktlarının tərkib hissəsidir.
Çeçenistanın Daxili İşlər Nazirliyi bu bəyanatı uydurma adlandırsa da, federal istintaq məhz "çeçen izi" üzərində dayandı.
"Terror dalğası" İnquşetiyaya da siyarət elədi. Dekabrın 17-si Nazranda eyni vaxtda iki faciəvi hadisə yaşandı. Zyazikov küçəsində yaraqlılar FTXİ əməkdaşlarını aparan avtomobili atəşə tutdular və nəticədə 2 nəfər həlak oldu. Bundan bir neçə saat əvvəl isə "Qafqaz" federal şosesində YPX postu partladılıb. Partlayışı avtomobilin sükanı arxasına əyləşmiş kamikadze - respublikanın 23 yaşlı sakini Batır Caniyev törədib. Son hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 8-i hərbçi, 3-ü İnquşetiya Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşı, 7-si isə mülki şəxslər idi.
Son hadisələr Şimali Qafqazda situasiyanın qəlizləşdiyini söyləməyə əsas verir. 2009-cu ilin 9 ayı ərzində Çeçenistan, İnquşetiya və Dağıstanda törədilmiş terror aktları nəticəsində 420-dən artıq insan həlak olub və bu, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Rusiya Baş Prokurorluğu yanında İstintaq Komitəsinin məlumatına görə, 2009-cu ildə Şimali Qafqazda ümumilikdə 513 terror aktı qeydə alınıb. Bu, 2008-ci illə müqayisədə 57% çoxdur. Son dövrlərdə "mücahidlər"in qurbanları, əsasən, hakimiyyətdə və milis orqanlarında işləyən yüksəkrütbəli şəxslər, ordu zabitləri, siyasətçilər və hakimlər olur. Bu cür terror aktları arasında öz miqyası və doğurduğu rezonansa görə xüsusilə fərqlənəni, heç şübhəsiz, İnquşetiyanın yeni prezidenti Yunusbek Yevkurova qarşı törədilmiş sui-qəsddir. Xatırladaq ki, minalanmış avtomobilin partladılması ilə törədilmiş insident nəticəsində prezident, möcüzə nəticəsində sağ qalıb.
2009-cu ilin payızında isə Dağıstan ərazisindən keçən qaz kəmərlərində saysız-hesabsız partlayışlar təşkil olunub.
Belə qənaətə gəlmək olar ki, son partlayışlar Qafqazın Moskvanın nəzarətindən çıxmaqda olmasına dair gəzən söz-söhbəti təsdiqləmək məqsədi güdür. Qeyd edək ki, "Nevski"də törədilmiş partlayış, bir müddət əvvəl Federasiya Şurasına müraciətində Şimali Qafqazdakı situasiyanı "ölkənin ən ciddi daxili siyasi problemi" adlandıran Dmitri Medvedevin prezidentliyi dövründə törədilmiş ilk genişmiqyaslı terror aktıdır. Bununla yanaşı, davam edən zorakılığın məhz Medvedev hakimiyyətinə qarşı yönəlməsi də mümkündür və bu onun situasiyanı nəzarətdə saxlaya bilməməsinə dair iddialar ortaya çıxara bilər. Qatarın partladılmasından dərhal sonra Rusiya KİV-də Rusiyadakı "tandemokratiya"da böhranın yarandığına dair fikirlərin yer almağa başlaması da təəccüblü deyil. Güman ki, bunun nəticəsi kimi Vladimir Putinin prezidentliyə qayıtması məsələsi gündəmə gətirilməyə başlanacaq. Bu versiyanı səsləndirənlər, Putinin ilk yüksəlişinin 1999-cu ildə Moskva və Volqodonskda evlərin partladılmasından sonra baş verdiyini xatırladırlar. Bəzi Rusiya KİV-in iddiasına görə, Rusiyada növbəti prezident seçkisinə, təxminən, 2,5 il qaldığı bir vaxtda, ola bilsin ki, ruslar yenidən xilaskar xiffəti çəkməyə başlasın və bu rola ən çox uyğun gələn fiqur, məhz hazırkı baş nazirdir.
Maraqlıdır ki, Putinin özü də "Nevski ekspress"in partladılması ilə Tümen-Bakı qatarının partladılmasına cəhd arasında əlaqə görür. Bu səbəbdən də Şimali Qafqazda yeni antiterror əməliyyatlarının başlanması istisna edilmir. İrlandiyanın "Irish Times" qəzeti yazır ki, "Yeni terror təhlükəsi ilə üzləşmiş ruslar, mənfi nəticələrdən ehtiyatlanan Qafqaz xalqları, həmçinin bu regionda böyük strateji maraqları olan Qərb fövqəldövlətləri üçün "Nevski ekspress" qatarının partladılması daha pis hadisələrin əlaməti ola bilər".
Doğrudur, V. Putin xalqa bəyan edib ki, o, Qafqazda yeni müharibəyə başlamağa səbəb görmür. Lakin bununla yanaşı, baş nazir Şimali Qafqazda vəziyyətin çətin olduğunu da etiraf edib. "Çətinlik hər şeydən əvvəl Şimali Qafqazda hələ də fəaliyyətini davam etdirən müxtəlif silahlı birləşmələr və ekstremist qruplarla bağlıdır", - deyə Putin qeyd edib. O, mövcud vəziyyətlə bağlı dəfələrlə səsləndirdiyi fikri bir daha təkrarlayıb - terrorçu qruplarla mübarizə kompromissiz olmalı və onların tam məhvinədək davam etdirilməlidir.
Amma bütün bunlara rəğmən, terrorizm probleminin yalnız hərbi ssenari əsasında həll olunması mümkün deyil və bunu artıq Rusiya rəhbərliyi də anlayır. Çünki regiondakı terror probleminin kökündə milyonlarla qafqazlının üzləşdiyi gündəlik məişət problemləri dayanır.
Digərləri ilə müqayisədə Federasiya Şurasının sədri Sergey Mironov situasiyanın məğzini daha aydın göstərib. Onun fikrincə, "Qafqaz terrorizmi" daha çox regiondakı iqtisadi pozğunluq, işsizlik, yoxsulluq və korrupsiya ilə əlaqədardır: "Dövlət Şimali Qafqazda terrorçuların fəallığının artması üçün özü şərait yaradır. Üstəlik, dövlət ölkənin cənubunda hərbi-polis maşınının saxlanılmasına külli miqdarda vəsait də xərcləyir. Terrorçulara qalib gəlmək üçün Şimali Qafqaz respublikalarının hakimiyyət orqanlarında, elementar səliqə-sahman yaratmaq lazımdır".
Problemin aradan qaldırılması üçün "terrorizmlə kompromissiz mübarizə" ilə yanaşı, iqtisadi və sosial xarakterli tədbirlər görülməsinin vacibliyini Rusiyanın hakim tandemi də etiraf edir. Baş nazir Putin korrupsiya ilə mübarizə, həmçinin Şimali Qafqazda yüksəkmaaşlı iş yerlərinin açılmasını vacib sayır.
Prezident Medvedev isə hələ avqustun 10 - da dərc edilmiş və rezonansa səbəb olmuş "Rusiya, irəli!" məqaləsində yazıb ki, Şimali Qafqazda sosial-iqtisadi inkişaf lazımi səviyyədə olsaydı, regionun təhlükəsizliyində bu dərəcədə problemlər yaşanmazdı.
Şimali Qafqaz üçün fəlakət, həqiqətən də, hər şeydən əvvəl regionun iqtisadi baxımdan geri qalmasıdır. Federasiya subyekti olan bütün respublikalara dotasiyalar ayrılır, Çeçenistanla İnquşetiyanın büdcəsi 90%, Dağıstan 78%, Qaraçay-Çərkəs 67%, Şimali Osetiyanın büdcəsi isə 60% federal büdcədən formalaşdırılır.
Bununla yanaşı, Moskvanın yerli maliyyə axınına nəzarət edə bilməməsi və regionda kök salmış klanlaşma vəziyyəti daha da dramatik hala salır.
Mərkəzin düşünülmüş regional siyasətinin olmaması (bu faktı Kremldə də etiraf edirlər), Şimali Qafqaz respublikalarında aydın strateji inkişaf perspektivlərinə inamın itməsi və Rusiya qanunlarının hörmətdən düşməsi ilə müşayiət olunur. Özü də güc strukturlarının çox vaxt dinc əhaliyə qarşı həyata keçirdiyi kobud və qeyri-adekvat münasibət də yerli sakinləri hiddətləndirməyə bilməz.
Nəticədə, özlərini "islamçı" adlandıran yerli qüvvələr daha çox insanı öz tərəflərinə çəkmək üçün əlavə kozırlar qazanırlar. Burada adi vətəndaşın "ləyaqətinin təhqir olunmasına" qarşı mübarizədə terrora müraciət daha kütləvi xarakter almağa başlayır. Nazranda baş vermiş miqyaslı partlayışlar da bunun bariz göstəricisidir.
Güman edilir ki, Nazrandakı YPX postunda minalanmış avtomobili partladan Batır Caniyev, bununla anasının qisasını alıb. Belə ki, onun törətdiyi terror aktından bir gün əvvəl Caniyevin ailəsi - anası Leyla və 3 övladının olduğu VAZ-21099 partladılıb. Nəticədə, qadın və onun 25 yaşlı oğlu Müslüm hadisə yerində keçinib, ikinci oğlu Əmirxanla hamilə qızı, mərhum müxalifətçi Makşarip Auşevin həyat yoldaşı olmuş Fatimə yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Mətbuatın məlumatına görə, Caniyevin ailəsini aparan avtomobil milis postunda atəşə tutulduqdan sonra partlayıb.
Şübhəsiz, Şimali Qafqazda ekstremizmin artmasına Çeçenistanda aparılmış müharibə kampaniyası da təkan olub. Lakin Moskvanın regionda yürütdüyü indiki siyasət radikal dini əhvalın yayılmasına şərait yaradır. Nəzərə almaq lazımdır ki, Şimali Qafqazda şəriət qanunlarının tətbiqinə tərəfdar olanlar az deyil və onların sayı artmaqdadır. Lakin dünyəvi dövlətə birbaşa aidiyyəti olanlar da hesab edirlər ki, islamın dövlət və dövlət siyasətindən ayrılması mümkün deyil. Həmçinin unutmaq lazım deyil ki, vəhhabizm bu region üçün ənənəvi olmasa da, buradakı kasıb təbəqə arasında bu təriqət geniş yayılmaqdadır. Çünki yoxsulluq, işsizlik, total korrupsiya kimi faktorları, ilk növbədə, bu təbəqə hiss edir.
Bununla yanaşı, Kremlin rasional, uzunmüddətli perspektivə hesablanmış "Şimali Qafqaz strategiyası"nın ortaya çıxmasında yalnız Rusiyanın cənub regionları yox, həm də ona sərhəd dövlətlər maraqlıdır. Bu mənada, Bakı ilə Moskvanın, məsələn, "Meşə qardaşları" (bu qruplaşmanın Azərbaycanın şimal rayonlarında təsirini genişləndirmək cəhdləri yerli xüsusi xidmət orqanları tərəfindən uğurla alınır) vəhhabi qruplaşması da daxil olmaqla, ekstremist təşkilatlara qarşı apardıqları mübarizədə məqsədin bir olduğuna heç bir şübhə yoxdur.
MƏSLƏHƏT GÖR: