24 Noyabr 2024

Bazar, 02:04

ZORƏN MÜHACİR

Azərbaycandan uzaqda yaşaması Ceyhun Hacıbəylinin vətəni üçün çalışmasına mane olmayıb

Müəllif:

10.03.2015

Azərbaycan tarixində ziyalıların böyük hissəsinin ölkəni tərk etdiyi dövr var idi. Bu, ötən əsrin 20-ci illərinin əvvəllərinə təsadüf edirdi. O zaman ölkəni tərk edib gedənlər arasında Ceyhun Hacıbəyli də olub. Təəssüf ki, ötən əsrin 90-cı illərinədək Azərbaycanda bu insan haqda demək olar ki, heç bir məlumat yox idi. Amma vaxtilə Üzeyir Hacıbəyovun doğma qardaşının olduğunu çoxları bilirdi. Məsələ ondadır ki, Ceyhun Hacıbəyli Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Həsən Hacınski kimi şəxslərlə birlikdə Azərbaycan Demokratik Respublikasını yaradanlardar biri idi. Gənc yaşlarında o, hələ doğma Şuşa şəhərində yalnız teatrla deyil, həm də ictimai fəaliyyətlə məşğul olub, milli mədəniyyətimizi təbliğ edib, "Kaspi", "İrşad" və "Tərəqqi" qəzetlərində rus və Azərbaycan dillərində məqalələr yazıb. Ceyhun Hacıbəyli Bakıda nəşr olunan rusdilli "Azərbaycan" qəzetinin redaktoru kimi də çalışıb. Həmin illərdə o, maarifçiliklə və mədəniyyətin təbliğilə məşğul olub. C.Hacıbəylinin ən yaxşı dövrü XX əsrin 18-20-ci illərinə təsadüf edib. O illərdə gənc demokratik ölkədə məhz Hacıbəylinin çalışdığı qəzet əsas nəşr idi. Maraqlıdır ki, qəzetdə ikinci redaktor şəxsən Üzeyir Hacıbəyli idi. Onun bioqrafiyasının bu mərhələsi respublikanın yaradıcısı ilə tanışlıq kimi, Üzeyir bəyin özü tərəfindən ictimaiyyətdən gizli saxlanılırdı. Çünki ondan danos yaza bilərdilər.

 

Mühacirət

Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycanı bir çox yaxşı insanlar tərk etmək məcburiyyətində qalıblar. Onlar, əsasən, İstanbula və Parisə üz tuturdular. İstanbula əsasən sahibkarlar və bəy nəslinin nümayəndələri yollanırdılar. Parisə isə maarifpərvər, azad düşüncəyə sahib şəxslər gedirdilər. Parisə mühacirət edən şəxslər arasında ən müxtəlif ideyaların daşıyıcıları var idi. Onları birləşdirən əsas cəhət isə işğalçı saydıqları sovet hakimiyyətinə nifrət idi. Belə mühacirlərdən ən birinciləri Birinci Dünya müharibəsi nəticəsində yeni sərhədlərin müəyyənləşdirilməsi üçün keçirilən Paris Sülh Konfransında iştirak üçün Fransaya yollanmış diplomatlarımız olub. Missiyaya Topçubaşov rəhbərlik edirdi. Nümayəndə heyətində Ceyhun Hacıbəyli də daxil olmaqla, bir sıra görkəmli ictimai xadimlər yer alırdılar. Missiyanın vəzifəsi ölkələrin Azərbaycan Demokratik Respublikasını və onun sərhədlərini tanımalarına nail olmaq idi. Azərbaycanın nümayəndə heyəti Parisdə 3 memorandum irəli sürmüşdü: sərhədlərinin və xəritəsinin göstərilməsilə Qafqaz Azərbaycanının müstəqilliyi haqqında; iqtisadi xəritənin olması şərtilə iqtisadi və maliyyə vəziyyəti haqqında; diaqram və etnoqrafik xəritə ilə Azərbaycan əhalisinin etnik tərkibi haqqında. Sənədlər bütün standartlara uyğun hazırlanmışdı və 1920-ci il yanvarın 12-də Müttəfiq Dövlətlərin Ali Şurası de-fakto müstəqil Azərbaycanın tanınmasına dair qərarı yekdilliklə qəbul etmişdi. Bu qərar Azərbaycan hökumətinə xarici siyasi fəaliyyətinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək imkanı verirdi. Bu, gənc dövlətin qarşısında yeni üfüqlərin açılması demək idi. Amma faciə baş verdi: 1920-ci ilin aprelində bolşeviklər Bakını işğal etdilər. Respublikanın mövcudluğunu təsdiqləyən sənədlərə malik diplomatlar bir günün iççində siyasi mühacirə çevrildilər.

Beləliklə, C.Hacıbəyli mühacirətin ilk dalğasına düşdü. Onun ardınca ikinci dalğa da baş verdi. 20-ci illər ərzində xeyli sayda azərbaycanlı Parisə üz tutdu. Onların arasında ziyalılar da var idi, hərbçilər də, burjuaziya da, Qərbi Avropa ölkələrində və Türkiyədə təhsil alan tələbələr də.

 

Parisdəki Azərbaycan

Ötən əsrin 20-ci illərində Paris keçmiş çar Rusiyasından olan mühacirlərdən ibarət məhəllələrlə doldu. Onlar bir-birlərinə dəstək verirdilər - şirkətlər açır, iş yerləri tapır, mühacirətə tamamilə pulsuz yollanmış insanlara yardım edirdilər. Azərbaycandan gəlmiş insanlar fərqli mədəniyyət kimi, ziyalı parislilər üçün əsl xəzinə idi.

Qeyd etmək lazımdır ki, hələ 1919-cu ilin yayında Parisdə "Fransa-Qafqaz" komitəsi yaradılmışdı. Komitənin prezidenti vəzifəsinə fransız diplomatı və şərqşünası Edmon İppo seçilmişdi. Fransanın şərqşünasları yerli ziyalıların nümayəndələrilə sıx ünsiyyətdə idilər. Missiyanın himayəsi altında 1920-ci ilin mayınadək "Azərbaycan" bülleteni çap olunub. Onun buraxıcı redaktoru yazıçı, şərqşünas Lyusen Byuva idi. ADR-in süqutunadək respublika haqqında 3 kitab buraxılmışdı: "Qafqaz Azərbaycan Respublikası", "Azərbaycanın iqtisadi və maddi durumu", "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi". 1919-cu ilin sonlarında isə nüfuzlu "Revyu dyu mond myüzülman" jurnalında Ceycun Hacıbəylinin məqaləsi dərc olunmuşdu. O zaman Hacıbəyli Azərbaycan missiyasının məsləhətçisi idi. Məqalə "İlk müsəlman respublikası" adlanırdı. Orada nadir ilkin mənbələrə əsasən Azərbaycan tarixi, coğrafiyası və respublikanın iqtisadi inkişafı gözdən keçirilirdi.

Gənc ölkənin kommunistlər tərəfindən çökdürülməsindən sonra həmvətənlərimiz Azərbaycanlı Mühacirlər Assosiasiyası yaratdılar. Ona Əlimərdan bəy Topçubaşov rəhbərlik edirdi. Uzun illər ərzində Assosiasiya Azərbaycanın tarixi və mədəniyyəti haqqında kitablar buraxırdı. Onların əksəriyyətinin hazırlanmasında Ceyhun Hacıbəyli də fəal iştirak edirdi. O, Azərbaycan şairləri Vidadi, Nəbati, Qasım bəy Zakirin şeirlərini fransız dilinə tərcümə edirdi. Bundan başqa, Hacıbəyli Azərbaycan dili və tarixi, həmçinin Şərqin şairləri haqqında çox sayda məqalə də yazmışdı - "Hafiz Şirazi", "Firdovsinin həyatı", "Azərbaycan şairələri".

Hələ Bakıda olarkən C.Hacıbəyli böyük bir tədqiqata başlamışdı və o, araşdırmalarının nəticələrini sonradan Parisdə dərc etdirdi. O, "Babək və qədim Aran dövləti" adlanırdı. Hacıbəylinin digər bir işi "Bakı və Bərdə şəhərlərinin tarixi" idi. Dilçilik sahəsində onun əsas əsəri isə "Qarabağ dialekti və folklor" sayılır. Bu əsər 1934-cü ildə Parisdə, "İki dünyanın jurnalı"nda dərc olunub.

 

Qayıtmaq cəhdi

Yəqin ki, insanları mühacirət qədər birləşdirən amil yoxdur. Hacıbəyli və onun yazıçı, alim, dilçi dostları daim bir-birlərilə əlaqə saxlayır, tez-tez evdə bir araya gəlirdilər. Ən başlıcası, onlar çox işləyirdilər. Yad ölkədə keçən həyatın qüvvələri səfərbər etdiyi çoxdan məlumdur.

Həmin illərdə yəqin ki, ən çətin və əhəmiyyətli iş tamaşaların təşkili idi. 1925-ci ildə Hacıbəyli bir neçə dostu ilə birlikdə Parisin "Femina" teatrında qardaşı Üzeyirin "Arşın mal alan" operettasını səhnələşdirir. O, bizə köhnə filmdən məlum olan versiyadan çox fərqli idi. Çünki Ceyhun tamaşada 1918-ci ilin musiqisi və operettasından istifadə edirdi. Üzeyir Hacıbəyov isə sonradan onu iki dəfə yeniləmişdi.

Bundan başqa, operettanın bir çox fraqmentləri yaddaşda qalanlara əsasən qurulmuşdu. Qeyd edək ki, Ceyhun da əksər qohumları kimi, ənənəvi peşəsilə yanaşı, musiqi təhsili almışdı. Əlbəttə ki, o, lap uşaqlıqdan (hələ Şuşada olarkən) böyük qardaşının tamaşalarına cəlb olunmuşdu. Ceyhun operettanın həm musiqi, həm də əsas hissəsini yaxşı bilirdi.

Şübhəsiz ki, C.Hacıbəyli evi üçün darıxırdı. 1956-cı ildə o, Azərbaycana qayıtmağa cəhd edir. Ceyhun gözlənilmədən İttifaqın klerikalizmlə mübarizəsindən bəhs edən "SSRİ-də ziyalı potensialı"nı yazır. Bu, Ceyhuna xas mövzu deyildi. 3 il sonra Münhendəki SSRİ-nin öyrənilməsi İnstitutu Hacıbəylinin bu və digər işlərini ümumi ad altında dərc edir: "Antiislam təbliğatı və onun Azərbaycandakı üsulları".

Bunun vətənə qayıtmaq cəhdi olduğunu göstərən daha bir məqam 1956-cı ilin SSRİ-də poststalin dövrünün olması idi. SSRİ-də baş verənləri kənardan öyrənməklə məşğul olan Hacıbəyli bunu görməyə bilməzdi. Təbii ki, o, baş verənləri islahatların başlanması kimi başa düşürdü. Üstəlik, həmin materialların yazıldığı vaxt Hacıbəyli artıq 65 yaşında idi - bu dövrdə çoxları qürbətdə ölə biləcəyilə bağlı narahatlıq keçirməyə başlayır.

SSRİ isə təəssüf ki, bu "siqnal"ları qəbul etmədi, C.Hacıbəylinin yazılarına fikir verən olmadı. Demək o, əbədi olaraq Parisdə - sevdiyi, bütün ömrüboyu haqqında bəhs etdiyi vətənindən minlərlə kilometr uzaqda qalmalı idi...



MƏSLƏHƏT GÖR:

777