14 Mart 2025

Cümə, 21:45

NAĞIL VARSA, AĞIL DA VAR

Analitiklər hesab edir ki, iqtisadi böhran hələ bir neçə il də uzana bilər

Müəllif:

15.12.2009

Dünya iqtisadi böhranının görünməyən cərəyanları və həyəcanlı təlatümləri onun başa çatması müddəti ilə bağlı növbəti panika və pessimizm dalğasına səbəb olub. Dubay kreditorlardan dövlət şirkəti "Dubai World"un borclarının ödənişinin vaxtının uzadılması barədə möhlət istəyib. Dəbdəbəli villa  və otellərin tikildiyi süni Palma adasına görə gerçəkləşdirilən tələskən kredit bumu həmişə olduğu kimi defoltla bitdi və bu da dünyanın bütün maliyyə bazarlarında özünü göstərdi. KİV-lər öz səhifələrini böhranın ikinci dalğasının başlaması barədə xəbərlərlə bəzədilər, analitiklər öz optimist əhval-ruhiyyələrini təmkinlə əvəz etdilər, sərmayəçilər və sahibkarlar isə növbəti biznes nəhənginin müflis olması barədə xəbərləri gözləməyə başladılar. İstənilən halda bir-birinin ardınca çökən maliyyə piramidaları bütün mühafizəkarları tam əmin etdi ki, artıq dünyanın  maliyyə və iqtisadi idarəetmə modelini dəyişməyin vaxtı çatıb. 

 

Uğursuzluq adası 

Gerçəkdən Dubay hakimləri öz kiçik əmirliklərini həqiqi nağıl şəhərinə çevirə biliblər: şüşə və beton göydələn binalar, lüks-klass avtomobillərlə dolu yollar, bütün dünya üzrə ən iri ticarət mərkəzlərinin bahalı vitrinləri, sayı bilinməyən kranlar və məscid minarələr ətrafı tamamilə bürüyüb. Dünyanın hər yerindən turistlər bu nağıl dünyasına can atırdılar, lüks otellərdə yetərincə liberal qiymətlərlə qalmaq, Yeni il bayramını dəniz çimərliyində istirahətlə keçirmək, lazım olan səviyyədə alış-veriş etmək onları cəzb edirdi. Başqa sözlə, əmirliyin uğurlarına yalnız həsəd aparmaq olardı - dünyanın hər yerindən axışan turist və investor, iri tikinti layihələri, Şərq dəbdəbəsini çağdaş texnoloji inkişafla çuğlaşdırmaq təmin edilmişdi. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunlar, sadəcə, "Dubai World"un öz borc öhdəlikləri üzrə texniki defolt barədə elanının bir anda dağıdacağı mifdir. 

Bu dövlət korporasiyası dünya limanlarının beynəlxalq operatoru "DP World"a, Britaniyanın dəniz daşımaları şirkəti "P&O"ya, "Istithmar" investisiya şirkətinə, "MGM Mirage" kazinolar şəbəkəsinə, Amerika riteyleir "Barneys New York"a nəzarət edir. Ancaq qrupun ən məşhur  qurumu isə Dubay sahillərinin və adalarının əsas inşaatçısı olan dövlət tikinti şirkəti "Nakheel"dir. Dünya bazarlarında çaxnaşmaya səbəb məhz onun borc öhdəlikləri olub. Hər şey ondan başladı ki, artıq Dubay əmlakı alıcı cəlb edə bilmədi -  keçən ildən başlayaraq, ən dəbdəbəli layihə olan və "Dubai World" fondu tərəfindən törədilmiş birja çaxnaşmasının əsas günahkarı palma şəkilli süni ada "Palm Jumeirah"da villaları, demək olar ki, müftə paylamağa başladılar və ilkin ödəniş vaxtını beş ildən də o yana uzatdılar. 

Müxtəlif qiymətləndirmələrə görə, Dubayın və əmirliyin şirkətlərinin vaxtı keçmiş toplam borcları artıq yayda $80 mlrd olub və indi daha çoxdur. Özü də bunun böyük hissəsi  - $59 mlrd dövlət şirəkti "Dubai World"un çiyinlərindədir. 14 dekabrda "Nakheel" nominal gəliri 5,5% olan islam bondları üzrə $3,5 mlrd borcu ödəməlidir. Ancaq sözügedən müddətə və ümumiyyətlə yaxın gələcəkdə onun bunu edə bilməsi inanlımazdır. 

"Dubai World"un bəyanatı dünya fond meydançalarında sürətli düşmələrlə nəticələndi. Öz vəsaitlərini qorumaq istəyən sərmayəçilər Dubay şirkətinin kreditorları konsorsiumunda iştirak etmiş iri Avropa və Asiya banklarının səhmlərindən yaxa qurtarmağa çalışırlar. "Citigroup" analitik şirkətinin məlumatına görə, bunların sırasına Britaniyanın "HSBC" və "Standard Chartered",  Yaponiyanın "Mitsubishi UFJ Financial" və "Sumitomo Mitsui" kimi bank nəhəngləri daxildir.

Qeyd etmək gərəkdir ki, Dubay hökuməti dərhal "Dubai World"un borclarını birbaşa maliyyələşdirməkdən imtina edib və bunun əvəzinə onun kreditorlarını ucuz kreditlər verməklə dəstəkləməyi təklif edib. Fond öz borclarının yenidən strukturlaşdırılması barədə elan verib və kreditorlardan möhlət istəyib. Qeyd edək ki, Britaniyanın "HSBC", "Standard Chartered", "Lloyds" və "Royal Bank of Scotland" artıq "Dubai World"un borclarının yenidən strukturlaşdırması təklifi ilə razılaşıblar və fondun çoxmilyardlıq borcları hansı şərtlərlə yenidən strukturlaşdıracağı barədə tam məlumat tələb ediblər. 

Bununla belə analitiklər ehtiyat edirlər ki, bir il qabaq Amerikanın "Lehman Brothers" bankını müflisləşdirən və hazırkı dünya böhranının başlanğıcı sayılan qovuğun partlaması kimi Dubayda da partlayış baş verə bilər. Buna görə də iqtisadi böhranın ikinci dalğasının mümkünlüyü barədə yetərincə kədərli proqnozlar verilməyə başlanıb. Özü də "CMA DataVision (Credit Market Analysis)"in analitikləri doğru qeyd ediblər ki, Dubay epizodu arzuolunmaz vaxtda baş verdi. Son aylarda dünyanın maliyyə bazarlarında artım var idi və investorlar gəlir götürürdülər. Ekspertlər hesab edirlər ki, artıq zirvə arxadadır və yalnız "emerging markets" bazarlarında deyil, həm də əmlak qiymətlərinin görünməz templərlə qalxdığı bazarlarda da yeni defoltlar gözləmək olar. 

 

Tam tərsinə dönüş 

"Dubay nağılı" dünyanı bir daha iqtisadi siyasətdə köklü dəyişikliklər barədə düşünməyə vadar etdi. Mümkündür ki, bu sahədə ən sensasiyalı addımı yaxın zamanlarda Rusiya atacaq və öz rezervlərinin bir hissəsini Kanada dollarlarına keçirəcək. İstənilən halda bu barədə Rusiya Mərkəzi Bankının (RMB) açıqlaması olub. Rusiya Mərkəzi Bankının bu yetərincə orijinal addımına isə Kanada dollarının özü cavab verib və müəyyən müddətə ABŞ dollarına nisbətdə bahalaşıb. ABŞ dolları isə bir neçə bazarda xeyli ucuzlaşıb. Məsələn, Tokioda Amerika valyutasının məzənnəsi 1995-ci ilin iyul ayından bu yana ən aşağı səviyyəyə düşüb. 

Rusiya analitikləri iddia edirlər ki, bu bəyanat məntiqlidir və öz ehtiyatlarını qorumaq istəyindən doğub.  Hazırda Rusiyanın valyuta ehtiyatlarının 47%-i ABŞ dollarıdır və RMB dollardan asılılığı bir qədər azaltmağa çalışır, çünki ABŞ-ın artıq $12 trln.-u keçmiş dövlət borcunun və $1,4 trln.-u keçmiş,  müharibədən sonrakı illər üzrə rekorda çatmış büdcə kəsirinin artmaqda davam etməsi dolların gələcəyinə etibarı azaldır. Bundan başqa, ABŞ-ın valyutasını və qiymətli kağızlarını almaqla bu ölkəni kreditləşdirmək sadəcə əlverişsiz olur. Çünki Federal Rezerv Sistemi bəyan edib ki, dolların məzənnəsinin plan üzrə azaldılması davam edəcək, ABŞ-ın dövlət istiqrazları isə faiz dərəcələrinin həddindən aşağı saxlanması üzündən tamamilə gəlirsiz yatırıma çevrilib. Beləliklə, dünya iqtisadiyyatının böhrandan çıxmasının gedişində kapitalın bu "sığınacaq"ları tərk etməsi fəallaşacaq. 

Qərb iqtisadçıları əmindirlər ki, bu məsələdə hər şeydən öncə Rusiyanın siyasi maraqları  var və müəyyən məqsədlər də prezident Barak Obamaya təsir mexanizmi daşıyır. Axı məhz Obama böhranın sona çatdığını bəyan edib və özünə iqtisadiyyatın qlobal problemlərini həll etmiş prezident şöhrəti gətirmək istəyir. Dolların hörmətdən düşməsi isə bu plana uyğun gəlmir. Düzdür, Amerika istehsalçılarının məhsullarını rəqabət qabiliyyətli etmək üçün ABŞ-ın öz valyutasını bilərəkdən ucuzlaşdırmaq siyasəti yürütməsi barədə şübhələr də var. Buna görə də Avropa hələ ki dollar-avro spekulyasiyalarına çox ehtiyatla yanaşır.

Amma Rusiyanın bu addımı məhz Ştatların əleyhinə yönəlmiş sayılır. Sual yarana bilər ki, Rusiyanın yeni rezerv valyutası kimi niyə məhz Kanada dolları seçilib? Birncisi ona görə ki, hətta böhran şəraitində belə Kanada iqtisadiyyatı əlverişli dayanıqlıq nümayiş etdirib. İkincisi, Kanada dollarının məzənnəsi zəif olsa da, inamla artır. 2006-cı ilin əvvəlindən onun məzənnəsi amerikalı adaşına baxanda 8,4%,  rubla baxanda isə 11,04% artıb. Onillik Kanada dövlət istiqrazları elə ABŞ istiqrazları ilə eyni gəlirlilik, yəni uyğun olaraq 3,28% və 3,34% təmin edirlər. Üçüncüsü isə seçməyə başqa bir şey də yoxdur. 

Rusiya Mərkəzi Bankı İsveçrə frankını seçməyi düşünürdü, amma bəlli olub ki, onun bazarının tutumu çox aşağıdır. Bununla belə, Kanada ekspertləri öz dollarlarının dünya rezerv valyutası kimi gələcəyini şişirtməyə meyilli deyillər. "Önəmli rezerv komponentli olmaq üçün Kanada dollarının bazarı yetərincə kiçikdir və likvid deyil", - deyə Britaniyanın Kolumbiya əyalətindəki universitetin professoru Moris Levi bildirir. Rusiya ekspertləri düşünürlər ki, Kanada dollarının payı onların rezervlərində 5%-dən çox olmayacaq. 

Analitiklər qeyd edirlər ki, istənilən halda dolların indiki vəziyyəti göstərir ki, vəziyyətin sabitləşməsi möhkəm deyil və dünyanın aparıcı liderlərinin son aylarda böhran meyillərinin qarşısının alınmasının mümkün olduğu barədə verdikləri bəyanatlar yetərincə kövrəkdir. Dünya standartları ilə yetərincə kiçik olan Dubay təhlükəsi fond bazarlarında ötənilki ilə müqayisədə kiçikmiqyaslı olsa da, yenidən çaxnaşma yaranmasına səbəb oldu. Bu isə göstərir ki, böhran meyillərinin qarşısının alındığını söyləmək hələ tezdir. Yeni tənəzzülün olması da mümkündür. 

Bu ehtimallar əvvəllər tanınmış iqtisadçı "NEOKON" konsaltinq şirkətinin, prezidenti Mixail Xazin tərəfindən də bildirilmişdi. O söyləmişdi ki, böhranın gedişində vahid dollar məkanında bölünmə baş ver bilər və yalnız bundan sonra yeni alternativ dünya valyutasının tətbiqindən danışmaq olar.  

Dünya iqtisadiyyatında baş verən son hadisələr isə M.Xazinin dünya böhranının ən azı 5-6 il davam edəcəyi və yeni iqtisadi idarəetmə modelinin tətbiqinin vacib olacağı barədə proqnozlarını təsdiq edir. Rusiya iqtisadçısı bu yaxınlarda verdiyi bəyanatlarında isə dünya iqtisadiyyatını yumurtadan yenicə çıxmış cücəyə bənzədib. "Kredit faizi dərəcəsinə əsaslanan köhnə artım modelinin sonu çatıb. Yeni model ortaya çıxmayana qədər böhran davam edəcək. Ya da ki, dünya həyat və inkişaf səviyyəsinə görə 50-70-ci illərin səviyyəsinə düşərək bu məsələ ilə yenidən  üzləşəcək", - deyə Xazin vurğulayır. Ümumiyyətlə böhrandan sonra da dünyanı yaxşı çağlar gözləmir, "ən böyük depressiya" başlayacaq, bu, maliyyə kapitalizminin Xazinin "pravoslav və ya müsəlman sosializmi" adlandırdığı sistemə çevrilməsi ilə başa çatacaq. 

Bu pessimist proqnozların sona qədər düz çıxıb-çıxmayacağına əmin olmaq üçün elə də çox qalmayıb. Gələn il iqtisadi hadisələrin inkişafı hər şeyə nöqtə qoymalıdır. 


MƏSLƏHƏT GÖR:

406