SAĞLAM DÜŞÜNCƏNİN TƏNTƏNƏSİ?
Ermənistanın ilk prezidenti Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına tərəfdardır
Müəllif: NURANİ Bakı
Ermənistanda 2008-ci il martın 1-də baş vermiş faciəvi hadisələrin növbəti ildönümü qeyd olunub. 7 il əvvəl, fevralın 19-da Ermənistanda kobud saxtakarlıqla, seçicilərə, müxalifət fəallarına ciddi təzyiqlə müşahidə olunan prezident seçkisi keçirilmişdi: seçki boyunca müxalifət partiyalarından olan müşahidəçilər, o cümlədən qadınlar bilavasitə seçki məntəqələrində döyülürdü, onları saçlarından tutaraq sürüyürdülər. Ermənistan Mərkəzi Seçki Komissiyasının Serj Sarqsyanı cüzi səs üstünlüyü ilə qalib elan etməsi isə hadisələrin dramatik xarakter almasına yol açmışdı. Artıq fevralın 20-si axşam İrəvanın Teatr meydanında Ter-Petrosyan tərəfdarlarının izdihamlı mitinqi başlamışdı. Meydana toplaşanlar Ukraynadakı ilk "narıncı inqilab"ın ssenarisini təkrarlamaq, yeni seçkinin keçirilməsinə nail olmaq əzmlərini bəyan edirdilər. Hətta ilkin olaraq onlar sanki uğur da qazanırdılar. Mitinqdə çıxış edənlər dönüşə nail olduqlarını, qələbənin uzaqda olmadığını, rejimin "təslim olmasına az qaldığını" bildirir, polis isə hətta axtarışda olmasına rəğmən, mitinqdə çıxış edən Nikol Paşinyanı saxlamağa cəhd belə, göstərmirdi. Lakin martın 1-nə keçən gecə nümayişçilərə hücum başladı. Üstəlik mitinqçilərin üzərinə polis deyil, Qarabağdan gətirilmiş erməni xüsusi təyinatlıları göndərildi. 10 mindən artıq insanın toplaşdığı meydan bir andaca ən sərt formada "təmizləndi". Lakin bir neçə saat sonra mitinq yenidən başladı - bu dəfə insanlar bir neçə səfirlik binasının yerləşdiyi yolayrıcına toplaşdılar. Burada ssenari daha sərt idi - yandırılmış polis "UAZ"ları, talan edilmiş mağazalar, nəhayət, nümayişçilərin güllələnməsi. Nəticədə 8 nəfər yerindəcə həlak oldu, daha 2 nəfər isə sonradan xəstəxanada dünyasını dəyişdi. Ən azı 200 nəfər yaralandı. Hadisələrdən keçən 7 ildə aparılmış istintaq isə heç bir nəticə vermədi.
Erməni Milli Konqresi (EMK) müttəfiqlərilə birlikdə hər il 1 mart hadisəsi qurbanlarının xatirəsinin yad edilməsi üçün mitinq keçirir. Builki mitinqdə çıxış edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan meydana toplaşanları martın 1-ni həmin gün dünyasını dəyişmiş insanların anım günü və dövlət terroruna, təzyiqinə qarşı ümumxalq etirazı günü elan etməyə çağırıb. "Hətta 1000 il sonra belə, günahkarların cəzalandırılması zamanı biz buraya, Azadlıq meydanına toplaşacağıq. Unutmaq bağışlamaq deməkdir. Bağışlanan cinayətlərin isə yeni cinayətlərə yol açdığı məlumdur", - deyə EMK lideri qeyd edib.
Ter-Petrosyanın digər bəyanatı isə daha çox diqqət çəkib. O, İrəvanın bu günlərdə "erməni soyqırımı"nın 100-cü ildönümünün yaxınlaşması ilə əlaqədar qəbul etdiyi "Ümumerməni bəyannamə"sini yenidən tənqid edib. Müxalifət lideri hesab edir ki, bu sənədin Ermənistan üçün acı nəticələri olacaq. Onun fikrincə, bəyannamə bütün məlum elementlər üzrə tələblərin irəli sürülməsini nəzərdə tutan xarici siyasətin əsasını qoyur. Söhbət Türkiyənin "erməni soyqırımı"nı tanıması və pisləməsindən, 1915-ci ildə Osmanlı İmperiyasında yaşamış ermənilərin varislərinə maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsindən, şəxsi və icma (kilsə) mülkiyyəti hüququnun bərpasından, həmçinin Sver müqaviləsi və ABŞ prezidenti Vudro Vilson tərəfindən cızılmış sərhədlər çərçivəsində Ermənistan ərazisinin genişləndirilməsindən gedir. Ter-Petrosyan deyib: "Fikrimcə, bu sərt dönüşün hansı fəsadlara yol aça biləcəyini proqnozlaşdırmaq çətin deyil. Bəyannamə bizi faciəvi olmasa da, ən azı ciddi problemlərlə qarşılaşdıracaq. Söhbət xarici dünya ilə münasibətlərdə yaranacaq problemlərdən gedir. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə müəyyən maneələr yaradacaq. Düzgün hesablanmamış bu sənəd nəticəsində nəinki beynəlxalq birliyin Ermənistana rəğbətini artmayacaq, hətta Ermənistan dost ölkələrin köməyindən məhrum olmaq riski ilə də üz-üzə qalacaq".
Levon Ter-Petrosyan xatırladıb ki, o, "Qarabağ məsələsinin sülh danışıqları çərçivəsində təbii kompromislər yolu ilə həllini mümkün hesab edib", "Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün ardıcıl mövqe nümayiş etdirib". Müxalifət lideri indi də o fikirdədir ki, "Ermənistan-Türkiyə münasibətləri normallaşdırılmadan, Dağlıq Qarabağ münaqişəsi çözülmədən, Ermənistanın iqtisadi inkişaf, çətin regionda təhlükəli şəraitdə yaşamaq perspektivi yoxdur".
Levon Ter-Petrosyanın bu fikirlərinin doğruluğuna şübhə yoxdur. Üstəlik Ermənistanın birinci prezidenti bu fikirləri ilk dəfə işlətmir. Məhz o, hələ 1997-ci ildə "Müharibə, yoxsa sülh? Düşünmək vaxtıdır" adlı açıq məktubla çıxış etmiş, ilk dəfə Azərbaycanla qarşılıqlı şəkildə qəbul edilə biləcək kompromislərə açıq çağırış etmiş, gələcəkdə regionda qüvvələr nisbətinin Ermənistanın əleyhinə dəyişəcəyinə dair xəbərdarlıq səsləndirmişdi. O zaman Ter-Petrosyan "Nə qədər ki, Qarabağ var, Ermənistan yaxşı yaşaya bilməyəcək" xəbərdarlığını da etmişdi. Məhz bu mövqeyi üzündən L.Ter-Petrosyan 1998-ci ilin yazında "mülayim çevriliş" vasitəsilə Ermənistan prezidenti postundan devrilmişdi.
"Ümumerməni bəyannaməsi" də Ermənistanın ilk prezidenti tərəfindən ilk dəfə tənqid olunmur. Hələ fevralın ortalarında o, məqalə yazaraq bu sənədlə bağlı bir çox qüsurları ortaya qoymuşdu. Ter-Petrosyan ilk növbədə bu sənədi hazırlamış qurumdan - "erməni soyqırımı"nın 100-cü ildönümünə hazırlıqla məşğul olan Tədbirlərin Əlaqələndirilməsi üzrə Dövlət Komissiyasından narazıdır. Müxalifət lideri hesab edir ki, komissiyanın bəyannamənin mətnində olduğu kimi, "erməni xalqının vahid iradəsini ifadə etməyə" ixtiyarı yoxdur. Ter-Petrosyanın fikrincə, 1915-ci il hadisələrini "soyqırımı" kimi tanımış ölkələrə və təşkilatlara minnətdarlığın edilməsi "erməni xalqını alçaldılmış duruma salan açıq provinsializmdir". Bununla yanaşı, L.Ter-Petrosyan hesab edir ki, "bəyannamənin elə həmin maddəsində Türkiyə Respublikasının Osmanlı İmperiyası tərəfindən həyata keçirilmiş "erməni soyqırımı"nı tanımağa və pisləməyə, öz tarixinə açıq gözlə baxmağa, saxtakarlıqdan və faktları inkar etməkdən əl çəkməyə çağırılması cəfəng və qeyri-ciddi addımdır". Bu, Türkiyəyə ultimatumdan başqa nədir? Üstəlik, söhbət çox keyfiyyətsiz ultimatumdan gedir. Çünki burada vacib komponentə rast gəlinmir: irəli sürülmüş tələblər yerinə yetirilməsə, qarşı tərəfi nə gözləyir? ""Erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı ümumerməni bəyannaməsi" kimi vacib sənəddə belə diqqətsizliyə yol verilməsi biabırçılıqdır.
Ermənistan üzləşdiyi iqtisadi problemləri "blokada"nın boynuna atmağa vərdiş edib. Bu zaman ermənilər "blokada"nın elə İrəvanın öz siyasətinin nəticəsi olduğunu demir. Ekspertlərin fikrincə, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi Ermənistan üçün yalnız iqtisadi itkilər vəd etmir. Bu, həm də müharibənin başlaması riskdir. Hərbi əməliyyatlar bərpa olunarsa, bu, 90-cı illərin ilk yarısında, daha dəqiqi, 1994-cü ilin qışında Horadizin erməni işğalçılarından təmizlənməsilə nəticələnmiş əməliyyatın "təkrarı" olacaq. Ərazi iddiaları hər zaman real müharibə riski yaradır - bu dəfə yalnız Azərbaycanla deyil, həm də NATO üzvü olan, ordusunun qüdrətinə görə Avropada Rusiyadan sonra ikinci, NATO-da isə ABŞ-dan sonra ikinci dövlət sayılan Türkiyə ilə. Ermənistanın birinci prezidentinin haqlı olduğuna şübhə yoxdur.
Amma bu gün Ermənistanda onun "sülh partiyası"nı təmsil edən yeganə siyasətçi olduğu da bəllidir. Bundan başqa, nə qədər məntiqə zidd olsa da, onun bəyanatı hətta ictimaiyyət arasında gözlənilən diskussiyanı da yaratmayıb. Yəqin ki, bunun əsas səbəbi rəqiblərinin L.Ter-Petrosyanın söylədiklərinə qarşı əks-arqumentlər tapa bilməməsidir. Onunla razılaşmaq isə bugünkü Ermənistanda çox təhlükəlidir. İrəvanda birinci prezidentin xəbərdarlıqlarını sadəcə "eşitməməyə" üstünlük veriblər. Demək, Ermənistanda sağlam düşüncənin qələbəsinə hələ çox var.
MƏSLƏHƏT GÖR:

764

