24 Noyabr 2024

Bazar, 18:01

BANKLARIN DA HALINA YANAN GƏRƏK

Azərbaycanın bank sektoru manatın devalvasiyasının fəsadlarını aradan qaldırmağın yollarını axtarır

Müəllif:

10.03.2015

Son illər Azərbaycanın bank sektoru istehlakçıların etimadına, axır ki, nail olaraq, öz inkişafında əhəmiyyətli dərəcədə irəliləyib. İnsanlar borc götürməyi dostlarından deyil, bankdan götürməyə, pullarını balışın altında gizlətməyə deyil, depozit yerləşdirməyə, nağd deyil, bank kartları ilə ödəniş etməyə öyrəniblər. Nəticədə, bütün bunlar ölkənin maliyyə sektorunun möhkəmlənməsinə, onun bir çox subyektlərinin müsbət kredit reytinqlərinə yiyələnməsinə xidmət edib. Lakin bu ilin fevral ayında manatın baş verən devalvasiyası banklara daha ağır təsir etdi: əhalinin onlara olan inamı bir qədər sarsıldı, müştəriləri azaldı, manatın düşməsindən yaranan itkilərin həcmi haqqında ancaq fərz etmək olar. Buna görə də bu gün praktiki olaraq, bütün aparıcı banklar nüfuzlarının və müştəri bazasının bərpası üçün böhrana qarşı tədbirlər görməyə başlayıblar.

AMB-nin fevralın 21-dən manatı 33,5% devalvasiya etmək qərarından kifayət qədər vaxt keçməsinə baxmayaraq, Azərbaycanda manatın dollara və digər xarici valyutalara münasibətdə cari məzənnəsi haqqında məlumat hələ də təşvişlə gözlənilir. Çünki məzənnənin indiki səviyyədə stabilləşməsi barədə fikirlər yoxdur və ola da bilməz, proqnozlar isə fərqlidir. Mütəxəssislərin bir hissəsi əmindir ki, manatın dollara olan məzənnəsi mütləq 1,5 manat/dollar həddinə çatacaq. Digər hissəsi isə əksinə, məzənnə lövhələrində 1=1 gözləyirlər. Bununla bərabər, "Saxo Bank"ın valyuta strategiyası şöbəsinin rəhbəri Con C. Hardinin fikrincə, dünya bazarlarında neftin qiymətinin sabitləşməsi Azərbaycan Mərkəzi Bankına (AMB) manatın sonrakı zəruri devalvasiyasından xilas olmağa imkan verə bilər. "Əgər neftin qiyməti sabitləşsə, mənim zənnimcə, Azərbaycan Mərkəzi Bankı valyutanın gələcək bahalaşmasından yan keçməyə üstünlük verəcək. Bu da hazırda neftin qiymətinin miqyaslı yenidən nəzərdən keçirilməsi kontekstini nəzərə alsaq, anlaşılandır. Məzənnənin yenidən nəzərdən keçirilməsinə dair sonrakı addımlar aktivləri denominasiya edilmiş manatda saxlamaq istəyini məhdudlaşdıracaq və əhəmiyyətli dərəcədə etimaddan salacaq", - deyə C. Hardi bildirib. Onun sözlərinə görə, manatın devalvasiyası iqtisadiyyatın, o cümlədən bank sektorunun dollarlaşmasının sürətlənməsinə gətirib çıxardı. "Anlamaq lazımdır ki, baş verənlərdən sonra bazarda üstünlük vəsaitlərin manatda deyil, ABŞ dollarında saxlanılmasına veriləcək. Bu tendensiya enerji daşıyıcılarına olan qiymətlər əlavə təzyiqə düşəcəyi halda özünü xüsusi ilə büruzə verəcək", - deyə o, vurğulayıb.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin bu yaxınlarda çıxan hesabatında da qeyd edilirdi ki, Azərbaycanın milli valyutası manatın devalvasiyası ölkənin bank sektorunun kapitallaşmasına mənfi təsir göstərəcək. "Azərbaycanda banklarda xarici valyutada olan iri həcmdə kreditlər var və qısamüddətli valyuta mövqelərinə görə itkilərə məhkumdurlar. İqtisadiyyatın dollarlaşmasının və bankların balansının güclənməsi ondan xəbər verir ki, bu sektorda valyuta riskləri ortamüddətli perspektivdə zəruri olacaq", - deyə agentlikdən məlumat verilir. Ümumilikdə agentlik bir neçə bankın devalvasiyadan itkilərini "əhəmiyyətli" dərəcədə qiymətləndirib. Agentlik bu qiyməti verərkən nəzərə alıb ki, 2014-cü ilin sonlarına doğru valyuta kreditləri sektorda bütün kreditlərin 27%-ni (devalvasiyadan sonra təxminən, 33%) təşkil edib. Bu da bankların kapitalına olan təzyiqin güclənməsinə gətirib çıxaracaq. Ona görə də beynəlxalq ekspertlər bazarın nizamlayıcısına - Azərbaycan Mərkəzi Bankına kapitallaşma üzrə şərtləri yerinə yetirməli olacaq bəzi banklara güzəştə getməyi tövsiyə edirlər. Qeyd etmək lazımdır ki, ABM-nin sonuncu statistikasına görə, dörd bankın kapitalı qoyulan 50 mln. manat minimal tələbə uyğun deyil. Lakin onların bağlanmasına dair hələlik heç bir göstəriş verilməyib. Hərçənd "Fitch Ratings"in qiymətləndirmələrinə görə, hətta Azərbaycan Beynəlxalq Bankına (ABB) belə manatın məzənnəsinin korrektləşməsinin nəticələrini aradan qaldırmaq və kapitallaşmanın göstəricilərini bərpa etmək üçün artıq əldə etdiyindən savayı əlavə kömək lazım olacaq. Lakin "Fitch" gözləmir ki, ABB milli valyutanın məzənnəsinin korrektləşməsinin birbaşa nəticələri qismində hansı isə ciddi itkilərlə üzləşəcək.

Qeyd edək ki, ABB-nin menecmenti Fitch-ə məlumat verib ki, bank 100 mln. manat həcmində yeni kapitalın emissiyasının keçirilməsini sürətləndirəcək. Bu məbləğin 50 mln. manatı mart ayında Maliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bundan başqa, aprelin 2-də səhmdarların iclası adi aksiyaların əlavə emissiyası imkanlarını müzakirə edəcəklər. "Fitch" gözləyir ki, əlavə kapitalın verilməsi ilə əlaqədar hər hansı bir gecikmələr olduğu zaman, ABB üçün tənzimləyici tələblərdən kapital kifayət edənədək geri çəklilməsinin icazəsi uzadılacaq. 

Bununla bərabər, banklar hələlik itkilərinin məbləğini açıqlamayıblar. Lakin yanvar ayının nəticələrinə görə azalmış depozit dərəcələrinin artımına dair səylə yeni kampaniyalar keçirirlər. Belə ki, 2015-ci ilin ilk ayının sonuna depozit və əmanətlər üzrə orta dərəcə milli valyutada 8,82% təşkil edib. Bu göstərici 2014-cü ildə 8,86% olub. Xarici valyutada olan əmanətlər üzrə isə uyğun olaraq - 8,93% və 9,24%. Xoşbəxtlikdən, banklar tərəfindən cəlb edilən əhalinin əmanətləri üzrə maksimal dərəcənin artırılması və Azərbaycanda sığortalanma faizlərinin 9%-dən 12%-ə qədər olması haqqında qərar, "bahalı" depozitlərin tətbiqinə yol açır. Hərçənd, etiraf etmək lazımdır ki, artıq devalvasiyaya qədər depozitlərdən əldə olunan gəlirdən vergi güzəştlərinin ləvği ilə bankların depozit siyasətinə "zərər" vurulmuşdu. İndi bir neçə bank vəziyyəti düzəltməyə və bu vergilərin ödənilməsi üzrə öhdəlikləri öz üzərlərinə götürərək, müştərilərin axınını dayandırmağa çalışır. Kreditlərə gəldikdə isə devalvasiya ilə bağlı ən böyük qarışıqlıq və narazılıq hələlik bank biznesinin bu seqmentində müşahidə edilir. 

Manatın məzənnəsinin dollara nisbətdə 33,5% azalmasına dair qərardan iki həftədən çox vaxt keçməsinə baxmayaraq, xarici valyutada götürülmüş kreditlərin qaytarılması ilə bağlı məsələnin necə nizamlanacağına dair bu vaxta qədər dəqiq göstəriş və mexanizmlər yoxdur. Xatırladaq ki, nizamlayıcının bu məsələ ilə bağlı yeganə bəyanatı məsələni məhkəmə qaydasında həll etmək tövsiyəsindən ibarət olub. Banklar indi kredit müqavilələrinin tərtib olunmasına artıq diqqətlə yanaşırlar və bu cür nüanslar gələcəkdə mübahisəli məqamlardan əvvəlcədən xilas olmaq üçün dəqiq şəkildə razılaşdırılır. Lakin kreditlərini köhnə kursla ödəməyi düşünən və məhz bu göstəricilərdən çıxış edərək üzərinə kredit öhdəlikləri götürən müştərilər tərəfindən narazılığı anlamaq olar. Bununla yanaşı, ancaq bəzi banklar məsələ ilə bağlı müştərilərinə güzəşt etmək istəklərini bildirirlər. Belə ki, artıq yuxarıda deyildiyi kimi, özləri də devalvasiyadan ziyana düşüblər... 

Bir sözlə, bu gün banklar əlavə itkilərdən xilas olaraq, yaranmış vəziyyətdən layiqincə çıxmağa çalışırlar. Bəziləri isə devalvasiyada bizneslərinin inkişafı üçün yeni imkanlar görürlər. Məsələn, "Pasha Bank" ASC-nin İnvestisiya üzrə baş direktoru Taleh Kazımovun sözlərinə görə, Azərbaycanda manatın kursunun korrektirovkası maliyyə sabitliyinə heç bir şəkildə təsir etməyib. Baxmayaraq ki, bankın kredit portfelinin 30%-ı xarici valyutada cəmləşib. "Yaranmış vəziyyəti nəzərə alaraq, biznesimizin inkişafı üşün böyük potensial görürük. Vəziyyəti və manatın zəifləməsinin biznes müştərilərə təsirini təhlil edərək, biz devalvasiyanın təsirinin minimallaşmasına kömək etmək üçün bütün mümkün qərarları qəbul etməyə hazırlaşırıq", - deyə o, bildirib. Bununla bərabər, o, əhalinin narahatlığını da əsassız hesab etmir. Çünki burada söhbət əmanətlərdən gedir. "Buna baxmayaraq, hökumət ölkə iqtisadiyyatının sonrakı inkişafını və əhalinin gəlirlərinin artmasını dəstəkləyəcək, bütün bu vaxt ərzində etdiyi kimi. Bundan başqa, manatın ucuzlaşması ölkənin dövlət büdcəsinin dolmasına səbəb olacaq. Bu da dövlətə investisiya üzrə planlaşdırılmış proqramlara davam etməyə imkan verəcək ki, bu da yenə əhalinin gəlirlərinə yaxşı təsir edəcək. Bir daha təkrarlayım ki, bütün bu dəyişikliklər inkişaf üçün perspektivlərdirlər və istər bank sektorunu, istərsə də öz işinlə daha yaxşı məşğul olmaq üçün yerli biznesi stimullaşdırır", - deyə o, bildirib. 

T. Kazımovun qeyd etdiyin kimi, ölkə iqtisadiyyatı son on ildə kifayət qədər möhkəmlənib, indi isə yerli istehsalın və ixracın inkişafı üçün daha çox imkanlar yaranıb. Bu da öz növbəsində iqtisadiyyatın şaxələnməsinə kömək edəcək. Xatırladaq ki, prezident İlham Əliyev bundan əvvəl bankların real sektorla işinin gücləndirilməsinin zəruriliyini qeyd etmişdi. Hər şeydən əlavə, devalvasiya bank sektoru üçün özünəməxsus imtahan oldu və onun əsl güclü iştirakçılarını üzə çıxaracaq. Ümumilikdə, bir neçə ay sonra mənzərə artıq aydınlaşacaq və konkret olaraq məlum olacaq ki, banklar mümkün risklərin idarə olunmasını nə dərəcədə düzgün nəzərə alırlar.


MƏSLƏHƏT GÖR:

770