14 Mart 2025

Cümə, 21:47

QORXAN GÖZƏ ÇÖP DÜŞƏR

Azərbaycanda А/Н1N1 virusu epidemiyası təhlükəsi yoxdur

Müəllif:

15.11.2009

Azərbaycana A/N1N1 virusu iyulda, iki nəfər xəstə qeydə alınanda gəlib. Sonra daha iki nəfər oktyabrda, qalanları isə noyabrda aşkar olundular. Beləliklə, bizim məlumat aldığımız zaman Azərbaycanda A/H1N1 virusu ilə yoluxmuşların sayı 14 nəfərə çatdı, onların çoxu başqa ölkələrdən geri qayıtmış Azərbaycan vətəndaşları və onların yoluxdurduğu insanlar idi, bir nəfər isə Böyük Britaniya vətəndaşdır. Həkimlər bildirirlər ki, xəstələrin durumu qənaətbəxşdir. 

Amma "donuz qripi"nin ətrafında ajiotaj öz zirvəsinə çatıb, insanlar qoruyucu maskalarda gəzməyə başlayıblar ki, bu da bizim mentalitet üçün yetərincə qəribə haldır. Səhiyyə Nazirliyi isə valideynlərə uşaqları məktəbə maskasız göndərməməyi, onları evdən çölə buraxanda da maska geyindirməyi tövsiyə edib. 

A/N1N1 virusu ətrafında dünyada müşahidə olunan panika əminliklə demək olar ki, artıq öz işini görüb. Əgər əvvəllər adi qripdən yoluxmalara və ölümlərə fikir verilmirdisə, amma 1947-ci ildə qeydə alınan və bir qədər də mutasiyaya uğrayan A/H1N1 virusu ilə bağlı indi yalnız tibb müəssisələrində deyil, həm də mətbuatda böyük yer ayrılır. Burada adi H1N1 qripinin yaxın qohumu olan, amma onun kimi adamdan-adama keçməyən məşhur H5N1 virusunu, yəni "quş qripi"ni xatırlamaq yerinə düşər. Bəlkə bir qədər yaxşı düşünək? Rusiyanın baş sanitar həkimi Gennadi Onişenkonun fikrincə, ümumiyyətlə, mövcud olmayan "donuz qripi" virusunun yayılması ətrafında qaldırılan panika dünya əczaçılıq şirkətləri üçün çox əlverişli bir hadisədir. Belə ki, qoruyucu yaşmaq və qripə qarşı dərman preparatları satışlarının səviyyəsi kəskin şəkildə artıb, həmin dərmanların çoxunu "donuz qripi"nə yoluxma halında istifadə etmək olmaz. Amma heç kim bunun fərqinə varmır. 

"Təkcə xəstələnməyim" - deyən insanlar apteklərdən antiqrip maskalarının yoxa çıxdığını deyirlər. Yeri gəlmişkən, Bakıda maskaların qiyməti 10 qəpikdən 3 manata qədər qalxıb və hər şeyi almağa hazır olan insanların qorxu hissindən sui-istifadə edərək varlanmağa çalışan cinayətkar "işbazların"  bu hərəkətinə sadəcə, heyrətlənməmək mümkün deyil. Nə etmək olar? Onların bu əməli A/H1N1 virusu ətrafında qaldırılmış qlobal ajiotajla müqayisədə uşaq şıltaqlığına bənzəyir. Bu ajiotaj yalnız əczaçılıq firmalarının deyil, "donuz qripi"nə qarşı sınaqdan çıxarılmamış zərdabların istehsalı ilə məşğul olan ölkələrin də varlanması məqsədini daşıyır. Avropa ölkələri, Rusiya, eləcə də digər əksər ölkələrin hökumətləri və beynəlxalq humanitar təşkilatlar virusun yayılmaması üçün xəbərdarlıq məqsədilə böyük pullar ayırırlar. Bunu maliyyə böhranından çıxmaq üçün vaxtında edilmiş çoxuduşlu kampaniyadan başqa nə saymaq olar? Baş verənlərin fonunda belə bir sual yaranır: ümumiyyətlə, A/H1N1 virusu nə olan şeydir? Ölümcül pandemiya, yoxsa əczaçılıq firmalarının PR kampaniyası? Bəlkə, sadəcə, kollektiv panikadır? Yeri gəlmişkən, sonuncu daha ağlabatandır. Çünki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, adi mövsümi qrip hər il dünya üzrə iki yüz əlli mindən beş yüz minə qədər insanın ölümünə səbəb olur, ona yoluxanların sayı isə üç milyondan beş milyona qədər dəyişir. Və çoxları artıq yavaş-yavaş başa düşməyə başlayırlar ki, "donuz qripi", sadəcə, immuniteti zəif olanların ölümünə səbəb ola bilər. Onda bəlkə qrip virusunun nə olduğunu, onun qorxulu və  adi tərəflərini araşdırmaq daha yerinə düşərdi?       

 

Qrip özü nədir? 

Ən yaddaqalan qrip pandemiyası "ispanka"dır, mərhələlərlə tüğyan etdiyi 1918-1920-ci illərdə,  yayılmağa başladığı ilk 25 həftə ərzindəcə  bütün Yer kürəsi üzrə 25 milyona qədər insanın həyatına son qoydu. Özü də bu, qeyri-dəqiq məlumatdır, onda dünyanın bir çox ölkələrində, ümumiyyətlə, hesablama aparılmırdı, o zaman  milyarddan artıq insan qripə tutulubmuş. Ölüm faizi isə ancaq qeydə alınmış (qeyd olunmayan ölüm faktları isə bura daxil deyil)  məlumatlara görə, 3%-dən 7%-ə qədər təşkil edirdi. Ölümlə nətiəcələnmə faizinin elə də yüksək görünməməsinə baxmayaraq, xəstəliyin kütləviliyi dəhşət doğururdu. 1933-cü ildə qrip virusu epidemiya dalğasının gedişində rəsmi olaraq açılıb və təsvir edilib. Həmin vaxtdan bəri insanlar bu virusun necə işlədiyini və nə qədər təhlükəli ola biləcəyini anlayırlar. 

Hər şeydən öncə qeyd edək ki, qriplər üç tipə - A, V və S tiplərinə bölünürlər. Məhz A tipi pandemiya yaradır, V-yə nadir hallarda rast gəlinir, "sadəcə" epidemiyalar yaradır, S tipi ilə isə ümumiyyətlə az -az qarşılaşmaq olur və onun pandemiyalarından danışmağa hələ ki dəyməz. 

Əlbəttə, əgər qrip dəyişməyə və uyğunlaşmağa adətkar olmasa idi, insanın da qripə qarşı dayanaqlı immuniteti olardı. Beləliklə, 1933-cü ildə  qripi N0N1 adlandırıblar. Amma 1947-ci ildə elə həmin qripin yeni variantı  H1N1 çıxdı. Beləliklə, 1993-cü ildə qazanılmış immunitet aradan uzun zaman keçdiyi üçün deyil, xəstəlik formasını dəyişdiyi üçün işə yaramadı. "Asiya" qripi 1957-ci ildə  düsturu H2N2 olan virus nəticəsində yayılmışdı, amma həmin qrip 1968-ci ildə artıq H3N2 şəklində idi. Ehtimal edilirdi ki, ölümsaçan "ispanka" H1N1 virusu olub və bu, təsdiqləndi: 1997-ci ildə  ABŞ-ın AFIP Araşdırma İnstitutu Alyaskanın əbədi  buzlaqlarında 80 il qabaq basdırılmış yerli sakinindən 1918-ci ilə məxsus "ispan" virusu  götürüb. Bu, H1N1 ştamı çıxdı. Yeri gəlmişkən, sonuncu H1N1 qrip partlaması 1976-cı ildə ABŞ-ın Nyu-Cersi ştatında baş verib. Buradan məntiqi sual doğur: qrip virusunun zəncirində dəyişikliklər necə və nə vaxt baş verir? 

Və bu zaman kiçik qardaşlarımız, məhz donuzlar və quşlar işimizə yarayır. Hələ XX yüzilliyin başlanğıcında bir çox araşdırmaçılar müşahidə etmişdilər ki,  insanlar arasında hər bir qrip epidemiyası heyvanlar arasında da uyğun xəstəliklərin epizotiyası ilə müşayiət olunur. Və bu zaman biz yenidən dəyişmiş və insanlar üçün daha az təhlükəli olmuş, amma quş gen materialının bir neçə halqasını qorumuş "quş qripi"ni xatırlamalı oluruq. 

Sonra bir dəfə taleyüklü görüş baş tutub, orqanzimdə, bir hüceyrədə adi "donuz qripi" virusu ilə "quş qripi" barədə yaddaşa malik H1N1 insan qripi virusu ilə görüşüb, xatırladaq ki, donuzlar insan xəstəlikləri ilə xəstələnə bilirlər. Nəticədə, gen materialının mübadiləsi baş tutub və H1N1 qripinin yeni subtipi peyda olub.  Məhz bu qrip son günlərin əsas nüsmeykerinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda bildirilir ki, 9 noyabr üçün ölüm hallarının ümumi sayı 6 000 təşkil edir, artıq yarım milyondan çox adam da yoluxub. Epidemiya 199 ölkə və ərazini əhatə edib. 1 noyabr tarixinə dünyasını dəyişənlərin sayı, ən azı,  6 071 nəfərə çatır. 

 

Təhlükə nə qədər öldürücüdür? 

Bu virus ştamının əsas bədbəxtliyi insanın ona qarşı immunitetinin olmaması ilə bağlıdır. Təbii ki, o, yavaş-yavaş formalaşır. Əlbəttə, tarix də göstərir ki, virus özü də dəyişir və yeniləşir. Amma bir önəmli "əmma" da var ki, insandan-insana ötürülmə mərhələsində virus getdikcə zəifləyir. Qalan bütün şübhələr, xüsusilə də ölümcül və nəsə ayrıca bir şey olması barədə deyilənlər kütləvi isteriyadan başqa bir şey deyil. Düzdür, bu isteriyanın arxasında kədərli məqamlar da var; risk qrupuna immunitetcə zəif - uşaqlar və yaşlı insanlar, həmçinin xroniki xəstəliyi olan insanlar daxildir. Onlar üçün xəstəlik xüsusilə ağır keçə və ölümlə nəticələnə bilər.  Yetkin insan böyük ehtimalla A/H1N1-lə yoluxmanı adi qrip kimi, yəni  temperaturla, bütün bədəninin sızıldaması, öskürək və başağrıları ilə keçirir. 

Təəssüf ki, bu məsələdə postsovet məkanındakıların vəziyyəti yeni virusun zərbəsini birinci yemiş meksikalıların durumuna bənzərdir: pis qidalanma, idmandan uzaq durma, siqaretə meyillilik. Təbii ki, immunitet aşağı düşür. Nə gizlətməli, həm şəxsi, həm qohum əqrəbanın sağlamlığı ilə bağlı elementar sanitariya və gigiyena qaydalarına əməl etməmək adətə dönüb. Ənənəvi olan "keçib-gedər" yanaşması, yeməkdən qabaq əlləri yumaq adətinin olmaması var. Yaxşı ki, heç olmasa, maska taxmağa başlayıblar. 

 

Nəyi bilmək vacibdir? 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Xüsusi İnfeksion Xəstəliklər Departamentinin başçısı Elmirə Əliyeva bildirir ki, Azərbaycanda A/H1N1 virusunun epidemiyası yoxdur. 

"Əgər əlləri tez-tez yumaq və temperatur 38 dərəcəyə çatan zaman həkimə müraciət etmək kimi elementar qaydalara əmələ olunarsa, hər yerdə və həmişə maska taxmağa ehtiyac qalmayacaq. Ancaq yoluxması, adətən, payız-qış mövsümünə düşən adi qrip və zökəm baxımından tibbi maskalar geyinmək məsləhət görülür", - deyə mütəxəssis məsləhət verir. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda A/H1N1 virusunun sürətli yayılmasının qarşısını almaq üçün hər şey edilib. Uşaq bağçalarında və orta məktəblərdə tibbi nəzarət gücləndirilib.  Azərbaycan Hava Yollarında (AZAL) mülki aviasiya obyektlərində və hava nəqliyyatının göyərtəsində təhlükəli infeksiyaların aşkar edilməsi zamanı xəbərdarlıq sxemi işlənilib. Heydər Əliyev adına Hava Limanında tibbi-sanitar idarənin əməkdaşları, Dövlət Gömrük Komitəsinin sanitar-karantin sahəsinin tibbi mütəxəssisləri və başqa uyğun qurumlar kompleks sanitar-karantin tədbirləri görürlər. 

Bununla yanaşı, sərnişinlərdə A/H1N1 virusunun əlamətlərinin aşkarlanması üçün yapon istehsalı olan 6 termovizor alınıb və Azərbaycana gələn insanların tibbi sağlamlıq barədə arayış təqdim etmələri üzərində nəzarət gücləndirilib. Azərbaycan Dövlət Dəmir Yolunda, gömrük qurumlarında, Silahlı Qüvvələrdə, sərhəd məntəqələrində və Bakı Metropolitenində də kompleks tədbirlər görülüb.

Virusun yayılması ilə bağlı səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bildirib ki, bu günə kimi ABŞ  və Meksikada pasientlərdən götürülmüş viruslar üzərində aparılmış testlərin nəticələri göstərib ki, indiki virus bir sıra preparatlara qarşı həssasdır. Azərbaycanda bu cür preparatların ehtiyatı yetərincədir. Və hazırda ölkədə kəskin yoluxucu xəstəliklərə tutulma göstəricisi orta illik göstərici səviyyəsindədir və epidemioloji  astanadan 5 dəfə aşağıdır. 

"A/H1N1 viruslu qripin qeydiyyata alınmasından başlayaraq, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyin profilaktikasına yönəlmiş kompleks tədbirlərə start verilib. A/H1N1 virusundan necə qorunmağı tövsiyə edən broşürlər buraxılıb, onların elektron variantı yerli telekanallarla yayılır, nazirlik üzrə uyğun əmrlər tərtib edilib, tibb işçilərinin sayıqlığı artırılıb, müəyyən dərman preparatalarının, dezinfeksiya  və fərdi müdafiə vasitələrinin  ehtiyatı yaradılıb. Qrip virusunun aşkarlanması və xəstəlik diaqnozunun qoyulması üçün çağdaş avadanlıqla təchiz edilmiş virusoloji laboratoriya yaradılıb. Laboratoriyanın kadrları xarici ölkələrin aparıcı referens-laboratoriyalarında hazırlıq keçiblər. Qripin ağır və fəsadlı hallarının müalicəsi, o cümlədən pandemiyaların qarşısının alınması üçün Ağ Ciyər Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun bazasında beynəlxalq tələblərə cavab verən aşağı təzyiqli bokslar yaradılıb. Qrip xəstəlikləri üzərində epidemioloji  monitorinq sistemi təşkil edilib. Şübhəli xəstələr barədə mateirallar laboratoriya tədqiqatına göndərilir. Bir sözlə, xəstəliyin diaqnostikası və müalicəsi üçün hər şey edilib".

 

Zərdabdan-zərdaba fərq var

A/H1N1 virusu ilə bağlı noyabrın sonlarında-dekabrın əvvəllərində başlanacaq zərdablaşdırma ilə bağlı Abbas Vəlibəyovun münasibəti ikilidir. "ÜST bizə zərdablar verib. Amma epidemiologiyada infeksiyaların dəqiq qruplara bölünməsi var. Bunlar spesifik profilaktika tədbirləri ilə idarə oluna bilənlər və idarə olunmayanlardır. Birinci qrupa poliomielit, difteriya, qızılca, məxmərək, tetanus kimi xəstəliklər aiddir. Başqa sözlə, peyvənd keçirməklə xəstəlikdən ümumi qorunma əldə edilir. Bunun hesabına bir sıra ölkələrdə artıq bu xəstəliklərin ləğvi baş tutub. Bununla Azərbaycan da qürurlana bilər. Amma qrip, təəssüf ki, ikinci qrupa aiddir. Nəhəng səylərə baxmayraq, hələ ki dünyanın heç bir yerində qripdən tam müdafiəyə zəmanət verən zərdab hazırlanmayıb. A/H1N1 virusuna qarşı zərdabın hazırlanmasına gəldikdə, bu barədə çox az şey məlumdur. Bu zərdabların səmərəli olması barədə danışmaq hələ tezdir. Bu sözlər tutarlılığını təcrübədə göstərməlidir. Bunun üçünsə zamana ehtiyac var. Biz düşünürük, hətta səmərəsi az olarsa, belə zərdabdan imtina etmək doğru deyil. Ancaq peyvəndi də differensial gerçəkləşdirmək gərəkdir. İlk öncə iri şəhərlərin ambulatoriya-poliklinika şəbəkəsinin və yoluxucu xəstəliklər xəstəxanalarının işçilərini, daha sonra gömrük və sərhəd xidməti işçilərini, avianəqliyyatın uçuş heyətini, diplomatik missiyaların işçilərini, yaşı 14-18 arasında dəyişən məktəbliləri peyvənd etmək vacibdir. Yeri gəlmişkən, ÜST göstərilən əhali qrupunun hamısını əhatə edəcək qədər zərdab yollamağı planlaşdırır. Peyvənd könüllü şəkildə həyata keçiriləcək", - deyə nazir müavini vurğulayır. 

Ancaq hələ peyvənd başlanmamış bir çox vətəndaşlar bu qərara gəliblər ki, onu etdirməyə dəyməz. İnternet-forumlarda insanlar bu sınaqdan keçirilməmiş vasitələrin gələcəkdə insan sağlamlığına hansı təsiri göstərə biləcəyini fəal müzakirə edirlər. Belə fikirlər var ki, zərdablar sonsuzluğa və çox sayda başqa xəstəliklərə səbəb ola bilər. 

Ancaq Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının dosenti Araz Mənüçöhri -Laleyinin fikrincə, istənilən epidemiya partlayışı bu cür müzakirələrlə müşayiət olunur və onları savadsızlıqdan başqa bir şey adlandırmaq mümkün deyil. Həmçinin o əmindir ki, "donuz qripi" ətrafında ajiotaj və panika KİV-lər tərəfindən şişirdilir: "KİV-in "donuz qripi" ətrafında qaldırdığı ajiotaj mənə Amerikada baş vermiş və XX əsrin əvvəllərində panika yaratmış bir tarixi faktı xatırladır. Amerikalı diktorun "Marslıların hücumu" əsərindən hissələri emossiya ilə oxuması gerçək fakt kimi qarşılanmışdı. Bu gün də KİV-in "donuz qripi"nə çox diqqət yetirməsi insanlar arasında panikaya səbəb olur, onlar da aptek piştaxtalarından dərmanları və maskaları yoxa çıxarırlar".

Yeri gəlmişkən, qripə qarşı vasitələrin qiymətinin bilərəkdən qaldırılmasına qarşı mübarizə çərçivəsində İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidmətinin əməkdaşları Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə  respirator və maskaların süni qıtlığının yaradılması və qiymətlərinin qaldırılması ilə bağlı bir sıra yoxlamalar keçiriblər. Belə faktlar ortaya çıxan obyektlərə qarşı uyğun qanunvericilik tədbirləri görülüb. 



MƏSLƏHƏT GÖR:

559