Müəllif: Vəfa ZEYNALOVA Sabirə MUSTAFAYEVA Bakı
Açıq desək, əhali neftin ucuzlaşmasının ardınca manatın devalvasiyasına hazır deyildi. Bu gün o, şok vəziyyətində olmasa da, reallığı yenidən qiymətləndirməklə məşğuldur. Aydındır ki, xərclərinə qənaətlə yanaşanlar bu qənaəti bir qədər də artıracaqlar. İsrafçılığa yol verənlər isə artıq sabah haqqında düşünməyə başlayıblar.
Odur ki, "yeni həyat"ın ən vacib məqamlarından biri onun "yeni qaydaları"nın mənimsənilməsidir. Əhalinin əksəriyyəti indi ciblərinə dəyəcək zərbəni yüngülləşdirmək üçün xərclərinə yenidən baxmaq məcburiyyətindədir. Amma bu, sözdə asandır. Bu, yalnız maddi deyil, həm də psixoloji baxımdan çətin məsələdir. Çünki son illərdə, hətta son onillikdə dünyada, o cümlədən Azərbaycanda istehlak fəal şəkildə inkişaf edib - kütləvi informasiya vasitələrinin səhifələrindəki reklamlar insanları istər-istəməz əlavə xərclərə stimullaşdırır. İndi isə prioritetlərin düzgün müəyyənləşdirilməsi zərurəti yaranıb.
Kreditləri həll edin
Bu günümüzün dəyişməz atributlarından biri kreditdir - daşınmaz əmlak krediti, avtomobil, istehlak kreditləri və s. Bəzi ailələr üçün "kreditlə yaşamaq" təbii hala çevrilib. Bir çox hallarda bir şəxsin adına bir neçə kredit olur. Burada psixoloji amil var: birincisi, bu, tələbatını (məişət texnikasına, yeni avtomobilə və s.) mümkün qədər tez ödəməyə can atmaqdır. İkincisi, kredit sabahkı günə əminliklə, onu ödəməyə imkan verən sabit əməkhaqqının olması ilə əlaqəlidir. Manatın devalvasiyasından sonra bəzi borcalanlar kifayət qədər çətin duruma düşüblər. Məsələ ondadır ki, yerli banklar bir çox kreditləri xarici valyuta ilə verib. Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən isə kreditlərin faiz dərəcələri Mərkəzi Bankın həmin ana müəyyənləşdirdiyi məzənnə ilə ödənilməlidir. Amma iqtisadçı Qubad İbadoğlunun məsləhəti kifayət qədər dəyərli sayıla bilər: "Bu vəziyyətdən çıxmaq üçün məcəllənin digər maddəsinə və müqavilədəki müvafiq bəndə müraciət edək. Elə həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə, mövcud şərtlərdə köklü dəyişikliklər müqavilənin pozulması və ya dəyişdirilməsi üçün əsas sayıla bilər. Bir sıra kredit müqavilələrində bildirilir ki, fors-major kimi qiymətləndirilən dəyiliklik şərtlərin dəyişdirilməsi və ya müzakirəsi üçün əsas ola bilər. Bunun üçün tərəflərdən birinin yazılı müraciəti tələb olunur".
İqtisadçının sözlərinə görə, kredit öhdəliklərinin kəskin şəkildə artırılması bir çox ödəyicilər üçün ödənişi mümkünsüz edə bilər. Bu, ümidsiz borcların artımına səbəb olacaq və nəticədə, bankların özləri əziyyət çəkəcək. Beləliklə, ödəniş qaydalarına yenidən baxılması və onların optimal varianta gətirilməsi dolayısı ilə (həm də birbaşa) bankların verdikləri pulları geri ala biləcəklərinə zəmanətdir.
Eyni sözlər manatla depozitləri və əmanətləri olan şəxslərə də aiddir. Onlar da banklara yazılı müraciət ünvanlayaraq əmanətlərinə görə faiz dərəcələrinin artırılmasını xahiş edə bilərlər (elə həmin fors-majora əsasən). Hazırkı şəraitdə kommersiya bankları manat kütləsinin artımında maraqlı olmalıdır. Əks təqdirdə, onlar yerli valyuta çatışmazlığı ilə qarşılaşacaq və normal fəaliyyət göstərə bilməyəcəklər. İstənilən halda, bankların onlara daxil olmuş müraciətlərə adekvat reaksiyası bankların öz maraqlarına da uyğundur.
Gündəlik həyatdan
İqtisadiyyat kursundan məlum olduğu kimi, vətəndaşların gəlirinin artması ilə pul yığmağa meyillilik də artır. Və bu gün siz öz rifahınızın yoxsulluq həddindən nə qədər yuxarı olduğunu müəyyənləşdirmək istəyirsinizsə, oturub hesablayın, görək, büdcənizin yarısını və ya yarıdan çoxunu yeməyə sərf edirsinizmi?
