
VAŞİNQTON ANKARANIN DƏSTƏYİNİ ALMAQ İSTƏYİR
Türkiyənin mövqeyindən və onun ABŞ-la strateji tərəfdaşlığının konfiqurasiyasından çox şey asılıdır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-8-də ABŞ-a səfəri bütün dünya ictimaiyyətinin, xüsusilə Azərbaycan, Ermənistan və İranın diqqətini özünə cəlb edib. Türkiyənin iqtisadi və siyasi çəkisinin artdığını, regionda isə çoxsaylı kəskin problemlərin olduğunu nəzərə alsaq, bu heç də təəccüblü deyil. İranın nüvə proqramı, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması, İraqdakı vəziyyət və digər məsələlərdə Ankaranın mövqeyindən, həmçinin onun ABŞ-la strateji tərəfdaşlığının konfiqurasiyasından çox şey asılıdır.
Bu ölkənin beynəlxalq aləmdə rolunun artdığını göstərən daha bir fakt Barak Obamanın prezident seçildikdən sonra, ABŞ lideri üçün ənənəvi olan Kanada və Meksika səfərlərinin ardından, ilk xarici səfərini, məhz Türkiyəyə etməsidir.
Türkiyə hökumət başçısını Vaşinqtona səfər zamanı dövlət nazirləri Əli Babacan və Egemen Baxış, xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslər müşayiət ediblər. Səfər proqramının əsas hadisəsi isə Ərdoğanla Obama arasında keçirilmiş görüş olub. Qeyd edək ki, o, planlaşdırılandan xeyli uzun - təxminən, 2 saat davam edib. Obama ilə Ərdoğan apardıqları müzakirələr haqda mətbuata elə özləri məlumat veriblər. Onların Ağ evdə akkreditə edilmiş jurnalistlərə verdikləri açıqlamalara görə İranın nüvə proqramı ətrafında yaşanan böhran tərəflərin diqqət ayırdığı əsas məsələlərdən olub. Ərdoğan bildirib ki, dünya ictimaiyyətində böyük narahatlıq yaradan bu problemin həllinə nail olmaq üçün diplomatik yollar hələ tükənməyib. O, bununla əlaqədar olaraq, "Türkiyənin elçi və ya vasitəçi rolunda çıxış edə biləcəyini" söyləyib.
Barak Obama isə öz növbəsində, Türkiyənin "İranı düz istiqamətə yönəldə biləcəyinə" əminliyini ifadə edib.
Amma Tehran dərhal heç kimin vasitəçiliyinə ehtiyac duymadığını bəyan edib. "Öz baxışlarımızı izah etmək üçün bizə digər dövlətlərin yardımı lazım deyil", - deyə İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib.
Odur ki, Obama ilə Ərdoğanın görüşü nəticəsində ABŞ-a məlum olub ki, o, nəinki İrana qarşı hipotetik hərbi aksiyalara əl atılacağı təqdirdə, heç Tehrana yeni və daha sərt sanksiyaların tətbiqində də Ankaraya ümid bəsləyə bilməz. Müşahidəçilər hesab edirlər ki, əgər İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsi BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılarsa, Türkiyənin bu məsələdə bitərəf qalacağı istisna deyil.
Burada söhbət heç də yalnız islamçı Ədalət və İnkişaf Partiyasından qurulmuş Türkiyə hökumətinin İran mollakratiyasını özünə yad saymamasından getmir. Bu məsələdə Türkiyənin praqmatik dövlət maraqları da var və onlar ideoloji baxışlardan heç də az önəm daşımır.
Hələ oktyabrın sonlarında Ərdoğan Tehrana səfəri zamanı İranla neft və qaz sahəsində qarşılıqlı anlaşma memorandumuna imza atmışdı. Artıq 2015-ci ildə nəhəng ehtiyata malik olduğu bildirilən (14 trilyon kubmetr) Cənubi Pars qaz yatağından Ankara ilə Tehran birlikdə ilə 35 milyard qaz hasil etməyi planlaşdırırlar. Onun yarısının, yəni 17,5 milyard kubmetrinin Türkiyəyə ixracı nəzərdə tutulub.
Bu planlar, əlbəttə ki, Vaşinqtona xoş gəlmir və bir müddət əvvəl Birləşmiş Ştatların Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bunu açıq şəkildə dilə gətirib. Amma Türkiyə öz layihəsini dolayısıyla "Nabucco" ilə əlaqələndirməklə, ona lobbiçiliyi davam etdirir.
Mətbuat konfransında çıxış edən R.T.Ərdoğan bəyan edib ki, çoxlarının bu layihə üçün əsas qazın Azərbaycandan alınacağını düşünməsi yanlış fikirdir: "Əslində, bu belə deyil. İndi Azərbaycandan qazın 10%-i gözlənilir, gələcəkdə isə onun 25%-dək artırılması planlaşdırılır". Bu, faktik olaraq, "Nabucco" layihəsinin gecikməsini Azərbaycanla Türkiyə arasında qaz və tarif qiymətləri ilə mübahisənin davam etməsinə bağlayanlara cavab idi. Ərdoğan boru xəttinin doldurulması üçün kifayət qədər qaz ehtiyatlarının olmadığını da çatdırmağa çalışıb. Bununla da qeyd etmək istəyib ki, İran yatağının maliyyələşdirilməsi və işlənməsinə dəstək verməklə, Türkiyənin oradan pay formasında "mavi yanacaq" alması ABŞ və Avropa İttifaqının dəstəklədiyi sözügedən layihəni xilas edə bilər.
Ankaranın İrana qarşı İsrail və ABŞ tərəfindən sanksiyalar tətbiqinin qeyri-səmərəliliyi, hərbi müdaxilənin isə məqsədəuyğun olmamasına dair sərt mövqeyi Azərbaycan üçün də son dərəcə vacibdir. Bu, Bakının Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etmək istəyən qüvvələrin təzyiqi qarşısında dayanmasını müəyyən qədər asanlaşdırır. Üstəlik, Azərbaycan özü də qaz xətlərinin diversifikasiyasına çalışır, bu işə mövcud olan, lakin uzun illər işləməyən İran istiqamətindəki qaz kəmərini də cəlb etməyi düşünür.
Ankara Əfqanıstan problemi ilə bağlı da xüsusi mövqe ortaya qoyub. Hələ ABŞ-a səfər ərəfəsində Türkiyənin bu ölkədəki hərbçilərinin sayı 1700 nəfərə çatdırılıb. Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türklər Əfqanıstanda taliblərə qarşı vuruşmaq və ya "jandarm" rolunu oynamaq fikrində deyillər. Onun sözlərinə görə, Türkiyə bu işdə ilk növbədə əfqanlara ölkədə sülh və təhlükəsizliyi təmin etmək iqtidarında olacaq öz silahlı qüvvələrini formalaşdırmağa kömək etməyi düşünür.
Bütün bunlarla yanaşı, Azərbaycanın Vaşinqton danışıqlarına ciddi diqqət ayırması orada Ermənistan - Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinə necə toxunulacağı ilə bağlı idi. Barak Obama Ərdoğanı Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində səylərin artırıldığına görə təbrik edib. Türkiyənin Baş naziri isə öz növbəsində ABŞ prezidentini ATƏT-in Minsk qrupunun fəaliyyətini stimullaşdırmağa çağırıb.
Beləliklə, ermənilərin Obamanın Ərdoğana Ermənistan - Türkiyə protokollarının ratifikasiyasını sürətləndirməklə bağlı təzyiq göstərəcəyinə dair gözləntiləri doğrulmayıb.
Bundan başqa, Obamaya Minsk qrupunun fəaliyyətinin gücləndirilməli olduğunu xatırladan Ərdoğan bir daha bəyan edib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyişlə əlaqələndirir. Səfərinin ikinci günündə Vaşinqtonun Con Hopkins Universitetində çıxışı zamanı isə baş nazir açıq şəkildə bəyan edib ki, ermənilərin Dağlıq Qarabağa bitişik 7 rayonu işğaldan azad etməsi Ankara - Yerevan yaxınlaşmasına müsbət təsir göstərərdi. Ərdoğan bu məsələdə Azərbaycanın mövqeyini də Obamanın diqqətinə çatdırdığını bildirib.
Beləliklə, baş nazir indiyədək məsələyə dair Azərbaycanda və Türkiyədə verdiyi vədlərin möhkəmliyini nümayiş etdirib. O göstərib ki, səsləndirdiyi fikirlər neqativ ictimai reaksiyanın qarşısını almaq məqsədilə dilə gətirilmiş sözlər yox, prinsipial mövqeyin ifadəsidir.
Nəticədə, Amerika erməni milli komitəsi (ANCA) etiraf edib ki, Türkiyə Ankara - Yerevan münasibətlərinin normallaşdırılması prosesində özünün ilkin şərtlərini irəli sürə bilib.
Ərdoğanın ABŞ səfəri çərçivəsində müzakirə edilmiş digər məsələlərlə yanaşı (Türkiyənin Avropa İttifaqına inteqrasiyası, Kipr və Fələstin problemləri), İraqda vəziyyət və kürd terrorizmi məsələləri də xüsusi yer tutub. Bu sahədə həqiqətən də situasiyanın gərginləşdiyi aşkardır. Bu günlərdə PKK terrorçuları Türkiyənin şərqində yerləşən Tokat əyalətində ordu patrullarını atəşə tutaraq ən azı 7 hərbçini qətlə yetiriblər. Bunun Türkiyə təhlükəsizlik qüvvələrinin İstanbul rayonlarının birində həyata keçirdikləri xüsusi əməliyyata cavab olduğu istisna deyil. Xatırladaq ki, həmin əməliyyat nəticəsində PKK-nın 10 tərəfdarı həbs olunub.
Eyni zamanda, Türkiyənin Konstitusiya Məhkəməsi prokurorluğun təqdimatı ilə kürdlərin Demokratik Toplum Partiyasının fəaliyyətinə qadağa qoyulması, daha doğrusu, onun buraxılması məsələsini icraata götürüb.
Üstəlik, ömürlük həbsdə olan Abdullah Öcalanın tərəfdarları Diyarbəkirdə kütləvi iğtişaşlar törədib, nəticədə, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.
Bir-biri ilə əlaqəli olan bu hadisələr Vaşinqton üçün yaxşı heç nə vəd etmir. Onun İraqda sakitliyə nail olmaq cəhdləri hələ ki nəticə vermir - hər həftə burada terror aktları nəticəsində onlarca, bəzən yüzlərlə insan həlak olur. İraqın bir-birinə qarşı olan ayrı-ayrı qrupları qanlı döyüşləri davam etdirir, seçkinin keçirilməsinə dair razılıq heç cür əldə edilmir. Nəticədə, seçkilər yenidən - bu dəfə gələn ilin yazınadək təxirə salınıb. Obamanın öhdəliklərinə görə isə, 2010-cu ildə ABŞ qoşunlarının bu ölkədən çıxarılmasına başlanılacaq.
Bu halda İraqdakı, heç olmasa, zahiri sabitliyin və ABŞ ilə Qərbin buradakı maraqlarının dəstəklənməsi missiyası Türkiyənin üzərinə düşür. Çünki Ankara Vaşinqtonun NATO-dakı tərəfdaşı olmaqla yanaşı, həm də regionla bilavasitə sərhəddə yerləşən yeganə müttəfiqidir.
Amma digər tərəfdən, İraqın öz daxilində amerikalılar özlərinə dayaq kimi kürdləri görürlər.
Odur ki, PKK terrorçularının tezliklə zərərsizləşdirilməsi, Ankara ilə İraqın şimalındakı kürd administrasiyası arasında konstruktiv qarşılıqlı münasibətin qurulması mümkün olmasa, ABŞ-ın müttəfiqi olan bu iki qüvvə qanlı mübarizəyə başlaya bilər. Hadisələr bu cür inkişaf edəcəyi təqdirdə isə, Ankara İran və Suriya ilə birlikdə kürdlərə qarşı çıxmağa qərar verə bilər. Bu isə Vaşinqtonun İraq və ümumiyyətlə, Yaxın Şərqlə bağlı planlarına tam ziddir. Odur ki, PKK və kürd millətçiliyi ilə bağlı bütün oyunları dayandırmaq və məsələdə prinsipial və ardıcıl mövqe tutmaq son dərəcə vacibdir.
Əks halda, ABŞ və Qərb regionda çox neqativ ssenari ilə üz-üzə qala bilər.
Yekunda qeyd etmək lazımdır ki, Baş nazir Ərdoğanın Vaşinqton səfəri Türkiyənin öz gücünün fərqində olduğunu bir daha göstərdi. Artıq Ankara daha sərbəst və inamlı təsir bağışlayır. Fövqəldövlət olan ABŞ-la müttəfiqlik davam etdirilsə də, Türkiyə Birləşmiş Ştatların qlobal siyasətinin təsiri altına düşmür və bu işdə, sözə qulaq asan kiçik tərəfdaş rolunda çıxış etmir. Ankara situasiya və proseslərə öz yanaşmasını ortaya qoyur və hamıya göstərir ki, onun hesablamaları və maraqlarını qəbul etmək istəməyənlər, Türkiyədən dəstək almayacaqlar.
MƏSLƏHƏT GÖR: