
İKİNCİ TAYM BAŞLANDI, İKİNCİ NƏFƏS AÇILACAQMI?
Berti Foqts: "Qarşıda bizi iki il birgə çətin və məsuliyyətli iş gözləyir"
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Dünya Çempionatının seçmə mərhələsi başa çatandan sonra, futbol azarkeşlərini millinin baş məşqçisi Berti Foqtsun taleyi çox maraqlandırırdı. Seçmə mərhələdə Lixtenştyenə səfərdə qalib gələn (2:0), doğma meydanda isə Rusiya ilə heç-heçə oynayan (1:1) yığmanın alman çalışdırıcısı barədə fikirlər son anda dəyişdi. Bunu nəzərə alan AFFA rəhbərliyi də ilin sonunu gözləməyi lazım bilmədi. Berti Foqtsla danışıqlar masası arxasına əyləşən federasiya müqaviləni daha 2 il müddətinə artırmaq qərarına gəldi.
Yeni müqavilədən sonra Foqtsun ilk sınağı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən beynəlxalq turnir oldu. Yığma yerli komandayla yanaşı, Çexiya və İraq millisinin iştirak etdiyi turnirdə 3-cü yerlə kifayətləndi. Lakin Çexiya üzərində qələbə yığmamıza FİFA-nın reytinqində irəliləmək imkanı verdi. Hazırda Azərbaycan yığması dünya sıralamasında 116-cı pillədədir.
Millimizin Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə, eləcə də seçmə mərhələdə çıxışı, ümumiyyətlə, hazırkı vəziyyəti və gələcək planları barədə baş məşqçi Berti Foqtsla söhbətləşmək qərarına gəldik. Müsahibə zamanı özümüzü saxlamayaraq alman məşqçinin Bakıdakı yaşayış tərziylə də maraqlandıq.
- Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə komandamızın çıxışından razı qaldınızmı? Axı yarışdan əvvəl siz millini finalda görmək istəyirdiniz...
-Turnir futbolçularımızı yoxlamaq baxımından çox vacib idi. Komanda özünü yaxşı tərəfdən göstərdi. İraqla layiqli mübarizə apardı. Üstəlik, nəzərə alsaq ki, həmin oyunda bəzi əsas futbolçular istirahət edirdi, onda komandamızın gələcək potensialı barədə də fikir söyləmək olar. Samir Abbasov, Maksim Medvedev və Vaqif Cavadov zədəyə görə ilk oyunu buraxdılar. Təbii ki, səhvlər də oldu. Çexiya üzərində qələbəyə görə isə təbrik futbolçulara düşür. Onlar yaxşı oynamaqla layiqli qələbə qazandılar.
- Dünya Çempionatının seçmə mərhələsindəki çıxışımız 5 xalla kifayətləndi. Sonda Lixtenşteyn üzərində qələbə və Rusiya ilə heç-heçə olmasaydı, nəticə ürəkaçan olmayacaqdı...
- Rusiyaya qarşı gözəl oyun nümayiş etdirdik. Rəqib dünyanın ən güclü yığmalarından biri idi. Etiraf etmək lazımdır ki, Azərbaycan millisi heç-heçəyə layiq idi. Əgər qapıçı İqor Akinfeyev Rusiyanı real qol vəziyyətlərindən xilas etməsəydi, onda qalib də gələ bilərdik. Əvvəllər qol buraxandan sonra futbolçular ruhdan düşürdülər. Amma indi erkən qol buraxsaq belə, sona qədər mübarizə aparırıq. Futbolçular yaxşı başa düşür ki, çoxlu məşq etdikdə ikinci hissədə yorgunluq hiss olunmur. Seçmə mərhələnin sonunda dörd günə iki rəsmi matç keçirdik. Gənc oyunçularımız əla oyun nümayiş etdirməklə ümidləri doğrultdular.
- Yekunda Şahin Diniyevlə İqor Ponomaryovun vaxtında olduğu kimi 5 xal topladıq. Bu nəticə sizi razı salırmı?
- Əslində, neçə xal toplamağımız məni maraqlandırmır. Əvvəlcədən Azərbaycan millisinin Dünya Çempionatının finalına çıxmaq şansının olmadığını bilirdik. Ona görə gələcəyin komandasını qurmaq üçün işlədik. Əgər səhvlər olmasaydı, daha çox xal toplaya bilərdik. Uelslə Bakıdakı görüşdə tək qapıya oyun oldu, amma buraxılan yeganə səhv həlledici oldu. Lənkəranda Finlandiya ilə görüşdə də uduzmalı deyildik. Hazırda yığmamız gənc futbolçulardan təşkil olunub, təcrübələri çox deyil.
- Rusiya ilə gözəl oyun çoxlarını təəccübləndirdi. Digər rəqiblərə qarşı da belə oynamaq olmazmı?
- Almaniya, Uels və Finlandiya ilə Lənkərandakı görüşdə motivasiya yüksək idi. Yalnız Lixtenşteynlə Bakıdakı oyunda yetirmələrimdən narazı qaldım. Cavan futbolçuları qınamaq olmaz. Onların ustalığını artırması üçün vaxt lazımdır. Rusiya ilə oyuna gəldikdə, futbolçulara yalnız müdafiədə oynamağı deyil, irəli atılmağı, gözəl kombinasiyalar qurmağı tapşırmışdım. Oyun vaxtı uşaqlara deyirdim ki, topu saxlayın, imkan daxilində hücum edin.
- Mətbuat sizi həmişə Daniel Axtyamovu milliyə çağırdığınız üçün tənqid edir. Yazırlar guya onu komandaya cəlb etməyə sizi məcbur edirlər. Razılaşırsınız ki, o zəif oynayır?
- Daniel Axtyamovun elə güclü alternativi yoxdur. Yaxşı komanda hazırlamaqdan ötrü ucaboylu hücumçuya malik olmalısan. Daniel üzərində çox çalışmalıdır. O, hazırda optimal formadan uzaqdır. Amma çox işləməlidir ki, istədiyimiz səviyyəyə yüksəlsin. Onun ən böyük tənqidçisi mənəm. Məşqlərdə ondan daha çox şey tələb edirəm. Sürətini artırmalıdır. Onu təlim-məşqə mən dəvət edirəm. Demək istəyirəm ki, yığmaya futbolçuları məşqçilər korpusu dəvət edir. Başqa söhbət ola bilməz.
- Artıq ikinci ildir Azərbaycandasınız. Dilimizi öyrənməkdə maraqlısınız?
- Küveytdə işləyərkən ərəb dilini öyrənməyə başladım. Vurğuları çox pis işlətdiyimdən tərcüməçi mənə dedi ki, ərəb dilini öyrənmək lazım deyil. Azərbaycan dilində salamlaşa bilirəm. Amma tərcüməçiyə deyəcəyəm ki, bir neçə söyüş öyrətsin mənə (gülür). Pis sözləri də bilmək lazımdır. Yaxşı sözlərlə irəli getmək çətindir. Bəzən kobud sözlər işlətmək lazım gəlir. Çünki insan rahatlaşanda inkişaf barədə düşünmür.
- AFFA-nın təklif etdiyi müqavilə sizi razı salırmı?
- AFFA rəhbərliyi Azərbaycanda futbolun inkişafı üçün böyük işlər görür. Özüm də burada qalmaqla işimi davam etdirmək istəyirdim. Qarşıda bizi 2 il birgə çətin və məsuliyyətli iş gözləyir. Müqavilənin şərtlərinə gəlincə, əgər imzalamışıqsa, deməli, hər iki tərəfi razı salır.
- Maraqlıdır, Berti Foqts Azərbaycandan Almaniyaya gedəndə yaxınlarına hansı hədiyyəni aparır...
- Mən hədiyyəni ürəyimdə aparıram. Hər dəfə Bakıya gələndə dəyişiklik hiss edirəm. Ölkəniz, xüsusilə də paytaxtınız gündən-günə gözəlləşir. Vətəniniz və insanlarınız barədə doğmalarıma danışıram. Onlara Azərbaycanın necə gözəl məmləkət olduğunu deyirəm.
- Bəs Azərbaycan mətbəxi necə, xoşunuza gəlirmi?
- Mətbəxinizdə çoxlu sayda dadlı yeməklər var. Qoyun ətindən bişirilmiş yeməkləri, istiotlu təamları çox bəyənirəm. Bəs niyə pivənizi soruşmursunuz? Çoxları deyir ki, ən gözəl pivə Almaniyadadır. Amma sizin pivə heç də geri qalmır. Bakıda dadına baxdığım pivəniz çox xoşuma gəlir.
- Müsahibəyə görə çox sağ olun. Sizə uğurlar, komandaya isə inkişaf arzulayırıq.
MƏSLƏHƏT GÖR: