
"MƏN SEVGİNİ PLANLAŞDIRMIRAM"
Tanınmış Azərbaycan ifaçısı, pianoçu Murad Hüseynovun həyat fəlsəfəsi haqqında
Müəllif: Valentina REZNİKOVA Bakı
O, qəribə, vaxt baxımından qeyri-dəqiq adam təsiri bağışladı. 20-25 dəqiqə gecikmişdi və bunun necə qəbul olunacağını heç düşünmürdü də. Fikirləşdim ki, bu məşhurluq sindromudur. "Əlbəttə, tanınmışlar belədir, vaxt anlayışının, başqaları qarşısında məsuliyyətin nə olduğunu bilmirlər. Çünki hər şey bu ərköyünlərin ətrafında dövr edir", mən əynimdə nazik gödəkcə, qəfil qalxmış Bakı küləyindən titrəyə-titrəyə düşünürdüm (düzü, onda bilmirdim ki, bu tanınmış insan çox mehriban, söhbətcil, hətta çoxgüləyən imiş). Elə çıxıb getmək istəyirdim ki, o, peyda oldu. Üzeyir Hacıbəyovun abidəsinin arxasında görüşdük. Uzaqdan mənə əl edəndə təəssüf etdim ki, əlimdə fotoaparatım yoxdur. Çünki öz-özünə yaranmış kadr hər bir paparazzinin arzusu ola bilərdi: keçmişin kumiri Üzeyir Hacıbəyov və bugünün kumiri Murad Hüseynov çox qeyri-adi şəkildə vahid kompozisiyada idilər, istər-istəməz təəssüf etməli oldum.
Birinci səbəb özümlə fotoaparatımı götürməməyim idi. İkinci səbəb isə mobil telefonla çəkməyə utanmağım oldu, hər halda milli ifaçılıq sənətinin ulduzu daha hörmətli yanaşmaya laiqd idi. Amma hər nə isə, biz görüşdük. O, Murad Hüseynov beynəlxalq ifaçılıq sənəti müsabiqələrinin dəfələrlə laureatı, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının fortepiano musiqisi kafedrasının dosenti, Bakı Konservatoriyasının fortepiano sinfinin, doğma ali məktəbin aspiranturasının, sonra Parisdə Ali Musiqi Akademiyasının aspiranturasının, daha sonra Moskva konservatoriyası aspiranturasının məzunu üzristəyici bir tonla izah etdi ki, tıxaca düşdüyündən görüşə vaxtında çata bilməyib. Mən isə bu dünya ulduzuna dolayı bir nəzər salıb xəyalımda gülümsədim: "Kim şübhə edərdi ki!".
Söhbətimiz heç cür alınmırdı. O, şəxsiyyəti ilə bağlı bütün sualları kənara atıb, arzu olunan açıqlıq əvəzinə ümumi qəbul olunan stereotiplər sırımağa çalışırdı. Vaxt keçirdi və mən onun həyatının bu və ya başqa hadisəsi ilə bağlı həndəsi anlayışlardan başqa heç nə əldə edə bilmirdim. Darıxdırıcı və bir az da məyus duruma düşmüşdüm. Mən bu yaraşıqlı adamın üzünə baxırdım və gözlərini görə bilmirdim. Mən onun səsini eşidirdim, amma özünü eşidə bilmirdim! Allahım! Mən hələ belə müsahiblə rastlaşmamışdım. Mənim qarşımda oturan adam özünü olduğu kimi, öz "məni" və çoxsaylı auditoriya üçün ifa elədiyi musiqiylə təkbətək qalandakı kimi göstərməmək xatirinə ümumi qəbul edilmiş terminlərin və mənəvi qaydaların zirehi arxasında gizlənmişdi. Bəs auditoriya ilə müəllif arasındakı ilahi rabitə necə olsun? İfaçıdan hisslərin tamaşaçıya keçməsi necə olsun? Onun özü, ümumiyyətlə, hansısa bir hissə malikdirmi?
Yox. O mənim heç xoşuma gəlmədi. İlk baxışdan nə istədiyini bilən praqmatikə bənzəyirdi, yəni bir növ normal insani emosiyalardan məhrum, istisna olaraq qarşısına qoyduğu məqsədinə doğru irəliləyən, uğura proqramlaşdırılmış quru adam təsiri bağışlayırdı. Ümumiyyətlə, həyata bu cür rasionalist yanaşması ilə o, beynəlxalq müsabiqələrdə belə uğurları necə qazanır? Solo-konsertləri hansı təsiri bağışlayır, Azərbaycana və özünə necə şöhrət gətirir? İndi o, Moskvadan qayıdıb. Orada çoxdan, artıq 16-cı dəfədir keçirilən beynəlxalq "Art-noyabr-2009" incəsənət festivalının iştirakçısı olub və Azərbaycanın peşəkar ifaçılar məktəbi haqqında çox yaxşı rəy doğurub!
Amma bu festivala ən yaxşılar gəlir, təkcə dünyaca şöhrətinə deyil, həm də gerçək yaxşıların yaxşısı statusuna malik olanlar gəlir. Bizim həmvətənimiz Murad Hüseynov da onların sırasındadır. Bu, doğrudan da xoşdur. Həm onun üçün, həm də Vətən üçün xoşdur. Festival çərçivəsində Murad Hüseynovun Marina Svetayevanın ev-muzeyində ifa etdiyi konserti, sonra "Yeni rus kvarteti" ilə birgə Moskva beynəlxalq musiqi evinin Kamera zalındakı çıxışı (Y.Bramsın kvinteti) qətiyyən diqqətdən kənarda qala bilməzdi.
Əksinə! Azərbaycan təmsilçisi həm dinləyicilərin, həm mətbuatın, həm peşəkar həmkarların, həm də musiqişünasların diqqətini çəkib. Ola bilər ki, bu şöhrət kimlər üçünsə yetərincə vacib və önəmli idi. Düşünürsünüz! Hər halda, bu heç də döyüş meydanındakı qələbə deyil! Ancaq əgər bir qədər düşünülərsə, bizim ölkə kimi nisbətən kiçik məkandan ötrü çox önəmlidir və bunun kimi qələbələrlə yalnız döyüş qələbələrini müqayisə etmək olar. Çünki millətin müsbət imic toplusuna bir daş da əlavə olundu. Ancaq onun ətrafını bürümüş bu zirehli qılafı necə dağıtmaq olar? Biz bir saat ərzində ümumanlayışlardan danışdıq və bu bir növ psixologiya, təsviri incəsənət, arxitektura, ədəbiyyat sahələrində biliklərin nümayişini xatırlatdı. Adama elə gəlirdi ki, o, istənilən mövzuda məruzə oxumağa hazırdır! Belə uzun müddət davam edə bilməzdi və mən bu tanınmış insanı "ədəbsiz" suallarla heyrətləndirməkdən başqa yol görmədim.
- Deyin, siz dostlarınızla "ilişirsinizmi"?
O, başa düşmədi və bu qeyri-ədəbi ifadədən sanki çaşdı, anlamadığını dedi.
- Hə də, dostlarla kişi məclisində, utanıb-eləmədən, - deyə dəqiqləşdirdim.
O sanki proqramlaşdırılmış təyinatdan ayıldı və baxışları təmizləndi. Susdu. Baxışları yumşaldı və demək olar ki, uşaq baxışları kimi etibarlı oldu.
- Niyə? - Təəccüblə sorurşdu. - Bunun nə mənası var ki?
- Heç bir! Demək olar ki, heç bir! Sadəcə, dostlarla ilişmək, hər şeydən uzaqlaşmaq və dincəlmək! Yoxsa, siz bu cür "dəlilik" etməyi bacarmırsınız?
Murad bir qədər susdu və mənə bir az da təmiz nəzərlərlə baxmağa başladı. Elə anlaşılırdı ki, ümumiyyətlə anlamır, bunun ona nə dəxli var? O hara, bu "dəliliklər" hara? Fikirləşib, cavab verdi:
- Hər şeyin öz vaxtı var. Məndən ötrü belə şeylər keçmişdə qaldı. Sualın gizli mənasını düz başa düşürəmsə, cavab verirəm: insanlara xas olan heç bir şey mənə yad deyil. Əlbəttə ki/. Ola bilər, mənim peşəm qüvvələrimi daha çox səfərbər edib fikirləşmədən əylənməyə, ağılsızlıq etməyə imkan vermir. Deyim ki, bu, uşaqlığımdan belədir, özüm təhlilə və intizama meyilliyəm. Bu, həyatda bizim üçün ayrılmış vaxtı "dəlilikdən" vacib olan şeylərə daha rasional və doğru yönəltməyə öyrədir.
- O! Hə də, siz praqmatiksiniz? Bəs bu sizin ifaçı istedadınızla necə uyğun gəlir?
- Düşünürəm, "bu" sizin dediyiniz kimi uyğun gəlmir, sadəcə, peşənin öyrətdiyi daimi əqli və ruhi işin nəticəsidir. Bax, indi biz sizinlə danışdığımız zaman belə, haradasa mənim beynimin dərinliyində musiqi səslənir. Hətta bilmirəm, hansı musiqidir, amma səslənir.
- Aydındır. "Dəlilik" sizlik deyil.
- Bunda məna görmürəm. Axı bu, yaranmış problemlərdən qaçmaqdan başqa bir şey deyil. Ən yaxşısı, problemi dərhal təhlil etməkdir, əks halda, özü səni haqlayacaq.
- Siz gerçəkdənmi, bu cür doğru proqramlaşdırılıbsınız? Yoxsa bu belə görünür?
- Bilmirəm. Kənardan baxıb, özünə qiymət vermək çox çətindir. Düşünmürəm, belə doğruyam, amma həmişə və hər sahədə təkmilləşməyə can atmışam.
- Sizdən ötrü pul nə deməkdir?
- Hər şeyi etməyə yol verməyən imkandır.
- Yəni?
- Başqa sözlə, pul maddi imkandır, ruhi və mənəvi imkan deyil. Onlar, məsələn, həqiqi dostlar əldə etmək imkanı vermir. Onların vasitəsilə sadiqlik və inam qazana bilməzsən.
- Siz düşünürsünüz ki, bizim praqmatik əsrimizin hələ də dəyəri qalıb?
- Əlbəttə! Tanrı bütün insanlıq tarixi boyunca hər bir insan üçün elə durum yaradıb ki, bu keyfiyyətlər aşkarlanıb və hər bir fani insanın məhz bu cür insanlarla dostluq eləmək istəyini təsdiqləyib.
- Siz dostluq etməyi və sadiq dost olmağı bacarırsınızmı?
- Əgər mən kiminləsə dostluq edirəmsə, onda sadiq və etibarlı dost olaraq qalıram. Elə münasibətlər var ki, uşaqlıq illərindən qoruyuram, elə dostlarım da var, həyat bizi müsabiqələrdə görüşdürüb. Bu elə bir ruhi yaxınlıqdır ki, sanki adama elə gəlir bu insanı bütün həyatınboyu tanımısan.
- Onda sevgi haqqında nə deyə bilərsiniz?
- Siz nə eşitmək istərdiniz?
- Məsələn, üzərinizdə musiqinin mütləq hakimiyyətindən başqa, sizə hansısa hisslərin hökm etməsini eşitmək istərdim.
- Siz mənim sevgilərim barədə romantik hekayə eşitmək istərdiniz? Təsfilatları gözləməyin. Bu çox əziz və intim sahədir, hətta yaxın dostlara belə, bu barədə danışmırlar. Çünki bu yalnız mənə məxsus hisslərdir, başqasına dəxli yoxdur. Yalnız onu deyə bilərəm ki, sevgi ilə evlənmişəm və məni valeh edən qızı seçmişəm.
- Nəyi ilə valeh edib?
- Çətin ki, orijinallıq edə biləcəyəm. Mən onu görəndə, dərhal anladım ki, onunla birgə olmaq maraqlıdır, ona baxmaq istəyirdim və heç ayrılmaq istəmirdim. Bu, taleyin işidir. Mən buna inanıram. Sevgini mən planlaşdırmamışam, o, özü məni qəfil yaxaladı.
- Amma məndə elə təəssürat yaranır ki, siz, ümumiyyətlə, bu hissə tanış olmayan və onu ifadə etməyi bacarmayan insansınız.
- Siz mənim konsertlərimdə olmusunuz?
- Etiraf edim ki, yox.
- Onda gəlin. Axı bütün dünya inciləri sevginin təsiri altında yaranıb! Şopeni, Bethoveni, Qriqi, Skryabini götürün. Axı onların fikri bu hisslə yoğrulub. Bu onların musiqisindədir. Onların bütün yaşamı sevgi deməkdir. Mən də istisna deyiləm. Daha doğrusu, bunun təsdiqiyəm.
- Siz çılğın deyilsiniz, sentimental deyilsiniz, əksinə, təmkinli və yığcamsınız. Haqqınızda canına əsrlərin dahiyanə musiqisi hopmuş bir insan kimi təsəvvürlərimin tam əksisiniz. Dünyada elə bir şey varmı ki, bir anda sizi mum kimi əritsin?
- Hə, əlbəttə! Bu mənim oğlumdur. Mənə heç nə ilə müqayisəolunmaz sevinc bəxş edən körpəmdir. O mənə dünya, həyat, əbədiyyət, keçmiş və gələcək barədə dərin qırılmaz bağlılıq duyğuları ötürür.
- Siz filosof imişsiniz!
- Hə, əlbəttə. Yəqin ki... Musiqiçi həm də filosof olmalıdır!
Çaşıb-qaldığımı görüb güldü və mən üzün və gözlərin tamam başqa ifadəsini gördüm. O, tamamilə gəncləşdi və bir az əvvəl gördüyüm qapalı insana heç bənzəmirdi. Və bu zaman mənə musiqi, Avropa incəsənəti, dünya mədəniyyətləri arasında qarşılıqlı bağlılıq, müəllimlər və tələbələr arasında yararlı qarşılıqlı təlqin və zənginləşmə, özünün çoxçeşidli maraqları dairəsinə daxil olan çox şeylərdən bir xeyli maraqlı söhbətlər etdi.
- Bu da belə! Belə çıxır ki, siz ünsiyyətcil olmağı da bacarırsınız!
- İnsani heç bir şey mənə yad deyil! Mən ki bunu demişəm!
- İndiyə kimi verdiyiniz konsertlərdən hansını daha çox xatırlayırsınız?
- 2006-cı il noyabrın 20-də "ÜNS" teatrında verdiyim konserti. Professor, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, teatrın bədii rəhbəri Nərgiz Paşayeva tərəfindən düşünülmüşdü. "Impression" adlanırdı və proqrama fransız bəstəkarlarının XVII yüzillikdən XX yüzilliyə kimi musiqi istiqamətlərinin təkamülünü əks etdirən əsərlər daxil idi. Hər bir musiqi əsəri ekranda illüstrasiya ilə müşayiət edilirdi. Layihənin unikallığı və cəlbediciliyi bunda idi. Mən həmin konserti böyük sevinc və həzzlə xatırlayıram və Nərgiz xanım Paşayevaya çox minnətdaram ki, mənim yaradıcılıq taleyimdə belə layihə baş tutub.
- Özünüzlə razılaşan adamsınız?
- Yəqin ki. Amma mənim də can atdığım, daim təkmilləşdirməli olduğum şeylər var.
- Ayrı nə istəyirsiniz?
- İfaçılıq və yaradıcılıq baxımından yeni qastrol səfərləri, çünki peşəkarlıq və intellekt baxımından təkmilləşmək və yeniləşmək üçün bu güclü stimul rolunu oynayır.
- Şöhrət arzularınız daha nə ilə bağlıdır?
- Hələ ifa eləmədiyim konsert zallarında - Karneqi-hollda (ABŞ), Pleyeldə (Paris), Konsertqebauda (Hollandiya) çıxış etmək.
- Sizi şəxsiyyət kimi nə formalaşdırıb?
- Hər şey. İncəsənətin bütün növləri. Arxitektura, ədəbiyyat, rəsm, musiqi, kino.
