13 Mart 2025

Cümə axşamı, 02:31

BUZ DÖVRÜ, NUH TUFANI, YOXSA BÖYÜK QURAQLIQ?

Danimarkalı ekspert Yan Dalman: "Çox təəssüf ki, ətraf mühitin cirkləndirilməsi probleminin həlli ilə bağlı ölkələr arasında kəskin ziddiyyətlər mövcuddur"

Müəllif:

01.12.2009

Mütəxəssislər həyəcan təbili çalır: 10-15 ildən son-ra yer üzü-ndə içməli su ehtiyatları neft və qaz ehtiyatlarından da qiymətli olacaq. BMT-nin iqlim dəyişiklikləri və su mövzusunda hazırladığı hesabata görə, 2025-ci ilə qədər dünyada 2 milyard insan susuz qalacaq. Bu proses artıq sosial və iqtisadi fəlakətlərə gətirib-çıxarmaq mərhələsindədir. Hətta Böyük Britaniyanın Maliyyə Nazirliyinin iqtisadçısı Nikolas Sterninnin 700 səhifəlik  hesabatında iqlim dəyişikliyi Buz Dövrü ilə müqayisə edilib.  Proseslərin   Qlobal İqtisadi Depressiya ilə nəticələnə biləcəyi göstərilib. Rusiya təbii ehtiyatlar naziri Yuri Trutnevin hesabatında isə Dünya okeanının səviyyəsinin artması və qlobal iqlim dəyişikliyi  nəticəsində Hollandiya, Şimali Amerika və Cənub-Şərqi Asiyanın bir hissəsinin, Rusiyanın bəzi regionlarının, o cümlədən Sankt-Peterburq şəhərinin su altında qala bilməsi kimi təhlükəli proqnoz verilib. 

Uzun illərdir bu problemlə məşğul olan danimarkalı ekspert Yan Dalman hesab edir ki, bədbin proqnozlar özünü doğrultmasa, insanlığın bəxti gətirəcək. Lakin onun fikrincə, həqiqətin gözünə dik baxmaq lazımdır. "Həqiqət isə ondan ibarətdir ki, Yer kürəsinin gələcəyi doğrudan da təhlükə altındadır", - deyən Yan Dalman mövzu ilə bağlı digər suallarımızı da cavablandırdı. 

- Son vaxtlar iqlim dəyişikliyi mövzusu niyə beynəlxalq qurumlar, dünya dövlətləri tərəfindən bu qədər çox müzakirə edilir? Doğrudanmı vəziyyət həddindən artıq təhlükəlidir? 

- BMT çərçivəsində iqlim dəyişiklikləri üzrə fəaliyyət göstərən qurumun fikri belədir ki, bu əsr ərzində iqlim dəyişikliyi çox ciddi nəticələrə gətirib çıxara bilər. Dəniz səviyyəsinin qalxması, buzlaqların əriməsi, buxarlanma zamanı baş verən dəyişikliklər, quraqlıqlar, istilik dalğaları və s. proseslər ciddi fəsadlar yarada bilər. Hətta ötən illər ərzində biz Kanadada, Avstraliyada  və bir çox yerlərdə meşə yanğınları ilə qarşılaşmışıq ki, bunlar da öz mənfi nəticələrini göstərməkdədir. Elə  bir çox iri çayların başlanğıcını götürdüyü Himalay dağlarındakı buzlaqların əriməsi da bədbin proqnozlardan xəbər verməkdədir. Xırdalığına qədər bütün bu sadaladığım məsələlər ciddi diqqət cəlb edir. Təsəvvür edin ki, okeanların səviyyəsi 1 metr qalxsa nə baş verər? Dünyanın bəzi quru sahələri, konkret desək,  Maldiv adaları kimi ərazilər yer üzündən silinə bilər. 

- Bəs təhlükə yaradan iqlim dəyişikliklərinin qarşısını almaq üçün hansı səylər göstərilməlidir?

- İqlim dəyişikliyi ilə bağlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında bu  məsələ haqqında geniş məlumat verilib və sənədə əsasən müzakirələr aparılır. Ümumi şəkildə desək, karbon qazı kimi tullantıların həcmini azaltmalı, külək turbinləri, günəş, su kimi alternativ enerji mənbələrinə keçməliyik. Ümumiyyətlə, potensial imkanlar genişdir.  Hətta  ehtiyac olsa, yerdəki termal enerjidən də istifadə oluna bilər. Bütün bu məsələlər də texnoloji imkanlardan deyil, siyasi iradədən asılıdır. 

- Doğrudanmı Yer kürəsində baş verən iqlim dəyişiklikləri yalnız təhlükəyə aparır, yoxsa bu dəyişikliyin  bir balaca da olsa müsbət tərəfləri var? 

- Bəzi yerlərdə bəlkə də "müsbət" nəticələrə gətirib çıxara bilər. Məsələn,  mənim vətənim Danimarka iqlim dəyişikliyi nəticəsində "şanslı" ölkə ola bilər. Temperaturun 2-3 dərəcə artması Danimarkanın kənd təsərrüfatının, əkinçiliyinin bir az inkişafına səbəb ola bilərdi.  Hətta digər ölkələrdə də  ərzaq istehsalı artar. Amma ümumilikdə iqlim dəyişikliyi yaxşı heç nə demir.

- Bir çox ölkələrdə ekoloji duruma təhlükə törədən ənənəvi enerji mənbələrinin istifadəsi azaldılaraq alternativ enerji mənbələrinə keçidə start verilib. Azərbaycanda da bu istiqamətdə işlər aparılır (2009-cu il noyabrın 16-da prezident İlham Əliyev ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb). Neft ölkələrinin, Azərbaycan da daxil olmaqla,  bu prosesdə iştirakı nə dərəcədə vacibdir? 

- Neft çox qiymətli bir resursdur. Onu avtomobillərdə yandırmaqdan başqa digər sahələrdə də istifadə etmək mümkündür. Digər tərəfdən isə neft resursları Azərbaycanda  da məhduddur. İqtisadiyyatın məhdud xarakter daşıyan resursdan asılı olması o qədər də məqsədəuyğun strategiya sayılmazdı. 

- Alimlər, iqlim dəyişikliyi ilə bağlı lazımi ölçülər götürülməsə, təbii fəlakətlər, quraqlıq və humanitar böhranların artacağı təbilini çalırlar. Belə olan halda niyə  problemin qarşısının alınması üçün  dünya dövlətləri daha dinamik, birgə səy göstərmir? Onların birgə fəaliyyətinə mane olan səbəblər bu məsələdən daha önəmlidirmi? 

- Dekabrın 7-dən 18-nə kimi Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı keçiriləcək beynəlxalq  konfransda, yəqin ki,  biz  bu suallara cavab tapa biləcəyik.  Amma çox təəssüf ki, problemin həlli ilə bağlı ölkələr arasında kəskin ziddiyyətlər mövcuddur. Bir misal çəkim. Atmosferdə isti qazların toplanması daha çox Qərbdəki ölkələrdən qaynaqlanıb və ictimai rəyə görə, vəziyyətin səbəbi də məhz həmin ölkələrdir. Amma Avropa və ABŞ-la yanaşı Yaponiya, Rusiya və Şərqi Avropa ölkələrinin də bu prosesdə rolu az deyil. Çin və Hindistanın arqumenti belədir ki, problemə kim səbəb olubsa, o da həll etməlidir.  Amma  bu da faktdır ki, hazırda Çin dünyada karbon bioksidininn buraxılması missiyası üzrə birinci yerdə durur. Bu məsələdə əhəmiyyətli iştirakçılardan olan ABŞ-ın da mövqeyi belədir ki, əgər ABŞ-dan bu missiyaları azaltmaq tələb olunursa, o zaman Çindən də tələb olunmalıdır. Görürsünüz,  ittihamlar problemin həllindən daha çoxdur. 

BMT-də bəzi qərarlar konsensus yolu ilə qəbul edilir. Ona görə də bu qərarların tezliklə qəbul olunmasını gözləmək inandırıcı deyil. Başqa bir misalı Rusiyanın timsalında deyim. Problemin həllinə çalışdığını deyən Rusiya Sibirdə çox iri meşələri olduğunu  və meşələr karbonun udulması funksiyasını yerinə yetirdiyini, nəticədə isə atmosferə müsbət təsir göstərildiyi faktını önə çəkir. Bu amili də ölkə olaraq  danışıqlarda qabartmaq istəyir. Meşələr məsələsinə gəldikdə, 7-8 il bundan əvvəlki müzakirələrdə 134 müxtəlif növ meşədən danışılırdı ki, indi bu istiqamətdə azalma müşahidə edilməkdədir. Amma indiki müzakirələrdə Avstraliya kimi dövlətlər də deyir ki, onların ərazilərindəki Amazon meşələri də nəzərə alınmalıdır.  İqlim dəyişikliyinə təsir edən amillərdən biri də məşğulluqla bağlıdır. Dövlət başçıları, maliyyə nazirləri işsizliyə rəvac verəcək məqamlardan qaçırlar. Əlbəttə ki, zavodların sayı azalsa, bu, insanların işsiz qalması deməkdir. Amma bu zavodların iqlimə verdiyi mənfi təsir həddindən artıq çoxdur. 

- Hazırda ermənilər Azərbaycanın işğal altında olan torpaqlarında ekologiyaya kəskin ziyan vurur. Azərbaycanın təşəbbüsü ilə ATƏT həmin yerlərdə monitorinq də aparıb. Amma ermənilər buna yenə də məhəl qoymur. Bu problemin özü təkcə bu regionda yaşayanları narahat etməlidir?  

- Ümumiyyətlə, meşələrin yandırılması, qırılması yolverilməzdir. Mən Dağlıq Qarabağda  yandırılan meşələrin həcmi ilə bağlı dəqiq məlumata malik deyiləm.  Meşələr yandırılarkən atmosferə karbon qazı buraxılır ki, bu da ən azı meşələrin yandırılmasına qarşı çıxılan bir səbəbdir. Azərbaycan bu məsələni Kopenhagendə qaldıra bilər, amma ola bilsin, bunu regional və xırda məsələ kimi qiymətləndirsinlər. 


MƏSLƏHƏT GÖR:

598