Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
67 ölü və 183 zərəçəkmiş... Noyabrın yalnız ilk üç həftəsi boyunca Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qeydə alınmış yol-nəqliyyat hadisələrinin dəhşətli statistikası belədir. Bu ilin 9 ayı ərzində isə Azərbaycanda 1975 yol-hərəkət hadisəsi baş verib və bu, 642 adamın ölümünə, 2104 insanın xəsarət almasına səbəb olub. Analoji dönəmdə Bakıda 826 yol-nəqliyyat hadisəsi baş verib - nəticədə 236 insan həyatını itirib, 858 nəfərsə müxtəlif dərəcəli zədələr alıb.
Dövlət Yol Polisi (DYP) Baş İdarəsindən bildirirlər ki, bədbəxt hadisələr, adətən, yol hərəkəti qaydalarının kobud və düşüncəsiz şəkildə pozulması - sürətin artırılması, minik vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi, qarşı zolağa keçilməsi nəticəsində baş verir. Bütün bunlar dəhşətli reallığın statistikasıdır.
Çünki hər bir cansız rəqəmin arxasında qəfil qırılmış insan taleyi, şikəst olmuş həyat durur. Kimlərsə yaxınlarını, atalarını, analarını, arvadını, qardaşını, bacısını hətta körpəsini itirir. Hər il dünyada yol-nəqliyyat hadisəsi zamanı 1,3 milyona yaxın insan həlak olur və 50 milyona yaxın adamsa zədə alaraq şikəstə çevrilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 10-24 yaş arasında olan insanların ölümünə səbəb olan amillər arasında avtomobil qəzaları birinci yerdədir.
Beynəlxalq miqyaslı problem
Yollarda avtomobil qəzalarını və ölüm hallarını necə azaltmaq olar? Təhlükəsiz idarəetmə mədəniyyətini necə yaymalı?
Toydan çıxan bir ailənin dörd üzvünün, o cümlədən, ikiyaşlı uşağın piyadalara məxsus səkidə "Prado" markalı cipin sərxoş sürücüsü tərəfindən vurulmasından sonra bu sual çoxlarını düşündürməyə başladı. Həmin ailənin üzvləri bir daha evə qayıtmadılar və qayıtmayacaqlar da, amma çox təəssüflər ki, bu hələ də son deyil. Həmin gün cip sürücüsünün günahı ucbatından daha üç avtomobil də toqquşub və nəticədə əzilərək konserv qutusuna bənzəyən avtomobilləri evakuator vasitəsilə aparmalı olublar.
Hadisə yerində çox dəhşətli mənzərə yaranmışdı - hər yan işıqların, şüşələrin qırıqları ilə dolu idi, toqquşan maşınların hissələri ətrafa səpələnmişdi, asfaltda mühərrik yağından xırda gölməçələr yaranmışdı, yaxınlıqda tək və artıq heç kimə lazım olmayan qadın ayaqqabısı düşüb qalmışdı. Belə dəhşətli mənzərəni çətin ki, unutmaq olsun. Bu niyə baş verir? Ən azı ona görə ki, əksər sürücülər adi yol hərəkət qaydalarını bilmirlər, avtomobillərin düzgün texniki istismarına riayət etməyi unudurlar.
Çox vaxt avtomobilləri sürücülük vəsiqəsi almasının ertəsi günü sükan arxasına keçmiş təcrübəsiz insanlar idarə edirlər. Təbii ki, sürücülük vəsiqəsi heç də həmişə onların sürücülük işinə yaramaları demək deyil. Ən pisi də odur ki, çox vaxt sürücülük vəsiqəsi almaq üçün imtahan da vermirlər. Sirr deyil ki, həm bizdə, həm də postsovet məkanının başqa ölkələrində sürücülük vəsiqəsini başqa yollarla da almaq mümkündür. Və bütün bədbəxtçiliklər formal olaraq əlində sürücülük vəsiqəsi olan, faktiki isə yol göstəricisini yol nişanından seçə bilməyən, asfaltda çəkilmiş yol işarələrindən heç nə anlamayaraq onları dizayn elementi sayan bu cür sürücülərdən qaynaqlanır.
