
BİZİM SƏBRİMİZ və ƏDALƏT TƏRƏZİSİ
Müəllif: Redaksiya
Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa oluna biləcəyinə dair bəyanatı Ermənistan üçün aydın səmada çaxan şimşək oldu. "Bir neçə gündən sonra mənim Ermənistan prezidenti ilə növbəti görüşüm olacaq. Biz bu görüşə öz proqramımızla yollanırıq. Bu il bir neçə görüş keçirilsə də, heç bir nəticə əldə edilməyib. Odur ki, budəfəki görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Bu görüş də nəticəsiz qalsa, bizim danışıqlara ümidlərimiz tükənəcək. Danışıqlara ümidimizin tükənəcəyi təqdirdə isə bizim başqa yolumuz qalmayacaq", - Prezident İlham Əliyev Ermənistanın dövlət başçısı Serj Sarkisyanla Münhendə keçirəcəyi növbəti görüş ərəfəsində bu bəyanatı verdi.
Prezident qeyd etdi ki, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olması, heç də işğal altındakı torpaqlarının boşaldılmasını sonsuzluğadək gözləyəcəyi anlamına gətirməməlidir: "Əgər görsək ki, erməni tərəfi, sadəcə, vaxtı uzadır və danışıqlar yolu ilə prosesi "əbədiləşdirmək" niyyəti güdür, bu halda danışıqlara son qoyulacaq".
Güman olunduğu kimi, Azərbaycan prezidentinin bəyanatına reaksiya özünü çox gözlətmədi. Ermənistan rəhbərliyi başda olmaqla, bütün ermənipərəst Rusiya "təhlilçiləri" guya İ.Əliyevin bəyanatının blef olması, Azərbaycanın öz torpaqlarını hərbi yolla boşaltmağa risk etməyəcəyi, bunun Azərbaycanın özü üçün ciddi itkilərə səbəb olacağı və sair haqda fikirlər səsləndirməyə başladılar. Qarşı tərəf hətta "çoxsaylı arqumentlər" də ortaya qoydu. Ermənistan "DQR"in müstəqilliyini tanıya biləcəyi ilə çıxış etdi, Rusiya analitikləri isə daha "irəli gedərək" ümumiyyətlə, bu separatçı qurumun guya hətta beynəlxalq səviyyədə tanına biləcəyinə işarə vurdular, bəzi politoloqlarsa transmilli layihələr olan Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurumun taleyindən "narahat olmağa" başladılar. Ermənistan hökumətinin nəzarətində olan mətbuat isə beynəlxalq ictimaiyyətin Azərbaycana müharibə etməyə imkan verməyəcəyi və ya Rusiyanın öz müttəfiqini tək qoymayacağı haqda fikirlərlə əhalini sakitləşdirməyə çalışdı.
ATƏT-in Minsk qrupunun həmsədrləri həqiqətən də tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırdılar. "Nə Paris, nə Moskva, nə də Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə başqa alterantiv görmür", - deyə Minsk qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə açıqlamasında bildirib.
Lakin İ.Əliyevin bəyanatının təsiri hiss edilməkdədir. Kişinyov görüşündən sonra Minsk qrupunun həmsədrləri danışıqların nəticəsi haqda susurdular, Azərbaycan tərəfi isə Ermənistanın mövqeyində destruktivizmin artdığını söyləyirdi, Münhen danışıqlarının ardından tərəflər birdən-birə prosesdə irəliləyişin olduğunu qeyd etməyə başladılar. Fransalı həmsədr etiraf etdi ki, bu dəfə tərəflər münaqişənin həlli ilə bağlı indiyədək razılaşdırılmamış yeni detallar barədə müzakirələr aparıblar. Müəyyən irəliləyişi Azərbaycan və Ermənistan xarici işlər nazirləri də etiraf edirdilər. Bu səbəbdən də məhz İ.Əliyevin bəyanatının erməni tərəfi üçün "soyuq duş" olduğunu və S.Sarkisyana real durumu başa düşməkdə kömək edəcəyi istisna olunmur.
Amma Azərbaycan prezidentinin bəyanatının yalnız Münhen görüşünə hesablandığını da düşünmək düzgün olmazdı. Məcburi köçkünlər qarşısında çıxış edən İ.Əliyev gələcəklə bağlı ciddi xəbərdarlıqlar də səsləndirdi, ölkəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın suveren hüquqlarına əsaslanan mövqeyini bir daha təkrarladı.
Bununla yanaşı, nəzərə alınmalıdır ki, prezident ölkəsinin imkanlarını hamıdan yaxşı bilir və o, əmin olmasaydı, xalq və tarix qarşısında üzərinə belə bir məsuliyyət götürməzdi.
Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla azad etmək imkanlarını analiz edərkən Bakının Yerevanla müqayisədə iqtisadi və hərbi baxımdan bir neçə dəfə irəlidə olduğunu xüsusi vurğulamağa ehtiyac da yoxdur. Bunu ən azı Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütünlükdə dövlət büdcəsinə bərabər olması sübut edir. S.Sarkisyanın əl açaraq bütün dünyadan yığmaqda olduğu sədəqə isə heç onun ölkəsini sülh dövründə belə saxlamağa da kifayət etmir. Məsələnin xarici siyasət tərəfinə gəldikdə, bəzi məqamlara nəzər yetirmək yerinə büşər.
Birincisi, regional münaqişələrin hərbi yolla həlli təcrübəsi var və bu təcrübəyə elə Minsk qrupuna həmsədrlik edən ölkələrin öz tarixlərində də rast gəlmək mümkündür. ABŞ-ın Əfqanıstan və İraqda problemlərini məhz silaha əl atmaqla çözdüyü heç kəsə sirr deyil. Fransa da Mərkəzi Afrikada istəklərinə bu yolla nail oldu. Rusiyaya gəlincə, onun Gürcüstan ərazisində törətdikləri hamıya bəllidir.
Belə olan təqdirdə, Bakı özünün tarixi və beynəlxalq aləm tərəfindən tanınmış torpaqlarını işğaldan azad etmək kimi suveren hüququndan niyə istifadə etməməlidir?
İkincisi, bəzi ekspertlərin Gürcüstanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək cəhdi ilə apardıqları müqayisə heç də düzgün deyil. Qonşu Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiya ilə çox yaxın tərəfdaş münasibətlərinə malikdir, Moskva üçün regionda Gürcüstan və Ermənistanla müqayisədə xeyli çox əhəmiyyət kəsb edir. Odur ki, Rusiya heç bir qarşılıq görmədiyi forpostuna görə, çətin ki, Bakı ilə tərəfdaş münasibətlərini qurban versin. Biz artıq yazmışdıq ki, Moskva Gürcüstandakı strateji maraqlarını qurban verərək, Ermənistanın onunla yeganə quru əlaqəsini açmağa razılaşmadı.
Nəhayət, dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının birdən-birə bir neçə qətnaməsinin tələblərinin həyata keçirilməsinə hansı məntiqlə etiraz edəcək? Həmin qətnamələrdə isə erməni hərbçilərinin Azərbaycanın işğal edilmiş ərazilərini qeyd-şərtsiz boşaldılması tələb olunur.
Məsələnin daxili siyasi tərəfinə gəlincə, Azərbaycan və Ermənistan ictimaiyyətinin ölkə rəhbərliyinə dəstəyinə nəzər salmaq kifayətdir. ABŞ-ın Portlend Universitetinin dosenti Brüs Cillinin "Hakimiyyət haqqı" adlı kitabında apardığı təhlillərə görə, Azərbaycan hakimiyyətin legitimlik əmsalına görə, postsovet məkanında 1-ci, Avropada 9-cu, dünyada isə 72-ci yeri tutur.
Belə yüksək legitimlik əmsalı İ.Əliyevin işğal altındakı torpaqların hərbi yolla qaytarılmasının mümkünlüyü haqda bəyanatının xalqın iradəsini əks etdirdiyini göstərir.
Ermənistan isə hakimiyyətin legitimlik əmsalına görə, son onluqda qərarlaşıb (B.Cillinin siyahısında 62-ci yerdədir) və orada situasiya tam fərqlidir. Həm Ermənistan-Türkiyə yaxınlaşması, həm də Azərbaycan prezidentinin hərbi bəyanatına erməni ictimaiyyətinin təlaşlı reaksiyası bunu bir daha nümayiş etdirir.
MƏSLƏHƏT GÖR: