14 Mart 2025

Cümə, 21:45

BÖHRANDAN SIĞORTALANMISINIZ?

Dünya iqtisadiyyatındakı problemlər Azərbaycan sığorta bazarının zəif cəhətlərini ortaya çıxardı

Müəllif:

15.12.2009

İndiki böhran öz gücünə görə, bütün dünya iqtisadiyyatı üçün dağıdıcı vulkan rolunu oynadı, özü də tam səngiyib-səngiməməsi və sonradan püskürə bilməsi barədə dəqiq məlumat yoxdur. Azərbaycanda böhranın təsirini iqtisadiyyatın bir sıra sahələri - tikinti, maliyyə, o cümlədən bank, qiymətli kağızlar bölməsi və s. hiss edib. Böhran daha ciddi isə sığota sahəsində özünü göstərib. Çünki bu sahənin xüsusiyyəti ondan ibarətdir ki, ayrıca mövcudluğu mümkün deyil və insanların başqa sahələrdəki işinin durumundan çox asılıdır. Hazırkı böhransa bir sıra dünya sığortaçılarını darmadağın etdi. 

Prinsipcə, Azərbaycan sığorta bazarının təhlili göstərir ki, o hələ möhkəmlənməyib və çətin durumlar üçün yetərincə güclü immunitetə malik deyil. Bu, bir sıra amillərlə, o cümlədən sığorta bazarının həcminin kiçik olması, sığorta məhsullarının sayının azlığı, obyektiv və subyektiv səbəblər üzündən sığortaya marağın zəifliyi ilə bağlıdır. 

 

Sığortasız  sığorta

Sığorta bazarının hazırkı durumunu analiz edərkən, ilk növbədə, vəziyyəti yığılan mükafatların həcminə əsasən qiymətləndirmək gərəkdir. Statistikadan görünür ki, mənzərə o qədər də xoşagələn deyil. 

Göstərilən cədvəllərdən də aydındır ki, sığorta mükafatlarının əsas bölümü ənənəvi olaraq eyni sığorta növlərində yığılır. Bir il öncə də belə idi, eyni durum bu il də müşahidə edilir. Ancaq sığorta daxilolmalarının əsas hissəsinin aid olduğu 9 könüllü və icbari sığorta növünə diqqət yetirmək daha məqsədəuyğun olardı. Azalma yetərincədir və bu müddət ərzində yığım həcminin 20 faizə qədərini təşkil edir. Qeyd edək ki, bu ilin 9 ayında bazarda ümumi mükafat yığımının 11% azalması nəzərə alındıqda, bu, 9 sığorta növünün önəmi daha da artır. Sadə dillə deyilsə, əgər sığortaçılar bu növlər üzrə mükafat yığımını ötənilki səviyyədə saxlaya bilsəydilər, indi bu bazarda böhran olmadığı barədə danışmaq olardı. 

Ən pis vəziyyət avtomobil sığortasındadır. Bu sığorta növü üzrə mükafatlar  2 dəfədən də çox azalıb. Başqa sözlə, bu seqment üzrə daxilolmaların bazardakı böhran meyillərinə daha çox məruz qaldığını söyləmək olar. Burada, yəqin ki, yaranmış durumun iki əsas səbəbindən danışmaq yerinə düşərdi: birincisi və əsas səbəb banklar tərəfindən istehlak kreditləri siyasətinə yenidən baxılmasıdır, daha doğrusu, bu siyasətin sərtləşdirilməsidir. Bir il qabaq isə əks mənzərə müşahidə edilməkdə idi, əhali fəal şəkildə avtomobillər alırdı və sığorta şirkətləri planlı şəkildə sığorta ödənişləri əldə edirdilər və özü də bu az deyildi. 

Amma ötən ilin üçüncü rübündən başlayaraq durum dəyişməyə başladı - banklar istehlak kreditlərini məhdudlaşdırmağa qərar verdilər, bəziləri isə ümumiyyətlə bu prosesi dayandırdı. Eyni zamanda əhali hələ də böhranın təsirlərini hiss etməyərək, avtomobil almaqda idi və sığorta şirkətləri isə uyğun olaraq daxilolmalar əldə edirdi. Bu ildən isə vəziyyət daha da pisləşməyə başladı. Çünki artıq əhali avtomobil almaq üçün düşünmədən borca girməyə o qədər də meyilli görünmür. Bunun nəticəsidir ki, bu sığorta növü üzrə mükafat çantası sürətlə aşağı düşməyə başladı. Buna görə də bu vəziyyətdə mükafatların azalması obyektiv haldır və böyük dərəcədə qlobal böhranın təsirləri ilə bağlıdır. 

Yaranmış durumun ikinci səbəbi isə daha çox subyektivdir və sığorta şirkətlərinin bir neçə il ərzində yürütdüyü siyasətlə bağlıdır. Bəllidir ki, avtomobillərin böyük hissəsi 3-5 il arasında kreditə verilirdi. Özü də indikindən fərqli olaraq, bütün sığorta məsələləri borc götürənin çiyninə yüklənirdi. İlk baxışdan hər şey məntiqli və doğru görünürdu, amma bir faktı da unutmaq olmaz ki, borc götürən bütün kreditboyu üçün sığorta haqqını birdəfəyə ödəyirdi. Beləliklə, bu kredit üçbucağında sığorta şirkətləri daha uduşlu durumda idi, çünki sığorta mükafatlarının bütün həcmini üç və ya dörd il öncədən əldə edirdilər. 

Ötən il avtomobillərin satınalınması fəal olduğundan, sığorta şirkətləri bundan, təbii ki, zərər görmürdülər. Amma başqa tərəfdən sığorta mükafatlarını bir neçə il qabaqdan götürən sığorta şirkətləri nəzərə almamışdı ki, avtomobil krediti bazarının da müəyyən ölçüsü var, onun dolması zamanı mükafat həddini əvvəlki vəziyyətdə saxlamaq çətin mümkün ola bilər. Halbuki hələ o vaxtlar proqnozlaşdırılmışdı ki, avtomobil alıcılarından bu cür sığorta mükafatlarının yığılma mexanizmi 2009-cu və ya 2010-cu ildə çat verə bilər. Beləliklə, nəticə çıxarmaq olar ki, sığorta şirkətləri özləri-özlərini çətinliyə salıblar və vəziyyətin qurbanına çevriliblər. Özü də yetərincə məhdudlaşmış avtomobil kreditləşməsi bazarı hazırda sığorta şirkətlərinə bu sığorta növü üzrə itkilərini tam həcmdə qarşılamağa imkan vermir. 

Daha hansı sığorta növləri üzrə azalmanı böhranla bağlamaq mümkündür? Yəqin ki, daha çox buna yanğından könüllü sığorta və yüklərin sığortasını aid etmək olar. Birinci halda səbəb kimi sahibkarların vəsait xərcləməsinə yanaşmasının dəyişməsini göstərmək olar, ikinci halda isə xarici ticarət əməliyyatlarının azalması əsasdır. Uyğun olaraq yükdaşımaları həcminin azalması da özünü göstərir. Belə olan hallarda sığorta elə də vacib olmayan xərclər kateqoriyasına aid edilir. Həmçinin yanğından icbari sığorta da almaq olar və bununla da könüllü sığortaya ehtiyac qalmır. 

Başqa növlər üzrə dəyişikliklər elə də önəmli deyil və adətən, obyektiv səbəblərlə bağlı olur. Məsələn, könüllü tibbi sığorta üzrə mükafat daxilolmalarının artmasını bu növ üzrə xidmətin bahalaşması, təyyarələrin sığortası üzrə daxilolmaların artmasını şirkətlər tərəfindən yeni təyyaralərin alınması ilə  və bir sıra başqa obyektiv səbəblərlə bağlamaq olar.

 

Meyillər güzgüsü 

Bütövlükdə, bugünkü vəziyyət sığorta bazarında cərəyan edən meyilləri tam əks etdirir. Azərbaycanın sığorta bazarının diversifikasiya dərəcəsi aşağıdır və şirkətlərin əksəriyyəti öz işini 5-10 sığorta növü üzrə cəmləşdirib, bir sıra şirkətlər isə obyektiv səbəblər üzündən tam ixtisaslaşıb. Başqa tərəfdən, əhalinin sığorta mədəniyyəti də aşağı səviyyədə qalır və vətəndaşların düşüncə tərzi də sığorta şirkətləri üçün əlavə daxilolma qaynaqlarının yaranması üçün əsas vermir. 

Sirr deyil ki, sahibkarlar və ya sadə vətəndaşlar arasında çox az adam könüllü şəkildə sığorta polisi almağa meyillidir - bizdə hələ ki əvəzində heç nə almadan pul verməyə alışmayıblar. Bundan başqa, çox vaxt əhalinin sığorta rüsumu ödəməyə hazır olmadığı üzə çıxır, çunki bunun üçün sərbəst maliyyə resurslarına malik deyillər. Beləliklə, sığortaçılarla əlaqənin 80%-i, hətta sığorta növü "könüllü" adlansa da, icbari və ya məcburi tədbirlərin nəticəsi kimi ortaya çıxır. Misal üçün, avtomobili kreditə götürən azərbaycanlıların çoxu heç vaxt könüllü sığortaya pul xərcləmək istəməzdi, amma bir neçə il qabaq banklar onları buna məcbur etməyə başladılar. 

Beləliklə, böhran sığorta bazarının daha fundamental problemlərini, xüsusilə də mövcud potensialdan zəif istifadə edilməsini ortaya çıxardı; hazırda bunun səviyyəsi 25-30%-dir.  Buna görə də sığorta şirkətləri bazarda işə yanaşmanı dəyişməlidirlər. Bir neçə aparıcı sığorta növü üzrə ani qazanca orientasiya praktikası, göründüyü kimi, çox halda özünü doğrultmadı. Sığorta şirkətləri, hətta bəzilərinə bazarda real tələbat olmasa belə, çox sayda sığorta növləri üzrə xidmətlər göstərmək imkanına malik olmalıdır. Ancaq nədənsə başlamaq və bu zaman xüsusilə də bizim vətəndaşların mühafizəkarlığını nəzərə almaq lazımdır; bu da ki öz əmlakının, kapitalının, həyatının və s.-nin qorunması üçün pul xərclənməsi deməkdir. İstənilən halda, sığorta şirkətlərinin xidmətinin dəyəri əhalinin ödəniş qabiliyyətinə uyğun olmalıdır. 

Avtomobil vətəndaşlığının icbari sığortası istisna olmaqla bütün icbari sığorta növlərini, həmçinin hava və su gəmilərinin sığortası, bu gəmilərin sahiblərinin məsuliyyətinin sığortası və əhali arasında kütləvi populyarlıq qazanmışlar sırasına aid edilə bilməyən müəyyən spesifik könüllü sığorta növləri nəzərə alınmasa, kütləvi sığortanın əsas növləri üzrə mükafat yığımının 92-96 mln manat olduğunu göstərmək mümkündür. Buna görə də sığorta şirkətləri yeni məhsullar hesabına öz sığorta çantalarını genişləndirməli, bunun üçün müəyyən kombinə edilmiş məhsullar tətbiq etməlidirlər. Öz maraqlarının lobbiləşdirilməsi də az önəm kəsb etmir. Bu, müəyyən qanunların qəbul edilməsinin sürətləndirilməsi, vergi və başqa güzəştlərin əldə edilməsi nəticəsində mümkündür. Son nəticədə, bütün bunlar bazara və sığorta şirkətlərinin özlərinə müsbət təsir göstərə bilər. 

 

İmkanlar tükənməyib!

2009-cu ilin yekunları üzrə bazarda nə gözlənilir? Üç rübün göstəricilərini nəzərə alaraq, yüksək ehtimal dərəcəsi ilə iddia etmək olar ki, sığorta şirkətləri ili azalma ilə başa vuracaqlar və 2008-ci illə müqayisədə mükafatların toplam həcmi azalacaq. Yuxarıda söylənənlər nəzərə alınsa, bu durumun təəccüblü olmadığı ortaya çıxır, çünki  bazardakı bütün mənfi nəticələri belə yüksək sürətlə aradan qaldırmaq mümkün deyil. 

Rəqəmlərin dili ilə danışılarsa, böyük ehtimalla cari ilin sonuna sığortaçıların əldə edə biləcəyi toplam mükafat həcmi 150 mln manat ola bilər. Hadisələr yaxşı getsə bu, 155 mln manat olacaq. Beləliklə, bazarın illik azalması 14-16% olacaq. Eyni zamanda bildirmək gərəkdir ki, Azərbaycanın sığorta bazarında durum artıq sabitləşib və 2009-cu ilin əvvəlinə baxanda indi xeyli yaxşıdır. 

Rəqəmlər öz yerində, ancaq sığorta şirkətləri və onları tənzimləyən qurumlar başqa cəhətlərə də fikir verməlidirlər. Bu istiqamətdə onların qarşısında duran əsas məsələlərdən biri effektiv sığorta sisteminin yaradılmasıdır. Bunun üçün sığorta qanunvericiliyini təkmilləşdirməyi davam etdirmək, sığorta şikrətlərinin maliyyə sabitliyini təmin etmək, sığorta sahəsində dövlət nəzarətinin səmərəliliyini yüksəltmək, sığorta halları yaranan zaman sənədlərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirmək lazımdır. Bundan başqa, sığorta xidmətləri spektrini genişləndirmək, sığorta şirkətlərinə regionlarda filiallar açmaq lazımdır.  İlkin mərhələdə onlar azeffektli ola bilər, amma vəziyyət heç də əbədi belə olmayacaq. Tez və ya gec, sığorta şirkətləri və sığorta etdirənlə kompromis variant tapacaqlar. Onda birincilər ikincilərin tələblərinə cavab verə biləcəklər və ikincilər də öz növbəsində, birincilərin işini layiqli qiymətləndirərək, onlarla fəal əməkdaşlığa başlayacaqlar. Amma bunun üçün dayanmadan mövcud potensialın mənimsənilməsini davam etdirmək gərəkdir. 

Bu cür imkanlar həyatın sığortası sahəsində və həm könüllü, həm də icbari tibbi sığorta sahələrində var. Mənimsənilməmiş imkanlar bank risklərinin, əmlakın sığortası sahələrində, həmçinin başqa sığorta növləri üzrə də mövcuddur. Yəni yaxın illərdə sığorta bazarından yeni çox şey gözləmək olar. Bu prosesləri müşahidə etmək, xüsusilə də bunda iştirak  çox maraqlı olardı.


MƏSLƏHƏT GÖR:

466