
YOLAYRICINDA
Şərqə gedərsən, NABUCCO-ya rast gələrsən, şimala gedərsən, "Cənub Axını"na yetişərsən
Müəllif: Nurlanə QULİYEVA Bakı
Hələ ki siyasətçilər və politoloqlar hər yerdə dünyada yaranmış qaz qalmaqalından danışır, bu və ya başqa ölkənin qazanacağı dividendləri müzakirə edirlər. İqtisadçıları isə daha çox məsələnin maliyyə tərəfi maraqlandırır. Onların fikrincə, qaz hər şeydən öncə iqtisadiyyatı həm istehsalçı, həm də yanacaq istehlakçısı kimi dəstəkləmək imkanında olan məhsuldur. Öz qazını müştərilər arasında ciddi rasionalizmlə bölməyə çalışan və yalnız dost qonşuların xoş münasibətini deyil, həm də iqtisadi fayda qazanmaq istəyən Azərbaycan da bu fikirdədir. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, "bizdən ötrü bütün bazarlar o halda maraqlı və cəlbedicidir ki, qiymətlər beynəlxalq səviyyəyə uyğun olsun, həmçinin, qalan şərtlər, o cümlədən tranzit şərtləri beynəlxalq praktikaya əsaslansın. Biz öz resurslarımızı ixrac edərkən, təbii ki, istəyirik, onlar üçün normal haqq ödəsinlər".
Türk qambiti
Qazın Azərbaycandan daşınması məsələsinin həll edilməməsi "Şahdəniz" layihəsinin 2-ci mərhələsinin işlənməsinin başlanğıcını gecikdirir. Bu isə bir tərəfdən, ölkə iqtisadiyyatına, xüsusilə böhran və böhrandan sonrakı illərdə çox vacib olan $20 mlrd sərmayəni gecikdirir. O biri tərəfdən isə həm layihənin səhmdarlarının, həm də sıralarında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə kimi ölkələr olan müştərilərin narazılığına səbəb olur. Özü də bunlar heç bir ilkin güzəşt tələb etmədən Azərbaycan qazını dünya qiymətləri ilə almağa hazır olan ölkələrdir. Başqa sözlə, Azərbaycanın qazını satmağa konkret bazarları, üstəgəl, qonşu ölkələrlə artıq qol çəkilmiş sazişləri var, amma konkret daşınma marşrutları isə yoxdur. Məhz marşrutların müəyyən edilməsindən sonra müxtəlif formalar əsasında tariflər, qiymətlər və qaz həcmləri razılaşdırılmalıdır.
Öncə bildirildiyi kimi, durumu çətinləşdirən başqa bir fakt isə "Şahdəniz" yatağı üzrə sazişin 2006-cı ildə bağlanması və 2026-cı ildə sazişin müddətinin başa çatmasıdır. Yəni həmin müddətdən sonra bu yataq üzrə konsorsium üzvlərinin bütün hüquqları da sona çatır. Əgər bu gün layihənin ikinci fazasının işlənməsinə başlanarsa, onda bu laylardan ilkin qaz 2015-ci ildə əldə ediləcək, yəni sazişin başa çatmasına cəmi 11 il qalacaq. Bu zaman nəzərə almaq lazımdır ki, ilkin qiymətləndirmələrə görə, "Şahdəniz"in ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir və onların belə qısa zaman ərzində çıxarılması gerçək deyil. Buna görə də konsorsium üzvlərinin bu məsələ ilə bağlı münasibətlərindəki əsəbilik başa düşüləndir, həm də potensial müştərilərin müəyyən müddətdən sonra qaz ala biləcəklərinə zəmanət almaq niyyətləri də anlaşılandır.
Bəllidir ki, bu məsələdəki qeyri-müəyyənlik artıq iki ildir, Türkiyə ilə Azərbaycan arasında tranzit və qiymət məsələlərinin həll edilməsinin uzadılması ilə bağlıdır. Daha öncə prezident İlham Əliyev bildirib ki, "Azərbaycan artıq çox illərdir, Türkiyəyə qazı dünya bazarındakı qiymətlərin 30%-nə bərabər dəyərə satır. Biz istəyirik, qazı dünya qiymətlərinə olmasa da, heç olmasa, ona yaxın qiymətə alsınlar. Rusiya qazının qiymətinə bərabər olmasa da, qoy ondan 8% və ya 10% aşağı qiymətə alınsın, daha 50% aşağı olmasın". Yetərincə məntiqlidir, özü də artıq Azərbaycanın əlində tarif dərəcələri regiondakı qiymətləri 70% üstələyən təkliflər var. Qeyd edək ki, hazırda Türkiyə Azərbaycan qazının min kubmetri üçün $120 ödəyir, halbuki Rusiyadan və İrandan gələn qazın min kubmetri $250-300-dir.
