14 Mart 2025

Cümə, 21:39

NƏYİN BAHASINA OLURSA-OLSUN…

Ermənistan özü də hiss etmədən kartlarını açır

Müəllif:

01.01.2010

Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri ətrafında qızğın mübahisələr davam edir. Azərbaycan prezidentinin Münhen görüşü ərəfəsində səsləndirdiyi sərt bəyanata, həmçinin həmin görüş və Afina danışıqlarının yekununda ATƏT-in Minsk qrupu həmsədrlərinin və münaqişə tərəflərinin verdikləri açıqlamalara, demək olar ki, heç kəs  etinasız qalmayıb. Əksər ekspertlər və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri problemin tezliklə həllinə və ya, ən azı, çərçivə sazişinin imzalana biləcəyinə dair nikbin fikirdədirlər.

Gözlənildiyi kimi, bu hadisələrə ən ciddi rezonans Azərbaycan və Ermənistandan gəlib. Bakıda münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında mərhələli həllinə başlanılacağına dair ehtiyatlı nikbinlik hiss edildiyi halda, Yerevanda destruktiv mövqeyin gücləndirilməsinə çağırışlar müşahidə olunur. Münaqişənin başlandığı vaxtdan indiyədək Azərbaycan hakimiyyəti və cəmiyyətində problemə dair birmənalı, yekdil fikir mövcud olub. Ermənistanda isə əksinə, daim müxtəlif spekulyasiyaların, bir-birinə zidd proqnozların  şahidi olmuşuq. İndi, münaqişənin həlli konturlarının müəyyənləşdirildiyi bir vaxtda, Ermənistan müxalifəti və diasporu ictimai rəy kartından istifdə edərək, rəsmi Yerevana təzyiq göstərməyə, onu məsələnin məğzindən yayınmağa məcbur etməyə çalışır.

Qeyd etmək lazımdır ki, bu taktikanın əsası elə Ermənistan hakimiyyətinin özü tərəfindən qoyulub. Bu ölkədə milli şovinist şüarları ilə hakimiyyəti qəsb etmiş hər bir siyasi qrup, sonda qudurğan millətçilər və ideoloqların əsirinə çevrilir və bu, yekunda onun manevr imkanlarını nəzərəçarpacaq dərəcədə məhdudlaşdırır.

Ermənistandakı hazırkı durum da istisna olmayıb. Ölkə rəhbərliyi və siyasi elita təmsilçilərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara reaksiyası da bunu göstərir. Belə ki, rəsmi Yerevan əvvəlcə Münhen və Afinada irəliləyişin əldə edildiyini açıqlasa da, sonradan beynəlxalq erməni lobisinin sərt təzyiqi qarşısında, artıq əldə edilmiş razılaşmanın ayrı-ayrı məqamlarından narazı olduqlarını söyləməyə başladı.

Ermənistan siyasi elitasının son hadisələrə reaksiyası erməni ictimaiyyətindəki əhval-ruhiyyəni, onun məqsəd və hədəflərini, həmçinin Yerevanın problemi həll etməkdə nə qədər maraqlı olduğunu açıq şəkildə ortaya qoyur.

Azərbaycan prezidenti İlham Əliyevin Münhen görüşü ərəfəsindəki sərt bəyanatı erməni tərəfində xüsusi təlaş yaratdı. Düzdür, indi Ermənistanın müdafiə naziri belə bəyanatların Yerevanı qorxutmadığını söyləməklə "kişilənməyə" çalışır. Bəziləri isə hətta müharibə bərpa olunacağı təqdirdə, Azərbaycanın yer üzündən silinəcəyini iddia edirlər. Hələ KTMT qüvvələrinə arxalananlar da var.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə Azərbaycanın beynəlxalq imicinin qayğısına qalmaq fikrinə düşüb: onun sözlərinə görə, Bakının hərbi bəyanatları Ermənistan və Dağlıq Qarabağı zərrə qədər də qorxutmur, əvəzində Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurur. Nalbandyan "Azadlıq" radiosuna müsahibəsində daha da irəli gedərək bildirib ki, sən demə, problem Azərbaycanla Dağlıq Qarabağın arasındadır və "xeyirxah" Ermənistan bu işdə, sadəcə, prosesi nizamlamağa çalışır.

Bu cür interpretasiya beynəlxalq ictimaiyyətə və Minsk qrupunun həmsədrlərinə birbaşa siqnal sayılmalıdır. Ortaya sual çıxır: əgər Nalbandyan həqiqəti söyləyirsə, Ermənistan nədən münaqişə tərəfi kimi tanınır? BMT-nin işğal altındakı Azərbaycan ərazilərinin heç bir ilkin şərt olmadan boşaldılmasını tələb edən 4 qətnaməsi kimə ünvanlanıb?

Madrid prinsiplərinə də toxunan Nalbandyan sənədin, sadəcə, 1/3 hissəsinin müzakirə predmeti olduğunu bildirir. Amma o, nədənsə həmin hissələrin məğzini açıqlamır. Bu gün rəsmi Yerevan və ermənilər nədənsə bu sənədi xatırlamamağa çalışırlar, baxmayaraq ki vaxtilə həvəslə onunla lovğalanırdılar.

Bu məqamda hər şey ortaya çıxır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bildirdiyinə görə, tərəflər arasında keçirilən hər görüşdən sonra sənədə tərəflərin mövqelərini yaxınlaşdıracaq və tezliklə çərçivə sazişinin imzalanmasına imkan açacaq əlavələr edilir. Artıq həmin sənədin münaqişənin mərhələli həllini nəzərdə tutduğu heç kəsə sirr deyil. Ermənistanın hazırkı rəhbərliyi üçün isə bu vəziyyət ikiqat təhlükəlidir. 

Birincisi, onların qarşısında Dağlıq Qarabağın Azərbaycandan ayrılması yolunda maneə yaranır. 

İkincisi, ölkədə məhz münaqişənin mərhələli yolla həlli prosesini pozmaqla hakimiyyəti zəbt etmiş qüvvələr özlərinin qurduqları tələyə düşə bilərlər.

Ermənistanın hakim Respublikaçılar Partiyasının funksionerlərinin şərhlərində də aşkar ziddiyyət müşayiət olunmaqdadır. Partiyanın katibi E.Şarmazanov Münhen danışıqlarını irəliləyiş adlandırırsa, həmin təşkilatın parlament fraksiyasının rəhbəri Q.Saakayan bildirir ki, bu gün Dağlıq Qarabağın statusu müzakirə predmetidir və erməni tərəfi münaqişənin həllində hər hansı güzəştə getməyi düşünmür.

Ermənistan rəsmilərinin bu bəyanatları  daxildəki təzyiqlərin birbaşa nəticəsidir. Ermənistan müxalifəti və ictimaiyyətinin hakimiyyətə yönəltdiyi ittihamların uzun-uzadı siyahısını açıqlamağa ehtiyac yoxdur. Bu konteksdə bir məqamın xatırladılması kifayətdir: ölkənin siyasi elitasının əksər nümayəndələri rəsmi Yerevanı işğal altındakı torpaqları beynəlxalq təzyiqlər və Azərbaycanın artan iqtisadi, hərbi qüdrəti qarşısında boşaltmağa razılıq verməkdə günahlandırır. Bu səbəbdən də onlar Ermənistan hakimiyyətindən istənilən yolla Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulmasına nail olunmasını tələb edirlər. Bu tələbin müəllifləri düşünürlər ki, "azad edilmiş torpaqların əsas sahibi" məhz Dağlıq Qarabağ olduğundan, separatçılar da müzakirələrə qatılmalıdırlar.

Xatırladaq ki, noyabrda Yerevanda "Ermənistan - minilliyin çağırışları" fondunun təşkil etdiyi "Yerli mal al" kampaniyası çərçivəsində "Ermənistanda istehsal olunub", "Yerli istehsaldır" kimi şüarların yer aldığı plakatlarda "DQR"in "xəritəsi" tam göstərilməmişdi - oradan "azad olunmuş torpaqlar" çıxarılmışdı. Həmin vaxt Ermənistan KİV hakimiyyətdən yeddi rayonun da xəritəyə qaytarılmasını tələb etmişdi. Nəticədə, Yerevan meriyası ittiham müəlliflərindən üzr istəmiş, xarici tərtibat və reklam aparatları idarəsinin baş mütəxəssisinə xəbərdarlıq edilmiş, reklam şitləri isə küçələrdən yığışdırılmışdı.

Yerevanın nizamlama prosesinə mane olan bu əməlləri, həm də Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini açır - onun etnik münaqişə kimi qələmə verilməsi mümkünsüzdür. Bu, digərinin ərazilərinin işğalı ilə həyata keçirilmiş əsl dövlətlərarası müharibədir. 

Odur ki, Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması haqda söhbət belə gedə bilməz.

Ermənistan isə özü də hiss etmədən kartlarını açır və təcavüzkar rolunda çıxış edir. Əgər Yerevan əvvəllər "Dağlıq Qarabağın müstəqilliyinin tanınması qarşılığında torpaqların boşaldılması" anlayışı ilə spekulyasiya edirdisə, bu gün ümumiyyətlə, Azərbaycan torpaqlarını boşaltmaq fikrində olmadığını göstərir. Əks halda, "Dağlıq qarabağ ətrafındakı təhlükəsizlik zonası"nın (terminologiya ermənilərə məxsusdur) birbən-birə "azad edilmiş torpaqlar"a çevrilməsini nə ilə izah etmək olar?

Belə iddialar Minsk Qrupunun fəaliyyəti, həmçinin Madrid sənədi üzərinə də kölgə salır. Vasitəçilər isə həmin sənədin münaqişənin nizamlanmasının əsasını təşkil edəcəyini əminliklə söyləyirlər. Əgər Ermənistan hər dəfə yeni şərtlər və maneələr haqda düşünürsə, üstəlik, sənədi imzalamağı heç ağlına belə gətirmirsə, onda bu sənəd kimin üçün hazırlanır? Nizamlanma prosesinin üfüqündə nikbinlik işartıları görünən kimi, erməni tərəfi dərhal Madrid sənədinin qarşısına maneə yuvarlamağa, həmsədrləri isə Yerevana təzyiq göstərməkdə günahlandırmağa başlayırlar. Ermənistanın siyasi isteblişmenti əmindir ki, ATƏT-in Minsk qrupu danışıqlarda Yerevandan maksimal güzəşt qoparmağa çalışır.

Bütün bunların fonunda radikal çağırışların, əsasən, erməni müxalifəti tərəfindən səsləndirildiyini düşünmək, rəsmi Yerevanın münaqişənin həllində dönüşə nail olmağa çalışdığını güman etmək sadəlöhvlük olardı. Yuxarıda qeyd olunan faktlar və Ermənistan rəsmilərinin bir-birinə zidd bəyantaları göstərir ki, onlar millətçi-şovinist qüvvələrin və erməniliyin ideoloqlarının tələblərini qulaqardına vura bilməz. Çünki əks halda, bütün bunlar çevrilişlə nəticələnər. 

Düzdür, bəziləri belə mövqeyə şübhə ilə yanaşırlar, amma istənlən halda, bunu istisna etmək olmaz. Bu qüvvələrin Ermənistana ciddi təsir imkanlarına malik olmadıqlarını düşünmək yanlış olardı. Məgər əvvəllər kimsə Robert Köçəryan və ya Serj Sarkisyan kimi marginallara ciddi yanaşırdı? Amma gördüyümüz kimi, sonda onlar Ermənistanda hakimiyyəti qəsb edə bildilər və qanlı rejimlərini hələ də qoruyub-saxlamağı bacarırlar.

Ermənistanda hakimiyyət dəyişikliyinin onun özü üçün yaxşı heç nə vəd etməməsi isə başqa məsələdir. 1998-ci ildəki çevriliş və 1999-cu ildə parlamentdə baş vermiş güllələnmə bu ölkəni heç də müsbət tərəfdən xarakterizə etmir. 

Bir məqam da çoxdan məlumdur ki, orada belə hadisələr məhz nizamlanma prosesində müəyyən irəliləyişin yaşandığı dövrlərdə baş verir. Lakin güman ki, beynəlxalq ictimaiyyət Yerevanın növbəti hoqqabazlığına imkan verməyəcək və əksinə, ona təzyiqləri daha da artıracaq. S.Sarkisyanın Xocalı faciəsindəki roluna Avropa Məhkəməsinin maraq göstərməyə başlamasının da belə təzyiq elementlərindən biri olduğu istisna deyil.

Bütün bunlarla yanaşı, ermənilərin son isterika ilə müəyyən məqsədlər güddüyünü  də unutmaq olmaz. Burada əsas niyyət beynəlxalq ictimaiyyətə və Azərbaycana psixoloji təzyiq göstərilməsi ola bilər - həmsərhəd rayonlara iddia ortaya qoymaq və bununla da Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına nail olmaq. Guya bu halda Bakı Ermənistanın hədsiz ərazi iddialarından çəkinərək, iki zərərdən daha kiçik olanını seçəcək, həmsədrlər isə Azərbaycanı buna razı salmağa çalışacaq.

İkincisi, bu, sülh prosesini yalnış istiqamətə yönəltmək cəhdinə də çox bənzəyir. Ermənistan proseslərin gedişində danışıqların məğzini dəyişməyə, Dağlıq Qarabağı yox, ona bitişik rayonları danışıqlar predmetinə çevirməyə çalışır. İndi hamı bu ərazilərin kimə məxsus olduğunu "araşdırmağa" başlayıb. Və bu müzakirələr fonunda Dağlıq Qarabağ problemi sanki arxa plana keçir. 

Odur ki, yalnız bütün maraqlı tərəflər və beynəlxalq ictimaiyyətin Ermənistana birgə təzyiqi, onun təcavüzkar kimi tanınması Yerevanın bu məkrli planlarının qarşısını ala bilər. Azərbaycan BMT-dən "Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsini geri çağırması əvəzində vasitəçilərin Yerevana təzyiqləri artırmağa söz verdiyini də güman etmək olar.

Ola bilsin ki, Bakı məhz bunun əvəzində ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı formada saxlanmasına köməklik göstərməyə razılaşıb. Çünki BMT-də ötən ilin martındakı kimi daha bir səsvermənin keçirilməsi vasitəçiləri birdəfəlik bitirərdi. Üstəlik, onlar Münhen və Afina görüşlərinin yekununda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki üç prioritet istiqaməti aşağıdakı kimi göstəriblər: güc tətbiqindən imtina, ərazi bütövlüyü və xalqların müqəddəratını təyinetmə hüququ. 

Odur ki, onlar BMT-də növbəti dəfə öz açıqlamalarının əksinə çıxa bilməzdilər.

Fikrimizcə, Münhen və Afina görüşlərinin ən müsbət nəticəsi erməni siyasətinin növbəti dəfə ifşa olunmasıdır. Özü də bunun üçün ciddi səy göstərmək də lazım gəlməyib - elə Ermənistan hakimiyyəti baş verənlərə reaksiyası ilə özü-özünü ifşa edib.



MƏSLƏHƏT GÖR:

495