14 Mart 2025

Cümə, 20:58

SİTRUS CƏNNƏTİ

Subtropik bitkilər Azərbaycan fermerləri arasında daha çox populyarlıq qazanır

Müəllif:

01.12.2009

Limon, mandarin, portağal, kivi - hələ yaxın günlərə qədər bu şirəli meyvələr Azərbaycan üçün ekzotika sayılırdı və onların dadına yalnız bayramdan-bayrama baxmağa üstünlük verilirdi.  Birdəfəyə 2-3 kiloqram sitrus meyvəsi almağa heç də hər kəsin imkanı çatmazdı.  Bütün bunlar elə də uzaq zamanlarda baş verməyib, 15-20 il qabaq bizdə limon az tapılan şey idi və hətta onu "cavanlıq alması" da adlandırırdılar. Onda kimin ağlına gələ bilərdi ki, zaman gələcək və bu əfsanəvi meyvələr bizim ölkədə də yetişdiriləcək və azərbaycanlıların qida rasionu üçün ənənəvi olacaq?.. Bundan əlavə, onların emalı və xarici ölkələrə ixracı da təşkil ediləcək! Nağıl gerçəkliyə dönüb - sitrus bitkilər  subtropik Lənkəranda elə yerləşiblər ki, artıq onlar həqiqətən də sanki "yerli" meyvələrə çevriliblər.

 

Şaxta risqi 

Statistikaya görə, dünya üzrə sitrus bitkilər 1,5 mln hektar torpaq sahəsi tutur. Özü də bu bitkilərin istehsal həcmi genişləndikcə, onların sənaye üsulu ilə emal həcmləri də artır. Azərbaycanda sitrus bağları, əsasən, Astara və Lənkəran, qismən də Masallı rayonunda yerləşir. Özü də onların inkişafı üçün daha əlverişli iqlim şəraiti olan dağətəyi kəndlər üstünlük təşkil edir. Sitrus bitkilərinin bizim ölkənin aqrar bölməsi üçün yenilik olmasını iddia etmək olmaz, onların istehsalının təşkili ilə bağlı uğurlu cəhdlər bundan əvvəl də olub. Ancaq statistika göstərir ki, müstəqillik ərəfəsində yığılan məhsulun həcmi, hətta respublikanın ən kiçik ehtiyaclarını təmin etməyə belə yetmirdi. 

Belə ki, 1990-cı ildə sitrus bitkilərinin sahəsi 734 hektar olub, məhsul verən plantasiyalar isə ölkə üzrə cəmi 634 hektar imiş. 1990-cı ildə ölkədə sitrus bitkilərinin istehsalı cəmi 1399 ton təşkil edib. Amma onların keyfiyyəti o qədər yüksək olub ki, dərhal Moskvaya göndərilirmiş, becərilən məhsul SSRİ-nin o zamankı partiya liderlərinin ehtiyaclarını güclə ödəyirmiş. Bizim respublikaya isə ən yaxşı halda Gürcüstandan, ya da Kuba və Afrikadan meyvələr gətirilirmiş, özü də çox az miqdarda.

Vəziyyət yalnız SSRİ-nin dağılmasından sonra düzəldi. Özü də dərhal yox. Müstəqilliyin ilk illərində Ermənistanla müharibə, siyasi və iqtisadi xaos şəraitində Lənkəranın yerli şitilliyində sitrus ağaclarının hamısını qırmışdılar. Məhz bu səbəb üzündən regionda hazırda ağaclara calaq vurmağa qadir təsərrüfat yoxdur. Bu amil  torpaq islahatı həyata keçirildikdən, sitrus plantasiyalarının kəndlilər arasında bölünməsindən və sahəyə fermerlərin marağının artmasından sonra özünü daha qabarıq göstərməyə başladı. Yaranmış çatışmazlığı Gürcüstandan sitrus fidanları gətirmək hesabına həll etmək mümkün olur. 

Amma burada da problemlər var - daha isti olan Batumidə yetişdirilmiş bitkilər yalnız mənfi 6-8 dərəcə şaxtaya dözə bilər. Amma Azərbaycan subtropiklərində şaxtalar, məsələn, keçən il 18 dərəcə həddinə qədər qalxmışdı! Təbii ki, bu cür şaxta sitrus plantasiyalarında ağacların çoxunu kökündən məhv eləmişdi. Astara rayonunun Burzuband kəndində, həmçinin, Təngərud  və Supermani kəndlərində ağacların yalnız 10%-i salamat qalmışdı. Qurumuş ağacları çıxarıb yerinə yenilərini əkmək lazım gəldi. Yeni plantasiyaların ağacları yalnız 2-3 ildən sonra meyvə verəcək. Özü də yeni sahələrə Gürcüstandan gətirilmiş portağal və mandarin sortları əkilib, deməli, Astara və Lənkəran bağbanları müəyyən müddət sonra təkcə məhsulu deyil, həm də çətinliklə böyütdükləri ağacları itirmək risqindən sığortalanmayıblar. Ona görə də Lənkəran-Astara regionuna mənfi 23 dərəcəyə qədər dözən  şitillər təbii ki, daha  uyğun gəlir. 

Bununla yanaşı, Aqrar Elmi Mərkəzin əməkdaşlarının fikrincə, sitrus plantasiyalarının daha geniş inkişafına yerli hakimiyyətin pozuntuları və səhvləri də mane olur. Məsələ bundadır ki, yerli komissiyaların qərarına əsasən, hər bir kənd sakininin istifadəsinə 2 sotdan 12 sota qədər torpaq sahəsi ayrılıb. Belə olan şəraitdə əkin işlərini, bitkilərin qidalandırılmasını və suvarılmasını vaxtında görmək mümkün deyil. Ayrı salınmış torpaq yiyələrini sonradan bir qurumda birləşdirmək artıq çox çətin məsələdir. Bununla bağlı mütəxəssislər mətbuatda, radio və televiziyada çıxışlar da  ediblər. Onların fikrincə, əkin yiyələrini torpağa mülkiyyət hüququnu saxlamaqla birləşdirəcək və bu birlikdən çıxmaq hüququnu da qoruyacaq müəyyən bazar qurumuna cəlb etmək lazımdır. Həmçinin, quruma daxil olan torpaq payı sahibləri öz sahələrini icarəyə vermək hüququna da malik olmalıdırlar və s. 

 

Dayanıqlı inkişaf

Bütün bu müvafiq çətinliklərə baxmayaraq, hazırkı statistika 20 il qabaqkından xeyli seçilir. Müstəqillik illərindən Azərbaycanda ölkə üçün yeni olan subtropik bitki - kivi yetişdirilməyə başlanılıb. Hazırda kivi bağları Astara və Lənkəran rayonlarında yerləşir. Burada yetişdirilən məhsul 2008-ci ildə 191 ton olub və Azərbaycanın ehtiyaclarını tam ödəməklə yanaşı, MDB ölkələrinə də ixrac edilir. 

Hazırda cənub subtropiklərində yeni feyxoa məhsulunun yığımı başa çatdırılır. Onlar şaxtaya dözümlüdür və özəl bağların yiyələri bu subtropik bitkiləri uğurla becərirlər. Feyxoa bağları 900 hektar sahəni tutur. Onların becərilməsi ilə əsasən fərdi təsərrüfatlar məşğul olur. Lənkəran Regional Aqrar Elm Mərkəzinin direktoru Teyyub Rzayevin sözlərinə görə, feyxoa yüksək məhsuldarlıqlı bitkidir. Lənkəranda hər hektardan 9,8, Astarada 29 , Masallıda isə 1,2 sentner məhsul yığılır. Feyxoa meyvəsinin tərkibində 8-10% şəkər, 1,5%-dən 3%-ə qədər turşular, 0,45% isə aşılayıcı maddələr var. Onların tərkibində böyük miqdarda  yod da mövcuddur. Feyxoanın tərkibində 46%-ə qədər C vitamini var, o, təzyiqi azaldır, bağırsaq xəstəliklərinin mikroblarını öldürür. 

"Regionda "Astara", "Xəzər", "Lənkəran" və başqa feyxoa növləri becərilir. Bu növləri yerli aqrar alimlər yetişdiriblər. Azərbaycanın cənub regionunda bu gözəl meyvənin 12 növü becərilir",- deyə T.Rzayev bildirir. 

Təkcə Azərbaycanda deyil, qonşu MDB ölkələrində də sitrus bitkilərinə tələbatın səviyyəsinin yüksək olması bu sahənin inkişafına təkan verir. Astarada rayon rəhbərliyinin təşəbbüsü ilə komissiya yaradılıb və qurum bu bitkilərin inkişafı üçün əlverişli olan torpaqların müəyyən edilməsi ilə məşğuldur. Rayonun dağətəyi ərazilərində belə torpaqlar var və burada artıq yeni sitrus bağlarının salınmasına başlanılıb. Çay plantasiyalarının yerində sahəsi 400 hektara qədər çatan yeni portağal və mandarin bağları salınır. Özü də məhsuldarlıq burada çox yüksəkdir. Ərazi vahidindən 250 sentnerə qədər məhsul götürmək olur. Bununla yanaşı, rayonda sitrus bitkilərinin inkişafı üçün reproduktiv təsərrüfat fəaliyyət göstərir, orada yerli limon, portağal, mandarin və feyxoa fidanları yetişdirilir.

Lənkəran Regional Aqrar Elm Mərkəzindən bildirilib ki, bütövlükdə 2009-ci ildə Astara və Lənkəranda sitrus bitkilərinin yığımının 2008-ci il səviyyəsində olacağı gözlənilir. Başqa sözlə, sitrus bitkiləri Azərbaycanda getdikcə daha çox populyarlaşır, bu isə o deməkdir ki, sahədə dayanıqlı inkişaf gedir. 


MƏSLƏHƏT GÖR:

720