Hazırda ARDNŞ-lə Türkiyənin "Botaş" şirkəti arasında danışıqlar davam etdirilir və təəssüf ki, bu məsələdə inkişafla bağlı verilmiş bir sıra nikbin açıqlamalardan başqa elə də ciddi uğur yoxdur. Bununla yanaşı, "Türkiyənin energetika naziri Taner Yıldızın Azərbaycanı qazı daha aşağı qiymətlərlə satmağa çağırması barədə" (Bloomberg) peyda olan məlumatlar göstərir ki, Türkiyənin öz mövqeyini dəyişmək fikri yoxdur. Azərbaycan bu dəfə də güzəştə gedəcəkmi? ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, "Azərbaycan qiymət məsələsində Türkiyəyə güzəştə getməyə hazırdır. Amma bu qiymət bizdən ötrü də əlverişli olmalıdır, o, bu gün Türkiyənin daxil bazarında mövcud olan qiymətdən aşağı olmamalıdır". ARDNŞ prezidenti etiraf edib ki, tərəflər arasında danışıqlar o qədər də hamar getmir, amma bununla yanaşı, ARDNŞ onları bu ilin sonuna kimi bitirmək istəyir. Yalnız onda qazın "Mərhələ-2" çərçivəsində çıxaırlmasından danışmaq olar.
Pazı pazla...
Beləliklə, Türkiyə ilə uzun sürən bu qeyri-müəyyənlik Azərbaycanı qazının göndərilməsi üçün başqa yollar axtarmağa yönəldib və bu gün artıq bəllidir ki, bir neçə real marşrut var. Birincisi, elə həmin Rusiya və İrandır. Yeri gəlmişkən, Rusiya Azərbaycana "Cənub axını" layihəsində iştirak etməyi və bütövlükdə qaz məsələsində daha sıx əməkdaşlıq təklif edib. İkincisi, bizdən ötrü tamamilə yeni ixracat növüdür və qazın sıxılaraq Qara dəniz limanları vasitəsilə ixracını nəzərdə tutur. Bu marşrut barədə Bolqarıstanla müəyyən konkret anlaşmalar əldə olunsa da, ikinci forma bir qədər qeyri-real görünə bilər. Amma beynəlxalq ekspertlərin fikrincə, gələcəkdə "mavi qaz" satıcıları və alıcıları arasında məhz bu alqı-satqı növü daha geniş yayılmış olacaq. Belə ki, "Cedigaz" qaz sənayesi assosiasiyasının böyük iqtisadçısı Armel Lekarpantyenin sözlərinə görə, 2009-cu ildə bir sıra ölkələr sıxılmış təbii qaz istehsalına yatırımları artırıblar. Burada əsas rolu qazın daşınma xərclərinin boru kəmərinə nisbətən daha ucuz başa gəlməsi ilə bağlayırlar. Bu, iri qaz layihələri üçün böyük qeyri-müəyyənlik yaradır.
Hazırda ARDNŞ bu məsələ ilə bağlı dəqiqləşdirmələri davam etdirir, Bolqarıstan və Rumıniya ilə danışıqlar aparır. "Sıxılmış qaz üçün terminal harada - Kulevidəmi və ya Supsadamı tikiləcək, bu suala cavab texniki-iqtisadi əsaslandırma (TİƏ) və ya TİƏ-yə uyğun olan araşdırma nəticəsində tapılacaq", - deyə ARDNŞ vitse-prezidenti Elşad Nəsirov bildirib.
İstənilən halda, əgər Türkiyə ilə anlaşma əldə olunmazsa, bu marşrut Azərbaycan qazının Avropaya daşınması üçün əsas yollardan biri olacaq və bu, bizim ölkə üçün çox önəmlidir. Düzdür, Azərbaycanın başqa qaz ixracı variantlarına, o cümlədən Çinə qaz göndərilməsi layihəsinə baxması ilə bağlı bəyanatlar peyda olduqdan sonra bir sıra ekspertlər mətbuatda çıxış edərək, Asiya ilə əməkdaşlıq naminə Avropa Birliyinə (AB) qaz göndərilməsi layihəsindən imtinaya dair nəticələr çıxarmağa başladılar. "Bu məntiqsizlikdir, düzgün deyil və kökündən yanlışdır", - məsələ ilə bağlı Elşad Nəsirov belə deyib.
"Bizi yeni potensial bazarla birləşdirəcək istənilən boru yeni imkandır və prinsipcə, Türkmənistan - Çin boru kəmərinin çəkilməsi də bizi şad edir. Çünki biz qaz nəqli üçün daha bir alternativ marşrut əldə edirik. Ancaq 2020-2025-ci illərdə Çinin qaz bazarının necə olacağı barədə indidən fikir söyləmək çətindir",- deyə o vurğulayıb və əlavə edib ki, həmin vaxta kimi işlər uğurla gedərsə, Çinə qaz satmaq AB-yə satmaqdan daha əlverişli ola bilər.
Amma bununla yanaşı, AB Azərbaycan üçün prioritet olaraq qalır. Çünki AB ölkələri qazın qiymətinin hansısa paytaxtlarda deyil, bazarda müəyyən edildiyi bir bazardır. Buna görə də "Nabucco" qaz kəməri layihəsi heç də hesabdan silinməyib. Çünki hazırda o, Avropa üçün ən önəmli layihədir. Sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, əgər layihə baş tutarsa, onda Azərbaycan qazı Yunansıtandan Bolqarıstına və başqa marşrutla Almaniyaya ötürüləcək. "Bunun üçün Yunanıstandan Bolqarıstana 90 kilometrlik qaz kəməri tikmək olar. Bütün bunlar təhlil edilərək qiymətləndirilməlidir. Əsas məqsədlərdən biri daşıma xərclərini çıxdıqdan sonra qalan təmiz gəlirdir. Çünki əsas resurs qaynağı kimi Azərbaycan qazı göstərilir", - deyə nazir vurğulayır.
Deyilənlərə yekun vuraraq "tranzit məsələləri"nin təcililiyinə bir daha qayıtmaq olar. Beynəlxalq analitiklərin fikrincə, böhrandan sonrakı illərdə Avropanın "mavi yanacaq"a tələbatı kəskin azala bilər. Bu isə özünü istehsal proqnozlarında açıqca göstərir; belə ki, 2009-cu ilin sonlarına dünya üzrə hasilatın 4,8% azalacağı gözlənilir və bu da son 40 il üzrə ən yüksək azalma göstəricisidir. "Cedigaz" qaz sənayesi assosiasiyası ekspertlərinin fikrincə, 2010-cu ildən dünya üzrə qaz hasilatı artmağa başlayacaq. Ancaq artım templəri böhrandanöncəki dönəmdən aşağı olacaq və vur-tut 1,8-2,4% olacaq. Belə durum bütövlükdə yanacağa olan tələbatın azalması ilə bağlıdır - indi bu, 5,0-6,5% aralığında müşahidə edilir. Özü də "mavi yanacaq" istehlakının səviyyəsinin bərpasına istehsala baxanda daha çox zaman lazım gəlir. "Cedigaz" ekspertlərinin fikrincə, bu göstərici 2008-ci il səviyyəsini yalnız 2014-cü ildə keçə bilər.
Başqa sözlə, bu gün Azərbaycan qazına real olaraq pul verməyə hazır müştərilər çoxdur, amma daşınma məsələsindəki qeyri-müəyyənlik gələcəkdə iqtisadi itkilərə səbəb ola bilər. Buna görə də rəsmi Bakı təbii qazdan mümkün bütün dividendləri əldə etmək üçün çalışır ki, daha çevik şəkildə enerji resurlarının dünya bazarlarına daşınma yollarını diversifikasiya etsin. Azərbaycan daha qərarlı görünür, yetərincə cürətli fikirlər irəli sürür və Bolqarıstandan keçməklə sıxılmış qaz ixracı layihəsini də bu sıraya qatmaq olar. Çünki ölkədə bunun üçün imkanlar yetərincədir.
MƏSLƏHƏT GÖR: