5 Dekabr 2025

Cümə, 18:29

BALTİKA ƏFSANƏSİ

Soyuq iqliminə rəğmən, Estoniya insanda ən isti təəssüratlar yaradır

Müəllif:

10.03.2015

Lənglik, gecikmiş reaksiya, soyuq rəftar - estonlarla bağlı bu stereotiplər postsovet məkanının ictimai rəyində çoxdan özünə yer edib. Bu rəyin formalaşmasında sözügedən Avropa ölkəsi ilə bağlı lətifələr də öz təsirini göstərib. Amma Tallində bir həftə qalmaq kifayətdir ki, bu stereotiplər əriyib yox olsun.

 

Parlament seçkisi

Tallin "İnkişaf etməkdə olan ölkələri təmsil edən jurnalistlər üçün kurslar" proqramı çərçivəsində Estoniyaya yollanmış azərbaycanlı jurnalistləri son dərəcə soyuq və yağışlı hava ilə qarşıladı. Qeyd edək ki, bu proqram Estoniya Xarici İşlər Nazirliyi və Baltika Kino və Media Məktəbi tərəfindən həyata keçirilir.

25 dərəcə şaxtaya vərdiş etmiş estonlar üçün bu, əsl bahar havası idi. Sən demə, hava şəraiti estonların siyasi fəallığına da təsirini göstəribmiş. Hər halda, martın 1-də keçirilmiş parlament seçkisində yüksək seçici fəallığının müşahidə olunması belə düşünməyə imkan verir. Ölkənin səsvermə hüququna malik təxminən 900 min vətəndaşının 64%-i seçkiyə qatılıb.

Bu seçki Estoniya üçün bir sıra maraqlı məqamları ilə yadda qalıb. Onlardan əsası 101 yerlik Riygikoqun (Estoniya parlamenti) 6 partiya arasında bölünməsidir. Son illərdə parlamentə cəmi 4 partiya düşə bilirdi (bunun üçün partiyalar 5%-lik baryeri aşmalıdır).

Son seçki nəticəsində 13-cü çağırış parlamentə İslahatlar Partiyası (27,7%), Mərkəzçi Partiya (24,8%), Sosial-Demokrat Partiyası (15,2%), Vətən İttifaqı və Res Publica (13,7%), Azad Partiya (8,7%) və Mühafizəkar Xalq Partiyası (8,2%) düşə biliblər. Son iki partiya Riygikoqda ilk dəfə təmsil olunacaq. Parlamentə düşməyə müvəffəq olmuş partiyalardan heç birinin mütləq çoxluğa sahib çıxmaması koalision hökumətin yaradılmasına dair danışıqlara başlanılmasına səbəb olub. Amma artıq bütün son illərdə olduğu kimi, Mərkəzçi Partiyanın koalisiyadan kənarda qalacağı bəllidir. Bu, Estoniyanın rusdilli əhalisi arasında populyar olan siyasi təşkilatdır. Son seçki növbəti dəfə göstərib ki, Estoniya cəmiyyətində eston və rus mənşəlilər arasında parçalanma mövcuddur (1,3 milyon əhalisi olan ölkə sakinlərinin 25%-i ruslardır).

 

Rus amili

Estoniyada rusların bir hissəsi vətəndaşlığı olmadan, "boz pasport"la yaşayır (belə insanların sayı 87,8 min nəfərdir). Bu, həmin pasport sahiblərinə müəyyən mənada sərf edir. Çünki onlar viza almadan həm Avropanın istənilən nöqtəsinə (Estoniya Aİ-nin və avrozonanın üzvüdür), həm də Rusiyaya səfər edə bilirlər. Amma bu insanların seçkilərdə səs vermək, dövlət qurumlarında işləmək imkanları yoxdur. Səbəb onların eston dilini bilməmələridir. Əsas problem də məhz dil problemdir. Çünki Estoniyada vətəndaşlıq almaq üçün dövlət dilindən imtahan vermək tələb olunur. Estonlar bunu dövlətin deyil, rusdillilərin problemi sayır. Çünki ölkədə pulsuz eston dili kursları fəaliyyət göstərir. Bundan başqa, belə insanlar üçün imtahan şərtləri də yüngülləşdirilib - imtahandan keçmək üçün dili danışıq səviyyəsində bilmək kifayətdir. Amma rusdilli əhalinin nisbətən yuxarı yaş qrupuna aid olanlar ideya baxımından boz pasportlarını Estoniya pasportuna dəyişməyə cəhd göstərmirlər. Hər halda, daha gənc, eston cəmiyyətinə tam inteqrasiya etmiş, dövlət dilini öz doğma dillərindən daha yaxşı bilən və özlərini eston sayan etnik rusların sözlərindən belə məlum olur. Onların valideynləri hələ də yarımvətəndaş statusunda qalırlar.

İstənilən halda, hökumət boz pasport sahiblərinin sayını artırmaq niyyətində deyil. Bununla yanaşı, ölkədə orta məktəblərdə rus sektorunda təhsil almaq imkanı da qalır. Amma yuxarı siniflərdə bu şagirdlərə eston dilində bir neçə fənn keçirilir və bu, onların cəmiyyətə tam inteqrasiyasına kömək edir. Estoniyanın təhsil naziri Yevgeni Osinovski rus sektorunda təhsilin səviyyəsinin daha aşağı olduğunu etiraf edir. Nazir Tallinə yollanmış jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ümumilikdə, Estoniyanın orta məktəb təhsili sistemi dünyanın ən yaxşı sistemlərindən biridir. Onun sözlərinə görə, buna əsasən dövlət və bələdiyyə məktəbləri hesabına nail olunub. Estoniyada özəl məktəblər o qədər də populyar deyil.

Yeri gəlmişkən, ölkənin bir çox ali məktəbində də eston dili pulsuz tədris olunur. Yalnız ingilis dilində ali təhsil pulludur, amma bu sahədə də dövlət sifarişi ilə və s. həyata keçirilən çoxsaylı qrant proqramlarına rast gəlmək mümkündür.

Ali təhsil sahəsində sosial-humanitar elmlərə meyillilik hiss olunur. Bununla əlaqədar olaraq, dövlət tələbələrin texniki elmlərə xüsusilə informasiya texnologiyaları sahəsinə cəlbini maliyyələşdirməyə çalışır. 

 

E-estoniya

Ümumiyyətlə, Estoniya elektron cənnət sayıla bilər. Məsələ ondadır ki, estonların bütün həyatı elektronlaşdırılıb. Hər halda, Skype proqramının yaradıcıları arasında 4 eston mühəndisinin olması təsadüf deyil. Skype-ın hələ 2011-ci ildə Microsoft korporasiyası tərəfindən alınmasına baxmayaraq, onun Avropadakı ofisləri arasında ən böyüyü Tallində yerləşir. Dünya miqyasında bu ofis yalnız ABŞ-ın Silikon vadisindəki ofisdən geri qalır. Üstəlik Skype estonlar üçün ən arzulanan iş yerlərindən biri olaraq qalır - burada əməkhaqqı yüksəkdir, iş çox sadədir. İşçilərə ofisə ev heyvanlarını da gətirmək, kompyuter oyunları oynamaq imkanı verilir. Ofisdə kiçik sauna da fəaliyyət göstərir. Bununla yanaşı, şirkətin Tallin ofisinin təxminən 450 işçiyə rəhbərlik edən direktorunun ayrıca kabineti yoxdur. O, işçilərilə birlikdə oturur, yeni məhsulların istifadəyə verilməsi zamanı meydana çıxan problemlərin həllində onlara bilavasitə köməklik göstərir.

Ümumiyyətlə, Estoniya dünyada İnternet azadlığı sahəsində ikinci yerdədir. Faktiki olaraq, estonlar həyatlarının bütün sahələrində İnternetin verdiyi üstünlüklərdən istifadə edirlər. Onlar bunu elektron imza əsasında işləyən eyniləşdirmə kartı (ID kart) vasitəsilə edirlər. Estoniya vətəndaşlığından asılı olmayaraq, bütün sakinləri ID karta sahibdir. Estonlar deyirlər ki, onlar bu kart vasitəsilə İnternetdə istənilən əməliyyatı yerinə yetirə bilirlər. Burada yalnız mənzil alqı-satqısı və boşanma istisnadır. ID kart insanlara təxminən 1000 dövlət qurumunun 2600 elektron xidmətindən yararlanmaq imkanı verir. Buraya elektron formada seçkidə iştirak da daxildir. Yalnız son parlament seçkisində səsverməyə qatılanların üçdə biri seçimini elektron formada edib. Hökumət əhalinin elektron xidmətlərdən istifadəsi üçün son dərəcə ciddi stimullaşdırıcı addımlar atır. Məsələn, vergi bəyannaməsinin elektron formada verilməsi verginin artıq ödənilmiş hissəsinin cəmi bir neçə gün ərzində geri qaytarılmasını şərtləndirir. Vergi bəyannaməsinin yazılı şəkildə verilməsi halında bu, 6 ayadək uzana bilər. Estoniyiada vergi ödənişində avans sisteminin qüvvədə olduğunu nəzərə alsaq, vergi bəyannaməsinin elektron şəkildə doldurulması hər kəsə sərf edir. Bundan başqa, ID kart sahiblərinin müxtəlif məqsədlər üçün etdikləri bütün ödəmələr sonda bəyannamədə əksini tapır və vergi ödəyicisi üçün onun dəqiqliyini yoxlamaq və vergi orqanına göndərmək kifayətdir. Nortal IT şhirkətinin idarə heyətinin üzvü Oleq Şvaikovskinin sözlərinə görə, hazırda Estoniyada bəyannamələrin doldurulması tezliyilə bağlı yarış gedir və bu müddət təxminən 90 saniyədir.

Yeri gəlmişkən, o, Azərbaycanın e-hökumətin yaradılması sahəsindəki səylərini də yüksək qiymətləndirib. Şvaikovski bildirib ki, bu işdə Azərbaycan Estoniyanın təcrübəsindən fəal şəkildə istifadə edir və artıq əsas məqsədlərə nail olub. Onların arasında elektron imzanın tətbiqi, qurumlararası əlaqələr bazasının yaradılması və s. var. Yeri gəlmişkən, bu şirkət Azercell-də tətbiq edilməsi məqsədilə TeliaSonera üçün layihə hazırlayır.

Estoniya digər ölkə vətəndaşlarına virtual vətəndaşlıq da təklif edir. Bu, xüsusilə sahibkarlara sərf edir. Çünki bu halda onların Estoniyada, həmçinin Avropa İttifaqının digər ölkələrində öz şəhərlərini tərk etmədən biznes qurmaları xeyli yüncülləşir.

Estoniya bütün bunlara kifayət qədər qısa müddətdə - 2000-ci ildən keçən dövrdə nail olub. Bu bazarın inkişafında əsas rolu dövlətin hər il ÜDM-in 1-%-ni investisiya kimi IT sahəsinə yönəltmək qərarı oynayıb. Bu, bütün dövlət qurumlarının və məktəblərin internetləşdirilməsinə, ölkənin bütün ərazisinin yüksək sürətli və ucuz İnternetlə təmin edilməsinə imkan verib. İndi Estoniyanın hədəfi 2018-ci ilədək hər evdə İnternetin sürətini saniyədə 100 Mbit-ə çatdırmaqdır. Bütün bunların sayəsində Estoniya sakinləri dövlət xidmətlərindən istifadə zamanı bürokratiyanın, gecikmənin nə olduğunu bilmirlər.

 

İqtisadiyyat və turizm

İqtisadi inkişaf baxımdan Estoniya avrozonanın ən firavan üzvlərindən olsa da (son 5 ildə ÜDM-in inkişafı 0,8-7,6% arasında tərəddüd edir, xarici borc ÜDM-in cəmi 10%-i həddindədir və bu, Aİ-də ən yaxşı nəticədir, işsizliyin səviyyəsi 7,7% təşkil edir), həyat səviyyəsi hələ də Avropa normalarından geri qalır. Ölkədə orta aylıq əməkhaqqı təxminən 1000 avrodur. Bunun təxminən 200 avrosu kommunal xidmətlərə gedir. Üstəlik, Estoniyada qiymətlər ucuz deyil.

Digər yandan, dövlət aşağı əməkhaqqı ilə bağlı vəziyyətin həlli üçün tədbirlər görür. Xarici Ticarət və Sahibkarlıq Nazirliyinin nümayəndəsi Mariya Vyartonun sözlərinə görə, qarşıdakı illərdə əsas diqqət istehsalatda əlavə dəyərin artımına yönəldiləcək və bu, texnoloji məhsulların ixracının artırılmasına imkan verəcək. Nəticədə əməkhaqlarının artırılmasına, işçi qüvvəsinin Finlandiya, İsveç kimi yaxın ölkələrə axınının qarşısının alınmasına kömək edəcək.

Yeri gəlmişkən, istehsalat potensialı haqqında. Estoniyada aqrar-sənaye kompleksi kifayət qədər yaxşı inkişaf edib. Ölkə böyük həcmdə balıq və süd məhsulları ixrac edir. Estoniya Aİ-nin üzvü kimi Ukrayna böhranı ilə əlaqədar sanksiyalarla üzləşsə də, onların ölkəyə təsiri azdır - ixrac cəmi 0,7% azalıb. Estoniyanın kənd təsərrüfatı naziri İvari Padar bildirir ki, Rusiyanın sanksiyaları Aİ iqtisadiyyatında əsasən südçülük sahəsində ciddi təsir göstərib. Nəticədə südün qiyməti maya dəyərindən də aşağı düşüb. Amma bununla əlaqədar olaraq, Estoniya yeni bazarlara çıxmaq üçün variantlar hazırlayır. Potensial bazarlar arasında Çin, Hindistan və Yaponiya da var. Xarici Ticarət Nazirliyində balıq və süd məhsullarının tədarükü baxımından Azərbaycan bazarının vəziyyətilə də maraqlanıblar. Onlar Azərbaycandan meyvə və tərəvəz idxalı imkanlarını da nəzərdən keçirirlər.

Estoniyada turizm sahəsi unudulmur. Ən dağıdıcısı İkinci Dünya müharibəsi olmaqla, çoxsaylı müharibələr yaşamasına rəğmən, Tallinin özü orta əsrlərə aid qotik memarlıq üslubunda şəhər koloritini qoruyub saxlaya bilib. Qədim şəhər Şimali Avropanın orta əsrlərə aid ən yaxşı qorunub saxlanılmış mərkəzi sayılır.

Yeri gəlmişkən, Müqəddəs Olafa kilsəsi XVI əsrdə Avropanın ən uca binası sayılıb. Onun əsas qülləsi şpili ilə birlikdə 159 metr hündürlüyündədir. Lakin sonralar binada baş vermiş yanğın onun damının bir hissəsini məhv edib və bu rəqəm 123-ə düşüb. Hazırda Tallində bu qüllədən uca binanın inşası qadağandır.

Tallində paytaxt sakinləri üçün ictimai nəqliyyatdan istifadə tamamilə pulsuzdur. Üstəlik ictimai nəqliyyat şəbəkəsində böyük avtobuslarla yanaşı, tramvaylar və trolleybuslar da yer alır.

Estoniyanın yay paytaxtı cənubda yerləşən Pyarnu şəhəri sayılır. O, Riqa körfəzi sahilindədir. Orta əsrlərə aid bu kiçik şəhər XIII əsrdə tikilib. Yay mövsümündə şəhərdə əhalinin sayı 40 mindən 120 minədək artır. Bu, əsasən Finlandiya, İsveç, Rusiya, Latviya, Litva və digər ölkələrdən axışan tursitlərin hesabına baş verir. Pyarnu yalnız əla çimərliyilə deyil, həm də tibbi turizmi ilə məşhurdur. Orada müalicəvi palçıq turistləri cəlb edən əsas cəhətlərdəndir. Qeyd etmək lazımdır ki, Pyarnudakı sanatoriya kifayət qədər rəqabət qabiliyyətli məkandır - bir nəfər orada 1 gün qalmaq üçün (gündə 3 dəfə yemək və müalicə proseduru daxil) qışda 50, yayda 80 avro ödəməlidir. 

 

Sadə estonlar

Estoniyanın əsas var-dövlətisə, əlbəttə ki, insanlarıdır. Onlarda düzlük, təmizlik hissi əsasdır və heç zaman heç bir kəsin ağlından sizi aldatmaq keçməz. Bu düzlük həyatın bütün sahələrinə yayılıb. Məhz bunun nəticəsidir ki, Estoniya şəhərlərində polis əməkdaşları ilə qarşılaşmaq demək olar ki, mümkün deyil. Amma insanların sadə yaşamasına rəğmən, hər kəsin üzündə təbəssüm var.

Estonları fərqləndirən cəhət sadəlik və təvazökarlıqdır. Məsələn, Bakıdan getmiş qrup parlament seçkisindən sonra Sosial-Demokrat Partiyasının seçkisonrası toplantısında iştirak edib. Ölkədə səslərin sayılması prosesini hər partiya bir restoranda izləyir. Toplantıya qatılmış partiyanın nazir təmsilçiləri - təhsil, müdafiə və kənd təsərrüfatı nazirləri özləri azərbaycanlı jurnalistlərin yanında əyləşərək onların suallarını həvəslə cavablandırırdılar. Əlbəttə ki, bu işdə Baltika Kino və Media Məktəbinin direktoru Katrin Saksın da rolu böyük idi. Yeri gəlmişkən, o, bunadək deputat və nazir olmağa da macal tapıb.

Estonlarla bütün söhbətlərdə xalqın bu qədər arzulanan müstəqilliyi əldə etməsindən fəxr duyduğu, onu var qüvvələrilə qorumağa hazır olduqları hiss olunur.

Və heç bir lənglikdən, tormozlaşmadan söhbət gedə bilməz - məgər Skype-ı yaratmıq və az qala, dünyada ən yaxşı elektron hökumət sisteminə malik xalq tormozlaşmış ola bilərmi?!



MƏSLƏHƏT GÖR:

850