- Bəs musiqiçi kimi? Axı siz sadəcə tanınmış deyilsiniz. Həm də istedadlısınız. Heç də hər kəs sizin kimi fransız bəstəkarlarının musiqisinin ən yaxşı ifasına görə üç dəfə mükafat almayıb. Buna qədər isə həmin mükafatı məhz fransızlar alırdılar. Çoxdan bəlli olan şeydir ki, heç kim fransız bəstəkarlarının əsərlərini fransızlardan yaxşı ifa eləmir.
- Məsələ bundadır ki, mən həmişə öyrənməyi sevmişəm. Əvvəl Bülbül adına məktəb, sonra konservatoriya, aspirantura. Bizim musiqi ifa sənətimizin kökləri rus fortepiano məktəbi ilə bağlıdır. Bu məktəbi burada - Bakıda əldə eləmişəm. Parisdə aspiranturada oxumaq imkanı yarananda mən sevindim və üç il ərzində onların ifaçılıq yanaşmasını öyrəndim. Bir müddət sonra Moskva konservatoriyasının aspiranturasında sənətimi təkmilləşmək imkanı yarananda mən imtina etmədim. İndi belə çıxır ki, mən bir ifaçı musiqiçi kimi Bakı - Paris - Moskva coğrafi dairəsində formalaşmışam. Şərq və Qərb musiqi mədəniyyətlərinin qovşağında.
- Yeni proqram hazırlayırsınızmı?
- Əlbəttə. Və bu, bir növ əldə etdiyim üç məktəbin məntiqi çuğlaşması olacaq. Buna görə də solo proqrama Avropa, Azərbaycan və Rusiya bəstəkarlarının əsərləri daxil olacaq.
- Bizim bəstəkarlardan proqrama kim daxil olub?
- Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Arif Məlikov, Firəngiz Əlizadə, Xəyyam Mirzəzadə, Vaqif Mustafazadə.
- Öz istisnalığınızı hiss edirsinizmi?
- Heç cür. Mən, ümumiyyətlə, bu barədə düşünmürəm. Sadəcə, musiqi ilə yaşayıram. Bu, ifaçı üçün normaldır. Tək mən "belə xüsusi" deyiləm ki!
- Sizi kimi xüsusi sayılan başqalarına həsəd aparırsınızmı?
- Niyə aparmalıyam? Axı onlardan hər zaman nəsə öyrənə bilərəm.
- Hər hansı başqa bir ölkədə daha təminatlı həyat dalınca getmək fikriniz varmı?
- Belə imkanlarım olub. Tez-tez iş təklifləri alıram. Məsələn, Türkiyədən. Amma getməmişəm, buranı tərk etmək istəmirəm. Bunda məna da görmürəm. Evimdəyəm və mənim üçün xoşdur. Özümü rahat hiss edirəm, çünki işim, sevimli məşğuliyyətim və ailəm var. Ümumiyyətlə, xoşbəxt insanam, çünki peşəm hər şeyimi - o cümlədən "hobbi"m olan müxtəlif incəsənət növləri və janrlarını özündə birləşdirir.
- Növbəti qastrolları nə vaxt və harada planlaşdırırsınız?
- Gələn ilin planlarında Xorvatiya, Türkiyə, Macarıstan, Böyük Britaniya var.
- Ailənizi özünüzlə götürəcəksiniz?
- Əlbəttə, amma körpəmiz böyüyəndən sonra.
- Körpəniz üçün nə istərdiniz?
- Mürəkkəb məsələdir. Çünki mən ondan ötrü çox şey istəyirəm. Sadalasam, çox şit çıxar. Sadəcə, sözdür deyirəm. Amma bu şit sözlərdən də can qurtarmaq heç cür olmur. Onun üçün həm xoşbəxtlik, həm sağlamlıq arzulayıram, qoy öz sevimli ölkəsində yaşasın, etibarlı və sadiq dostları olsun. Həyatı maraqlı, işi ürəkaçan olsun. Həm də ki istəyirəm, onunla biz dost olaq. Gerçək və sadiq dostlar.
MƏSLƏHƏT GÖR: