14 Mart 2025

Cümə, 21:45

GERÇƏK, YOXSA YALAN?

Beynəlxalq energetika agentliyi enerji böhranı proqnozlaşdırır

Müəllif:

15.12.2009

Qaz bölməsində isə əks proses gözlənilir. Məruzəyə görə,  yaxın perspektivdə ənənəvi neft-qaz qiymət bağlılığı itəcək. Buna ABŞ-da yeni qaz yataqlarının işlənməsi və sıxılmış qaz təkliflərinin kəskin artması səbəb olacaq. Bununla da qazın qiymətinin hazırda mövcud olan neft qiymətlərindən asılılığı ortadan qalxacaq və bu, istehlakçının kisəsinə müsbət təsir göstərəcək. Dünya iqtisadi böhranı fonunda və bərpa olunan enerjilərə diqqətin həddindən artdığı bir dönəmdə, BEA qaza tələbatın 2030-cu ilə kimi xeyli azalacağını proqnozlaşdırır. 

Bazarda təbii qaz artıqlığı onun qiymətinin azalmasına səbəb olacaq və Rusiyanın Avropaya enerjidaşıyıcı təchizatı üzərində nəzarətini aşağı salacaq. Bu məsələnin başqa təsiri isə Rusiyanın xaricə sıxılmış qaz satmaq iddialarına da zərbə vuracaq. Kapitaltutarlı qaz kəmərlərinin tikintisi mənasız və əlverişsiz olacaq, həmçinin "energetika dəyənəyi"ni siyasi məqsədlər üçün istifadə etmək şansları da aşağı düşəcək. 

BEA dünya üzrə neft hasilatının zirvəsinin arxada qaldığını bildirsə də, neftin qiymətinin müəyyən qədər artacağını proqnozlaşdırır. 2010-cu ilə barrelin qiyməti 100 dollar, 2030-cu ilə kimi isə  115 dollar olacaq. 

Məruzədə xüsusi diqqət ətraf mühitin problemlərinə ayrılıb. Bildirilir ki, əgər dünya bərpa olunmayan energetika vasitələrini indiki templərlə istifadə etsə, 2030-cu ilə kimi havanın orta temperaturu 6 dərəcə artacaq. Dramatik nəticələrdən qaçmaq üçün 2010-cu ildən 2030-cu ilə kimi yeni aşağı karbohidrogenli enerjidaşıyıcılarının inkişafına 10,5 trilyon dollara yaxın əlavə vəsait tələb olunur. 

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Barak Obamanın Yaponiyaya səfəri zamanı müzakirə edilən önəmli məsələlərdən biri də ekoloji təmiz alternativ enerji qaynaqlarının araşdırılması və genişləndirilməsidir. Məsələn, hidrogenlə işləyən avtomobillərin istehsalının genişlənməsi məsələsinə baxılıb. 

BEA-nın təqdim olunan məruzəsi gerçəkliyə nə dərəcədə uyğundur? Bu, uzaqgörən gediş deyil ki? İstisna olunmur ki, məruzə Rusiya, Çin, Cənubi Qafqaz, Mərkəzi Asiya və Böyük Orta Şərq ətrafında gedən geosiyasi oyunlar dönəmində siyasi xarakter daşıyır. Həm də ki BEA-nın bir sıra yüksəkçinli əməkdaşları mətbuatla qeyri-rəsmi görüşlərdə etiraf ediblər ki, agentlik ayrı-ayrı məruzələrdə rəqəmləri Vaşinqtonun xahişi və maraqlarına uyğun şəkildə dəyişməli olub. 

Bir neçə söz isə yaxın perspektivdə neftin qiymətinin sıçrayışı ilə bağlıdır. Güman ki, ABŞ bu ssenarinin əleyhinə deyil. Çünki bu ölkə ənənəvi enerjidaşıyıcılarının ən iri istehlakçısı olmaqla yanaşı, həm də böyük istehsalçılarından biridir. Həm də ki o, enerjidaşıyıcıları ilə zəngin regionlara nəzarət üzərində apardığı mübarizədən müəyyən iqtisadi fayda da götürməlidir. Vaşinqtonun "neft-qaz" qiymətləri bağlılığını dağıtmaq istəyi isə Rusiya- ABŞ qarşıdurması ilə əlaqəlidir. 

Rusiyanın neft hasilatı üzrə dünya lideri olmasına baxmayaraq, onun ehtiyatları (79 mlrd barrel) dünya ehtiyatlarının cəmi  4,6%-idir və ölkə bu sahədə dünya üzrə 7-dir. Həm də Qərb Rusiya neftindən qazdan asılı olduğu qədər asılı deyil. Bu məsələdə Qərbin əlində OPEK və Yaxın Şərqin güclü ehtiyatları kimi yaxşı mənbələr var. Neftin qiymətinin yüksək olması müəyyən dərəcədə ABŞ-ın özü üçün də əlverişlidir. Neftin yüksək qiymətləri çox vaxt ona tələbatın artması ilə deyil, bacarıqlı birja möhtəkirliyi ilə bağlıdır və bu məsələdə ABŞ dəllallarının tayı-bərabəri yoxdur. İraq üzərində nəzarət bu ölkədən nefti heç kimə hesab vermədən dartıb-aparmağa gözəl şans yaradıb. ABŞ-ın neftin ən yüksək qiymətləri dönəmində bu şansdan istifadə edərək nə qədər gəlir əldə etdiyini hələ hesablayan da yoxdur. 

Və nəhayət  Ənənəvi enerjidaşıyıcılarının qiymətinin yüksək olması dolların məzənnəsini zəiflədir ki, bu da dünya maliyyə böhranı davam etdikcə, Vaşinqton üçün həddindən artıq əlverişlidir. Neft-qaz qiymətlərinin bağlılığının məhv edilməsi həqiqətən təbii qazın qiymətinin ucuzlaşması ilə nəticələnə bilər ki, bundan ilk növbədə Rusiya iqtisadiyyatı zərər görər. Bu ölkə dünya üzrə sübut olunmuş təbii qaz yataqlarının  28%-ə (47,5 trln kubmetr) malikdir. Bu, dünya üzrə ən yüksək göstəricidir. İllik qaz hasilatı (673 mlrd kubmetr) barədə də bunu demək olar. 

Artıq gələn ildən Rusiya asan çıxarılan yataqların tükənməsi üzündən ildə 75-150 mlrd kubmetr qaz kəsri hiss etməyə başlayacaq. Bu, xarici istehlakçıları qazla təmin etmək baxımından problemlərə gətirə bilər. Rusiyanın qazlaşdırılması cəmi 60% həcmindədir və maliyyə yatırımlarının yetərincə olmaması bu vəziyyəti yaxşılaşdırmağa imkan vermir. Məhz buna görə də Moskva "Cənub axını" və "Şimal axını" layihələrini qazla doldurmaq üçün postsovet məkanının digər Xəzəryanı ölkələrindən qazı topdan almağa həddindən artıq səy göstərir. 

Hadisələrin bu cür inkişafı isə  Vaşinqtonun heç xoşuna gəlmir və o, alternativ qaz kəmərlərinin tikintisi ilə qazın qiymətini aşağı salmağa çalışır. Həm də burası da aydındır ki, bu, kiminsə siyasi sifarişidir. Əks halda, keçən ay alternativ enerji marşrutlarının ətrafında qalmaqallı hadisələr olmazdı. 

BEA-nın direktor müavini R.Conson Azərbaycana səfəri çərçivəsində diqqəti ona yönəldib ki, ənənəvi enerjidaşıyıcılarının, xüsusilə də Şimal dənizində tükənməsi ilə bağlı olaraq dünya toplumunun Xəzəryanı bölgə ilə bağlı müəyyən baxışları və planları var. Buna görə də Bakı öz enerjidaşıyıcılarına qayğı ilə yanaşmalı və alternativ enerji layihələrini lobbiləşdirməlidir ki, bu, Azərbaycanın özünün də xeyrinədir. Bu vurğu Azərbaycanın Rusiya və İranla qaz anlaşmalarına yönəldilmişdi. Daha maraqlı vəziyyət isə noyabr ayında Budapeştdə keçirilmiş  IV energetika sammitində yaşanmışdı. Vaşinqton xəbərdarlıq etmişdi ki, qışda Avropa Birliyi (AB) ölkələri yenidən Moskvanın "qaz dəyənəyi" ilə üz-üzə qala bilər. Macarıstan və Çexiya bu mövqeyi paylaşaraq dərhal, heç olmasa, bu mövsüm enerji təhlükəsizliklərini təmin edə biləcək tədbirlər görməyə başladılar. Eyni zamanda, Budapeştdə Rusiyanın qaz inhisarçısı "Qazprom"un bostanına daş da atıldı. 

 Avropalılar iddia edirlər ki, bu Rusiya nəhəngi qondarma şəxslərin və firmaların vasitəsilə Avropanın iri energetika şirkətlərinin səhmlərini alaraq, Avropa ölkələrinin daxili bazarlarına sirayət etmək istəyir. ABŞ Dövlət Departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsinin aparıcı məsləhətçisi D.Steyn isə Türkmənistana və Azərbaycana səfəri çərçivəsində bildirib ki, onun ölkəsi Xəzərin üç qaz yatağının kimə məxsusluğunu araşdırmaq məsələsində Bakı və Aşqabat arasında yaranmış münaqişənin nizama salınmasında vasitəçi rolunu oynaya bilər. 

Türkmən qazının nəqli məsələsinə toxunarkən, o, bunun yalnız Azərbaycandan keçməklə baş verə biləcəyini vurğulayıb. Bu incə məsələdə amerikalıların kefini yalnız "Şahdəniz" yatağında 10%-lik paya malik Fransa şirkəti "TotalFinalElf"in vitse-prezidenti  A.Breyakın  sözləri poza bilər: "Qazın tranzit qiymətləri haqqında Azərbaycan-Türkiyə danışıqları çətinliklə irəliləyir. Tarif qiymətlərinin müəyyən edilməsində Ankaranın ədalətsiz mövqe tutması fonunda  "Şahdəniz-1"in səhmdarları Rusiya və İran marşrutları da istisna olmamaqla, alternativ marşrutlar axtarmağa məcburdurlar". 

Amma göründüyü kimi, Vaşinqton bu cür qarışıq məsələdə öz Avropa müttəfiqləri ilə razılaşmaq niyyətində deyilmiş. Ona görə də ABŞ Dövlət Departamentinin Avrasiyada energetika siyasəti üzrə xüsusi nümayəndəsi R.Morninqstarın sözləri, yəqin ki, bir sıra Avropa nəhəngləri üçün soyuq duş effekti verib. Amerikalı məmur Türkiyə-Azərbaycan danışıqlarının uğursuzluğu şəraitində alternativ ixrac yolu kimi Rusiya və İran istiqamətlərinin seçilməsinin əleyhinə olub. Belə vəziyyətdə ABŞ Xəzər bölgəsindən qazı sıxılmış vəziyyətdə Qara dəniz sahillərinə gətirməyi, oradan da "Ağ axın" vasitəsilə ixrac etməyi məqbul sayır. 

Ancaq Vaşinqton İran qazının alternativ layihələrdə iştirakına qarşı bu məsələdə olduğu kimi sərt yanaşmır. Göründüyü kimi, Vaşinqton, hətta alternativ qaz kəmərlərinin olmamasına baxmayaraq, istənilən vasitə ilə bu bölgədən enerjidaşıyıcılarının Rusiya və İrandan yan keçməklə daşınmasına başlamaq istəyir. Sıxılmış və ya mayeləşdirilmiş qaz nəqli bu imkanı yarıdır. Azərbaycanda və Türkmənistanda bu məhsulların istehsalı üzrə zavodların tikilməsinə vaxt lazımdır. Qeyd edək ki, bu cür qaz getdikcə daha populyarlaşmağa başlayır. 

Başqa tərəfdən, Almaniyanın "Nabukko" üzvü olan şirkəti "RWE" artıq Xəzərin Türkmənistan şelfində qaz hasilatına başlayıb və bu qazın "Nabukko" layihəsində istifadə ediləcəyi istisna olunmur. Şirkətin Türkmənistan nümayəndəliyinin başçısı hesab edir ki, Xəzər dənizinin Azərbaycan və Türkmənistan platformaları arasında birləşdirici kommunikasiyaların yaradılması ideal variant olardı. ABŞ-ın bu tələskənliyinə baxmayaraq, "Nabukko"nun maliyyələşdirilməsi barədə müzakirələr uzun sürür. 

Nəticədə, dünya bazarlarına birbaşa çıxış əldə etmək istəyən istehsalçı ölkələr Asiya bazarlarına üz tuta bilərlər. ARDNŞ vitse-prezidenti E.Nəsirov bu imkanın olmasını, hətta açıq şəkildə vurğulayıb.  Gerçəkdən,  "Nabukko"nun maliyyələşdirilməsi ilə bağlı Avropanın davranışlarında qəribəliklər həddindən çoxdur. Rusiya "Nabukko"dan da çox maliyyə tələb edən "Cənub" və "Şimal" axınlarını  təkbaşına maliyyələşdirməyə hazırdır. Eyni zamanda, AB-nin aparıcı ölkələri - Almaniya, Fransa və İtaliya tikilməsinə 8 milyard dollar tələb olunan "Nabukko"nun maliyyələşdirilməsini sabotaj edirlər. Moskva ilə öz iqtisadi maraqları çərçivəsində gizli danışıqlar aparan bu ölkələr son nəticədə alternativ enerji layihələrini dəfn edə bilərlər. Məhz buna görə də noyabr ayında "Nabukko" qaz kəməri layihəsinin tikinti qrafiki pozulub. 

Layihə üzrə yekun investisiya müqaviləsinin qəbul edilməsi 2010-cu ilin 1-ci rübündən 4-cü rübünə keçirilib. Növbəti dəfə də ümumi Avropa evi yardım etmək istəmədi. Bunun əksinə isə Moskva müəyyən iqtisadi imtiyazlar hesabına "Şimal axını" layihəsinin gerçəkləşdirilməsi məsələsində Finlandiya və İsveçin müqavimətini qıra bildi. Hadisələrin bu cür gedişi ABŞ-ın ürəyincə deyil. Vaşinqtonun əsəbiliyi ABŞ Atlantika Şurası yanında Avrasiya energetika mərkəzinin rəhbərinin köməkçisi A.Petersonun bəyanatında da üzə çıxır. O, "Şimal axını" qaz-kəməri anlaşmasını "Ribbentrop-Molotov" müqaviləsi adlandırıb və bu da Almaniya kansleri A.Merkelin ünvanına açıq ittihamdır. 

Bu onu göstərir ki, Vaşinqton öz Avropa müttəfiqlərinin davranışlarından məyus olmağa başlayır. Tehran isə ABŞ-ın Azərbaycanla Türkmənistan arasında vasitəçilik istəyi ilə bağlı, hətta tərəflərin öz mövqeyi dəqiq bəlli olmadığı bir anında dərhal etiraz bildirib.  İranın xarici işlər naziri M.Möttəki hesab edir ki, Xəzəryanı bölgənin dənizin statusundan tutmuş, ölkələr arasında ikitərəfli problemlərə qədər məsələləri kənar müdaxilələr olmadan beş Xəzəryanı ölkə arasında birgə həll olunmalıdır. Amma bu məsələdə o, nədənsə Tehranın Xəzərin statusunun müəyyən edilməsi məsələsində tutduğu pozucu mövqeyə toxunmayıb. 

Bütün bu sadalananlar göstərir ki, BEA-nın iddialarına baxmayaraq, ənənəvi enerjidaşıyıcıları dövrü öz mövqelərini könüllü şəkildə verməyə çalışmır. Onların üzərində nəzarət uğrunda mübarizənin sərtləşməsi bunun sübutudur. Və bu dövr öz yerini bərpa olunan alternativ enerji qaynaqlarına belə tezliklə verməyəcək. 

Amma bununla yanaşı, bir çox ölkələr məhz bu cür enerji qaynaqlarından istifadədə maraqlıdırlar. Azərbaycan prezidenti İlham Əliyev keçən ay, hətta "Respublikada alternativ və bərpa olunan enerji qaynaqlarının işlədilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ayrıca sərəncam da verib. 

Bir şeyi də unutmaq olmaz ki, təbii qazın qiymətinin düşməsi də istisna deyil, bu onunla bağlı təkliflərin artması şəraitində tamamilə mümkündür. Alternativ qaz kəmərlərinin çəkilməsi bu məsələdə yardımçı ola bilər. Amma qiymətlərin düşməsi belə tezliklə baş verə bilməz. Dünya iqtisadiyyatının, xüsusilə də sürətli inkişaf edən ölkələrdə ənənəvi enerjidaşıyıcılarına tələbatının artması bu məsələdə əngəlləyici rol oynaya bilər. 

Başqa tərəfdən, birjada süni oyunlar vasitəsilə qiymətləri aşağı salmaq cəhdləri də mümkündür. Bu zaman əsas hədəf Rusiya iqtisadiyyatı ola bilər. Qərb Rusiyanın həddən varlanmasının tərəfdarı deyil, çünki bu, Moskvanın Qərblə sərt dildə danışmasına imkan yaradır.  BEA-nın məruzəsi həm də Moskvaya psixoloji təzyiq aləti rolunu oynayır. İndi ənənəvi enerjidaşıyıcıları dövrünün bitdiyi proqnozlaşdırılan bir zamanda, iri kapitaltutarlı qaz kəmərlərinin tikintisinə qərar vermədən öncə  düşünülməlidir: "Bunun astarı üzündən baha başa gəlməyəcək ki?..".


MƏSLƏHƏT GÖR:

439