Müəllif: Ənvər MƏMMƏDOV Bakı
İndiyədək mövcud olmuş qlobal maliyyə arxitekturası İkinci Dünya müharibəsindən sonra qurulub və Bretton-Vud sisteminə əsaslanır. Bu sistem dünyanın ehtiyat valyutası kimi dolların üstünlüyünü nəzərdə tutur. Sistemin vacib komponenti elə həmin dövrdə dünyanın o zaman yaradılmış əsas kreditorları olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu idi (BVF). Lakin artıq yaxın perspektivdə bu kredit sisteminə alternativ yarana bilər: söhbət Yeni İnkişafı Bankının (YİB) yaradılmasından gedir. Bu, BRİKS ölkələrinin təşəbbüsüdür.
Maliyyə bölgüsü
BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və CAR-dan ibarət siyasi-iqtisadi birlik) yaradılması təşəbbüsü 2006-cı ildə irəli sürülüb. 2012-ci ildə təşkilatın Cənubi Afrikada keçirilən sammitində isə inkişaf etməkdə olan iqtisadiyyatların özlərinin beynəlxalq maliyyə institutunun yaradılması təklifi irəli sürülüb. Təşəbbüskarların fikrincə, Yeni İnkişaf Bankı Beynəlxalq Valyuta Fondunun birbaşa rəqibi ola bilər.
BRİKS üzvlərinin bu cür iddialı planı kifayət qədər ciddi iqtisadi özülə əsaslanır. Bəzi ekspertlərin iddiasına görə, Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadi potensialı onlara artıq 2050-ci ildə hakim 4 iqtisadi sistemə çevrilmək imkanı verəcək. Bu halda onlar iqtisadi göstəricilərinə görə "Böyük səkkizlik"i arxada qoyacaqlar. Üstəlik, bu ölkədər artıq indi birlikdə kifayət qədər ciddi həcmdə təbii və iqtisadi potensiala malikdirlər. Karbohidrogenlərin və digər mineral xammalların böyük bir hissəsi BRİKS ölkələrinin payına düşür. Bundan başqa, Yer kürəsində quru ərazinin 25%-dən çoxu, o cümlədən şumluq ərazilərin üçdə biri də bu ölkələrin əlində cəmləşib. Üstəlik, dünya əhalisinin düz 40%-i bu ölkələrdə yaşayır və nəticədə onlar nəhəng satış bazarı formalaşdırırlar. Ən əsası, onların ümumdaxili məhsulları ümumilikdə 15,5 trilyon dollar təşkil edir. Bir sözlə, BRİKS üzvlərinin potensialı dünya iqtisadiyyatında xüsusi rola iddia etmək imkanı vermək üçün lazım olandan da artıqdır.
BRİKS dövlətlərinin öz effektiv beynəlxalq maliyyə alətlərini yaratmaq fikrinə düşmələri təəccüblü deyil. YİB məhz bu rolu üzərinə götürməlidir. Qurumun yaradılmasına dair razılaşma Braziliyanın Fortaleza şəhərində, ötən ili iyulunda qurumun VI sammitində imzalanıb. Braziliya, Rusiya, Hindistan, Çin və CAR bankın təsisçiləri rolundadırlar. Onlar bankın yaradılması haqqında razılaşmanın milli parlamentlər səviyyəsində ratifikasiya olunmasına dair də razılığa gəliblər.
YİB-in yaradıcıları hesab edirlər ki, bankın nizamnamə kapitalına hər bir ölkənin yatıracağı pay ölkə iqtisadiyyatının həcminə uyğun gəlməlidir. Çinin fonda 41 milyard dollar yatırması nəzərdə tutulub. Braziliya, Hindistan və Rusiya bu məqsədlə 18 milyard, CAR isə 5 milyard dollar ayırmalıdır. YİB-in ümumi kapitalı 100 milyard dollar, paylaşdırılmış isə 50 milyard dollar olacağı gözlənilir. Bu məbləğ BRİKS ölkələri arasında bərabər bölünəcək.
BRİKS-də əsas maliyyə yükü dünyanın ikinci qüdrətli iqtisadiyyatı olan Çinin üzərinə düşəcək. Müvafiq olaraq, qurumun mənzil qərargahı da Şanxayda yerləşəcək. Qərarların qəbulu zamanı səsvermə üzvlərin bankın kapitalındakı payına uyğun keçiriləcək. Bankın İdarə Heyəti tərəfindən fəaliyyətin əsas istiqamətlərilə bağlı çıxarılacaq qərarlar təsisçi dövlətlərin səs çoxluğu əsasında qəbul olunacaq. Xüsusi hallarda, məsələn, banka yeni üzvlərin qəbulu, kapitalın həcmi və strukturuna yenidən baxılması, kreditlərin bölüşdürülməsi zamanı səslərin dörddə üçünə ehtiyac olacaq.
İlkin qiymətləndirməyə görə, YİB-in fəaliyyət istiqaməti əsasən infrastruktur layihələrinin maliyyələşdirilməsi olacaq. Söhbət limanlardan, dəmir və avtomobil yollarından, telekommunikasiya şəbəkələrindən gedir. Qurum BRİKS üzvlərinin və digər inkişaf etməkdə olan ölkələrin dayanıqlı inkişafına yönəlmiş təşəbbüslərə də vəsait ayıracaq.
YİB BVF-yə qarşı
BRİKS dövlətlərinin öz kredit strukturlarını yaratmaları nə ilə bağlıdır və bu təşəbbüsün beynəlxalq maliyyə sistemində köklü dəyişikliklərin aparılması istəyilə bağlılığı nə dərəcədədir?
Məsələ ondadır ki, BRİKS üzvləri artıq bir neçə ildir ki, BVF-də inkişaf etməkdə olan dövlətlər üçün kvotanın artırılmasını təklif edirlər. İnkişaf etməkdə olan bazarların çəkisinin artırılması üçün isə beynəlxalq maliyyə sistemində köklü islahatlara ehtiyac var. Təəssüf ki, indiki reallıqda BVF-də bu cür islahatlar çətin və vaxt tələb edən işə bənzəyir. Bu gün BVF-də Çin, Rusiya və Hindistanın kvotaları müvafiq olaraq 4, 2,5 və 2,44%-dir. Qurumda ən böyük paya ABŞ malikdir - düz 17,7%. Kvotanın həcmi səsvermə zamanı ölkənin çəkisinə təsir edir. BVF-nə əsas qərarların qəbulu üçün isə 85% səs tələb olunur. Beləliklə, ABŞ və yaxın tərəfdaşları faktiki olaraq, təşkilatda veto hüququna malikdirlər. Hələ 2010-cu ildə "Böyük iyirmilik" ölkələrinin toplantısında BVF-dəki kvotalar strukturuna yenidən baxılması haqqında qərar çıxarılmışdı. Üstəlik, proses 2014-cü ildə başa çatdırılmalı idi. Lakin təşkilatda önəmli paya sahib ABŞ yekun qərarın qəbulunu əngəlləyib: Vaşinqtonun mövqeyinin dəyişməsi üçün Konqresin müvafiq qərarına ehtiyac var. Amerikalı parlamentarilər arasında Respublikaçılar Partiyasının üzvü olan şəxslər isə BVF-də kvotalar sistemində islahatlar aparılmasına qəti etiraz edir.
Rusiya, Çin, Hindistan və Braziliya hazırkı kvota sisteminin onları qane etmədiyini dəfələrlə dilə gətiriblər. Onlar BVF üzvləri arasında səslərin bölünməsi formasından da narazıdırlar. Bu 4 dövlət quruma yatırımı artırmaq, bununla da qərarların qəbulunda daha böyük rola sahib çıxmaq istəyirlər.
Kvota və borc resurslarının bölüşdürülməsindən narazılıqla yanaşı, əksər rusiyalı ekspertlər fondun arxasında dayanan qüvvələrin gizlin siyasi fəaliyyətindən də şikayətçidirlər. Məsələn, BVF-ni tənqid edənlər bu qurumun əvvəlcədən transmilli kapitalın, maliyyə spekulyantlarının maraqlarının qorunması və lobbiçiliyinin aparılması üçün yaradıldığını düşünürlər. Onların fikrincə, nəticədə qurumun fəaliyyəti qlobal maliyyə kapitalının inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının real sektoruna nəzarətə şərait yaradıb.
Beləliklə, BVF-də islahatlara nail ola bilməyən BRİKS üzvlərinin öz mini BVF-lərini yaratmaq qərarına gəlmələri təəccüblü deyil. Dünyada enerji daşıyıcılarının ucuzlaşmasının, Ukrayna hadisələrilə əlaqədar Rusiya ilə Qərb dövlətləri arasında qarşılıqlı sanksiyaların yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, bu qərar mərhələli şəkildə reallaşdırılmaqdadır. BRİKS bu yaxınlaradək qeyri-formal, əsasən məşvərətçi birlik idi. Onun mənzil qərargahı belə, yox idi. İndisə öz maliyyə strukturunu yaratmaq qərarına gəlmiş birlik YİB-də payçıların sayının artırılması imkanlarını da nəzərdən keçirir. Ekspertlərin bildirdiklərinə görə, bu işə Argentina, İran, Türkiyə və bir sıra digər dövlətlər cəlb oluna bilər. YİB-in yaradılması haqqında razılaşmada bildirilir ki, banka BMT üzvü olan digər dövlətlər də qoşula bilər. Amma BRİKS üzvlərinin bankın kapitalındakı payı 55%-dən aşağı düşməməlidir.
Əksər Qərb ekspertləri isə BRİKS-ə üzv olan 5 dövləin iqtisadi təşəbbüsünün effektivliyinə şübhə ilə yanaşırlar. Məsələn, onlar 100 milyard dollarlıq potensial kapitala malik YİB-in 188 üzvü olan, təxminən, 1 trilyon dollarlıq kapitala malik BVF ilə rəqabətə girə biləcəyinə inanmırlar. Onun BVF ilə real rəqabətə girməsinə BRİKS-nin və onun strukturlarının amorfluğu, həmçinin təşkilatın rəhbər orqanlarının qərarlarını tövsiyə xarakteri daşıması da mane ola bilər. "Bu gün BRİKS əsasən qeyri-Qərb dünyasının nəhəng iqtisadiyyatlarının siyasi klubudur. Onun iqtisadi tərəfi ikinci dərəcəli məsələdir", - deyə tanınmış politoloq, Ali İqtisad Məktəbinin eksperti Sergey Karaqanov bildirib.
Bundan başqa, bu gün BRİKS iqtisadiyyatda tənəzzül yaşayır: qurum üzvlərindən yalnız Çin və Hindistanın iqtisadiyyatında inkişaf qeydə alınır. Ecstrat-dan olan iqtisadçı Con Pol Smit son illər BRİKS üzvlərində ÜDM-in orta inkişaf tempinin ən azı 2 bənd azaldığına diqqət çəkir. Rusiyada isə ekspertlər sanksiyalar, neftin ucuzlaşması və investisiya iqliminin pisləşməsilə əlaqədar 0,8-4%-lik resessiya gözləyirlər. "Əgər yaxın 3 il də Braziliya və Rusiya üçün hazırki kimi olarsa, 2019-cu ildə BRİKS-də yalnız Hindistan və Çin qala bilər", - deyə "Qoldman Saks"ın sabiq rəhbəri, BRİKS abbreviaturasının müəllifi, iqtisadçı Cim O'Nil bildirib.
Hər halda, BRİKS dünyaya Aİ, ABŞ və G7-yə alternativ olduğunu dəfələrlə nümayiş etdirib - istər maliyyə sahəsində, istərsə də beynəlxalq institutların inkişafında. BVF-yə alternativin - YİB-in formalaşdırılması perspektivi isə daha çox Pekin, Moskva və Dehlinin siyasi iradəsindən, həmçinin əlverişli iqtisadi konyukturadan asılıdır. Əlverişli iqtisadi konyuktura dedikdə isə ilk növbədə istehsalat və ticarətdə geriləmənin növbəti mərhələsinin başa çatması, neft bazarının sabitləşməsi nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: