14 Mart 2025

Cümə, 21:45

"ÇİMERİKA", YOXSA "İKİ NƏHƏNG"?

ABŞ Asiyaya təsir imkanlarını artırmağa çalışır, Rusiyanın "Sakit okeanda irəliləyişi" isə hələ ki ləngiyir…

Müəllif:

01.12.2009

Dünya KİV Barak Obamanın Asiya turnesinin nəticələrini müzakirə etməkdədir. ABŞ prezidenti hələ uşaq vaxtlarında bir neçə il İndoneziyada yaşayıb, odur ki, "Cənubi Asiya küçəsi"ndə o, tərəddüdsüz olaraq, "doğma" sayılır. Obama orta məktəbi Havayda -  Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammitinin keçiriləcəyi yerdə bitirib. 

Pekində isə ABŞ prezidenti  ögey qardaşı ilə görüşüb.

 

Genişmiqyaslı təftiş

Hətta Şimali Koreya probleminə baxmayaraq, Obamanın Asiya turnesini lap əvvəldən "iqtisadi" kimi dəyərləndirirdilər. Aydındır ki, bu baxımdan ASİƏT sammiti dünyanın ən  perspetivli bir regionunda genişmiqyaslı siyasi təftişə  sanki bir  bəhanə idi. Səfərin marşrutu da öz nümunəviliyi ilə kifayət qədər seçilirdi : Tokio, Pekin və Seulda danışıqlar, nəhayət, ASİƏT-in Sinqapurda keçirilən sammitində iştirak.

Asiya regionunun dünya iqtisadiyyatı üçün vacib bölgə olduğuna şübhə yoxdur. Hələ Amerika prezidentinin səfəri ərəfəsində "Christian Science Monitor" nəşri özünün redaksiya məqaləsində belə bir sual irəli sürmüşdü: "Bu səfər nəticəsində Obama Asiya ilə münasibətləri "yeniləşdirəcəkmi?".

ABŞ-ın daxili problemlərinin kifayət qədər çox olmasına baxmayaraq, Barak Obama Asiya turnesinə düz 9 gün sərf elədi. Bunun özü də sözügedən regionun vacibliyinin daha bir göstəricisi idi. "Obama Asiya dövlətlərini əməkdaşlığa çağırmalı, eyni zamanda, ABŞ-ın regiondakı fəal rolunun qorunub-saxlanılmalı olduğunu qeyd etməlidir. Amma Çinin hərbi donanmanı gücləndirdiyi, dolların zəiflədiyi, tənəzzülün isə Amerika istehlakçılarının iştahını öldürdüyü dövrdə Çin, Yaponiya və Hindistan nüfuz vakuumu hiss edir və onun yerini doldurmağa çalışır", -  adı çəkilən qəzet belə yazıb. 

Belə şəraitdə Obama Asiyanı ABŞ-ın təhlükəsizliyin qarantı kimi qaldığına inandırmalıdır: "Çin, Yaponiya və Hindistan öz aralarında nüfuz uğrunda nə qədər sərt rəqabət aparsalar, regionda ABŞ-a o qədər ehtiyac olacaq ".

Ağ ev sahibinin bu turnesinin nə qədər uğurlu alındığını zaman göstərəcək. Çünki niyyət bəyannamələri və jestlərdən fərqli olaraq, siyasətçilərin iqtisadi məsələlərdə əldə etdikləri razılaşmalar çox vaxt  dərhal hiss edilmir.

Obamanın turnesi ərəfəsində KİV-də yeni sayıla biləcək G 2 termini də özünə yer eləməyə başladı ki, bu da Böyük ikilik" və ya "İki nəhəng" mənasını verir. "Nəhənglər" dedikdə söhbət, əlbəttə ki, digərilərini xeyli geridə qoyaraq, dünyanın  liderlərinə çevrilmiş ABŞ-la Çindən gedir. Qeyd edək ki, artıq Pekin iqtisadi səviyyəsinə görə Tokionu da geridə qoya bilib və dünyada ikinci yerə yüksəlib. "Forbes" jurnalı isə noyabrda dünyanın ən nüfuzlu adamlarının reytinqində ilk yeri Barak Obamaya, ikinciliyi isə Çin lideri Xu Tszintaoya verib. 

Beləliklə, turnenin əsas intriqası məhz Çin idi.

 

Prezidentin təzimi

Barak Obamanın Yaponiyaya baş çəkməsindən bir qədər əvvəl Tokio Əfqanıstana 5 milyard dollar həcmində yardım edəcəyini açıqlamışdı. Bunun fonunda jurnalistlərin İkinci Dünya müharibəsi zamanı ABŞ-ın nüvə bombası atdığı Hirosima və Naqasakiyə Obamanın baş çəkməkdən imtinası, həmçinin, Amerikanın hərbi mövcudluğuna qarşı Okinavada keçirilən ənənəvi nümayişlərində nəsə gizli məna tapmaq cəhdləri də uğur qazanmadı.

Obamanın Yaponiya imperatoru ilə görüşü isə ABŞ KİV tərəfindən sərt tənqid olundu. Buna səbəb prezidentin imperator qarşısında baş əyməsi idi. Jurnalistlər yazır ki, "Obamayadək heç bir prezident ənənə, adət və protokol qaydalarından bu qədər sui-istifadə etməyib, təmsil etdiyi dövləti bu qədər alçaltmayıb". 

KİV-in Obamaya belə "hücum"a keçməsinə səbəb, Qərb mətbuatının fikrincə, onun imperator Akihito ilə görüşdə həddindən artıq çox əyilməsidir. Mətbuat xatırladır ki, indiyədək ABŞ prezidentləri imperatorla "sadəcə, əl sıxmaqla və dostcasına baş əyməklə salamlaşıblar, bəzən isə ümumiyyətlə, baş əyməyiblər".

Bəlkə də imperatorla görüşdə sırf yaponsayağı ənənələrə əməl edən Obama, bununla da ev sahibinə hörmətini və özünü ondan üstün tutmadığını nümayiş etdirmək istəyib.

Obamanın Cənubi Koreyaya səfəri haqda şərhlərdə müəyyən ehtiyatlılıq hiss edilir - səfər nəticəsində Şimali Koreyanın nüvə proqramına dair problemin həlli istiqamətində hər hansı ciddi irəliləyiş müşahidə olunmayıb. Vaşinqton əvvəlkitək diplomatik vasitələrə üstünlük verir və eyni zamanda, bu işdə müttəfiqi olan Cənubi Koreyanı tək qoymayacağını nümayiş etdirir.

Sinqapurda keçirilmiş sammitə gəlincə, Obamanın buraya gecikməsi müşahidəçilərin diqqətindən yayınmayıb. Buna baxmayaraq, toplantının sonunda ASİƏT üzvü olan 21 region dövlətinin liderləri bəyannamə imzalayıblar. Sənəddə əsas razılaşmalar bunlardır: iqtisadi canlanma tam möhkəmlənənədək iqtisadiyyatın stimullaşdırılması, yeni inkişaf paradiqmasının hazırlanması, himayəçiliyə imkan verilməməsi, investisiyalar üçün yeni maneələrin qoyulmasından imtina və bazarların açıq olmasına dəstək.  Məlumdur ki, region dövlətləri xarici ticarətdən son dərəcə asılıdırlar və bu, ilk növbədə, cırtdan Sinqapur və nəhəng Çinə aiddir. Məhz bu səbəbdən burada "maneəsiz" xarici iqtisadi münasibətlər son dərəcə vacibdir.

 

Çin İnterneti

Bütün bunlarla yanaşı, Obamanın turnesində əsas bənd Çin olub. Burada ABŞ prezidentinin müzakirə etməli olduğu çox mövzu var idi. Bir çox ekspertlərin bildirdiyi kimi, Pekin artıq Amerika iqtisadiyyatının "istehsal bloku"na çevrilir. Bir çox Amerika "brend"ləri istehsallarının bir hissəsini, işçi qüvvəsinin, demək olar ki, havayı çalışdığı Çində yaratmağa üstünlük verir. Əlbəttə ki, burada yüksək texnologiyalar Yaponiya və ya heç Cənubi Koreya səviyyəsində də deyil, amma tikiş və ya "yivaçanla yığma" kimi əməliyyatlar Çindən ötrü heç nədir.  

Nəticədə, ABŞ-ın Çinlə ticarətində defisit 22 milyard dolları ötüb və bu, ilk növbədə, yuanın "qeyri-ədalətli" kursu ilə əlaqədardır. Bununla yanaşı, Rusiya analitikləri xatırladırlar ki, ABŞ-ın 2008-2009-cu maliyyə ilinin sonuna federal büdcədəki defisiti 1,417 trilyon dollara çatıb ki, bu da ötənilki rəqəmdən 3 dəfə artıqdır. Bu, ölkənin ümumdaxili məhsulunun 10%-i deməkdir.

Hər halda, Obama Xu Tszintaoya Çinlə ABŞ-ın iştirakı ilə G2-nin yaradılmasına dair birbaşa təklif irəli sürüb. Bununla əlaqədar olaraq, artıq Mərkəzi Asiyada China və Amerika-nın ilk hərflərinin birləşməsi olan "Çimerika" ifadəsi gen-bol işlədilməyə başlanılıb. 

Çin isə "proteksionizm"dən imtinaya israr edir, çünki bu, Pekinə Amerika bazarındakı iştirakını daha da artırmağa imkan verəcək. 

"Böyük ikilik" yaradılması ilə bağlı təşəbbüsə gəlincə, bu, Pekində ciddi həvəs oyatmayıb: Xu Tszintao bəyan edib ki, onun ölkəsinin kifayət qədər problemləri var.

Müşahidəçilər əmindirlər ki, tərəflər arasında aparılan danışıqların daha intriqa yaradan tərəfləri ictimaiyyətə açıqlanmayıb. Obama da hər iki tərəfin kompromis axtarmalı olduğunu bildirib. Obamanın çinli həmkarı ilə Pekində apardığı danışıqları şərh edən Euronews "Çinin iqtisadi möcüzəsi" haqda kifayət qədər ətraflı məlumat verib. "Avrotəhlilçilərin"in fikrincə, belə iqtisadi perspektivlərin fonunda demokratiya və insan haqları məsələləri ikinci plana keçməyə bilməz.

Gələn ilk məlumatlar da bu tezisi təsdiqləyib. Çinli dissidentlər Obamanın Pekin-Vaşinqton münasibətlərində ənənəvi olaraq, aparıcı yer tutan insan haqları ilə əlaqədar sərt mövqe ortaya qoymamasından narazı qalıblar. Bundan başqa, Amerika prezidenti bu ölkəyə səfəri zamanı bir nəfər də hüquq müdafiəçisi ilə görüşməyib; baxmayaraq ki onun Çin səfərinin gündəliyində belə görüşlər nəzərdə tutulmuşdu.

Müşahidəçilərin diqqətini cəlb edən daha bir məqam isə Obamanın Çinə səfəri ərəfəsində sürgündə olan Tibet lideri Dalay-Lama ilə görüşdən imtina etməsidir. 

Bununla yanaşı, Obama çıxışında "yaralı yerlər"ə toxunmaqdan da yan keçməyib: "Mən senzuranın tərəfdarı deyiləm. Müxtəlif ölkələrin müxtəlif ənənələrinin olduğunu anlayıram. Belə deyə bilərəm - azad İnternet və İnternetlə azad əlaqə güc mənbəyidir. Düşünürəm, bu məsələyə dəstək verilməlidir".

Qeyd edək ki, Çində İnternetdə senzura ilə bağlı sual ABŞ prezidentinə Şanxayda gənclərlə keçirdiyi görüş zamanı ünvanlanıb. Xatırladaq ki, Pekinin İnternetə senzura tətbiq etməsi dəfələrlə onun sərt tənqid olunması ilə nəticələnib. Qərb, ilk növbədə,  ABŞ bunu azad sözün boğulması və şəxsi həyata müdaxilə hesab edir. Obamanın Şanxayda səsləndirdiyi bu fikirlər isə yalnız bir telekanal - Shanghai TV vasitəsilə nümayiş olunub. Çıxışı yayımlayan saytlar isə az keçməmiş Obamanın açıqlamalarını səhifələrindən tamam yığışdırıblar.

Obamanın səfərini işıqlandıran Qərb KİV isə Ağ ev sahibinin Çində senzura məsələsinə diqqəti yönəltməyə həvəs göstərmədiyini yazır. AP isə xəbər verir ki, Çin mətbuatı ABŞ prezidentinin açıqlamasını "kifayət qədər cəsarətli bəyanat" kimi qiymətləndirib.

"The People's Daily" qəzeti yazır ki, Obama səfəri çərçivəsində, sadəcə, İnternetin informasiya yayımındakı rolunu qeyd edib və senzura məsələsinin üzərindən keçib. Obamanın çıxışının tam mətni dövlət informasiya agentliyi olan Xinhua agentliyinin saytında Çin dilində yerləşdirilsə də, burada naviqasiya elə qurulub ki, senzura haqda fikirlərə gedib çıxmaq çox çətindir. ABŞ prezidentinin administrasiyasına məxsus saytda isə Şanxaydakı konfransının tam audio və videoyazısı yerləşdirilib. Amma çinli istifadəçilərin bu sayta girişi bağlıdır.

 

 "Varyaq"ın dərsləri 

Bəzi ekspertlər hesab edirlər ki, Çin haqqında fövqəldövlət kimi danışmaq hələ tezdir. Onlar sərt siyasi rejimin  hazırkı güclü iqtisadi artımı da gec-tez ləngidəcəyini düşünürlər. Regionda ABŞ-ın əsas iqtisadi rəqibi isə Rusiya olaraq qalır. Bu, xüsusilə, Moskvanın "Sakit okeanda yeni irəliləyiş"ə nail olmaq niyyətinin açıqlaması fonunda nəzərə çarpır. Üstəlik, Moskva Vladivostokda ASİƏT sammitini qəbul edəcək və bu məqsədlə orada ciddi bərpa işləri aparılır.

Əlbəttə ki, Sinqapurda keçirilmiş sammit digər məsələlərlə yanaşı, Barak Obama ilə Dmitri Medvedev arasında növbəti görüşün keçirilməsi üçün rahat diplomatik meydan rolunu da oynayıb. Qeyd edək ki, prezidentlərin görüşündə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub - strateji hücum silahlarına dair müqavilədən tutmuş, İran ətrafındakı duruma qədər.

Bununla yanaşı, şərhçilər daha bir vacib detala diqqət çəkirlər: Medvedev Sinqapura səfərdən əvvəl böyük iqtisadi perspektivləri olan bu "əjdahalar məkanına" heç də elə bir yaddaqalan səfər etməmişdi. 

Təyyarədaşıyan "Varyaq" gəmisinə səfər isə təşkilatçıların istəyinin əksinə olaraq, tam başqa məna verib. Çünki tarixdən yaxşı məlumdur ki, bu təyyarədaşıyan kreyser, rus-yapon müharibəsi zamanı Çemulpo yaxınlığında baş vermiş məşhur döyüş zamanı batırılmış rus gəmisinin şərəfinə belə adlandırılıb.  Həmin müharibə isə İkinci Nikolayın "yapoşkalar"la dil tapmaq istəməməsi və ya bunu bacarmaması nəticəsində başlamışdı. Nikolay əmin idi ki, Moskva "rus silahının gücü" və "rus əsgərinin  şücaəti" sayəsində bütün dünyanı ram edə bilər...


MƏSLƏHƏT GÖR:

596