Bundan başqa, bu işlərin arxasında tüğyan edən mədəniyyətsizlik və özündənmüştəbehlik də durur, yəni "Mən öz avtomobilimdə nə istəyirəmsə onu da edərəm". İctimai nəqliyyat - avtobus və mikroavtobus sürücüləri isə insanların əsəblərinə daha çox toxunurlar. Sürəti həddindən aşmaları, avtobusun ölçülərini nəzərə almadan necə gəldi sürmələri, sərnişinlərə hörmətsiz yanaşmaları adi hala çevrilib. Avtobus sürücüləri öz aralarında sanki yarış keçirirlər və bunun nəticəsi kimi bu yaxınlarda baş vermiş qəzanı göstərmək olar. Mirəli Qaşqay küçəsində iki avtobus toqquşmuşdu və bunun nəticəsində 9 adam ciddi zədə almışdı.
Başqa mövzu isə piyadalardır və onların arasında da özündən razılığın ifrat dərəcəsi müşahidə edilməsidir. Piyadaların əsas problemi yolu necə gəldi keçmələri və o biri tərəfdə olmağa çalışmaları ilə bağlıdır. Onların çoxu yolda keçid zolağının və yeraltı keçidlərin nə olduğunu bilmək belə istəmir, yerüstü keçidlər isə onlar üçün ümumiyyətlə, mövcud deyil. Özü də onlar yolu bütün mədəni dünyada icazə verildiyi kimi qrup şəklində deyil, pərakəndə halda necə gəldi və çox vaxt qadağan işığının altında keçirlər. Qeyd etmək lazımdır ki, sürücülər də piyada keçidlərinə fikir vermirlər. Bu qarışıqlığın nəticəsi kimi sürücü piyadanın növbəti addımının nə olacağını bilmir. Piyada da sürücünün psixologiyasını anlaya bilmir və bu da çox vaxt ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi kimi başa çatır. Məsələn, noyabr ayında "Volqa"nın sürücüsü avtobus dayanacağına girmişdi və bu, "QAZ-2410" markalı avtomobilin Nobel prospektində eyni vaxtda üç piyadanı vurması ilə nəticələndi, onlardan biri qadın idi və elə yerindəcə keçinmişdi.
Bu yaxınlarda bütün dünya avtomobil qəzalarının qurbanlarının Anım Gününü qeyd etdi. 2005-ci ilin oktyabr ayında BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamədə hökumətlər hər noyabr ayının üçüncü bazar günündə bu tarixi qeyd etməyə çağırılır. Bugünün qeyd edilməsi yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsini yada salmaq və onların bu faciəvi hadisələrin kədərini və acı nəticələrini yaşayan qohumlarına başsağlığı vermək məqsədi daşıyır.
Yol-nəqliyyat hadisələri qurbanlarının anım günü bütün dünyada hökumətlərin və qeyri-hökumət təşkilatlarının diqqətini yol-nəqliyyat hadisələrinə yönəltmək və bunların qarşısının alınması üçün tədbirlər görməyə çağırmaq məqsədi daşıyır. Noyabrın 18-də isə Rusiyanın təşəbbüsü ilə Moskvada yollarda təhlükəsizlik məsələləri ilə bağlı birinci nazirlər konfransı keçirildi və ora dünyanın 150 ölkəsinin təmsilçiləri qoşuldular. Forumda qeyd edilib ki, yollarda təhlükəsizlik məsələsi artıq çoxdan ayrı-ayrı dövlətlərin daxili işi deyil, artıq birgə fəaliyyət anı çatıb.
Elə də pis deyil, amma mürəkkəbdir...
150 iştirakçı ölkənin nə demək olduğu aydındır. Yəni yollarda təhlükəsizlik məsələsi dünyamiqyaslı problemdir. Sürətin artırılması, sükan arxasında sərxoşluq kimi onlarca səbəb milyonlarla insanın həyatına başa gəlir. Gerçəklik budur ki, əgər dünya toplumu yollarda təhlükəsizliyin təmin edilməsi probleminə yaxın 15 ildə lazımi diqqət yetirməsə, onda dünyada yol-nəqliyyat hadisələrindən ən azı 75 milyon insan zərər görə bilər. Azərbaycan üçün yollardakı durum ən kəskin qoyulmuş məsələlərdəndir. Hələ 2006-cı il fevralın 1-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi barədə sərəncam imzalanıb. Sərəncama uyğun olaraq paytaxtda körpülər, piyada keçidləri tikilməyə, yeni yollar salınmağa başladı.
DYP Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov "Region plus"la söhbətində bildirib ki, bu sərəncamın əsas bəndlərindən biri yollarda təhlükəsizliyin təmin edilməsi və yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı cərimə sanksiyalarının sərtləşdirilməsidir. "Qeyd edirəm ki, yollarda təhlükəsizliyin təmin edilməsi və tıxacların aradan qaldırılması məsələsində ən önəmlisi sürücülərin intizam məsuliyyətinin artırılmasıdır" . Ə.Məcidovun fikrincə, sürücülərin tez-tez yol hərəkəti qaydalarını pozmasına baxmayaraq, bütövlükdə Azərbaycanda vəziyyət dünyanın başqa ölkələrinə baxanda elə də mürəkkəb deyil. Ancaq Azərbaycan sürücülərini hələ də təhlükəsizlik kəmərlərindən istifadənin vacibliyinə inandırmaq olmur. Bir çoxları bunu artıq iş sayırlar.
Bununla belə qanunda dəqiq göstərilib ki, təhlükəsizlik kəmərindən istifadə etmək vacibdir. Həm də sürücü yalnız özü kəmər taxmaqla kifayətlənməməli, bütün sərnişinlərin bunu yerinə yetirməsinə nəzarət etməlidir. Piyada keçidlərinə gəldikdə isə, yol polisinin rəsmi təmsilçisi əmin edir ki, piyadaların heç də hamısı yolu lazım olan yerdə keçmir. Başqa tərəfdən isə əgər piyada ayağını piyada zolağına qoydusa, onda sürücü mütləq ona yol verməlidir. Ancaq piyada yolu keçmək üçün vaxtı çatacağına əmin deyilsə, güzəştə gedə bilər. "Bununla belə, sürücülər, demək olar ki, keçid hissədə öz bildikləri kimi hərəkət edərək, nə piyadaya, nə də velosipedçilərə yol vermirlər. Bütün bunlar ondan xəbər verir ki, sürücülərin çoxunda piyadalara qarşı elementar hörmət hissi yoxdur və bu da yol hərəkətinin ən ağrılı məsələlərindəndir", - deyə ekspert vurğulayır.
Bununla yanaşı, DYP Baş İdarəsində yol hərəkəti qaydalarına riayət edilməsi üzrə nəzarəti sərtləşdirməklə bağlı layihələr gerçəkləşdirilməkdə davam edir. Onların sırasında ən yeni texnologiyalar var: yollarda nəqliyyat vasitələrinin hərəkətini müşahidə etmək üçün kameralar və monitorların quraşdırılması, maşınların böyük tıxacının müşahidə edildiyi yerlərdə mərkəzləşdirimiş vahid idarəetmənin təmin edilməsi, fotoradarların və sürəti müəyyən edən aparatların quraşdırılması bu qəbildəndir. Məqsəd qanun pozucularının cəzalandırılması və onların inzibati məsuliyyətə cəlb edilməsi, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin olunmasıdır. Hazırda Bakıda ayırıcı zolaqlarda 40-dan çox kamera və detektor quraşdırılıb. Onlara vahid dispetçer mərkəzinin operatorları tərəfindən nəzarət edilir. Misal üçün, əgər operator Neftçilər prospekti ilə kəsişən hər hansı küçədə hərəkət sıxlığının aşağı olduğunu görərsə, buna dərhal prospektdəki işıqfor vasitəsilə reaksiya verir: yaşıl işıq adi halda olan 45 saniyə əvəzinə 55 saniyə yanır. Detektorlara gəldikdə isə onlar keçən avtomobillərin hesabını aparır. Bunun hesabına DYP Baş İdarəsində yol hərəkəti dinamikasının statistikası müəyyənləşdirilir və işıqforların işi buna uyğun qurulur.
Bununla yanaşı, yol nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə intizamın artırılması tədbirlərinin səmərəliliyinin gücləndirilməsindən ötrü həm sürücülər, həm də piyadalar üçün müxtəlif təhlükəsizlik aylıqları keçirilir. Noyabrın 17-dən 23-nə kimi isə DYP Baş İdarəsinin əməkdaşları "Diqqət, piyada" başlığı altında təhlükəsizlik həftəsi keçiriblər, bu çərçivədə qaydanı pozan piyadalara qarşı inzibati tədbirlər görülüb. Müfəttişlər piyadalar arasında məlumatlandırma işləri aparıblar; yol-nəqliyyat hadisələrinin nəticələri, zədələr və ölüm halları haqqında videoçarxlar nümayiş etdiriblər, həmçinin cərimələr kəsilib. Bakının hər rayonuna xüsusi monitorla təchiz edilmiş mikroavtobus ayrılıb. Bu mikroavtobuslar qanunvericilikdən çıxarışların yer aldığı 20 dəqiqəlik təbliğat videomaterialları ilə təchiz edilib. "Bütün pozucuları biz avtobusa dəvət edib videomateriallar nümayiş etdirdik".
BMT sanır...
Maraqlıdır ki, Rusiyada yol-nəqliyyat hadisələri ilə bağlı vəziyyət o qədər kritikdir ki, bu ölkədə yollarda təhlükəsizliyinin artırılması ilə bağlı milli strategiya təsdiq edilib. RF hakimiyyəti 2012-ci ilə kimi qurbanların sayını beş il qabakı göstərici ilə müqayisədə 1,5 dəfə azaltmaq niyyətindədir. Avqustun sonlarına çox sayda iri yol nəqliyyatı hadisələrinin baş verməsindən sonra məsələyə Rusiya prezidentinin özü qarışmalı oldu və bununla bağlı xüsusi iclas keçirdi. Konkret tapşırıqlar sırasında yolların təhlükəsizliyinin texnoloji reqlamentinin işlənməsi oldu. Yəni yol örtüyünün keyfiyyəti qəzalara səbəb olmamalıdır. Bundan başqa, Dmitri Medvedevin sözlərinə görə sürücülər həkimə qədər tibbi yardım göstərməyi bacarmalıdırlar. Daha bir tapşırıq isə DYP-lərdə etimad telefonunun quraşdırılmasıdır və həmin telefonlar sürücülərin DYP əməkdaşlarının qanunsuz hərəkətləri, həmçinin, yol təhlükəsizliyinə mane olan başqa faktlar barədə məlumat verməsinə şərait yaratmalıdır.
Yeri gəlmişkən, "Yol təhlükəsizliyi" maarifçilik ictimai birliyinin sədri Aydın Quliyevin fikrincə, bu məsələyə Azərbaycanda da ciddi nəzarət edilməlidir. Onun fikrincə, Azərbaycanda da yol təhlükəsizliyi ilə bağlı vəziyyət xeyli mürəkkəbdir.
Qarşıdan gələn on ili BMT yolda təhlükəsizliyin təmini üzrə fəaliyyət onilliyi adlandırmağı təklif edir. Ümumiyyətlə, təhlükəsizlik məsələsində uğur qazanılması avtomobil istehsalçılarından da asılıdır. Onlar texniki yenilikləri fəal tətbiq etməlidirlər. Bu məsələdə müxtəlif ölkələrin hüquq-mühafizə qurumları da az rol oynamırlar. Milli qanunvericilik səviyyəsində elə normalar yaradılmalıdır ki, bütün ölkələrdə sürücülər üçün müəyyən və tam dəqiq siqnallar verə bilsin. Məsələn, bir ölkədə sürücülük vəsiqəsindən məhrüm edilmiş adam başqa ölkənin də ərazisində nəqliyyat idarə edə bilməz. BMT-nin fikrincə, istənilən halda xüsusi ixtisas kursu keçilməlidir.
Ən önəmli məsələ tibbi yardımdır. Belə ki, yol təhlükəsizliyi ilə bağlı Moskvada keçirilmiş ümumdünya nazirlər konfransı iştirakçılarına təqdim edilən reanimobil, yəni reanimasiya avtomobili ilk öncə uşaqların xilasını nəzərdə tutur. O, peyk rabitəsi ilə təchiz edilib. Həkimlər briqadası hadisə yerindən birbaşa aparıcı klinikalarla əlaqə saxlaya bilir. Aparıcı mütəxəssislərlə məsləhət və məlumatların ani işlənməsi zərərçəkmişin halı üçün aparıcı önəm daşıya bilər. Amma hələ ki Azərbaycanda bu cür çağdaş reanimobillər yoxdur.
MƏSLƏHƏT GÖR: