14 Mart 2025

Cümə, 21:47

BİRLİK, İMAN VƏ HUMANİZM

Müsəlmanlar Islam dünyasının ən möhtəşəm bayramı - Qurban Bayramına hazırlaşırlar

Müəllif:

15.11.2009

Noyabrın sonunda bütün dünya müsəlmanları Qurban Bayramını qeyd edəcəklər. Qurban Bayramı müsəlmanların Məkkəyə ziyarət mərasiminin bir hissəsidir. O, Hicri təqviminin 12-ci ayının 10-cu günündə qeyd olunur. Qurban Bayramı İslamın nəcib ideallarını - başqa dinlərə hörmət göstərmək, insanlara kimliyindən və nəçiliyindən asılı olmayaraq qayğı və mərhəmət hissləri aşılamaq, hamıya  xoşbəxtlik arzulamaq, imkansızlara əl tutmaq, Allahın birliyinə böyük inam bəsləmək ideallarını özündə təcəssüm etdirir. Bu bayram islam ölkələrində üç gün çəkir.

Onun mahiyyəti təkcə qurban kəsib imkansızlara paylamaqdan ibarət deyil. Qurban Bayramının dərin mənəvi kökləri vardır. Qurban kəsilən heyvanların nə qanı, nə də ki əti Böyük Tanrıya lazım deyildir. Bütün bunlar insanların özləri üçün edilir. Qurban kəsməyin özü insanın mənəvi cəhətdən inkişafının sübutudur. İslamda  mərhəmətə  xüsusi önəm verilir. Lakin qurban ətinin əvəzini pul ilə ödəmək məsləhət görülmür. Ona görə ki, pul, hətta günah işlərin baş tutmasına da xərclənir. Elə bu səbəbdən Orucluq Bayramında  ərzaq məhsulları, Qurban Bayramında isə ət paylanır. Allah-Taala qurban kəsənlərin günahlarını bağışlayır, insanların ruhən təmizlənməsi onları Tanrının dərgahına yaxın edir.

Qurban Bayramı cəmiyyətdə həmrəyliyin güclənməsi ilə bərabər, həm də milli birliyin rəmzi kimi dəyərləndirilir. Qurban Bayramı müsəlmanların  Allah və din yolunda, xoş əməllərin yaşanması, humanizm, milli-dini dəyərlərin qorunub-saxlanılması və qardaşlıq hisslərinin  güclənməsi  naminə fədakarlıqlara hazır olduqlarını təcəssüm etdirir. 

Qurban Bayramının çoxəsrlik ənənələri Böyük Tanrının Peyğəmbəri İbrahimin  adı ilə bağlıdır. İbrahim Peyğəmbərin  başına gələn əhvalatlardan Qurani-Kərimin 6-cı «Əl-Ənam» surəsinin 76-cı ayəsində bəhs olunur. Onu oxuyanlarda İbrahim Peyğəmbərin bütpərəstləri inama gətirmək  üçün işlətdiyi  kəskin ağlı, mətanəti və  inam sarsılmazlığı, qürur hissi doğurur.

İslamın böyük üləmalarının Quran təfsirlərində bu əhvalat belə şərh edilir: Böyük Allahın vacib tapşırığını yerinə yetirən İbrahim Peyğəmbər bütpərəstləri yanlış inamlarından döndərib  bir olan Tanrıya sitayiş yoluna döndərmək üçün təşəbbüslər edir. Haqq-Taala İbrahim Peyğəmbərin inamını daha da möhkəmləndirmək üçün  onu imtahana çəkir  və yeganə oğlu İsmayılı Allah yolunda qurban verməyi buyurur. İbrahim Peyğəmbər  Tanrının bu tapşırığına dərhal əməl etmək qərarına gəlir. Bu dəmdə İsmayılın yanında insan  görünüşündə zühur  edən şeytan  onu dilə tutmağa başlayır ki, atasının sözünə baxmasın. İsmayıl şeytanın sözünə əhəmiyyət verməyib, atasının yanında Böyük Allahın göstərdiyi qurbangah yerinə  tərəf  irəliləyir. Ata  və oğul  qurbangaha çatanda şeytan yenidən İsmayıla yaxınlaşıb  onu atasının sözünə baxmamağa  təhrik edir. İbrahim Peyğəmbər şeytan onun oğlunu qəti fikrindən döndərməyə  çalışdığını biləndə, dərhal  İsmayıla  şeytana daş  atmağı tapşırır.  Ata bıçağı götürüb oğlunun boğazını kəsmək  istəyəndə  Allah  Cəbrayıl məlaikə  buyurur ki, «Mənim  bəndəmin  yanına tələs və tapşır ki,  mənim yolumda  yeganə oğlunu qətlə yetirməsin. İndi inandım ki, İbrahim mənim itaətimdən çıxan deyil və ona görə də oğlunun başını kəsməyə hazırdır». Cəbrayıl  dərhal yerə enib İsmayılın boğazına dirənən bıçağın tiyəsini kütləşdirir. Bir qədər özünə gələn İbrahim Peyğəmbər baxıb görür ki,  Cəbrail qurbanlıq qoyun gətirir. Sevincini gizlədə bilməyən ata  bərkdən qışqıraraq, «Allahdan başqa Allah yoxdur. Allah böyükdür!».

Qurban Bayramı İslamın beş sütunundan biri olan Məkkə ziyarəti ilə əlaqədardır. Məkkədə əsas müqəddəs  ziyarətgah yeri bozrəngli daşdan tikilmiş kubşəkilli binadır. Kəbənin çöl tərəfdən qara parça örtüyü vardır. Bu örtük hər il Misirdə toxunur və  Müqəddəs Şəhərə gətirilir. Zəvvarların gəlməsinə az qalmış  qara  örtük ağ örtüklə əvəzlənir və ziyarət ayının axırında  Kəbəyə təzə qara örtük çəkirlər. Köhnə parçanı isə  hissələrə bölüb təbərrük kimi  paylayırlar. 

Binanın şərq küncündə divara «Qara Daş» (ərəbcə “Həcərül-əsvəd)  hörülmüşdür. Həmin Daş Kəbədə əsas sitayiş  obyektidir.  Qara Daş əvvəllər  ağ yaqutdan ibarət olmuş, deyilənlərə görə, sonralar adamların  günahları ucbatından qaralmışdır. Adəm Peyğəmbər Cənnətdən qovulandan sonra, Allahın iradəsi ilə ilk binanı həmin daşın üstündə tikmişdir. Tufan qoparaq bu yerləri su basandan sonra  Kəbə dağılmışdır. İbrahim və oğlu İsmayıl  Allahın buyuruğu ilə binanın qədim bünövrəsini taparaq üstündə Kəbənin yeni binasını  tikmişlər. Bina hazır olandan sonra İbrahim və İsmayıl cənab Cəbrayılın  göstərişi ilə  binanın başına yeddi dəfə dolanmış, iki dəfə diz çöküb  dua oxuyaraq  sitayiş etmiş, daha sonra yeddi dəfə Səfa və Mərvə  təpələri arasında yüyürmüş, Mina vadisində şeytana daş atmışlar. Müqəddəs İbrahim Həzrət Cəbrayıldan bütün Həcc mərasimlərini mənimsədikdən sonra, Allahdan bütün adamları Kəbəyə sitayiş üçün yığmaq tapşırığı alır. İbrahim Peyğəmbər bütün gələnlərin onu yaxşı eşidə bilmələri üçün  Kəbə yanındakı ən hündür daşın üstünə qalxıb  dörd tərəfə  müraciət edərək deyir: «İnsanlar! Hamınızın qədim məbədə sitayiş üçün gəlməyinizə sərəncam verilib. Allahınızın sözünə əməl edin!». Bu zaman hər tərəfdən hay verərək deyirlər: «Ləbbeykə, Allahummə, ləbbeykə» (yəni  «Mənim Tanrım Sənin qarşındayam, Sənin xidmətindəyəm») .

İbrahim Peyğəmbərin Allaha olan böyük sevgisi  nəticəsində öz oğlunu Böyük Tanrı yolunda qurban vermək rəşadətini yüksək qiymətləndirən müsəlmanlar Allaha sitayişlərini sübuta yetirmək məqsədilə hər il qurbanlıq heyvan  kəsmək mərasimi keçirirlər. Hesab olunur ki, kəsilən qurbanlıq heyvanın ilk qan sıçrantısı görünən kimi, mərasim keçirən adamın əvvəlki günahları  bağışlanır. 

Bayram günü gün çıxandan, təqribən, 40 dəqiqə sonra müsəlmanlar məscidə sübh namazına toplaşırlar. Sübh namazından sonra dindarlar  evlərinə qayıdır və küçədə, yaxud həyətlərdə yığışaraq birlikdə Allahı «Allahu-Əkbər» deyə mədh edirlər. Buna təkbir deyilir. Bu mərasimdən sonra onlar məscidə, yaxud namazgah deyilən meydançalara toplaşırlar. Mollanın duasından sonra  müsəlmanlar  qurbankəsilmə mərasiminin icrasına başlayırlar.

Qurban kəsilən heyvanı başı qibləyə tərəf olmaqla sol böyrüüstə yerə yıxır, çox zaman ağzına nabat qoyur və sonra da çıxarırlar. Həmin nabat xoşbəxtlik gətirən şirniyyat kimi dəyərləndirilir.

Qurban olaraq ancaq dəvə, inək, öküz, kəlçə, qoyun və keçi  kəsilə bilər. Qurbanlıq dəvə və inək  bir nəfərdən yeddi nəfərədək  adam tərəfindən alınıb kəsilir. Qoyun və keçinin isə bir nəfərin adına kəsilməsinə  icazə verilir. 

Qurbanlıq heyvanlardan  qoyun və keçi azı birillik, kəlçə və inək ikiillik, dəvə azı beşillik olmalıdır.

Ancaq sağlam heyvanlar qurban kəsilməlidir. Çox arıq heyvanları da qurban kəsmək yolverilməzdir. Qurban kəsilən zaman heyvanların  birini digərinin qabağında kəsmək, yaxud bıçağı heyvanın görməsinə  yol vermək günah sayılır.  Qurbanlıq heyvanı incitməmək üçün onu  yaxşı itilənmiş bıçaqla kəsmək lazımdır. Qurban kəsdirən şəxs  Məhəmməd hümməti olmalıdır.  

Heyvan ölməmişdən başını bədənindən ayırmaq, dərisini soymağa başlamaq məsləhət deyildir. 

Qurbanı  kəsən adam qəsdən «Bismillah» deməsə,  həmin heyvanın ətini yemək olmaz. Qurban kəsən şəxs  onun ətini bölüb yeddi qapı-qonşuya paylamalıdır. Bu ənənə adamlarda yaxınlarına qarşı  mərhəmət hissləri tərbiyə edir. Bayram günü yas saxlamaq,  ölmüş adamları üçün ağlayıb-sıtqamaq olmaz. Bu Müqəddəs Bayram ərəfəsində qohum-əqrəba ilə hal-əhval tutmaq, valideynləri başa çıxmaq, dindarları bu xoş gün münasibətilə təbrik etmək, yaxınların ruhlarına Quran oxutmaq, kasıb-kusuba nəzir-niyaz paylamaq kimi xoş əməllər  etmək vacib şərtlərdəndir. 


MƏSLƏHƏT GÖR:

572