Kolliziyalar dövrü ilə bağlı bütün klassik məsləhətlərdə əsas məsələ bir sıra sahələr üzrə xərclərin azaldılmasıdır. Onların arasında ilk yeri əyləncə tutur. Klassik nümunə: gündəlik bir fincan kofedən imtina etməklə, bir ilə xeyli vəsait toplamaq mümkündür. Amma söhbət başqa şeydən gedir. İşləyən insan məcburi olmayan xərclərə daha meyillidir. O, kafeyə, şopinqə getməklə sanki özünü mükafatlandırır. Dünyada bu gün yaşanmaqda olan iqtisadi silkələnmələr stressi, gərginliyi artırır və bununla da, "həvəsləndirmə vasitələri"nə tələbat daha çox hiss olunur. Paradoks yaranır: bir tərəfdən qənaət etmək lazımdır, digər yandan isə bu xoş xırdalıqlar olmadıqda, həyatın marağı azalır. Eyni sözlər planlaşdırılmadan meydana çıxan digər xərclərə də aiddir.
Əməl edilməli olan ilk qayda dəqiq hesablamanın aparılmasıdır. Ay ərzində gündəlik xərclərinizi qeyd edin. Təcrübə göstərir ki, səliqə ilə hesabat apardıqda artıq ilk aydaca real tələbatlarınız və bütün əlavə, planlaşdırılmayan xərcləriniz üzə çıxır. Onlara əsaslanaraq ailənin təxmini büdcəsini formalaşdırmaq mümkündür. Buraya, əlbəttə, ki, imkan daxilində planlaşdırılmayan xərcləri, əyləncə xərclərini də əlavə etmək lazımdır.
Klassik mağaza dolaşma qaydası alış-verişin tox qarına, əldə siyahı ilə və cibdə son dərəcə məhdud vəsaitlə edilməsini nəzərdə tutur. Yeri gəlmişkən, məlum olduğu kimi, pulu kredit kartı ilə xərcləmək daha "asan"dır, nəinki nağd şəkildə - biz "gözə görünməyən" vəsaiti daha asanlıqla xərcləyirik.
Qida qənaət olunmalı sahələr arasında ən sonda gəlir. Çünki keyfiyyətsiz məhsulların orqanizmə vurduğu ziyandan yaxa qurtarmaq sizə qənaət etdiyiniz məbləğdən çox baha başa gələcək. Amma bu, qidalanmada qənaətə, ümumiyyətlə, yer olmadığı anlamına gəlmir: məsələn, qiymətlərin göstərilən xidmətə və qablaşdırmaya görə daha baha olduğu supermarketləri topdansatış bazarları ilə əvəzləmək olar. Şəhərin müxtəlif hissələrində hər həftə təşkil olunan kənd təsərrüfatı yarmarkaları da xərclərə qismən qənaət etməyə imkan verir. Şübhəsiz ki, üstünlüyü yerli məhsullara vermək daha sərfəlidir. Çünki idxal olunan məhsullarla müqayisədə, onlarda qiymət artımı o qədər də çox olmur. Bundan başqa, yarımfabrikatlardan da imtina edin və onları özünüz hazırlayın.
Geyim xərclərinə gəlincə, burada bir məşhur postulatı yada salmaq olar: "Mən ucuz mal alacaq qədər zəngin deyiləm". Qarderobunuzda istənilən şəraitə uyğun baza geyim dəsti saxlayın. Təbii ki, bu, keyfiyyətli mal olmalıdır. Amma unutmayın ki, yaxşı keyfiyyət heç də hər zaman baha qiymət demək deyil. Şəhərin bir çox yerlərində outlet mərkəzlər var və oradan kifayət qədər münasib qiymətə ötən illərin kolleksiyalarından qalma geyimlər əldə etmək olar.
Bir çox xanımlar üçün gözəllik salonlarına xərclənən vəsait zəruri xərclərin siyahısına daxildir. Burada da variant var - ya şəhərin mərkəzində icarəhaqqı və müvafiq olaraq, xidməthaqqı baha olan salonu mərkəzdən bir qədər aralıda olan analoji salona dəyişin, ya da bəzi asan prosedurları özünüz öyrənin.
Tələyə düşməyin
İnsanları qənaətdən yayındıran kommersiya tələlərinin ən geniş yayılanı müxtəlif endirimlər və aksiyalardır. Əlbəttə ki, ilk olaraq bütün diskont təklifləri diqqətlə nəzərdən keçirmək lazımdır. Amma xüsusilə mümkün qədər ehtiyat toplamağa çalışan alıcı ajiotajında sərfəli qiymətlərlə mal almaq istəyi insanı çaşdıra bilir. Birincisi, endirimdə olan məhsulun sizin üçün nə qədər vacib olduğunu müəyyənləşdirin. Bir çox hallarda endirim sırf formal xarakter daşıyır - endirim ya qiyməti həddindən artıq şişirdilmiş məhsula tətbiq olunur, ya da satılmayıb qalan məhsullara.
İkincisi, mal və ya xidmətdən rasional istifadəyə diqqət yetirin. Məsələn, endirim ərzaq məhsulunadırsa, onun sizin adi rasionunuzda yer alıb-almadığına, istifadə müddətinin başa çatıb-çatmadığına baxın. Xidmətlərə gəlincə, endirim, məsələn, idman zalı üçün abonementədirsə, bunun sizin üçün nə qədər vacib olduğunu, 2-3 dəfədən sonra məşqi atıb-atmayacağınızı düşünün.
Kommunal xərclərə gəlincə, onların azaldılması son dərəcə çətindir. Amma burada da bayağı "işığı söndürməkdən, kranı bağlamaqdan" başqa da nələrsə düşünmək olar. Məsələn, internet. Bir çox şirkətlər kifayət qədər sərfəli qiymətlərlə sizi həm internet, həm də televiziya ilə təmin etməyə hazırdır. Bu, adətən, iki xidmətə görə ayrı-ayrı şirkətlərə ödəniş etməkdən daha sərfəlidir. Bundan başqa, supersürətli internetə xüsusi ehtiyacınız yoxdursa, onu bir qədər zəif sürətlə, hətta 3G modemlə də əvəzləmək olar.
Əksər ailələr üçün məcburi xərclər arasında təhsilə görə ödənişlər də var və bu, fərəhləndiricidir. Söhbət müxtəlif kurslardan, fərdi müəllimlərlə hazırlıqdan və s. gedir. Əminliklə demək olar ki, bu, imtina edilməsi vacib olmayan xərclərdir. Çünki təhsil hər zaman gələcəyə qoyulan investisiyadır. Əksinə, sizin xərcləriniz arasında belə bənd yoxdursa, indi daha bir peşə və ya sənətə yiyələnmək üçün əlverişli məqam sayıla bilər.
Dəyişmək vaxtıdır
İqtisadi kolliziya hər zaman hətta ən "səbirli" və "pullu" şəxslərdə də gərginlik və stress yaradır. Dəyişmiş büdcə ilə də həyatdan zövq almaq üçün nə etmək lazımdır?
Psixoloq Aliyə Allahyarovanın sözlərinə görə, belə vəziyyətlərdə nələrinsə dəyişdiyini, sındığını hiss edirik və belə durumlara çox nadir hallarda hazır oluruq. Və nə qədər paradoksal səslənsə də, həyatı sabit ssenari və dayanıqlı prinsiplərlə yaşayan insanlara yeniliyə uyğunlaşmaq daha çətin olur. Ya işini itirən, ya gəlirlərində ciddi azalma olan insanlar üçün özünə yeni, bəlkə də, əvvəlki qədər nüfuzlu olmayan iş tapmaq çox çətindir. Bu halda insan satıcı, xidmət işçisi və ya ofisiant işləmək kimi "səviyyəsizlik"dənsə, "simasını qoruyaraq" depressiyaya düşməyə üstünlük verir. Belə insanlar üçün özünə hörmətin ölçü vahidi cəmiyyətdə tutduğu mövqedir. Belə vəziyyətdə, statusun qorunub-saxlanması görüntüsü yarada biləcək ehtiyatlarınız yoxdursa, dəyişmək məcburiyyətində qalırsınız. Ən vacibi bir məqamı dərk etməkdir - özünə hörmət ilə ictimai sosial statusa hörmət arasında bərabərlik işarəsi qoymaq olmaz. Özünə yalnız insan olduğun üçün hörmət etmək kifayət etmir. Sosial rollarımızla o qədər bütövləşirik ki, onlar bizim əsl mahiyyətimizi dəyişir. Amma bu vəziyyətdə özündə güc və yeni resurslar tapmalısan - axı, çətinlik hər zaman hansısa yenilik, fərqli bir şey, aktivlərimizin səfərbərliyi və onların reallaşdırılması üçün effektiv yolların axtarışı imkanıdır.
Bütün sadalananlardan sonra önə çıxan əsas məqam: biz bu vəziyyətdə qazandığımızdan az xərcləməliyik. Ekspertlər gəlirlərimizin, heç olmasa, 10-20%-ni "arxaya atmağı" məsləhət bilirlər. Əgər onları bank əmanəti formasında saxlamaq istəyirsinizsə, onların istər milli, istərsə də sərbəst konvertasiya edilən valyutalarda saxlanılması məsləhətdir. Birincisi bu, "qara gün" üçündür. İkincisi, onlardan nəhəng alış-veriş və ya məzuniyyət üçün istifadə etmək olar. Hər halda, bu zaman bayağı paltaryuyan maşının alınması üçün bankdan pul götürməyə ehtiyac da olmaz. Xərcləriniz gəlirlərinizdən azdırsa, pulunuz hər zaman olacaq.
MƏSLƏHƏT GÖR: