Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Yaxın gələcəkdə Azərbaycanda "QİÇS haqqında" qanun qəbul olunacaq, layihə artıq Milli Məclisin sosial siyasət komitəsində müzakirə edilib. İnsanın immun çatışmazlığı virusunun (İİV) yayılması ilə mübarizə sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə, yeni qanunun qəbul edilməsi vacibdir, çünki 1996-cı ildə qəbul edilmiş əvvəlki qanunun maddələrinin çoxu köhnəlib və öz önəmini itirib.
Yeni qanun - fərqli profilaktika
Şəksiz ki, XXI yüzillikdə qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) toplumun yanaşması dəyişib və deməli, Azərbaycanda bu xəstəliyin bir çox hüquqi və tibbi aspetklərinin düzəlişə ehtiyacı var. Önəmlisi budur ki, bizim ölkə metadon preparatının tətbiqi ilə əvəzedici profilaktikanın yardımı hesabına bu xəstəliyin profilaktikasına və müalicəsinə yenidən baxmağın astanasındadır. Bunu qeyd etmək lazımdır ki, əvvəllər QİÇS-in bu üsulun tətbiqi ilə müalicəsi və profilaktikası toplumda birmənalı qarşılanmırdı. Bu, qanuni, müalicə həkimi tərəfindən verilən sintetik narkotik olsa da, hesab edilirdi ki, narkomanı bir narkotikdən başqa narkotikə keçirirlər.
Amma mütəxəssislər əmindirlər ki, hazırda proqressiv tibdə geniş istifadə edilən bu yenilik QİÇS-in və hepatitin narkomanlar vasitəsilə yayılmasının qarşısını alacaq və yüzlərlə həyatı qurtaracaq, həmçinin İİV infeksiyalı və ya B və C hepatitli narkomanları müalicə etməyə imkan yaradacaq. Nəzərə alınmalıdır ki, Azərbaycanda QİÇS-ə tutulmuşların 65%-i iynə narkomanlarıdır. Bütün dünya üzrə bu kateqoriya narkomanlara qarşı əvəzedici terapiyadan istifadə edilir.
Parlamentin sosial siyasət komitəsinin başçısı Hadı Rəcəblinin sözlərinə görə, əvəzedici terapiyanın, şəksiz, müsbət çalarları var. Bu həm sosial yararlı həyatın bərpası, həm də cinayətkarlığın azalması deməkdir. Narkomanlar qeyri-leqal opioidlərdən yetərincə az-az istifadə etməyə başlayırlar və nəticədə ondan imtina edirlər. Bu isə o deməkdir ki, narkoman narkotik əldə etmək üçün cinayət əməllərinə əl atmayacaq. Nəticədə, dövlət narkomanlar üzərində nəzarət əldə edir - xəstələr uçota götürülür və mütəmadi olaraq fərdi metadon dozasını alır. Çünki o elə də güclü təsir göstərən dərman deyil. Beləliklə, onun dozasının tədricən azalması hesabına pasient narkotiklərdən asılı olmaqdan qurtula bilir. Həmçinin başqa preparatlardan fərqli olaraq, bu dərman eyforiyaya səbəb olmur, ağrıları azaldır və onu həb kimi qəbul etmək mümkündür. Sübut edilib ki, narkomanların metadona keçirilməsi QİÇS-in yayılmasını xeyli azalda bilir.
Yeni qanun layihəsinin başqa önəmli cəhəti də odur ki, orada QİÇS-ə yoluxmuş xəstələrə qarşı bütün ayrı-seçkilik ortadan qaldırılır, Azərbaycan vətəndaşlarının bütün konstitusion haqları onlara da şamil ediləcək. Sənədə həmçinin Azərbaycanın mühacir və əmək miqrantı vətəndaşlarının QİÇS-ə yoluxması ilə bağlı məsələlər də daxil edilib. Böyük ehtimalla, onların müalicəsi və profilaktiki tədbirlər Dövlət Miqrasiya Xidməti tərəfindən gerçəkləşdiriləcək. QİÇS-in müalicəsi və profilaktikası üzrə proqramlar həmçinin azadlıqdan məhrumetmə yerlərində də keçiriləcək; hazırda uyğun qanunvericilik bazasının olmaması üzündən bu tədbirlər gerçəkləşdirilmir. İcbari qaydada sənəddə göstəriləcək ki, QİÇS-in müayinəsi və müalicəsi ciddi qaydada könüllülük əsasında gerçəkləşdiriləcək.
Məcburi müalicə yalnız məhkəmə qərarı ilə xəstə olduğunu bilə-bilə ətrafdakıları yoluxduran şəxslərə qarşı tətbiq ediləcək. Yeni qanun layihəsinin qəbul edilməsi əvvəllər yalnız sadə insanlar tərəfindən deyil, həm də mütəxəssislər tərəfindən QİÇS-in müalicəolunmazlığı və öldürücü olduğu barədə nümayiş etdirilən fobiyanın aradan qalxması deməkdir.
Hazırda İİV-ə yoluxmuş insanlar toplumun bərabərhüquqlu üzvləridir və onlar hüquqlarla qorunmalıdırlar. Ədalət naminə qeyd etmək gərəkdir ki, QİÇS-in yayılması heç də başqa xəstəliklərin yayılmasından sürətlə baş vermir. Qabaqcıl müalicə və profilaktika üsulları isə QİÇS-i "ölüm mələyi"ndən nəsə fərqli yaşam tərzinə çevirib. İndən belə xəstələr uzun müddət yaşaya və öz əmək qabiliyyətlərini qoruya bilərlər. Bunda onlara qarşı münasibətin yetərincə humanist olmasının da rolu var. Azərbaycan bu proseslərdən kənarda qala bilməz.
Beynəlxalq dəstək
Hazırda Azərbaycan İİV infeksiyasına yoluxmanın zəif olduğu ölkələr sırasına daxildir. Səhiyyə Nazirliyi nəzdindəki Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanda İİV-ə ilk yoluxma halı 1987-ci ildə qeydə alınıb. BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) Bakı ofisindən bildirirlər ki, ölkədə infeksiyaya yoluxma, əsasən, infeksiyalı narkotiklərdən istifadə və cinsi əlaqə yolu ilə baş verir ki, bu da Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün səciyyəvidir. Buna görə də bizim ölkənin QİÇS-lə mübarizə tədbirləri qonşu ölkələrinki ilə oxşardır.
Ancaq UNAIDS-da xüsusi qeyd edirlər ki, Azərbaycanda İİV infeksiyasının intensiv yayılmasını hakimiyyətin vaxtında tədbir görməsi və iki qanunvericilik aktı - İİV infeksiya və narkotiklərin yayılması haqqında qanunlar məhdudlaşdırır. Buna görə də UNAIDS-ın Bakı ofisinin məsul əməkdaşı Cəmilə Cərrahova hesab edir ki, "QİÇS haqqında" yeni qanunun qəbul edilməsi zamanı bu iki qanunvericilik aktının müsbət təcrübəsindən yararlanmaq lazımdır.
Ancaq mütəxəssislər qeyd edirlər ki, yeni qanunun qəbulu ona görə lazımdır ki, Azərbaycanda da başqa ölkələr kimi İİV-ə yoluxmuşlara və QİÇS-ə tutulmuşlara qarşı ayrı-seçkilik hiss edilir. Bu da öz növbəsində xəstəliyin profilaktikası və müalicəsi proqramlarını xeyli məhdudlaşdırır. Beləliklə, məhz bu cəhəti nəzərə alan UNAIDS tərəfindən 2009-cu ildə QİÇS-in yayılmasının qarşısının alınması üçün qlobal tapşırıqlar strukturu tərtib edilib. Struktura onlarca sponsor cəlb edilib və onların sırasında BMT-nin UNAIDS-i təşkil edən agentlikləri yer alır. Bu prioritetlərə durumdan asılı olaraq, hər 5-6 ildən bir yenidən baxılır.
Beləliklə, 2011-ci ilə qədər doqquz prioritet sahə nəzərdə tutulub, onların 3 və ya 4-ü hər bir konkret ölkə üçün seçilir. Azərbaycan üçün UNAIDS-in Cenevrədəki baş ofisinin razılığı ilə 2010-11-ci illər üçün dörd tapşırıq seçilib: ehtiyacı olanların müalicəsinin təmin edilməsinin dəstəklənməsi; İİV-in iynə narkomanları arasında yayılması barədə xəbərdarlıq; İİV-in cinsi yolla yayılmasının xəbərdarlıq edilməsi; QİÇS xəstələrinə və İİV-ə yoluxmuşlara qarşı ayrı-seçkiliklə mübarizə. UNAIDS iki il ərzində Azərbaycanda bu tapşırıqların yerinə yetirilməsinin gerçəkləşdirilməsi üçün $200 min yönəltməyi planlaşdırır.
Bundan başqa, 2010-cu ildə Azərbaycanda QİÇS-in yayılması ilə mübarizə üçün QİÇS-lə, vərəmlə və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən qrant ayrılacaq ki, bu da Səhiyyə Nazirliyinə birgə səylərlə regionlarda irimiqyaslı iş başlamağa imkan verər. Qlobal Fonda QİÇS-in zərərlərinin azalması proqramı üzrə beş il müddətinə Azərbaycana $6 mln ayırıb. Proqrama iynələrin mübadiləsi, antiretro virus (ARV) terapiyası, həyati vacib biliklərə əsaslanan təhsilin təqdim edilməsi, həkimləri QİÇS-ə yoluxmuşların doğuşunu qəbul etməyin öyrədiləcəyi Reproduktiv Mərkəzin işinin maliyyələşdirilməsi və məlumat dəstəyi üzrə layihələr daxildir. 2010-cu ildə Qlobal Fond (QF) tərəfindən Azərbaycana nə qədər pul ayrılacağı hələ bəlli deyil. Ancaq bu məlumdur ki, QF-nin Bakı ofisi Azərbaycanda fəaliyyətə başlayandan bu yana QİÇS-ə yoluxmuş 150 xəstənin ARV müalicəsi çərçivəsində çox iş görülüb. QF-nin Bakı ofisi həmçinin azadlıqdan məhrum olma yerlərində xəstələrin vərəmdən müalicəsi üzrə proqramlar da gerçəkləşdirir.
Dövlət səviyyəsində
QİÇS-lə mübarizə yalnız bütün dünya üçün deyil, həm də ayrıca götürdükdə, Azərbaycan üçün önəmli məsələdir. Bu barədə "Region plus"la söhbətində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirli bildirib. Yalnız 2009-cu ildə ölkənin dövlət büdcəsindən 1 mln manatdan çox vəsait ayrılıb. "Azərbaycanda İİV-ə yoluxmuşların müalicəsi 2006-cı ildən aparılır. Ölkə ərazisində 12 laboratoriya işləyir. Biz xəstəliyin yayılmasını və səviyyəsini azaltmaq üçün bütün tədbirləri görürük. Bunun nəticəsidir ki, Azərbaycan İİV infeksiyasının təsirinə ən az məruz qalmış ölkələr sırasındadır: Cənubi Qafqaz ölkələri arasında QİÇS-ə tutulmuş xəstələrin sayına görə Gürcüstandan sonra ikinci yerdədir. QİÇS-dən ölümlərin sayının yetərincə azalması 2007-ci ildən sonra müşahidə edilir. 2006-cı ildən ARV terapiyanın tətbiqinə başlanandan sonra pulsuz müalicəyə 310 adam cəlb edilib", - deyə mütəxəssis vurğulayır.
ARV terapiya QİÇS-ə tutulmuş dustaqlara qarşı da tətbiq edilib. Penitensiar xidmətdə bu müalicəni 2007-ci ilin sonlarından həyata keçirməyə başlayıblar və indiyə kimi 46 dustaq müalicəyə cəlb edilib. 9 dustaq isə həm İİV-ə, həm də vərəmə yoluxub və hər iki xəstəliklə vərəm xəstələrinin müalicəsi üzrə müəssisələrdə müalicə edilirlər. Dustaq təcridxanaya düşən andan İİV-lə bağlı müayinə edilir. Risk qrupuna aid dustaqlar (narkomanlar, vərəm xəstələri) periodik olaraq müəssisələrdə müxtəlif cür müayinələrdən keçirilirlər; özü də bu müayinələrin konfidensiallığı qorunur.
Xəstəliklə bağlı zərərin azaldılması proqramı üzrə dustaqlar arasında maarifçilik proqramlarının keçirilməsinə baxmayaraq, qanunvericilik onlara iynə və başqa qoruyucu vasitələr verilməsini qadağan edir. Bunun üçün yuxarıda deyildiyi kimi, qanunlara və daxili normativ-hüquqi aktlara dəyişikliklər etmək lazımdır. Azərbaycanda QİÇS xəstələrinin 34,3%-i dustaqlardır. Onların çoxu venadaxili iynələrlə narkotik vasitə qəbulu zamanı bu xəstəliyə yoluxublar.
MƏSLƏHƏT GÖR: