Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən il Avropanın ağır maliyyə böhranı yaşayan ölkələri üçün çox ağır keçdi. Bu mənfi proseslər əsasən Avropa İttifaqının ən problemli ölkəsi olan Yunanıstan iqtisadiyyatına təsir göstərdi. 2010-cu ildən bu ölkə milyardlarla ölçülən dövlət borcu problemini həll etməyə çalışsa da, bunun öhdəsindən gələ bilmir. Artıq Avropa Mərkəzi Bankında (AMB) Afinanın avrozonanı tərk edə biləcəyini düşünür və buna hazırlaşırlar.
1957-ci ildə Köhnə Dünya ölkələrinin birliyinin, sonda Avropa İttifaqının yaradılması ilə nəticələnən prosesin başlanğıcını qoymuş Roma müqaviləsi hər kəsi "Avropa xalqları arasında daimi yaxınlaşmaya" çağırırdı. Lakin son illərdə onların öz siyasi elitası tərəfindən pozulan bu ideal təhlükə qarşısındadır. Transmilli bürokratiya avropalıları ümumi valyutaya keçidin vacibliyinə inandırmaqla əsrlər boyunca mövcud olmuş mental fərqliliklərə, xalqların iqtisadi təcrübəsinə etinasızlıq göstərib. Amma bu müxtəliflik mövcudluğunu gizli şəkildə davam etdirib və o, Avropa iqtisadiyyatlarının rəngarəng mozaikasından effektiv, ən əsası isə tam qaydasında işləyən iqtisadi mexanizm yaratmağa imkan verməyib. 2008-ci ildə qlobal iqtisadi böhranın başlaması ilə bu çat daha çox hiss olunmağa başlayıb və bu gün daha da böyüyüb. Yunanıstanda böhranın bitmək bilməməsi bunun bariz göstəricisidir.
Yunanıstan Aİ-yə 1981-ci ildə qoşulub və bununla da, qurumun 10-cu üzvü olub. Ölkə əhalisinin əksəriyyəti Aİ-yə üzvlükdən həyat səviyyələrinin artımını, iqtisadi inkişaf, işsizliyin azalmasını gözləyirdi. Amma reallıqda vahid Avropa ailəsinə qoşulmaq milli iqtisadiyyat strukturuna son dərəcə mənfi təsir göstərdi. Bu azmış kimi, son illər Yunanıstan milli suverenliyinin bir sıra atributlarını itirib, müstəqil maliyyə siyasətindən imtina edərək sərt borc əsarətinə düşüb.
Müqayisə üçün qeyd edək ki, 1981-ci ilədək Yunanıstan orta inkişaf dərəcəsinə malik aqrar-sənaye dövləti idi. Ölkədə toxuculuq, neft-kimya, qida, tütün, dağ-mədən, kağız, sement, metallurgiya kimi sahələr inkişaf edirdi. Bu Balkan ölkəsinin iqtisadiyyatının əsasını isə gəmilərinin sayına görə dünyada üçüncü yerdə olan ticarət donanması, turizm və kənd təsərrüfatı təşkil edirdi. Vahid Avropa ailəsinə qoşulan yunanlar idxalı əvəz edəcək sahələrin inkişafı siyasətindən əl çəkməli olublar, özünü təminetmə məsələsində ölkə ümumavropa əməyin bölünməsi qaydalarına riayət etmək məcburiyyətində qalıb. Əslində, yunanlar bununla xidmət sahələrinin üstünlük təşkil etdiyi postsənaye iqtisadiyyat qurmaq məcburiyyətində idilər. Müəyyən dövrdə onlar Aİ-də iqtisadi inkişaf templərinə görə İrlandiya və Lüksemburqdan sonra üçüncü yerə də yüksəlmişdilər. Məsələn, 1996-cı ildə ölkə ÜDM-də xidmət sahəsinin payı 62% idisə, 2009-cu ildə bu göstərici 75%-ə çatmışdı. Amma bununla yanaşı, sənaye və kənd təsərrüfatı sahələrinin ÜDM-dəki payı əhəmiyyətli dərəcədə azalmağa başlamışdı. Aİ-yə üzvlükdən sonra Yunanıstan şirkətləri üçün kvota müəyyənləşdirildi və bu, məhsulların həddindən artıq istehsalına məhdudiyyət qoyurdu. Nəticədə, balıqçılıq kəskin şəkildə zəiflədi. Ölkədə pambıq, şərab, sitrus, zeytun yağı, meyvə-tərəvəz konservləri və bir sıra digər məhsulların istehsalı da xeyli azaldı. Nəticədə, Yunanıstan Aİ-yə qoşulanadək dünyada kənd təsərrüfatı məhsullarının əsas ixracatçılarından biri idisə, indi o, bu məhsulları idxal etməyə başlamışdı. Sonrakı illərdə ölkədə şəkər və toxuculuq sənayesi tamamilə ləğv olundu. Avropa İttifaqının israrla tövsiyə etdiyi iqtisadiyyatın özəlləşdirməsi siyasəti Yunanıstanı gəlirli dəniz daşımalarından imtinaya vadar etdi. Nəticədə, Afina dəniz limanlarının əhəmiyyətli bir hissəsini satdı. Bununla yanaşı, ölkənin 5 aparıcı bankı, telekommunikasiya şirkəti, inşaat materialları və qida sənayesi zavodları da satıldı. Özəlləşdirilmiş obyektlərin yeni sahibləri effektiv biznes və xərclərin azaldılması prinsiplərinə əsaslanaraq dəfələrlə istehsal həcmini aşağı saldı, yaxud obyektlərin profilini dəyişdilər, bu isə bir qayda olaraq, işsizliyin artmasına yol açdı.
Bununla yanaşı, Aİ-yə üzvlüyün ilk 20 ilində bütün bu mənfi məqamlar xüsusi narahatlıq yaratmırdı. Çünki Yunanıstan dövlətinə Avropa bankları, beynəlxalq maliyyə təşkilatları tərəfindən xarici investisiya axını, ən əsası isə limit bilməyən kreditlər əhalinin əsas hissəsinin kifayət qədər yüksək gəlir əldə etməsinə imkan verirdi.
Qlobal iqtisadi böhranın gəlişilə isə sanki hər kəs yuxudan ayıldı. Böhran özünü xüsusilə Avropanın cənubunda - Yunanıstan, Portuqaliya, İspaniya, qismən də İtaliyada göstərirdi. Onlar yüksək həddə işsizlik və ödənilməsi mümkün olmayan həcmdə borcla üzləşmişdilər. Hazırda Yunanıstanın kreditorlar qarşısında ümumi borcu astronomik həddə çatıb - 320 milyard avro. Ona borcun qaytarılması üçün dəfələrlə əlavə vaxt verilsə də, Afina bu işin öhdəsindən gələ bilmir.
Suveren defolt və Avropa Valyuta İttifaqının dağılma təhlükəsini aradan qaldırmağa çalışan Aİ məmurları yardım üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etdilər. Amma o zaman Yunanıstanın Mərkəzi Bankı ölkəsinin makroiqtisadi idarəçiliyinə görə cavabdehlik daşımırdı. Bu hakimiyyət Avropa Mərkəzi Bankında idi. İlkin olaraq, 2010-cu ildə BVF Yunanıstan hökumətinə BVF resurslarına "müstəsna çıxış" verməyi planlaşdırırdı - ölkənin fonddakı kvotanın 600%-i həcmində. Lakin 2013-cü ilin aprelində ümumi maliyyələşdirilmə məsələsinə yenidən baxıldı və bu zaman yunan kvotası nəzərə alındı.
BVF-nin üzərinə bu qədər həssas öhdəlik götürməsinin səbəbi Avropanın Yunanıstanın borcunun azaldılması məsələsinə baxmaqdan imtinası idi. Bu Balkan ölkəsində yaşanan maliyyə böhranının Avrozonanın bank sisteminə də keçəcəyilə bağlı narahatlıq var idi. Bu qərar valyuta ittifaqının yaşanan böhranın və Yunanıstanda istehsalatın azalması kimi problemin öhdəsindən gəlmə qabiliyyətinə şübhə yaratdı. Artıq 2013-cü ildə BVF ekspertləri Yunanıstanın borcunun dayanıqsızlığını bildiklərini etiraf etdilər. Ekspertlərin sözlərinə görə, qurumun ilkin proqrama əməl edilməsi qərarı səbəbsiz olmayıb: "Yunanıstanla bağlı hazırkı effektlərin Avrozonaya və dünya iqtisadiyyatına təhlükə yarada biləcəyi narahatlığı var idi".
Vəziyyəti daha da ağırlaşdıran BVF-nin Yunanıstanın 2014-cü il üçün nominal ÜDM-nə aid proqnozuna yenidən baxması oldu. Yeni proqnozda artım gözləntisi əvvəlkindən 27% az idi. Bu, BVF-nin Yunanıstanın borclarının dayanıqlığı ilə bağlı proqnozlarının şəffaflığına və hesabat verməli olmasına şübhələr yaratdı.
Bununla yanaşı, Yunanıstanın yeni hökuməti bu yaxınlarda Brüsselə rəsmi müraciət ünvanlayaraq avrozona ilə kredit razılaşmasının müddətinin 6 ay uzadılmasını istəyib. Afinanın iddiasına görə, AMB Yunanıstana istədiyi 2 milyard avronu yaxın zamanlarda ayırarsa, o, BVF-yə olan borcunun bir hissəsini ödəyə, bununla da, defolt təhlükəsini aradan qaldıra bilər. Yunanıstanın maliyyə naziri Yannis Varufakiç bildirib ki, AMB bu məbləği avrozona ölkələrinin dövlət istiqraz vərəqələrinin buraxılması proqramı çərçivəsində ayıra bilər. Qeyd edək ki, sözügedən proqram 2015-ci ilin fevralından reallaşdırılmağa başlayıb.
Amma AMB-nin müsbət cavabına rəğmən, əksər ekspertlər hesab edirlər ki, Yunanıstana bir neçə milyardın ayrılması ölkədə maliyyə iflasını sadəcə bir qədər ləngidə bilər. Onların fikrincə, bu yolla iflasın qarşısının alınması mümkün olmayacaq. Ekspertlər bildirirlər ki, iflası yalnız dövlət borcunun bir hissəsinin restrukturizasiyası və pozulması xilas edə bilər. Yunanıstanda bu yaxınlarda keçirilmiş parlament seçkisində qələbə qazanmış SİRİZA da qalibiyyəti məhz bu şüarla əldə edib. Bundan başqa, ölkənin yeni baş naziri Aleksis Sipras yüz milyardlarla avronun kredit şəklində silinməsinə nail olacağını bildirib. Söhbət Yunanıstanın suveren borcunun sabitləşdirilməsinə və qismən dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitdən gedir.
Bu gözləntilərin nə qədər əsaslı olduğunu demək çətindir: AMB təmsilçiləri artıq Yunanıstanın borcunun silinməsində və ya restrukturizasiyasında iştirak etməyəcəklərini açıqlayıblar. Bu variantı Almaniya kansleri Angela Merkel də istisna edib. Bundan başqa, aparılan rəy sorğuları Almaniya əhalisinin 48%-nin Yunanıstanın Avrozonadan çıxarılmasına tərəfdar olduğunu göstərib. Bu, heç də təəccüblü deyil. Çünki Yunanıstan mövcud halı ilə Aİ-də qalmaqla, yaxın vaxtlarda, çətin ki, siyasi və iqtisadi strukturunda ciddi dəyişikliklər edə bilsin. Demək, Aİ və AMB-nin müvafiq tələbləri yerinə yetirilməmiş qalacaq. Söhbət, məsələn, elmtutumlu məhsulun payını dəfələrlə artırmaqla, yaxud bürokratizmə, korrupsiyaya və digər sosial problemlərə qalib gəlməklə, ÜDM-in artımında ciddi nəticələr, büdcədə müsbət ödəmə balansının təmini və dövlət borclarının vaxtında ödənilməsi kimi tələblərdən gedir.
Nüfuzlu "The Financial Times" nəşrinin ekspertləri hesab edirlər ki, transfer ittifaqı üçün lazımi şəraitin yaradılması yalnız Avrozonanın zəif iqtisadiyyatlarının problemlərinin həllilə mümkündür. Nəticədə, yaradılacaq transfer ittifaqı vergi daxilolmalarının Almaniya kimi zəngin regionlardan Yunanıstan kimi yoxsul bölgələrə avtomatik şəkildə keçidini təmin edəcək. "Amma bu, heç zaman baş verməyəcək. Çünki Şimali Avropa ölkələri cənublu qonşularına inanmırlar və Yunanıstanın borclarını ödəmə müddətini də çox həvəssiz uzadıblar. Onların vahid dövlət üçün tipik olan avtomatik transferlərə razılaşacaqlarını gözləməyə dəyməz; onlar haqlı olaraq düşünürlər ki, İtaliya və Yunanıstan kimi ölkələrin siyasi mədəniyyəti İsveç və Almaniyanın mədəniyyətindən kəskin şəkildə fərqlənir", - deyə "The Financial Times"da yer almış məqalədə bildirilir.
Bəs, Yunanıstan və bənzər iqtisadi durumda olan bir sıra digər dövlətləri yaxın gələcəkdə nə gözləyir? Avroskeptiklər çoxdan bu qənaətdədirlər ki, Yunanıstan kimi ölkələrin Avrozonada qalması çox çətin olacaq. Çünki onların valyutalarını devalvasiya etmək, yaxud borc yükünü inflyasiya vasitəsilə azaltmaq imkanları yoxdur. Amma Avrozonanın parçalanmasının iqtisadi fəsadları daha ağır ola bilər. Əgər Yunanıstan Avrozonanı bu cür "çirkli" şəkildə tərk edərsə, ölkəni ən azı dərin maliyyə böhranı gözləyir. Aİ-nin digər üzvləri də bu halda çətin durumda qalacaqlar: çünki bir ölkə valyuta məkanını tərk edərsə, spekulyantlar dərhal təslim olmağa və getməyə hazırlaşan növbəti qurbanları axtarmağa başlayacaqlar. Nəzərə alsaq ki, İtaliya, İspaniya və Portuqaliyanın taleləri də çoxdan narahatlıq yaradır, maliyyə bazarlarının laqeydliyi tezliklə təlaşa səbəb ola, bununla da bütünlükdə avrozona dağılmaq təhlükəsilə üz-üzə qala, Avropa İttifaqının özünün taleyi sual altına düşə bilər.
Bu, son dərəcə bədbin ssenarinin gerçəkləşib-gerçəkləşməyəcəyini zaman göstərəcək. Hələliksə AMB-də Yunanıstanın Avrozonanı tərk edə biləcəyini düşünür və buna hazırlaşırlar. Bununla əlaqədar olaraq, AMB əməkdaşları valyuta zonasının digər üzvlərinin birliyini qoruyub saxlamağın yollarını axtarırlar.
MƏSLƏHƏT GÖR: