14 Mart 2025

Cümə, 20:57

9 MİLYARDI NECƏ DOYDURMALI?

"Torpaq - yeganə var-dövlət mənbəyidir və yalnız kənd təsərrüfatı onu artırır" Fransua kene, fransız iqtisadçısı

Müəllif:

15.12.2009

İyirminci yüzilliyin sonlarında - iyirmi birinci yüzilliyin əvvəllərində dünya ərzaq təhlükəsizliyinin təhdidedici əlamətləri görünməyə başladı. Bütün ölkələrin hökumətləri kənd təsərrüfatına xüsusi diqqət yetirməli oldular. Yer əhalisinin artımı, yüksək urbanizasiya templəri ərzağa ümumdünya tələbatını yüksəldir; proqnozlara görə, 2020-ci ildə şəhər əhalisi kənd əhalisindən çox olacaq. 

Bu məsələ ən yüksək forumlarda müzakirə edilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, planetdə aclıq keçirən və doyunca yeməyən insanların sayı onun əhalisinin altıdabiri qədərdir - 1,2 mlrd-dır. Bu, mütləq tarixi rekorddur! 1980-ci illərdə xroniki aclıqla mübarizənin uğurlarına baxmayaraq, 1990-cı illərdən başlayaraq aclıq keçirənlərin sayı yavaş-yavaş, amma inamla artır. Daha yüksək artım 1995-1997-ci və 2004-2006-cı illərdə müşahidə edilib. Bu məsələdə ən əlverişsiz vəziyyətdə Asiya və Sakit okean regionu, Böyük Səhradan cənuba olan  Afrika ölkələri, Latın Amerikası və Karib hövzəsi ölkələridir.

Ekspertlər xəbərdarlıq edirlər ki, yaxın illərdə ərzaq qiymətlərinin artması və ərzaq məhsullarının kəskin çatışmazlığı ciddi beynəlxalq münaqişələrə səbəb ola bilər. Aclıq terrorizmdən az təhlükəli deyil, çünki yoxsulluqla birgə o, dünya təhlükəsizliyi üçün təhdidlər doğurur. O, hətta Çin üçün də təhlükələr yaradır, çünki ölkə xarici bazarlardan asılıdır və bu bazarlarda düyü, taxıl və başqa ərzaq məhsullarının qiyməti qalxıb. Dünya üzrə ərzaq qiymətlərinin qalxması üzündən Haiti, Misir, Kamerun və İndoneziya kimi ölkələrdə kütləvi iğtişaşlar baş vermişdi. Hələ qiymətlərin qalxmasına qədər isə dünyada hər beş saniyədə yaşı 10-a qədər bir uşaq aclıqdan ölürdü. 

Bununla yanaşı, artıq çəkili insanların sayı aclıq çəkənlərin sayını ötməkdədir və artıq 1 mlrd-ı keçir. Amerikanın Şimali Karolina Universitetinin alimləri bu nəticəyə gəliblər. Qərbdə ailə öz büdcəsinin yalnız 10-20%-ni ərzağa xərcləyir, daha yoxsul ölkələrdə isə bu göstərici  60-90% aralığında dəyişir. Böyük Britaniya vətəndaşları hər il 20 mln ton, yəni ölkədə istehsal edilən bütün ərzaq məhsullarının 50%-ni atırlar. Onların 16 mln tonu  ev təsərrüfatlarının, otellərin, mağazaların, restoranların və qida zavodlarının tullantılarıdır. Qalan 4  mln ton isə fermer təsərrüfatlarından mağaza piştaxtalarına və zavodlara gətirilən kimi atılır. Beləliklə, britaniyalıların fərdi səhlənkarlığı üzündən milli itkiləri ildə $40 mlrd-ı keçir. Statistikaya görə, inkişaf etmiş ölkələrin çoxunda bu cür bədxərclik səciyyəvidir. Müxtəlif qiymətləndirmələrə görə, Yaponiya hər il ölkədə istehsal edilən ərzaq məhsullarının 30 - 40% -ni atır. Arizona Dövlət Universitetinin məlumatına görə, amerikalılar hər il aldıqları ərzağın yarısına qədərini ($43 mlrd-lıq) atırlar. 

Ekspertlər qeyd edirlər ki, kənd təsərrüfatı sahəsində effektli siyasət və ərzaq məhsullarının səmərəli istifadəsi insanlığı aclıqdan xilas edə bilərdi. "World Food Programme"ın statistikası göstərir ki, təkcə ABŞ Afrika qitəsindəki bütün acları doyura bilərdi. Fransa Konqo Demokratik Respublikasının qida ehtiyaclarını təmin edərdi, İtaliya isə Efiopiyanı qurtara bilərdi. Beynəlxalq təşkilatın təmsilçiləri xüsusi qeyd edirlər ki, ərzaq təhlükəsizliyi məsələsini uzunmüddətli perspektivdə həll etmək lazımdır: "2050-ci ilə qədər planetin əhalisi 9,2 mlrd-a çatacaq və biz hamını doyurmağa hazır olmalıyıq".

Ərzaq təhlükəsizliyi iqtisadiyyatın elə bir halıdır ki, dövlətin ərzaq müstəqilliyi təmin edilir və əhali üçün həyati vacib ərzaq məhsullarının əlçatarlığına zəmanət verilir. Onun göstəriciləri aşağıdakılardır: əsas ərzaq məhsullarının istehlakının səviyyəsi və dinamikası; ölkənin özünü ərzaqla təminetmə səviyyəsi; ərzaq idxalı (kritik səviyyə - 20%-dən çox olmamalıdır). İqtisadçı alimlərin fikrincə, ölkənin ərzaqla təmin edilməsi səviyyəsi 80%-ə yaxın olmalıdır. ABŞ və Fransada bu, 100%-ə, Almaniyada 93%-ə,  İtaliyada isə  78%-ə çatır.  Bir sıra ölkələrdə vətəndaşların ərzaq təhlükəsizliyi təmin edilib, başqalarında isə əhali aclıq keçirir. Məhz buna görə də kənd təsərrüfatının intensiv inkişafı, yəni inkişaf etmiş kənd təsərrüfatına malik ölkələrin təcrübəsindən yararlanmaq aktual problem olaraq qalır.

Yüksək məhsuldarlıqı kənd təsərrüfatına malik ölkələrin çoxillik təcrübəsi göstərir ki, dövlət tənzimlənməsi və himayəsi olmadan kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti az effektli olur. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı öz normal inkişafı üçün uzunmüddətli proqnoz və proqramların işlənməsini tələb edir. Yalnız uzunmüddətli proqnozlaşdırma kənd təsərrüfatının əsas sahələrini ağıllı sərmayələşdirməyə imkan yaradır. Bu zaman məhsulun istehsal və istehlak həcmləri, qiyməti proqnozlardan istifadə edilir. 

Qiymətlərin və istehsal həcmlərinin dəyişməsinə gübrə, texnika, qarışıq yemin qiyməti böyük təsir göstərir.

Məhsulun istehlak proqnozu əhalinin gəlirlərinin səviyyəsi proqnozları ilə sıx bağlıdır. Bu zaman Eynqel qanununu nəzərə almaq lazımdır, qanuna görə, əhalinin gəlirləri artdıqca, ərzağa gedən gəlirlərin payı da aşağı düşür. 

İqtisadiyyatın aqrar-sənaye bölməsinin istehsalçıların hərtərəfli dəstəklənməsi yolu ilə dövlət tərəfindən tənzimlənməsi inkişaf etmiş ölkələrin çoxunun aqrar siyasətinin  prioritet istiqamətidir. 

Bir sıra ölkələrdə kənd təsərrüfatının dəstəklənməsi təcrübəsinə daha konkret nəzər salaq. 

 

ABŞ

ABŞ-da kənd təsərrüfatına münasibəti prezident Franklin Ruzveltə məxsus qanadlı ifadələrlə təsvir etmək olar: "Əgər fermer bu gün ölürsə, sabah biz hamımız öləcəyik". Bu sözlərin fonunda ABŞ-da kənd təsərrüfatının dövlət tərəfindən tənzimlənməsi fəal olaraq onun çağdaşlaşdırılmasını stimullaşdırır və sahə üçün əlverişli olan ümumi gəlirlər, vergi və kapital yığımı rejimini təmin edir. Dövlət tənzimləməsinin önəmli iç bölümü iqtisadiyyatın aqrar bölməsinin maliyyə-kredit dəstəklənməsidir. Maliyyələşdirmə dövlət büdcəsindən vəsait ayrılması yolu ilə gerçəkləşdirilir və bu vəsaitlər məqsədli proqramlara yönəldilir. Federal səviyyədə iki proqram üstünlük təşkil edir: "Gəlirlərin sabitləşdirilməsi" və "Elmi təminat".

Əsasların sırasına "Fermerlərin gəlirlərinin sabitləşdirilməsi" proqramı da aiddir. Onun gerçəkləşdirilməsinə hazırda iri vəsaitlər yönəldilir; bu, kənd təsərrüfatına bütün büdcə ayırmalarının 30%-dən 50%-ə qədər təşkil edir. Bunun tərkibində "Məhsulun sığortalanması" və "Kənd təsərrüfatı krediti" proqramları da yer alıb. "Məhsulun sığortalanması" proqramı üzrə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Federal Məhsulun Sığortası Korporasiyası vəsait ayırır və bununla fermerlərin məhsullarının təbii fəlakətlərdən sığortası gerçəkləşdirilir. Federal səviyyədə 10-dan çox sahələrarası məqsədli proqram fəaliyyət göstərir. Bunların sırasında torpağın konservasiyası və götürülməsi, əhalinin aztəminatlı təbəqələrinə ərzaq yardımı, marketinq və təftiş proqramlarını göstərmək olar. 

Son illərdə ən prioritetli "Qiymətlərin dövlət tərəfindən dəstəklənməsi" sayılır. Hazırda bu proqram üzrə Amerika fermalarının üçdəbiri büdcə maliyyələşdirilməsi ilə əhatə edilib, özü də bu vəsaitlərin 70%-i il ərzində dəyər ifadəsi ilə $100 minlikdən çox əmtəə məhsulu istehsal edən fermerlərə çatır.

Fermer gəlirlərinin birbaşa subsidiyalaşdırma sistemində daha bir subsidiyalar qrupu təbii fəlakətlərdən dəyən zərərə görə ödənişlərdir. Bu subsidiyalar taxıl və pambıq əkən fermerlərə verilir və proqramda iştirak zamanı əkin sahələrinin məhdudlaşdırılması şərt qoyulur. Bu subsidiyalar qrupu "Məhsulun sığortası" proqramı ilə əlaqəlidir. 

Dövlət büdcəsindən yetərincə vəsait "Ərzaq yardımı" proqramının maliyyələşdirilməsinə ayrılır. Onun məqsədi, birincisi, "qeyri-likvid" ərzaq mallarının satışına yol açmaq, ikincisi, bazar qiymətlərini aşağı salmadan yerli ərzaq satışı bazarını genişləndirmək, üçüncüsü isə mövcud bazar qiymətləri şəraitində əhalinin azqazanclı hissəsinin ərzaq təminatı səviyyəsini yüksəltməkdir. Bu proqram tələbatın genişləndirilməsi vasitələrindən biridir.

ABŞ-ın kənd təsərrüfatı istehsalının çağdaş inkişaf mərhələsində ssuda kapitalının, yəni kənd təsərrüfatı kreditinin, o cümlədən güzəştli kreditlərin  vacibliyi artır. 

ABŞ kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi çərçivəsində iki növ qiymətlər mövcuddur: məqsədli (zəmanətli) qiymətlər, daha önəmli kənd təsərrüfatı məhsullarına şamil edilir. Məqsədli qiymətlərin səviyyəsi elə şəkildə hesablanır ki, onlar orta və aşağı xərc səviyyəsinə malik fermalarda genişləndirilmiş istehsalın özünümaliyyələşdirməsi üçün gəlir səviyyəsinə zəmanət verə bilir. Fermer məhsulunun satışı məqsədli qiymətlərdən yuxarı, aşağı və ya bu qiymətlərə bərabər qiymətlərlə gerçəkləşdirilir. Amma əgər satış qiyməti məqsədli qiymətdən aşağıdırsa, fermer ilin sonunda (bəzən də il ərzində avans şəklində) məqsədli qiymətlə bazar qiyməti arasındakı fərqi alır. Beləliklə, fermer üçün iqtisadi reallıq, yəni yekun satış qiyməti məhz məqsədli qiymətdir, onu həm də zəmanətli qiymət adlandırırlar;

- girov qiymətləri (girov dərəcələri). Əgər bazar qiymətləri girov qiymətlərindən aşağı formalaşırsa, fermer bütün məhsulu fiksə edilmiş girov qiyməti ilə Əmtəə Kredit Korporasiyasına (ƏKK) verir. 1985-ci ildə qəbul edilmiş kənd təsərrüfatı qanununun maddələrinə əsasən, ABŞ fermerlərinə istehsal etdikləri məhsulu sərbəst bazarda satmaq, müqavilə əsasında reallaşdırmaq, bazarda daha yüksək qiymətlərin formalaşmasını gözləmək məqsədilə öz təsərrüfatında saxlamaq, girov kimi ƏKK vermək hüquqları verilib. Son halda girov kimi verilmiş əmtəə 9 ay ərzində fermer tərəfindən geri satın alına bilər. Əgər bu baş verməzsə, məhsul ƏKK-nin mülkiyyətinə keçir, fermer isə onun əvəzinə, saxlama xərcləri çıxılmaqla, girov qiymətlərlə pul kompensasiyası əldə edir. Girov qiymətləri kənd təsərrüfatı məhsullarına zəmanətli qiymətlərin aşağı həddi deməkdir. Əgər 9 ay ərzində dünya qiymətləri girov qiymətindən aşağı olarsa, onda fermer öz məhsulunu dünya bazarı qiymətlərinə geri ala bilər. Bununla da fermer girov qiymətləri ilə dünya qiymətləri arasındakı fərqdən təmiz gəlir əldə edir.      

ABŞ-ın kənd təsərrüfatının büdcə xərcləri həm də iqtisadi durumdan asılı olur. Məsələn, böhran illərində onların önəmi kəskin artır, daha sabit dövrlərdə isə dövlət subsidiyalaşdırmasının səviyyəsi nəzərəçarpacaq dərəcədə azalır. 

Federal büdcənin kənd təsərrüfatına xərcləri arasında iki istiqamət əsas sayılır:

1)gəlirlərin sabitləşdirilməsi proqramı (büdcənin "kənd təsərrüfatı" maddəsi ilə xərclərin 60%-ə qədəri onun payına düşür);

2)kənd təsərrüfatı araşdırmaları və elmə xidmət proqramı.

Qeyd etmək gərəkdir ki, yardımın böyük bölümünü (büdcə vəsaitlərinin 70%-ə qədərini)  yüksək istehsal səmərəliliyi göstərən iri təsərrüfatlar alır. Faktiki büdcə maliyyələşdirilməsi isə Amerika fermalarının üçdəbirini əhatə edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyi həmçinin satış kooperativlərini dəstəkləməklə və kənd təsərrüfatı məhsulları bazarında rəqabətə zəmanət verməklə, dünya bazarlarındakı qiymətlər və standartlar barədə dolğun məlumat verməklə Amerika fermerlərinə öz məhsullarını satmaqda yardım edir. 

Yeri gəlmişkən, ABŞ-da kənd təsərrüfatı istehsalının səmərəliliyi Avropa Birliyinin çox ölkəsindən yüksəkdir.

 

Almaniya

Almaniya Fermerlər Birliyinin hökumətlə 1955-ci ildə apardığı danışıqlar Almaniya kənd təmsərrüfatı qanununun qəbul edilməsi ilə nəticələnib. Orada ümumi dövlət miqyasında aqrar siyasətin əsasları yer alıb, həmçinin onların gerçəkləşdirilməsi üçün konkret siyasi vasitələr təsvir edilib. Qanunda göstərilib: kənd təsərrüfatı ilə bağlı müdafiə tədbirləri görülməlidir. Ticarət, kredit, qiymət siyasətləri kimi bəlli təsərrüfat tənzimlənməsi alətlərinin yardımı ilə kənd təsərrüfatındakı əlverişsiz vəziyyəti iqtisadiyyatın başqa sahələrindəkinə çatdırmaq qərara alınıb. 

Qanuna görə, kənd təsərrüfatı naziri hər il kənd təsərrüfatının qabaqkı ildəki vəziyyəti ilə bağlı hesabat dərc etdirməlidir. Qanun onda nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsi üçün federal vəsaitlərin verilməsi üçün əsas rolunu oynayır. 

Dövlətin yardımına öz iş vaxtının yarıdan çoxunu kənd təsərrüfatına həsr etmiş fermerlər ümid edə bilərlər. Toplam gəlirlərin yarıdan çoxu kənd təsərrüfatının payına düşərsə,  həmçinin kənd təsərrüfatından gəlirlər ümumi gəlirlərin 25 faizindən az olmasa da bu mümkündür. 

Almaniyada güzəştli dövlət krediti illik 1%-lə 28 il müddətinə verilir. Gənc fermerlər üçün kreditin alınması ilə bağlı xüsusi güzəştli şərtlər nəzərdə tutulur. 

Almaniyanın bütün torpaqları üçün kənd təsərrüfatı kreditləşdirməsi proqramının məqsədi həyat şəraitinin rasionallaşdırılması və yaxşılaşdırılmasıdır. Yeni torpaqlarda istehsalı 5 ildən köhnə olmayan texnikanın alınması və s. üçün əlavə sərmayələr dəstəklənir. Kənd təsərrüfatı məhsullarının istehsalçısı 1 işçi və ya müəssisə üçün 143 min alman markasına qədər güzəştli kredit ala bilər. Əlverişsiz iqlim şəraiti olan vilayətlərdə dövlət kreditin ödənişinin 5%-ni, ənənəvi vilayətlərdə isə 3%-ni öz öhdəsinə götürür.

Dövlətin ödənişini öhdəsinə götürdüyü kredit üzrə hesablanmış faiz məbləği birdəfəyə ödənilir. Təsərrüfatların sərmayələrdə öz qoyuluşları ən azı 10% təşkil etməlidir.

 

Polşa

1989-cu ildə Polşada iqtisadi həyatın liberallaşdırılması başlanıb. Ərzaq məhsullarının idxalının subsidiyalaşdırılması da dayandırılıb ki, bu da qiymətlərin kəskin artmasına səbəb olub. Öz növbəsində bu, Polşa hökumətini bazar tarazlığının qorunması və ərzaq qiymətlərinin kəskin artımının dayandırılması üçün tədbirlər görməyə məcbur edib. 

Başlıca yer əsas aqrar məhsullarına - taxılın, süd məhsullarının, donuz ətinin və mal ətinin zəmanətli qiymətlərinə və idxal-ixrac mexanizminə verilir. Bu tədbirlər Avropa Birliyinin   birgə aqrar siyasətində nəzərdə tutulmuş tədbirlərə cavab verir. Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyinə tabe Aqrar Bazar Agentliyi (ABA) aqrar məhsulları alır və satır, dövlət ehtiyatlarını xərcləyir və formalaşdırır, kənd təsərrüfatı kreditləri və topdan ərzaq bazarlarının tikintisi üzrə ssudalar üzrə zəmanət verir. 

Polşa hökuməti ərzaq buğdasının və çovdarın minimal qiymətini müəyyən edir. Əgər bazar qiymətləri minimum qiymətlərindən aşağı düşürsə, onda ABA intervensiya satınalmaları gerçəkləşdirir. Bundan başqa agentlik dövlət ehtiyatları üçün də taxıl alır. 

İntervensiya ehtiyatlarının satışı həm daxili bazarda gerçəkləşdirilə bilər, həm də onlar dünya ticarəti qaydalarına uyğun şəkildə ixrac edilə bilər. 1996-cı ildən bu yana Polşada şəkər bazarı üzrə xüsusi təşkilat fəaliyyət göstərir. Bu tədbirlər süd məhsulları üzrə də gerçəkləşdirilir. ABA süd zavodlarından intervensiya qiymətləri ilə kərə yağı alır, onlar da süd istehsalçılarının pulunu təyin edilmiş minimum qiymətlə verirlər. 

Polşada ət istehsalı və istehlakında prioritet olan donuz ətinin bazara intervensiyası isə qiymətlərin sabitləşdirilməsinə yönəlib, mal əti üzrə siyasət isə dövlət ehtiyatlarına satınalma ilə məhdudlaşır. Qalan bütün aqrar məhsulları üzrə dövlətin rolu idxal-ixrac tənzimlənməsinə yönəldilir. 

 

Finlandiya 

 Burada kənd təsərrüfatı məhsullarının üç növ qiyməti fəaliyyətdədir: məqsədli, dotasiyalı və əlavə qiymətlər. Hər il Kənd təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məqsədli qiymətləri müəyyən edir və onu kənd təsərrüfatı istehsalçılarının mərkəzi təşkilatı ilə birgə təsdiqləyir. Bir il ərzində bu qiymətləri inflyasiya templəri nəzərə alınmaqla düzəliş etmək olar. Məqsədli qiymətlər üçün bazis kimi ölkənin istehsalı üçün yaxşı şəraitə malik cənub rayonlarında vacib kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyərinin hesablanmış model  üzrə hazırlanmış qiymət modeli götürülür. Şəraiti pis olan rayonlar üçün dotasiyalar nəzərdə tutulub. Dotasiya qiymətləri də həm zəmanətli qiymətlərin, həm də ixraca gedən məhsullara qoyulan qiymətlərin qoyulması prosedurlarına uyğun şəkildə müəyyən edilir. Bu zaman əgər fermerlər ixrac edilən məhsulu dotasiya qiymətlərindən yuxarı qiymətə satırlarsa, onda onlara itki pulu ödənilmir. Bundan başqa, onlar həm də xaricə ixrac kvotasından artıq məhsul satıblarsa, onda artıq məhsula dotasiya qiymətləri şamil edilmir. Dövlət kvotalarından artıq istehsal edilmiş kənd təsərrüfatı məhsulu üçün əlavə qiymətlər nəzərdə tutulub. Bu, ölkənin ayrıca götürülmüş rayonunun daxili bazarında yaranmış durumdan asılı olaraq dəyişir (bir qayda olaraq məqsədli qiymətlərdən aşağı olur). 

Beləliklə, bir sıra ölkələrdə kənd təsərrüfatının inkişaf təcrübəsini ümumiləşdirərək, aşağıdakı nəticələrə gəlmək olar. Kənd təsərrüfatı istehsalının  dövlət tənzimlənməsinin təşkil olunmasının səmərəli üsulları sırasına aşağıdakıları aid etmək olar: bir çox kənd təsərrüfatı məhsulları üzrə qiymətlərin səviyyəsinin dəstəklənməsi; hər bir hektar torpaq sahəsi, şərti baş mal-qara üçün dotasiyanın ayrılması; kəndlilərin güzəştli kreditləşdirilməsi; kənd təsərrüfatı müəssisələri üçün güzəştli vergi müəyyən edilməsi; dövlət elmi araşdırmalarının maliyyələşdirilməsi; kənd yerlərində infrastrukturun büdcə vasitəsilə subsidiyalaşdırılması; dövlətin aqrar bölməyə ən önəmli və təsirli yardım istiqamətləri haqqında normativ-hüquqi aktların işlənməsi və qəbul edilməsi.

Xarici ölkələrdə  kənd təsərrüfatının dövlət tərəfindən tənzimlənməsi üzrə bütün sistemdə əsas rolu qiymətlərin dəstəklənməsi oynayır. Qiymətlərin dövlət tənzimlənməsinin aləti kimi tez xarab olmayan məhsulların mal intervensiyası və qiymətlərin lazımi aralıqda saxlanılması məqsədilə satın alınması və ya satılması istifadə edilir. 

Birbaşa ödənişlərə müxtəlif ödəmə üsullarının geniş çeşidi daxildir: kompensasiya ödənişləri; vahid sahə və bir baş mal-qara hesabı ilə subsidiyalar; sığorta və ya zərər əvəzi ödənişlər; resursların istehsal, ixrac və s. üçün satınalınmasının maliyyələşdirilməsi şəklində ödənişlər və s. Bütövlükdə, inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə birbaşa ödənişlərin 2/3-si torpaq sahəsi və mal-qara başı üzrə hesablanmaqla gerçəkləşdirilir. Ödənişlərin ölçüsü və quruluşu ölkələrin təbii və iqtisadi şəraiti nəzərə alınmaqla dəyişir. 

Birbaşa ödənişlərin daha çox məbləği istehsal üçün əlverişsiz şəraitə malik ölkələrdə (Norveç, İslandiya, Finlandiya, İsveçrə və Fransanın dağ rayonlarında) müşahidə olunur. Bu ödənişlərin məqsədi mənfi torpaq rentasını, məsələn, dağlıq və şimal rayonlarında artmaqda olan istehsal xərclərini kompensasiya etməkdir. Əlverişsiz sayılan fermaların sayı və ümumi sahəsi daim artmaqda idi və indi AB ölkələrində bu cür fermalar, demək olar ki, bütün kənd təsərrüfatı əkinlərinin yarısını tutur. Finlandiyada, demək olar ki, bütün təsərrüfatlar hektarbaşına subsidiya alırlar, 62 dərəcə en dairəsindən yuxarı ərazilərdə yüksəldilmiş qiymətlər və xüsusi əlavələr tətbiq edilir. Bu cür güzəştli əlavələr İsveçin şimalında da mövcuddur. Norveçdə də analoji sistemdir. Avstriyada, İsveçrədə və Fransanın dağ rayonlarında çoxdan hektar üzrə və ya mal-qara başına dotasiyalar sistemi tətbiq edilir. 

Fermer təsərrüfatlarının maliyyə resurslarının dəstəklənməsi kənd təsərrüfatı üzrə kooperativ bankların yaradılması, gəlirə yox, xidmətə yönəlik kənd kredit kooperasiyasının inkişafı, ipoteka krediti sisteminin genişləndirilməsi, kənd təsərrüfatı üçün güzəştli vergi rejiminin müəyyən edilməsi hesabına gerçəkləşdirilir. 

İnkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə dövlətin aqrar- sənaye kompleksinin istehsal infrastrukturunun yaradılmasına təsir dərəcəsi yetərincə yüksəkdir: meliorativ layihələr gerçəkləşdirilir, yol-nəqliyyat şəbəkəsi yaradılır, torpağın münbitləşdirilməsi tədbirləri gerçəkləşdirilir, ferma və quşçuluq fermaları, kənd təsərrüfatı anbarları, çardaqlar, emalatxanalar, istehsal xətləri, baytarlıq laboratoriyaları, qarajlar, texniki xidmət stansiyaları  tikilir və s. işlər görülür. 

Xarici ölkələrdə aqrar-sənaye kompleksinə geniş yayılmış dövlət dəstəyi tədbiri birbaşa və dolayı dövlət subsidiyalaşdırmasıdır. 

Yekunda qeyd etmək lazımdır ki, ABŞ-da və Qərb ölkələrində kənd təsərrüfatının dövlət tərəfindən tənzimlənməsi iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib. Məhz dövlət müdaxiləsi hesabına sabit kənd təsərrüfatı məhsulları bazarı yaratmaq, lazımi ərzaq təhlükəsizliyi və yüksək vətəndaş gəlirləri səviyyəsini təmin etmək mümkün olub. 


MƏSLƏHƏT GÖR:

524