
AVROPA "TOLERANTLIĞI" və MÜSƏLMAN "DÖZÜMLÜLÜYÜ"
İsveçrə bankları İsveçrə saatları kimi işləsə də, bu ölkədə tolerantlıqla bağlı problemlər hiss edilməkdədir
Müəllif: NURANİ Bakı
Dünya ictimaiyyəti İsveçrədə keçirilmiş sensasion referendumun nəticələrini, yəqin ki, hələ uzun müddət müzakirə edəcək. Xatırladaq ki, səsvermədə seçicilərin 57,5%-i ölkədə minarələrin tikintisinə qarşı çıxıb. Bu nəticə əksər müşahidəçilər üçün gözlənilməz idi, çünki İsveçrə daim sülh, tolerantlıq və dözümlülük beşiyi kimi tanınıb. Lakin görünür, yerli tolerantlığın gözlənilməz sərhədləri var imiş.
Müsəlman ölkələri və ictimaiyyəti arasında İsveçrədə keçirilmiş referendumun nəticəsi tamamilə başadüşülən hiddətə səbəb olub. İndoneziya müsəlmanlarının liderlərindən olan Maskuri Abdulla bəyan edib ki, referendum "isveçrəlilərin müsəlman ölkələrinə nifrətinin göstəricisidir". Misir müsəlmanlarının rəhbəri isə onu "təhqir" adlandırıb. Daha konkret mövqeni İslam Konfransı Təşkilatı (İKT) ortaya qoyub. Qurum referendumun nəticəsini "Avropada artmaqda olan antiislam hərəkatının son sübutu" sayır. İKT-nin Cenevrədəki səfiri Babakar Ba isə isveçlilərə insan haqlarından dərs keçib: "Bu, pis suala pis cavabdır. Mən belə addımların ekstremizm və qeyri-tolerantlığa hədiyyə olacağından narahatam".
"Türkiyə Avropadan müsəlmanlara qarşı tolerantlıq tələb edir. Türkiyədə dövlət büdcəsi hesabına xristian kilsələri bərpa olunur. Biz Avropadan da islama eyni münasibəti gözləyirik". Bu bəyanatla isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O hesab edir ki, insanların seçimi, dini və vicdan azadlığı referendum vasitəsilə dəyişdirilə bilməz.
Türkiyə prezidenti Abdullah Gül də məsələyə münasibət bildirib. O, Avropada islamofobiyanın artdığını qeyd edib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir: "Referendum vasitəsilə verilmiş qərar İsveçrədə yaşayan və buranı ikinci vətənləri hesab edən 100 mindən artıq türkün təbii narahatlığına səbəb olub".
Nəhayət, Türkiyənin Avropa İttifaqı ilə danışıqlar aparan əsas nümayəndəsi, dövlət naziri Egemen Barış islam dünyasının varlı nümayəndələrini İsveçrə banklarındakı vəsaitlərini Türkiyə banklarına köçürməyə çağırıb. "Əminəm ki, referendumun nəticəsi müsəlman ölkələrində yaşayan və pullarını İsveçrə banklarında saxlayan, investisiya imkanlarını qiymətləndirən qardaşlarımızın qərarının dəyişməsinə səbəb olacaq. Türkiyənin bank sektorunun qapıları onların üzünə həmişə açıqdır",- nazirin bu sözlərini "Xəbərtürk" yayıb.
Avropadan gələn mövqelər də yumşaq olmayıb. BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley bəyan edib ki, İsveçrədə minarə tikintisinə qadağanın qoyulması hüquq bərabərliyinin pozulmasıdır və o, beynəlxalq hüquqa faciəvi təsir göstərə bilər.
Pilley baş verənləri qanunsuzluq adlandırmasa da, əcnəbilərə qarşı yönəlmiş "qorxutma kampaniyası"nı pisləyib, referendumun nəticəsinin isə "nifaq toxumu səpəcəyindən" ehtiyatlandığını vurğulayıb.
İnsan haqları üzrə Avropa Komissiyası da bəyan edib ki, qadağa fundamental azadlıqlara zərər vura bilər. O, insan haqlarının ümumxalq səsverməsi predmeti olmasını yolverilməz adlandırıb.
Fransanın xarici işlər naziri Bernar Kuşner baş verənləri "dözümsüzlük göstəricisi" kimi qiymətləndirib. Nazir əmindir ki, minarə tikintisinə qadağa qoyulması dinin sıxışdırılmasıdır: "Əgər bizdən zəng qülləsi tikməməmizi istəsələr, əlbəttə ki, narazı olarıq. Düşünürəm, isveçrəlilər kifayət qədər tez bir zamanda bu qərara yenidən baxacaqlar".
Vatikan isveçrəli seçicilərin qərarının müxtəlif dinlər və mədəniyyətlərdəki problemləri daha da artıracağını bəyan edib.
Lakin Avropanın ultrasağçıları artıq İsveçrə təcrübəsinin öz ölkələrində də tətbiqinə hazırdırlar. Məsələn, Niderlandın son dərəcə sağçı mövqeyi ilə tanınan Azadlıq Partiyasından olan deputatı Gert Vilders "Radio suisse italienne (RSI)" radiosuna müsahibəsində tezliklə yerli hökumətdən analoji referendumun Niderlandda da keçirilməsini tələb edəcəyini açıqlayıb.
Danimarkanın Xalq Partiyasının lideri Pia Kyersqor da parlamentdə təşəbbüslə çıxış edərək, analoji refendumun təşkilinə nail olmağı düşünür.
Avstriyanın "Avstriyanın gələcəyi uğrunda ittifaq" partiyasının baş katibi Martin Şturts da ölkəsində minarələrin tikintisinin qanunla qadağan edilməsinə nail olmaq fikrindədir.
İtaliya qanunvericiliyin sadələşdirilməsi üzrə naziri Roberto Kalderoli isə açıq şəkildə deyib: "İsveçrədən bizə dəqiq siqnal gəlib: zəng qülləsinə "hə", minarələrə "yox!".
İsveçrənin "Temps" qəzetinin yazdığına görə, Almaniyada İsveçrədə baş verənlər "ölkədəki islamlaşmadan narahatlığın göstəricisi" kimi şərh olunur və vurğulanır ki, bu təhlükə Almaniyada da aktualdır və ona "ciddi yanaşmaq lazımdır".
Qeyd edək ki, bu bəyanatı kansler Angela Merkelin də mənsub olduğu Xristian-Demokrat İttifaqı Partiyasının nümayəndəsi Volfqanq Bosbax səsləndirib.
İsveçrəlilər isə düşdükləri bu mürəkkəb durumdan çıxmağın yollarını axtarırlar. Məlum olduğu kimi, İsveçrə "həqiqi demokratiya" ölkəsi sayılır: burada motosiklet sürücülərinin sükan arxasında şlem geyməsinin vacibliyi də daxil olmaqla, demək olar ki, bütün məsələlər referenduma çıxarılır. Bu dəfə isə məscidlərin yanında minarə tikilməsinə icazə verilib-verilməməsi ümumxalq səsverməsinə çıxarıldı.
Nəticə ortadadır
İndi nə Avropa siyasətçiləri, nə də BMT vəziyyətdən çıxmaq üçün hansı addımların atılmalı olduğunu müəyyənləşdirə bilmir. Bir tərəfdən bu, guya xalqın iradəsinin ifadəsidir, amma digər tərəfdən isə həmin "iradə" bir çox problemlərə yol aça bilər.
Hazırda İsveçrə hakimiyyəti ehtirasları yatırmaqla məşğuldur. Ədliyyə və polis naziri Evelina Vidmer-Şlumpf Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında referendumun nəticəsinə görə məsuliyyəti işçi immiqrantların "axını", həmçinin faktik olaraq, 2 İsveçrə vətəndaşını həbsdə saxlayan Liviya ilə münaqişənin və sakinlərdə artmaqda olan qorxu hissinin üzərinə atmağa çalışıb. Xarici işlər naziri Mişlin Kalmi-Re islam ölkələrinin səfirləri ilə söhbətində, həmçinin İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqasının rəhbərləri ilə telefon danışığında onları vətəndaşların məscidlərə yox, minarələrə qarşı çıxdıqlarına inandırmağa çalışıb. O, bununla da dini etiqad azadlıqlarına zəmanət verildiyini göstərməyə çalışıb. Nəhayət, Kalmi-Re referendumun nəticəsindən şikayət verilə biləcəyini də söyləyib.
Ən təəccüblüsü isə Fransada yaşayan müsəlmanların etirafıdır: onlar hesab edirlər ki, Avropada yaşayanlar, prinsipcə, minarələrsiz də ötüşə bilərlər.
Lakin dini memarlıq məsələsi artıq ilk dəfə deyil ki, ictimai narazılığın detonatoruna çevrilir. Məsələn, Nazaretdə yerli müsəlmanların yeni məscid tikmək cəhdləri ciddi səs-küyə səbəb olub. Məscidin tikilməsi üçün elə yer seçilib ki, yeni məscid memarlıq dominatına çevrilməli idi. Bu isə yerli xristianların (yeri gəlmişkən, Fələstin ərəblərinin) hiddətinə səbəb olub: tarixən Nazaretdə reper nöqtəsi Blaqoveşşeniye kilsəsi olub. Baş verənlərə cavab olaraq, müsəlman liderlər məscidin tikilməsi nəzərdə tutulmuş ərazidə müsəlman şəhidin qəbrinin yerləşdiyini əsas gətiriblər. Xristianlar isə bu məqamla bağlı da arqument tapıblar: bu yerlərə bir neçə yüzillik ərzində mamlüklər, daha sonra türklər nəzarət edib. Demək, ərazidə şəhid qəbri olsaydı, onlar indiyədək burada məscid tikərdilər.
Tarixdə Rusiyanın istila etdiyi nəhəng şəhərlərin "əsas nöqtələri"ndə aparılmış "memarlıq müharibəsi"lə bağlı istənilən qədər nümunə tapmaq mümkündür. Buraya Aleksandr Nevski pravoslav kilsələrinin tikintisi də aiddir. Bakıda belə kilsə hazırkı 189 və 190 saylı məktəblərin yerində, Tallində "Avropa" qotika və barokkosu ilə tanınan qədim şəhərin tam mərkəzində olub.
İsveçrədə minarələr hündürlüyünə görə yerli kilsələrin zəng qüllələri ilə qətiyyən "rəqabət" aparmırdı. Lakin burada əmin idilər ki, sonradan bu, problemlər yarada bilər.
Üstəlik, indi jurnalistlərin müəyyənləşdirdikləri kimi, İsveçrədəki ifrat sağ qüvvələr əhali arasında açıq-aşkar yalana söykənən təbliğat aparırmışlar: guya məscid ibadət evi, minarə isə artıq "radikal və döyüşkən islam"ın rəmzidir.
Bu məqamda Rəcəb Tayyib Ərdoğanın, hazırda qapadılmış "Rifah" partiyasının fəalı kimi, Türkiyə islamçılarının mitinqlərinin birində səsləndirdiyi şeiri də xatırlamaq olar: "Məscidlər bizim kazarmamız, minarələr süngümüz, günbəzlər dəbilqəmiz, möminlər isə əsgərlərimizdir".
Almaniyanın "Frankfurter Rundschau" qəzeti yazır ki, minarələr aysberqin, sadəcə, görünən hissəsidir. Təşəbbüsün daha dərin mənası isə elə təşəbbüskarların saytında yer alıb - "minarə tikənlər burada qalmaq istəyirlər". Onlar isə müsəlmanların ölkədən getməsini istəyirlər. Qəzet xatırladır ki, artıq İsveçrədəki immiqrantlar əhalinin 21%-ni təşkil edir. Məqalədə bildirilir ki, İsveçrənin qarşı-qarşıya olduğu əsas problem digər mədəniyyətdən olan insanların inteqrasiyasıdır. Söhbət assimilyasiyadan yox, məhz inteqrasiyadan, müxtəlif mənsubiyyətli insanların yad mədəniyyətlər və dinlərə qarşılıqlı hörmət əsasında birgə yaşamasından gedir. Ölkəni bürümüş müzakirələrin əsas məğzi də hazırda İsveçrədə sayı cəmi 4 olan minarənin tikintisində yox, məhz bu məqamdadır.
Axı ictimaiyyət "miqrantlar"ı hansısa həddədək qəbul edir. Onların sayı həddi keçirsə, yadlar artıq yerli "mədəni vasitələr"ə təhlükə kimi qəbul olunur. İsveçrədə bu insanların sayı 21% təşkil edir və əksər avropalılar həqiqətən də immiqrantların rahat Avropa şəhərlərində möhkəmlənməsindən sonra tədricən burada öz qaydalarını diktə edəcəklərindən narahatdırlar.
İstər "mühafizəkar", istər "sağçı radikallar", istərsə də rasistlər adlandırılan siyasətçilər, öz mövqelərini əsaslandırmaq üçün, immiqrantların yaşadığı məhəllələrə baş çəkməyi məsləhət görürlər: həmin məhəllələrin Avropa, yoxsa Yaxın Şərqə məxsus olduğunu müəyyənləşdirmək həqiqətən də çətindir. Bir tərəf Avropa memarlığından xəbər verir, lakin müsəlman geyimi və qeyri-avropalı görünüşlü qadınlar, qeyri-Avropa mətbəxinin təqdim olunduğu restoranlar heç də bütün avropalıların ürəyincə deyil.
Əlbəttə, Sürixin küçələrində dönər alanlar, qısa vaxt ərzində yerli qadınların çarşabda gəzəcəyini, yerli əhalinin isə ərəb dilini öyrənmək məcburiyyətində qalacağını düşünmürlər. Lakin ədalət naminə bir məsələni də qeyd etmək lazımdır: Böyük Britaniyada artıq müsəlman fəallar supermarketlərdə donuz ətinin satışının qadağan olunmasını tələb etməyə başlayıblar. Onlar hesab edirlər ki, bu, müsəlmanların dini hisslərini təhqir edir. Bununla yanaşı, həmin şəxslər ingilis xalq nağıllarının məşhur qəhrəmanı olan donuz balasının şəklinin piştaxtalardan, həmçinin uşaq paltarlarının üzərindən yığışdırılmasını da tələb edirlər.
Danimarkada bir müddət əvvəl yaşanmış karikatura qalmaqalı da avropalılar tərəfindən, hər şeydən əvvəl, müsəlman liderlərin yerli qəzetlərə diqtə etmək cəhdi kimi qəbul olunub.
Bütün bunlara rəğmən, ən maraqlı olanı başqa məqamdır. Səs-küylü və sərt bəyanatlara baxmayaraq, müsəlman dünyasının baş verənlərə reaksiyası "Fitnə"" filmi ətrafında yaşananlar və ya Danimarka qəzetlərində Məhəmməd Peyğəmbərin karikaturasının dərcinə göstərilən reaksiyadan da çox zəifdir. Xüsusilə, neft şeyxləri öz kapitallarını İsveçrə banklarından çəkməyə tələsmirlər.
Amma müsəlman liderlərin bu tip "tolerantlıq"a öyrəşməsi də çətindir. Bu məqamda Yerevandakı Mavi məscidin faciəvi tarixini xatırlamaq yerinə düşər. Sovet illərində muzeyə çevrilmiş və 4 minarəsindən 3-nü itirmiş məscid, möcüzə nəticəsində salamat qalmışdı. Sonradan Yerevanın "bərpası" və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılan zaman da o, mövcudluğunu qorumuşdu. Bu gün Mavi məscid İranın Ermənistandakı səfirliyinin himayəsi altındadır və fəaliyyətdə olan məscid sayılır. Lakin orada insanların azan vasitəsilə ibadətə çağırılması Ermənistan hakimiyyəti tərəfindən qadağandır. Namaz vaxtı burada zəng çalınır. Və nə müsəlman liderlər, nə də İran hökuməti buna etiraz etmir.
Ermənistan Şuşa məscidinə qarşı törədilmiş vandallığa, həmçinin Ağdam məscidinin (həmin görüntü sonradan RenTV ekranından yayımlanıb) murdarlanmasına görə də cəzalandırılmayıb.
Amma yaxşı məlumdur ki, Ermənistan radikal müsəlman dairələrində, bir növ, "toxunulmazlıq statusu"na malikdir. Və görünür, artıq bu status yavaş-yavaş İsveçrəyə də keçməyə başlayır. Bunun kökündə nəyin dayandığı isə sirr deyil: hər şey maliyyə axını ilə bağlıdır.
Ərəb dövlətlərində maliyyə sahəsini, əsasən, ermənilər idarə edir və bu artıq heç kəs üçün sirr deyil.
İsveçrə bankları isə elə İsveçrə banklarıdır.
Odur ki, müsəlman liderlərin İsveçrəni real boykot edəcəklərinə, "neft şeyxləri"nin isə pullarını bu ölkədən Türkiyəyə aparacaqlarına ümid etməyə dəyməz. Hətta orada yalnız minarələri yox, məscidləri qadağan etsələr belə.
MƏSLƏHƏT GÖR: