14 Mart 2025

Cümə, 21:39

YEREVAN TƏZYİQDƏN ŞİKAYƏT EDİR

Dağlıq Qarabağ nizamlanmasına dünya birliyinin marağının artması Ermənistanı narahat etməyə başlayıb

Müəllif:

01.01.2010

Ermənistan - Azərbaycan münaqişəsinin həlli prosesinin daha bir ili arxada qaldı. Sülh prosesinin fəallaşması və danışıqların intensivləşməsi 2009-cu ilin dönüş ili olmasa da, nəticənin əldə ediləcəyinə ümid yaradırdı. Bu baxımdan başa çatmaqda olan il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 6 dəfə görüşdüklərini qeyd etmək kifayətdir.

Lakin Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində qiymətləndirdiyi kimi, o, "daha pozitiv ola bilərdi". Rusiyanın "Vesti" telekanalına müsahibəsində İ.Əliyev xatırladıb ki, hələ 2008-ci ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının dəqiq şəkildə göstərildiyi birgə bəyannamə imzalanıb. Həmin sənəddə problemin beynəlxalq hüquq prinsipləri əsasında çözülməli olduğu, bunun beynəlxalq qurumların qərarları və qətnamələrinə əsaslanmasının vacibliyi aydın şəkildə əksini tapıb. BMT-nin qətnamələri isə, məlum olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmasını tələb edir.

"Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı. Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin birgə bəyanatı, ümumiyyətlə, əlamətdar hadisə idi. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd idi.  Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Özü də bizim günahımız üzündən yox", - deyən Azərbaycan prezidenti, Ermənistanın destruktiv mövqedən əl çəkmədiyini vurğulayıb.

Bununla yanaşı, rəsmi Bakı nizamlanma prosesinin "dondurulması"na imkan vermək fikrində deyil. Bunu Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində İ.Əliyev bir daha bəyan edib. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiqliyini dilə gətirən dövlət başçısı, eyni zamanda, bir daha Azərbaycan Ordusunu və ictimaiyyəti torpaqların işğaldan istənilən vasitə ilə azad edilməsinə hazır olmağa çağırıb.

Beləliklə, ilin sonunda İ.Əliyev bir daha təsdiqlədi ki, Azərbaycan nizamlanma prosesi boyunca nümayiş etdirdiyi ardıcıl və prinsipial mövqeyini dəyişməyəcək. Və belə görünür ki, Azərbaycanın artan iqtisadi imkanları və ölkənin geosiyasi proseslərdə rolunun güclənməsi ilə müşayiət olunan bu mövqeyi, artıq real nəticələr verməkdədir. Ən azı, İlham Əliyevin də bildirdiyi kimi, 2010-cu illə bağlı müəyyən nikbinlik var və bu, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin gündəmindəki əsas məsələlərdən birinə çevrilməsi ilə əlaqədardır: "Çoxlarına, həmçinin indiyədək bunu tam dərk etməyənlərə aydın oldu ki, Ermənistan - Azərbaycan münaqişəsi həllini tapmadan heç bir regional problemi həll etmək mümkün olmayacaq. Biz 2010-cu ildə əsas mövqelərin razılaşdırılacağına ümid edirik".

Ermənistanla bağlı situasiya isə tam fərqlidir. Bakıda problemə beynəlxalq ictimaiyyətin diqqətinin artması alqışlanıldığı halda, Yerevan son zamanlar Ermənistana beynəlxalq təzyiqlərin çoxalmasından daha tez-tez narahatlıq ifadə etməkdədir. Özü də bu təzyiqin yalnız Qərb yox, həm də "yeganə müttəfiq" olan Rusiya tərəfindən də artdığı vurğulanır. Məsələn, Ermənistanın News.am portalı "Rusiyanın mərkəzi televiziyasının ölkənin Cənubi Qafqazdakı yeganə hərbi-siyasi tərəfdaşı olan Ermənistanı sərt şəkildə tənqid edən Azərbaycan liderinə həsəd aparılacaq inadla efir verdiyini" yazır. Məqalədə xüsusi qeyd olunur ki, Rusiyanın siyasi rəhbərliyinin razılığı olmadan "Vesti" telekanalı xarici siyasətə toxunmur.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan isə etiraf edir ki, "Proseslər bizdən asılı olmayan şəkildə inkişaf edir. Bu isə müqaviməti çətinləşdirən olacaq çoxsaylı təhlükə və çağırışlardan xəbər verir".

Ermənistan üçün daha bədbin və konkret proqnozu politoloq Ervand Bozoyan səsləndirib: "2010-cu il Ermənistan üçün kifayət qədər ağır olacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ona güclü təzyiq göstəriləcək. Biz buna davam gətirməliyik".

Türkiyə ilə yaxınlaşma məsələsi isə güman ki, Ermənistan rəhbərliyinin başağrısına çevriləcək və daxili təzyiqləri artıracaq. Erməni hökuməti indiyədək müxalifət qarşısında yeganə arqument kimi batmaqda olan iqtisadiyyatı xilas etmək üçün sərhədlərin açılmasının vacibliyini bildirirdisə, bu gün həmin arqument aktuallığını itirməkdədir. Məsələ ondadır ki, Rusiya ilə Gürcüstan diplomatik əlaqələrinin olmamasına rəğmən, "Kazbeqi - Yuxarı Lars" Nəzarət-Buraxılış Məntəqəsinin açılmasına dair razılıq əldə ediblər. Xatırladaq ki, bu məntəqə iki ölkə arasında 2008-ci ilin avqustunda yaşanmış hərbi münaqişədən sonra bağlanmışdı. Tərəflər məntəqənin açılması ilə bağlı razılaşmanı dekabrın 23-də İsveçrənin vasitəçiliyi ilə aparılmış danışıqlarda əldə ediblər.

Hələlik söhbət şifahi razılaşmadan gedir. Lakin rəsmi bəyanatlar göstərir ki, məsələni həll edilmiş hesab etmək olar. Məntəqənin açılacağı konkret tarix də göstərilir - martın ilk günləri.

Bu məqamda tam məntiqi sual yaranır: bir-birinə düşmən olan iki qonşu - Rusiya ilə Gürcüstanı bu güzəştə getməyə nə vadar edib? Onların maraqları hansı məsələ ətrafında belə üst-üstə düşür?

Gürcüstanın sabiq dövlət naziri Kaxa Bendukidze bildirir ki, sözügedən nəzarət-buraxılış məntəqəsinin açılması Gürcüstan üçün yox, Ermənistan üçün əlamətdar hadisədir. Onun fikrincə, "Yuxarı Lars" məntəqəsinin açılması və quru əlaqənin bərpasından Gürcüstanın heç bir iqtisadi çıxarı yoxdur.

Ermənistanın "Novoye vremya" qəzeti bu barədə yazır: "Şübhəsiz, Sürixdə imzalanmış Ermənistan - Türkiyə protokolları "Kazbeqi - Yuxarı Lars" NBM-nin açılması üçün ciddi stimul olub. Gürcüstan rəhbərliyi anlayıb ki, protokolların ratifikasiyasından dərhal sonra Tbilisi Ermənistana əsas təsir mexanizmini itirəcək. Gürcüstan artıq 15 ildir, Ermənistan yüklərinin tranzitində inhisarçılıq edir. Tranzit ölkə statusunun saxlanmasının yeganə yolu isə Ermənistanın şimala çıxışının təmin olunmasıdır. Gürcüstan - Rusiya və Ermənistan - Türkiyə sərhədləri, təxminən, eyni vaxtda açıla bilər. Açıqlanan müddətə diqqət edin - mart. Ekspertlər məhz yazın başlanğıcında Ermənistan - Türkiyə münasibətlərində irəliləyişin olacağını gözləyirlər. Görünür, Kreml bütün regional kommunikasiyaların açılmasına çalışır. Odur ki, Ermənistan - Türkiyə dialoqu və Moskva ilə Tbilisinin münasibətlərindəki istiləşməyə kompleks baxmaq lazımdır".

Doğrudan da məntiqli səslənir. Yalnız Rusiyanın yox, həm də Gürcüstanın Ermənistanı öz təsirində saxlamağa cəhdi anlaşılandır.

Lakin digər tərəfdən, "Yuxarı Lars" NBM-nin açılması Türkiyə ilə yaxınlaşmanın əleyhinə çıxan Ermənistan müxalifətinin əlində əlavə arqumentə çevrilə bilər. Bu halda rəsmi Yerevan üçün Ermənistan - Türkiyə sərhədinin açılmasında maraqlı olan Qərbin təzyiqinə sinə gərmək çətin olacaq.

Bu situasiyadan çıxmaq üçün yeganə yol Azərbaycanla danışıqlarda daha üzüyola olmaqdır. Ermənistan liberal partiyasının lideri Ovanes Ovanesyanın da etiraf etdiyi kimi, "Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasının açarı Azərbaycanın əlindədir".

 


MƏSLƏHƏT GÖR:

452