14 Mart 2025

Cümə, 21:47

"BİRİGÜN" GÖRÜŞƏNƏDƏK…

Dünya liderləri, nəhayət, qlobal istiləşmənin qarşısının alınmasına dair razılığa gəlməlidirlər

Müəllif:

15.12.2009

Peru sakinləri Andın zirvəsini ağ rəngə boyamağa hazırlaşırlar. 2003-cü ildə içərisində hava qabarcıqları olan plastik örtüklü materialdan hazırlanmış nəhəng yarpaqlar Afrikanın ən hündür yüksəkliyi olan Kilimancaronun zirvəsini bəzəyirdi. Bir müddət əvvəl Nepal hökumətinin üzvləri oksigen maskaları geyərək, Everestdə - 5200 metr hündürlükdə iclas keçiriblər. Noyabrda isə Malaviya Respublikasının hökuməti, demək olar ki, tam tərkibdə akvalanq geyərək, suyun altında - 6 metr dərinlikdə yığıncağa toplaşıblar.

ABŞ-dan olan xanım jurnalist Vanessa Farquharson gündəlik həyatında avtomobildən, tualet kağızından, qadın tamponlarından istifadədən imtina etməklə yanaşı, bundan sonra yalnız çılpaq yatacağına and içib. Çinin Keo Tan Da kəndinin sakinləri isə donuz nəcisini toplamağa və qorumağa başlayıblar… 

İlk baxışdan qəribə görünən bu cür  faktlardan ibarət siyahını bir az da uzatmaq olardı. Onu da xatırladaq ki,  bu insanların hamısı psixi cəhətdən tam sağlamdırlar, sadəcə bu cür aksiyalarla dünyanın diqqətini qlobal istiləşmə probleminə yönəltməyə çalışırlar.

 

Dağları niyə rəngləyirlər?

And dağlarının zirvəsinin  tərkibində xüsusi sementləşdirici  maddələr olan qar kimi ağ rənglə örtülməsi  Dünya Bankının vəsaiti hesabına həyata keçriləcək. Bu halda ağ rəng günəş radiasiyasının istiliyə çevrilməsinin qarşısını almalı, bu da qlobal istiləşmənin neqativ effektini azaltmalıdır. Belə olarsa, günəş şüasının 85%-i geriyə - kosmosa qayıdacaq. Qeyd edək ki, Cənubi Amerikanın 7 dövlətinin ərazisindən keçən And dağ sisteminə məxsus buzlaqların 70%-i Peruda yerləşir. Son 30 ildə iqlimin istiləşməsi üzündən bu buzlaqlar özünün 1/5 hissəsini itirib. Buzlaqların əriməsi bu templə davam edərsə, cəmi bir neçə ildən sonra Cənubi Amerikada dəniz səviyyəsindən 5,5 min metr aşağıda yerləşən bütün buzlaqlar itəcək.

Kilimancaroda isə  vəziyyət daha acınacaqlıdır. Burada qarın əriməsinin ləngidilməsi üçün plastik örtüyə ehtiyac yaranıb. Əgər dahi Ernest Heminquey öz sətirlərində təsvir etdiyi Afrikanın ən uca zirvəsini indi görsəydi, gözlərinə inanmazdı - o vaxtdan keçən dövrdə buradakı buzlaq nəzərəçarpacaq dərəcədə kiçilib. 

Himalayda da buzlaqların əriməsi problemi var və bu, Nepal, Hindistan və digər ölkə rəhbərlərini çox narahat edir.

Maldiv Respublikasında isə fərqli faciə yaşanmaqdadır. Burada dənizin səviyyəsi artmaqa davam edərsə, 2100-cü ildə ada tamamilə suyun altında qalacaq. Belə ki, bu dövlətin ərazisinin 80%-dən çoxu dəniz səviyyəsindən cəmi 1 metr hündürlükdə, bəzən bundan da aşağı səviyyədə yerləşir.

Planetin ayrı-ayrı yerlərində yaşanan bu kimi hadisələr yalnız alimləri və siyasətçiləri yox, adi insanları da narahat edir və onların bir çoxu iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfələrini verməyə çalışırlar. Məsələn, Venessa Farquharson bəşəriyyət üçün suya, elektrik enerjisinə, təmiz havaya və ağaclara qənaət etməyə qərar verib. Çinin kiçik kəndlərindən birinin sakinləri isə evlərini qızdırmaq üçün yeni enerjidən - bioqazın əldə edilməsindən ötrü donuz nəcisindən istifadə etməyə başlayıblar. İddia olunur ki, 3 - 4 donuz balasının nəcisi 1 ailənin istilik enerjisi ilə təmininə tam kifayət edir. Nəzərə alsaq ki, Çində əhalinin 45%-i kənd yerlərində yaşayır, bu halda söhbətin böyük rəqəmlərdən getdiyini düşünmək olar.

 

Siyasət ekologiyaya yoldaş deyil...

Bütün bunlarla yanaşı, görünən odur ki, qlobal istiləşmə artıq XXI əsrin əvvəli üçün əsas və ən ciddi intriqalardan birinə çevrilib. Məlum olub ki, sən demə, saysız-hesabsız müxtəlif tədqiqatlara baxmayaraq, onun əsl səbəbini hələ də heç kəs dəqiqliklə söyləyə bilmir. Qlobal istiləşməyə qarşı mübarizə, dövlətlər səviyyəsində  yeni biznes növü  anlamının  yaranmasına gətirib çıxarır. Və qarşıda  təbii bir sual yaranır: qlobal istiləşmənin əsas səbəbi insanların fəaliyyətidirmi?

Hazırkı məqamda bu suala birmənalı cavab vermək mümkün deyil. 

BMT-nin Kopenhagendə keçiriləcək iqlim dəyişikliklərinə həsr olunmuş Ümumdünya konfransına qatılanların sayı kifayət qədər çox - təxminən, 200 rəsmi nümayəndə heyətindən (BMT üzvü olan 192 ölkədən, təxminən, 15 min nəfər, həmçinin 100-dən artıq ölkənin liderləri) ibarət idi . Elə bu da, özlüyündə problemin əhəmiyyətinin göstəricisi sayıla bilər. Nümayəndə heyəti Danimarkaya bir niyyətlə  toplaşmışdı: məqsəd Kiot protokolunu əvəzləyəcək sənədin əsasını təşkil etməli olan məqamların, heç olmasa, bəziləri ətrafında razılığa gəlinməsi idi. Xatırladaq ki, Kiot protokolunun fəaliyyət müddəti 2012-ci ildə bitir. Həmin sənəddə ilk dəfə olaraq, bir sıra sənaye ölkələri üçün atmosferə atılan zərərli maddələr üçün məhdudiyyət qoyulub. Orada inkişaf etmiş və keçid iqtisadiyyatı yaşayan dövlətlər qarşısında 2012-ci ilədək parnik qazlı tullantıların həcmini 1990-cı ildəki səviyyəyə endirmək tələbi qoyulub. Lakin sənəddə kifayət qədər zəif məqamlar var. Ən azı ona görə ki, atmosferə ən çox parnik qazı buraxan ölkələr sayılan ABŞ, Çin və Hindistan protokolun iştirakçısı deyillər. Bundan başqa, Kiot protokolu beynəlxalq təcrübəyə tullantılarla bağlı kvota alverini də verib ki, bu da şübhəsiz, effektiv və həlledici mexanizm sayıla bilməz. Amma hələ yoxlama mexanizmlərinin də necə işləməli olduğu məlum deyil.

Alimlərin hesablamalarına görə, qlobal istiləşmənin faciəvi nəticələrindən qaçmaq üçün dünyada istiləşmənin 2 dərəcə civarında saxlanılması vacibdir. Bu isə o deməkdir ki, atmosferə parnik qazlarının atılması səviyyəsini 1990-cı illə müqayisədə 2020-ci il üçün  25-40, 2050-ci il üçünsə 50% azaltmaq lazımdır. Bildirilir ki, hazırda dünyanın Ümumi Daxili Məhsulunun 5%-ni sərf etməklə, sonradan bu rəqəmi 30% artırmaqla problemin qarşısını almaq olar. Bunun üçünsə dünya liderləri arasında, heç olmasa, müəyyən razılaşmalar əldə olunmalıdır. 

Dünyanın müxtəlif ölkələri arasında sözügedən problemlə bağlı ciddi fikir ayrılıqlarının olması isə bu məsələni çətinləşdirir. Bir sözlə, siyasət ekologiyaya heç də yoldaş deyil...

Məsələ ondadır ki, tullantıların normasını bölmək üçün atmosferin zərərli maddələrlə çirkləndirilməsində dünya ictimaiyyətinin hər bir üzvünün məsuliyyət həddi müəyyənləşdirilməlidir. Lakin Yer üzündə iqlim dəyişiklikləri ilə mübarizə xətrinə öz iqtisadi maraqlarından könüllü şəkildə imtina etmək istəyənlər demək olar ki, yoxdur. İndi isə iqlimlə bağlı yeni razılaşmada inkişaf etmiş ölkələr, ilk növbədə, Hindistan və Çinin də iştirakının vacibliyinə şübhə edilmir. Lakin onlar iqtisadi inkişafa tam hüquqlu olduqlarını, yeni razılaşmanın isə buna maneə yarada biləcəyini bildirirlər.

Eyni zamanda, digər dövlətlərin Çinin mövqeyindən narazılıq etmələri də tamamilə başadüşüləndir. Məsələn, Yaponiya hökuməti açıq şəkildə bəyan edib ki, ABŞ və Çin razılaşmaya qoşulmayacaqları təqdirdə, o, Kiot protokolunun mexaniki şəkildə uzadılmasının əleyhinədir. Avropa İttifaqı da sənədi fəal şəkildə dəstəkləməyə razı olduğunu bildirsə də, bunun üçün oraya atmosferin digər "çirkləndiriciləri"nin də qoşulmasını şərt kimi irəli sürür. 

Hindistan hökuməti isə yaxın onillikdə atmosferə zərərli tullantıların atılmasının həcmini 20-25% azaldacağını bildirsə də, bunun "beynəlxalq ictimaiyyətin köməyi ilə mümkün olduğunu" vurğulayır. 

ÇXR Dövlət Şurası da oxşar fikirdədir. Pekin bildirir ki, 2020-ci ilədək bu ölkədə havaya atılan karbon qazının həcmi 2005-ci illə müqayisədə 40-45% azaldılacaq. Bununla yanaşı, Çin qlobal istiləşmə ilə mübarizədən başqa, digər problemlərinin olduğunu da bildirir və misal kimi, yoxsulluğan aradan qaldırılmasını göstərir. Məsələ ondadır ki, son problemin aradan qaldırılması üçün məhz iqtisadi inkişafa ehtiyac var/.

Bundan başqa, ekoloji baxımdan təhlükəsiz olan istehsala keçilməsi üçün nəhəng investisiyalara təlabat hiss olunur ki, bu da hər ölkənin imkanları daxilində deyil.

Məsələn, Amerikanın Kaliforniya ştatının rəhbərliyi elektrik enerjisinə olan ehtiyacının bir hissəsini ödəmək üçün açıq kosmosda istehsala başlamağı düşünür. İlk nəticənin 2016-cı ildə əldə olunması gözlənilir.

Yaponiya 2030-cu ilə kimi orbital günəş batareyası sistemi yaratmaq fikrindədir. Çində isə nəhəng külək elektrik stansiyasının inşasına başlanılıb. Onun, təxminən, 10 giqavatt gücündə olacağı, sonradan isə bu gücün 40 giqavatadək artırılmasının planlaşdırıldığı bildirilir. Aydındır ki, belə layihələri yalnız iqtisadi baxımdan güclü dövlətlər reallaşdıra bilər. Onlar da yarımeksperimentlər səviyyəsində. Bir sözlə, bu elə bir məsələdir ki, əsas rolu istənilən halda böyük iqtisadiyyat və böyük siyasət oynamalıdır. Bu isə təbii ki, ziddiyyətləri daha da artırır.

Məsələnin uğurlu həllində bir çoxları ABŞ-dan fəal addımlar gözləyir. Əvvəllər Vaşinqton 2020-ci ildə atmosferə zərərli tullantıların atılmasını 17% azaldacağını bildirirdi. İndi isə qlobal istiləşmə ilə mübarizə tərəfdarları Barak Obama administrasiyasına daha çox ümidlər bəsləyir. Buna səbəb onun özündən əvvəlki prezident Corc Buşun rəhbərlik etdiyi administrasiya ilə müqayisədə iqlim problemlərinə qarşı daha sərt mövqe tutmasıdır. Ən azı, Obama bu sahədə hansısa qərarların qəbulunun vacib olduğunu etiraf edib. Məsələn, artıq o, avtomobil şirkətlərinin istehsal etdikləri maşınların yanacaq sərfi həcmini daha effektiv etmələrini istəyib. Amma faciə ondadır ki, ABŞ sakinlərinin əksəriyyəti MDB sakinləri kimi, iqlimlə bağlı müzakirələrin məğzindən çox cüzi biliyə malikdirlər. 

Yeri gəlmişkən, Avropada bu məsələ haqda ictimaiyyətin bilgisi daha çox və səmərəlidir. İndi orada  "yaşıllaşaraq", ətraf mühitin qeydinə qalmaq əməlli-başlı dəbdədir.

 

"Bəlkə, alındı..?"

Bəs niyə tərəflər bir-biri ilə əməlli-başlı alver edirlər? Bütün bu dava-dalaş nəyin üstündədir? Deyəsən, bizim gələcəyimizin.

Alimlərin proqnozlarına, siyasətçilərin çıxışlarına və jurnalistlərin yazdıqlarına, xüsusilə kinossenariçilərin fantaziyasına görə, bizi artıq dünyanın sonu gözləyir - hər halda, dünya bizim öyrəşdiyimiz şəklini itirəcək. Ya tədricən, ya da ola bilsin, qısa zaman kəsiyində… Yəqin ki, kompüter vasitəsilə peşəkar şəkildə hazırlanmış Hollivud filmi - "Birigün" faciə-filminə baxan zaman bəzilərinin ürəyindən bir saniyəlik də olsa, bu fikir keçib: "Birdən, doğrudan da oldu?..".

Fantastika öz yerində, amma alimlər o qədər də yaxşı proqnozlar vermirlər. Onların bildirdiyinə görə, atmosferə atılan karbon qazının həcmi artmaqda davam edərsə, dağ buzlaqlarının, həmçinin Arktika və Antarktika buzlarının əriməsi nəticəsində bəşəriyyət görünməmiş daşqınlar və dənizlərin səviyyəsinin artması ilə üzləşəcək. Nəticədə çox dövlətlərin sahilyanı əraziləri su altında qala, xeyli ada-dövlətləri yer üzündən silinə bilər.

Medalın əks tərəfi kimi, bəşəriyyəti yağıntıların miqdarının azalması, səhraların artması, əsasən, dağ buzlaqlarından qidalanan çayların quruması da gözləyir. Bu halda isə dünyanın bir sıra regionlarında ciddi quraqlıq yaşanacaq. Bu ssenari daha çox Yaxın Şərq, Cənubi Avropa, Avstraliya, həmçinin Afrika və Şimali Amerikanın bəzi bölgələrində yaşana bilər. Bu faciənin zəncirvari davamı kimi şirin su qıtlığı yaranacaq: Yaxın Şərq, Qərbi Afrika, Mərkəzi Asiya üçün bu artıq indidən ciddi problemə çevrilib. 

Yəni gələcəkdə insanların içməli su uğrunda müharibə aparacaqlarını istisna etmək olmaz.

Qeyd olunanlar yaşanacağı təqdirdə, flora və faunaya elə ziyan dəyəcək ki, onlar tamamilə yer üzündən silinə bilər. Əksər ölkələrdə kənd təsərrüfatı məhv olacaq, bu isə ərzaq böhranına, ola bilsin, milyonlarla insanın acından ölməsinə gətirəcək. 

Məlum olduğu kimi, planetin yaşayış səviyyəsi daha yaxşı olan bölgələri ilə müqayisədə Afrikada qida və su çatışmazlığından hər il saysız-hesabsız insan ölür. Bu şəraitdə, hətta "Birigün"də olduğu kimi sərt dəyişikliklər yaşanmadan belə, dünya tanınmayacaq dərəcədə dəyişilə bilər. Görünməmiş "ekoloji qaçqın ordusu"nun (yüz milyonlarla) yaranması qarışıqlıqlara, xaotik miqrasiyaya, dövlət sərhədlərinin yox olmasına, iqtisadi tənəzzülə və anarxiyaya səbəb olacaq. Artıq bu gün müxtəlif ekoloji problemlər üzündən 25 milyonadək insanın öz ev-eşiyini tərk etmək məcburiyyətində qaldığını xatırlatmaq kifayətdir. Budan başqa, dünyada güclü fırtına, qasırğa və daşqınların sayı da artıb. Əvvəllər ekstremal hava şəraitinin (anomal isti və ya anomal şaxta) yaşanmadığı regionlarda indi bu, adi hala çevrilib.

Təəssüf ki, dəhşətlərin siyahısı bununla da bitmir. Yuxarıda qeyd olunan faktorar, güman ki, infeksion xəstəliklərin tüğyan etməsinə, yeni mutasiyalara səbəb olacaq. Vəhşi Təbiətin Mühafizəsi Cəmiyyətinin - "Wildlife Conservation Society" (WCS) təmsilçisi olan baytar alimlərinin tədqiqatlarına görə, iqlim dəyişiklikləri üzündən dünyada babezioz (gənələrin yaydığı xəstəlik) və digər dəri və bağırsaq xəstəlikləri, bağırsaq parazitləri, xolera, insan üçün ölümcül olan Ebola qızdırması, taun (qlobal istiləşmədən sonra gəmirici və birələrin məskunlaşdığı sahələr çoxalacaq), yuxu xəstəliyi (onun törədicisi zəhərli Afrika milçəyi olan se-se sayılır), vərəm, mığmığaların yayıcısı olduğu sarı qızdırma və s. yayılacaq. 

Amma bu da hələ son deyil. Londonun Kral Kolleci yanında Psixiatriya İnstitutunun ən son tədqiqatlarına əsasən, qlobal iqlim dəyişiklikləri çox insanların psixi sağlamlığına mənfi təsir göstərə, onlarda stresi artıra, dərin depressiya yarada bilər. 

Hərçənd, belə qənaətə gəlmək üçün psixiatriya üzrə elmlər doktoru diplomuna malik olmaq vacib deyil. Çünki hamı yaxşı bilir ki, yuxarıda sadalananların yarısı insanın dəli olması üçün kifayətdir/.

Üstəlik, neqativ nəticələrin miqyası qeyd ediləndən daha geniş ola bilər. Axı parnik qazlarının atmosferə atılmasının qarşısını alacaq tədbirlər görülməsə, müvafiq olaraq, bu prosesin iqlimə təsirini proqnozlaşdırmaq çox çətin olacaq. 

İstiləşmənin əsas səbəbi kimi atmosferə atılan böyük həcmdə sənaye qazlarının parnik effekti göstərilir. Söhbət, əsasən, mədən yanacaqları olan kömür, neft və qazın yandırılmasından əmələ gələn qazlardan gedir. Lakin siyasətçilər və alimlər arasında qlobal istiləşməyə məhz insan əməllərinin səbəb olması haqda fikirlərə şübhə ilə yanaşanlar da kifayət qədərdir.

İki il öncə Böyük Britaniyada meydana çıxmış "Böyük qlobal istiləşmə yalanı" adlı sənədli filmdə, alimlərin iqlim dəyişikliyinin antropogen faktorlarla bağlılığı haqda fikirləri inkar edilir. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, planetin istiləşməsində insanların günahı haqda fikirlər siyasi və iqtisadi səbəblərlə bağlıdır - bu, seçici səsi, yeni ekoloji sənaye sifarişləri üçün pullar, layihələr və tədqiqatlardan ötrü lazımdır. Onların fikrincə, istiləşmənin səbəbi xeyli sadədir - bu, sadəcə, Yerdə iqlimin dövri dəyişməsi ilə bağlıdır.

Məsələn, ətraf mühitin məşhur müdafiəçilərindən olmuş ABŞ-ın sabiq vitse-prezidenti və prezidentliyə namizədi Albert Qoru qlobal istiləşmə ilə mübarizədə maddi maraqlar güdməkdə günahlandırırlar. Qeyd edək ki, 2007-ci ildə Qor "Qeyri-münasib həqiqət" filminə görə "Oskar" qazanıb,  daha sonra isə Nobel mükafatı laureatı olub.

"Qeyri-münasib həqiqət" filmində kadr arxasında Qorun kədərli səsi eşidilir. İnsan özündən asılı olmayaraq, sanki həyatda qlobal istiləşmə ilə mübarizədən başqa heç nə ilə maraqlanmayan bu şəxsə inanmağa başlayır. Daxildə iradədən kənar olaraq, bu mübarizəyə qoşulmaq istəyi yaranır. Hətta donuz nəcisi toplamaq yolu ilə olsa belə. 

Kopenhagendə keçirilən konfransla eyni vaxtda baş vermiş bir hadisə isə, "alarmistlər"in ("iqlim alarmizmi" planet üçün məhvedici olan qlobal istiləşmənin insanların günahı ucbatından baş verdiyinə əsaslanan konsepsiyadır) əleyhdarları üçün daha bir göydəndüşmə fakt oldu. Belə iddia olunur ki, Tomskdan olan rusiyalı hakerlər Şərqi İngiltərə Universitetinin iqlimin öyrənilməsi kafedrasının alimləri (yeri gəlmişkən, Danimarkadakı budəfəki forum üçün də hesabatı onlar hazırlamışdılar) arasında yazışmaların yer aldığı serveri sındırıblar. Guya həmin hakerlər Amerikanın NASA kosmik agentliyinin mütəxəssisləri, həmçinin ABŞ universitetlərinin əməkdaşları tərəfindən aparılan yazışmaların yer aldığı serverləri də məhv ediblər. Nəticədə məlum olub ki, ictimaiyyətə iqlim dəyişiklikləri ilə bağlı yanlış məlumatlar verilir. Guya alimlər iqlim dəyişikliklərinin süni şəkildə, guya atmosferə sənaye tullantıları atılması üzündən baş verməsinə dair rəy yaradırlar. Əldə olunan faktlar isə göstərir ki, Yerdə son illər orta hərarət nəinki artmır, əksinə azalır. 

Bu qalmaqal artıq ciddi rezonansa səbəb olub və ona rəmzi "Klimetgeyt" adı verilib.

BMT yanında iqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspert qrupunun rəhbəri doktor Rencedra Paçauri VVS-yə açıqlamasında bəyan edib ki, meydana çıxan faktlar ya uydurmadır, ya da düzgün izah olunmayıb. Amma istənilən halda, baş verənlərin heç də xoş olmayan təsiri ortadadır. Ən qorxulusu bütün səsləndirilən suallara və şübhələrə dəqiq cavabın verilməməsidir./

Amma biz onları mütləq biləcəyik. 

Bəlkə də artıq "Birigün".

Aydındır ki, belə situasiyada beynəlxalq ictimaiyyət, nəhayət, qlobal istiləşmə ilə bağlı bir qərara gəlməlidir. Kopenhagendə keçirilmiş və tam haqlı olaraq, "İkinci Dünya müharibəsindən sonra ən vacib və ən böyük tədbir" adlandırılan konfrans da bu işdə həlledici rol oynayacaq.

Məqalədə saytının (BMT-nin iqlim dəyişikliklərinə dair konfransına ev sahibliyi etmiş ölkə - Danimarkanın saytı) materiallarından istifadə olunub.



MƏSLƏHƏT GÖR:

447